Mətbuatımızın vəziyyəti Süleyman Osmanoğlunu xəstə saldı… 

 

Süleyman Osmanoğlu: "Elə dostlarım var ki, hələ də intizarla zənglərini gözləyirəm"

 

Eşitdim ki, Süleyman Osmanoğlu xəstələnib. Ciddi yumoru ilə tanınan, "Proqnoz" qəzetinin baş redaktoru Süleyman Osmanoğlunu deyirəm. Xeyli vaxtdır ki, "Azərbaycan" nəşriyyatının koridorlarında onunla rastlaşmırdım. Sən demə, səbəb varmış. Hərçəndi, səbəb də xoşagələn deyilmiş. Öyrəndim ki, Süleyman bəy infarkt keçirib. Yaradıcılıq fəaliyyətinə ara verən həmkarım ev şəraitində müalicə olunur. Ona baş çəkmək üçün evinə yollandım. Allaha şükürlər olsun ki, qapının ağzında məni özü qarşıladı. Əyləşməyə yer göstərdi. Oturmaq üçün ona hara daha rahat olmasını soruşdum. Stolu göstərdi. Evdə özündən başqa ailə üzvlərindən yalnız oğlu və qardaşı vardı. "Soyuqdan gəlmisən, isti-isti bir stəkan çay iç", - deyə oğlunun süfrəyə gətirdiyi çaya işarə etdi. Səhhəti ilə maraqlandım. İndi bir az yaxşı olduğunu bildirdi. Kefinin bir az babat olduğunu hiss edib onu söhbətə çəkdim. Açığı deyim ki, onun baməzəliyi haqqında "Azərbaycan" nəşriyyatında həmkarlarımdan çox eşitmişdim. Eşitmək bir ayrı, görmək bir ayrı...

- Süleyman bəy, indi kefiniz necədir? Qəfil xəstə düşməyinizə səbəb nə oldu?

- Belə baxanda, mənim heç kimdən gileyim yoxdur. Sadəcə olaraq, prinsiplər dəyişəndə, dəyərlər itəndə adama çox acılar gətirir. Bəlkə də mənim xəstələnməyimin əsas səbəblərindən biri mətbuatın bugünkü duruma düşməsidir. Təbii ki, yaşadığımız mühitin özünün də təsiri az deyil. Mənim xəstəliyimə və bundan da pis olan xərçəng xəstəliyinə tərif verərdim ki, bunlar təbiətdən gələn xəstəliklər deyil, cəmiyyətdən gələn xəstəliklərdir. Təəssüflər ki, cəmiyyətdən gələn xəstəliklərin sağalması çox çətin olur... Mənim həmkar dostlarım var ki, hamısı dəyərli insanlardır. Bəziləri bu gün həyatda deyillər, hansı ki, onlar Azərbaycanın bir nömrəli yazarları idilər. İndinin özündə daha istedadlı, daha güclü yazarlar var ki, bu gün onlar kənarda qalıblar. Bəziləri baş verənlərə zəiflik göstərərək, içkiyə aludə olurlar. Bu zəhrimardan neçələri gözümüzün qabağında dünyalarını dəyişdi. Elçin Səlcuq, gözəl şair-publisist Akif Səməd... və başqaları. Yaxud, vaxtilə Azərbaycan mətbuatının tanınmış simaları olan bir çox qələm sahibləri var ki, onlar bu gün nəşriyyatda içkiyə meylli, daha doğrusu, əyyaş kimi tanınırlar. Çünki dəyəri vaxtında verilməyəndə insan ucuzlaşır... Bayaq qeyd etdiyim kimi, heç kimdən giley-güzarım yoxdur. 2005-ci ildə, Milli Mətbuatımızın 130 illik yubileyində dövlət tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşam. Təşəbbüs göstərənlərə də, fərmanı imzalayan dövlət başçısına da təşəkkür edirəm ki, müxalif yazar olsam da, zəhmətim qiymətləndirilib.    

- Süleyman bəy, bu ağrılı günlərinizdə sizi kimlər tək qoymadı?

- Təbii ki, mənim həm mətbuatda, həm də mətbuatdan kənar olan dostlarım sağ olsunlar ki, məni tək buraxmadılar. Onlar məni vaxtaşırı arıyıb-axtarıb səhhətimlə maraqlanırlar. Maddi yardım göstərənlər də az olmadı. Hər birinə minnətdaram. Adlarını sadalamayacağam, qorxuram ki, kimlərisə yaddan çıxaram. Ancaq elə dostlarım da var ki, hələ də intizarla zənglərini gözləyirəm. Qeyd edim ki, xəstəlik ərəfəsində bir məqam mənim əbədi yaddaşıma həkk olundu. Xəstələndiyim gündən bir gün sonra mən iki, illərin yaxını olduğum həmkarımla rayonların birində keçirilən mərasimdə birgə iştirak etməliydik. Onlardan biri televiziyada çalışan dostumuzdur, digəri isə önəmli jurnalist təşkilatlarından birinin rəhbəridir. Bu şəxslərlə bu günə kimi mətbuatda da birgə addımlamışıq. Bu günə qədər onlar mənimlə maraqlanmasalar da, əvvəllər xoş günlərimizi birgə paylaşmışıq.

- Telefon nömrələriniz dəyişməyib ki?..

- Xeyr, mənim telefonlarım nə bağlanmır, nə də nömrələri dəyişməyib. Mənimlə əlaqə saxlamamağa əllərində tutarlı bəhanələri də yoxdur. Necə deyərlər, dostlar sağ olsun. Gəlişinizə görə sizə və başda Asif Mərzili olmaqla kollektivinizə təşəkkür edirəm. Onu da qeyd edim ki, bu neçə ayda hətta öz rəhbəri olduğum qəzetdə belə mənim xəstə olmağım barədə heç bir informasiya verilməyib.

- Süleyman bəy, uzun illər mətbuatda çalışan, müxtəlif dövrlərdə bir neçə qəzetə və bu gün "Proqnoz" qəzetinə rəhbərlik edən şəxs kimi geridə qalan illər üçün hesabat verəcək olsanız, nələri qeyd edərdiniz?

- Bilənlər bilir, bilməyənlər üçün aydın olsun deyə bildirirəm ki, 1952-ci il iyul ayının 10-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşam. Mənim mətbuata gəlişim heç də təsadüfi olmayıb. Hələ orta məktəbdə oxuyanda "Azərbaycan gəncləri", "Bakı" qəzetldərində yazılarım dərc olunurdu. Ali təhsil aldıqdan sonra üç il Tovuz rayonunda müəllim işlədim. Təyinat müddətim bitəndən sonra Azərbaycan Dövlət Radiosunda işləməyə başladım. Onu da qeyd edim ki, bu günədək heç bir siyasi partiyanın üzvü olmamışam. Yalnız sovet dövründə Kommunist Partiyasına namizədliyim irəli sürülüb. O zaman Respublika Şərq Kitabxanasının elmi metodik mərkəzində böyük redaktor işləyirdim. Həmin mərkəzdə metodik vəsaitlər hazırlanırdı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vaxtilə orada keçirilən iclaslarda daim iştirak edirdi. O, iclasların birində Nəsimi rayon partiya komitəsinin ikinci katibinə tapşırdı ki, perspektivli gənclərdən biri kimi mənim partiyaya keçmək üçün namizədliyimi irəli sürsün. O zamanlar rəhmətlik Afiyəddin Cəlilov Nəsimi rayon partiya komitəsinin birinci katibi idi. Partiyaya namizədliyimin təsdiqi günü məndən əvvəl yarım saat ərzində xeyli namizdi sorğu-sual etdilər. Ancaq şəxsən Afiyəddin Cəlilov məni ən azı 40-45 dəqiqə sorğu-suala çəkdi. Bir neçə gündən sonra onunla koridorda rastlaşanda gülə-gülə dedi ki, sənin danışığın xoşuma gəldiyi üçün özüm qəsdən səni çox danışdırdım. Yəni demək istəyirəm ki, o dövrdə partiyaya yalnız namizəd olmuşam. Camaat partiya biletindən imtina edəndə, mən də namizədlik biletini atdım və Milli Hərəkata qoşuldum. "Fövqəladə vəziyyət" və "Yurd" qəzetlərinin işıq üzü görməsinə kömək etdim. "Azadlıq" qəzeti nəşrə başlayanda onun əməkdaşlarından biri oldum. Qazax rayonunun Bağanıs Ayrım kəndi ermənilər tərəfindən ikinci dəfə yandırılanda qəzetimizin əməkdaşı Əhməd Orucla birgə oradan ilk olaraq geniş reportaj hazırladıq. O zaman hətta ölümlə üz-üzə də gəldik. Onda "Azadlıq"ın heç bir vəsaiti yox idi. Demək olardı ki, təmənnasız işləyirdik. Təbii ki, özüm eyni zamanda dövlət işində də çalışırdım. Bir müddətdən sonra "Azadlıq" qəzetindən uzaqlaşdım. Sonradan, 1993-cü ilin may ayında yenidən bu qəzetə qayıtdım. Tam məsuliyyət və fəxarətlə deyirəm ki, "Azadlıq" qəzeti başda olmaqla Azərbaycan demokratik milli mətbuatının dirçəlməsində, ayaqda durmasında mənim fəaliyyətimi kim danarsa, özünü danmış olar... Sonra dörd il yarım "Müxalifət" qəzetinin baş redaktoru oldum. Daha sonra "Ekspress" qəzetində baş redaktorun müavini vəzifəsində çalışdım. Həmin dövrdə "Ekspress"in baş redaktoru Qənimət Zahid idi. Mən o qəzetdə işləyə-işləyə "Proqnoz" qəzetini təsis etdim. Ancaq fəaliyyəti üçün maddi vəsait yox idi. Ona görə də bir çox dostlarımın təklifi ilə "Günaydın" qəzetində Şahvələd çobanoğlu ilə işləməli oldum. Demək olar ki, həmişə sevdiyim insanlarla işləmişəm. Bu gün də həmin insanlarla münasibətim davam edir. Bu gün məni arayıb-axtaran da elə o zamanın dostlarıdır...

Bilirsiz, mənim həyatda nifrət etdiyim iki şey var. Biri yalan danışmaq, digəri yalmanmaq. Həmişə çalışmışam ki, bunlardan uzaq olum. Ancaq bütün yalanlar nifrətedici deyil. Mənim də, sizin də, başqalarının da sevdiyi, bağrına basdığı yalanlar var. Kiməsə zərər verməyən, xeyirxah məqsədli yalanlardan başqa faciə yaradan yalanlar da var. Bəzən görürsən ki, bir məddah yazar, yaxud televiziya aparıcısı ona aid olmayan sahədən, məsələn, ölkəmizin inkişafından ağızdolusu danışır. Yəni bu inkişaf təbiidir. Bunu danmaq mümkün deyil, Azərbaycan böyük inkişaf yolu keçir. Ancaq məsələ burasındadır ki, bu boyda inkişafın içərisində insan yaşamının inkişafı çox geridə qalıb. Azərbaycan müstəqillik əldə etdikdən bu yana ilkin olaraq bütün sahələrdən yana, mətbuat daha böyük sıçrayış eləmişdi. Bəlkə də bu inqilabi bir sıçrayış idi. Ancaq sonradan Azərbaycan mətbuatını ya bilərəkdən, ya da bilməyərəkdən çox pis günə saldılar. Cəmiyyətin gözundə mətbuatı gərəksiz etdilər. İş o yerə gəlib çatdı ki, haqlı tənqid olunan məmur belə, heç nədən çəkinmədən "əşi, yazıblar, cəhənnəmə yazsınlar, heç vecimə də deyil..." - deyə dilə gəldi. Halbuki təxminən 1998-99-cu illərə qədər mətbuata böyük önəm verilirdi. "Azərbaycan" nəşriyyatına daxil olan istənilən şəxs geyiminə, davranışına, danışığına diqqət edərdi ki, nöqsana, səhvə yol verməsin. Nəşriyyat hamı tərəfindən bir mədəniyyət ocağı kimi qəbul edilirdi. Ancaq bu gün "Azərbaycan" nəşriyyatı çox pis gündədir. Mən əvvəllər "Azərbaycan" nəşriyyatının binasına yaxınlaşanda qürur hissi duymuşam. İndi isə əksinə, nəşriyyatda məskunlaşan təsadüfi adamlara görə xəcalət çəkirəm. Küçədən keçən, işsiz-gücsüz, avara qalan qəzet açır. Əzizim, mətbuat pul qazanmaq yeri deyil axı. Mətbuat əqidə və söz adamlarının, millətsevərlərin yeridir. Açığı deyim ki, mən ömrüm boyu millətimi çox sevmişəm. Bu yaxınlarda sayılıb-seçilən həmkarlarımdan biri mənə dedi ki, sən hakimiyyətə işləmədin... Xeyli güldüm, dedim ki, başa düşmədim, hakimiyyətə işləmək nədir?.. Sonra öz-özümə fikirləşdim ki, içimdəki millət sevgisi, dövlətçilik sevgisi, müstəqillik sevgisi məgər hakimiyyətdən ayrı şeylərdir, hakimiyyət bu dövlətin, dövlətçiliyin, millətin deyil? Bəs millət olmasa, hakimiyyət olarmı? Bəs onda mən bu ömrümü kimə sərf etmişəm, kim üçün işləmişəm, yaşamışam, yanmışam? Başa düşmürəm, onda belə çıxır ki, bəzi dostlarımın analizi məndən daha dəqiqdir. Deməli, millət, dövlət, dövlətçilik, hakimiyyət ayrı-ayrı şeylərdir... Amma yenə də mən yaşadığım bu ömürdən təəssüflənmirəm... 

Onu da qeyd edim ki, Azərbaycan mətbuatında daha çox təqiblərə məruz qalan şəxslərdən biri də mənəm. Ancaq bununla heç vaxt özümü reklam eləməmişəm. Gecəyarısı gözümə qaz vurulub, qarşımı silahla kəsib, evimə basqın ediblər.  Ancaq bu gün bəziləri belə şeylərdən reklam kimi istifadə edir, aləmə car çəkirlər. Vaxtilə 20 aparıcı qəzetin baş redaktorunun məşhur aclıq aksiyasının iştirakçılarından biri də mən idim. Aclıq aksiyası zamanı mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edərkən orada mənim maraqlı bir çıxışım oldu. O zaman nitqimi yumorqarışıq bir müraciətlə bitirdim. Sonralar həmin çıxışımı həmkarlarım tez-tez zarafatyana yada salırdılar. çıxışımın məzmunu belə idi ki, mətbuata yönələn basqıları sadalayandan sonra dedim, ay baba, bu eşitdiklərin hələ nədir ki, bizim başımıza nələr gətirilib, heç yarısını demədim, qalanı da, inşallah, sonra deyərəm...

Mənim fəaliyyətimdə prinsiplərdən biri mübarizədə ləyaqət məsələsidir. Yazılarımda, rəhbərlik etdiyim mətbu orqanlarda həmişə məsuliyyət hiss etmişəm. Kiminsə ləyaqətinə, heysiyyətinə toxunmamışam. Əgər kiminsə işində nöqsanı olubsa, onu yazmışam. Müsavat başqanı İsa Qəmbərin təsisçisi olduğu "Muxalifət" qəzetinə rəhbərlik edəndə də müstəqil olmuşam, kiminsə göstərişi ilə işləməmişəm. O zaman belə bir qadağa vardı ki, müxalifət qəzeti hakimiyyət nümayəndələrindən müsahibə dərc edə bilməzdi. Ancaq mən bu qadağanı qəbul etmirdim. Hansısa məsələ barədə həm müxalifət, həm də iqtidar nümayəndəsinin münasibətini dərc edirdim. Müxtəlif mövqeləri üz-üzə qoyurdum ki, haqlı olanı ictimaiyyət özü məyyənləşdirsin.

Yeri gəlmişkən bir məqamı qeyd etmək istəyirəm. "Müxalifət" qəzetində işləyəndə bu gün hakimiyyətdə çox öndə olan şəxslə bağlı bir səhifə yazı dərc etmişdim. Yazının dərc olunduğu səhifənin rublikası "Günəbaxan" adlanırdı. Həmin səhifənin bir hissəsi adını çəkmək istəmədiyim şəxsin mərhum prezident Heydər Əliyevin Moskvada "vurulduğu" vaxt onun əleyhinə "Kommunist" qəzetində dərc etdirdiyi yazısını, qalan hissəsinə isə H.Əliyevin ikinci dəfə hakimiyyətə gələndən sonra onun haqqında yazdığı kitabdan bir parçanı qoymuşdum. O zaman mənə çatdırdılar ki, H.Əliyev həmin səhifəni şəxsən özü oxuyub və dəhşətə gəlib. Bu gün hakimiyyətdə olan həmin adamı yanına çağırıb deyib ki, görürsən, adamın iç üzünü belə açarlar.

"Müxalifət"in son səhifəsi satira və yumora ayrılmışdı. Orada dərc olunan yazılar oxucular tərəfindən maraqla qarşılanırdı. Hətta o dövrdə Heydər Əliyevin tapşırığı ilə AzTV-də satira və yumor səhifəmizdə yer alan yazılarla bağlı 20 dəqiqəlik veriliş göstərilmişdi. Yəni demək istəyirəm ki, vaxtilə mətbuata yanaşmalar, insanların bir-birinə münasibəti indikindən fərqli idi.

- Təəssüf ki, bu gün müstəqil mətbuat tez-tez müxtəlif ittihamların, iftiraların ünvanına çevrilir. Məsələn, rəngli siyahılar, "reket" damğası və s.

- Bu məsələni bir dəfə geniş formada qabartmışam. Hətta Mətbuat Şurasının qurultayında da sözümü demişəm. ümumiyyətlə, mətbuatın "reket" adlandırılması onların əməllərini ehtiva etmir. Ona görə ki, "reket" sözünün özündə müəyyən bir güc dayanıb. Yəni "reket" deyəndə daha güclü, eyni zamanda, qətiyyətli şeylər nəzərdə tutulur. Ancaq onların siyahısına daxil olan adamların əksəriyyətinin elə bir gücü yoxdur. "Reket" zor gücünə öz qəzetlərini abunə yazdıranlardır, yaxud hansısa vəzifə sahibinin yanına gedib 30-40 il bundan əvvəl yazılan boyat mətinlərinə can verən iqtidar qəzetləridir. Mən bu sözü dəfələrlə demişəm, yenə də təkrar edirəm. "Təzadlar" Azərbaycan mətbuatı aləmində özünəməxsus yer tutmuş samballı qəzetlərdən biridir. Birdən-birə onun və rəhbərinin təsadüfi adamların, orta təhsili olmayan, başsağlığına imza qoyan, qəzetinin birinci səhifəsində prezident İlham Əliyevin şəkli ilə yanaşı, "Baş redaktordan" rublikası altında öz şəklini verən redaktorların siyahısına salmaq, reket adlandırmaq ən azı insafsızlıqdır. Əslində bu məsələ Mətbuat Şurasının sədri Əflatun Amaşovun iradəsi daxilində deyil. Orada bəzi qüvvələr daha güclüdür. Bunu da Amaşov özü çox gözəl bilir. Nə deyim, Amaşovdur də, o da dostlarımızdan biridir. Onu da qınamıram. Ancaq mətbuatın bütün problemləri Mətbuat Şurasının sədri olaraq Amaşovun əlində cəmlənməlidir. Axı dövlətin yardımını bölüşdürən adamın mətbuatın bütün dərdlərini, problemlərini həll etməyə nə haqqı var? Mətbuatın problemini yalnız ona rəhbərlik edən qurumlar bilər. Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri isə deyir ki, kimi istəyirəm, ona pul verirəm. çox qəribədir, həm də təəccüblüdür. İndi də şərt qoyulub ki, mətbuata ayrılan yardım yalnız gündəlik və hər sayından min nüsxə satılan qəzetlərə verilir. Doğrudanmı yardım verilən qəzetlərin hər sayından mini satılır? Uzun illər mətbuat sahəsində külüng çalan insanlardan biri kimi tam məsuliyyətlə deyirəm ki, bu gün 50-55 faizi satılan beş-altı qəzet ola bilər. Bunun da əksəriyyəti müxalifyönümlü qəzetlərdir. Fondun yardım verdiyi 30-dan artıq qəzetin əsla satışı yoxdur. Formal şəkildə hansısa təşkilatlardan abunə siyahısı əldə edib fonda təqdim edirlər.

Dövlətin mətbuata ayırdığı yardımı yüksək qiymətləndirirəm, bu, çox vacib, xeyirxah bir addımdır. Dövlət başçısı mətbuata maddi vəsait ayırdı ki, qəzetlərimiz inkişaf etsin. Yoxsa, demədi ki, bu pulu quldurcasına darmadağın edib, aranızda bölüşdürün? Mətbuatın mənəvi dostlarından hesab etdiyim Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov daim mətbuatın üzləşdiyi problemlərin həllinə çalışıb. Ə.Həsənov çıxışlarında mətbuata ayrılan yardımın nəinki gündəlik, həftəlik çıxan qəzetlərə də ayrılmasının vacibliyini vurğulayıb. Adi "JEK" müdürünün qəbuluna düşmək olmur, ancaq istənilən vaxt Ə.Həsənovla görüşmək mümkündür. O ki qaldı onun şəxsi keyfiyyətlərinə, mən onu gözəl bir insan kimi dəyərləndirirəm. Mətbuat Şurasının yeni binasının açılışında iştirak edən dövlət başçısı İlham Əliyev yardımla bağlı fikirlərini açıqlayaraq yenidən bu mövzuya toxundu. Belə çıxır ki, Mətbuat Şurasının və Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi bu yadımı ələkeçirəndən sonra nəinki maddi vəsaitə ehtiyacı olan qəzetləri, hətta prezidentin tövsiyələrini belə unutdu. Belə olmasaydı, cənab prezidentin KİV-ə olan qayğısına əks hərəkət etməzdilər. Ədalət naminə etiraf etməliyik ki, böyük vəsait tələb edən gündəlik qəzetlərin fəaliyyətini dayandırmamaq üçün öz şəxsi vəsaitlərini xərcləyən qəzetçilərimiz var ki, hətta onlar belə, dövlətin mətbuata ayırdığı yardımından kənarda qaldılar. "Təzadlar" elə məhz bu qəbildən olan qəzetlərdəndir. Bir neçə gündəlik və həftəlik qəzetlərin Azərbaycanın elit təbəqəsi tərəfindən oxunduğunu belə nəzərə almayan MŞ və Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu qəzetlərin əməyini qiymətləndirməkdən çəkindi. Yəni doğrudan da bir neçə həqiqətən qəzetçiliklə məşğul olan barmaqla sayılası redaksiya heyətini yola vermək, onları yardımla dəyərləndirmək bu qurumlara bu qədərmi ağır gəldi? Bu yardımın qeyri-bərabər bölünməsi yağın üstünə yağ tökməyə bənzəyir. Məhz külli miqdarda yardım ayrılan qəzetlərin redaksiyalarına baxış keçirilsəydi, onların heç də bu yardıma ehtiyacı olmadığı bəlli olardı. Heç kimə sirr deyil ki, külli miqdarda yardım ayrılan qəzetlərin onsuz da sponsorları var. Elə qəzetlər də var ki, hətta onların normal iş şəraitləri belə yoxdur, lakin bütün bunlara baxmayaraq, onlardan elələri var ki, fəaliyyətləri öz hesablarına yenə də davam edir. Hətta "özündən deyən" qəzetlər onlarla bir ölçüyə gələ bilmir. Bax, əsl qəzet və qəzetçilik budur. Bütün bu sadaladığım problemləri yaşayan qəzet redaksiyalarından biri də mənim rəhbərlik etdiyim "Proqnoz"dur. Bu problemlər get-gedə o qədər böyüdü ki, məni yatağa saldı. Bütün bu olanları sadəcə olaraq xəstə ürəyimin ağrısı ilə bir daha xatırlayıram.

- Süleyman bəy, mətbuat sizi ciddi yumorist bir jurnalist kimi qəbul edir. Bəzən proqnozlarınızda yanıldığınızı zarafatyana qeyd edən qəzetlər də olmuşdu.

- Siz yəqin "Ədalət" qəzetinin günün lətifəsində mənim bostanıma atdığı daşı nəzərdə tutursunuz. Təbii ki, o, Aqil Abbasın dostyana bir zarafatı idi.

- Siyasi proqnozlarınızda necə, yanıldığınız məqamlar olubmu?

- Çox zamanlar siyasi arenada verdiyim proqnozların əksəriyyəti özünü real həyatda doğruldub.

- Bütün məqamlarda sözünü deyən Süleyman bəy nə vaxtsa mətbuatımızın bu gününü və gələcəyini proqnozlaşdırıbmı?

- Təəssüflə qeyd edim ki, mətbuat bu gün xaosdadır. Təbii ki, mətbuatın bu günü və gələcəyini vaxtilə proqnozlaşdırmışam, amma hələ ki mənim proqnozuma gəlib çatmayıb. Mənim proqnozuma görə, vaxt olacaq ki, mətbuatda ancaq peşəkar qəzetçilər qalacaq...

- Süleyman bəy, belə getsə, mətbuatla bağlı söhbətimiz uzanacaq və sizi bu halınızda yoracağıq. Söhbətimizi burada "Azərbaycan" nəşriyyatında görüşmək arzusu ilə yekunlaşdırıb sizə Allahdan şəfa diləyirik. 

 

 

Elbar ŞİRİNOV

 

Təzadlar.- 2011.- 13 yanvar.- S.12-13.