Qarabağ aşıq sənətində musiqi ifaçılığı

 

Tarixən Quzey Azərbaycanın aşıq bölgələrindən biri də Qarabağ aşıq mühiti olmuşdur. Bildiyimiz kimi, orta dövrlərdə Qarabağ daha geniş coğrafi ərazini əhatə edirdi. O cümlədən də Kəlbəcər nahiyəsini. Sadəcə olaraq Göyçə bölgəsi ilə coğrafi yaxınlığına görə Kəlbəcər aşıq sənəti Göyçə aşıq məktəbindən daha çox bəhrələnirdi, nəinki Qarabağ aşıq məktəbindən. Böyük Aşıq Ələsgərin dəfələrlə Kəlbəcərə səfər etməsi, hətta bir müddət orada yaşaması və nəhayət, ömrünün sonunda öz sazını Kəlbəcərin Nədirxanlı kəndindən olan Aşıq Hüseynə bağışlaması bu əlaqələrin nə qədər möhkəm olmasından xəbər verir.

Lakin bilavasitə Göyçə aşıq məktəbinin təsiri altında olduğundan Kəlbəcər aşıq sənətində musiqi ifaçılığı o qədər inkişaf edə bilməmişdir. Göyçə aşıqları kimi, Kələbəcər aşıqları da özlərinin söz repertuarlarının və poetik yaradıcılıqlarının üstünlükləri ilə daha çox seçilmişlər. O cümlədən böyük sənətkarlar Aşıq Qurban, Aşıq Şəmşir və digərləri. Ona görə də Kəlbəcər aşıq bölgəsi digər bir çox aşıq bölgələri kimi ədəbi mühitin üstünlüyü ilə seçilən bir aşıq bölgəsi olmuşdur desək, heç də səhv etmiş olmarıq. Təbii ki, böyük sənətkar Aşıq Şəmşirin ədəbi yaradıcılığı başda olmaqla.

Mən aşıq musiqisi ifaçılığı ilə bağlı dəfələrlə irəli sürdüyüm bir fikri təkrar etməyi özümə borc bilirəm. Borçalı aşıq bölgəsi istisna olmaqla, hətta son orta dövrlərdə belə, bütün aşıq bölgələrində ifaçılıq tərzi təqribən eyni səviyyədə olmuşdur. Daha doğrusu, hələ inkişaf etməmiş bəsit və qeyri-peşəkar bir səviyyədə. O cümlədən də Kəlbəcər aşıq mühitində. Yəni sadə, primitiv improvizasiyalar və istənilən təsadüfi səs işlətmələri ilə yeri gəldi-gəlmədi işlədilmiş qeyri-melodik hayqırtılı, qışqırtılı oxunuşlar səviyyəsində. Lakin təəccüb doğuran odur ki, Qarabağda, xüsusən də Şuşada inkişaf edən peşəkar ifaçılıq sənəti Kəlbəcər aşıq musiqisi ifaçılığına heç də təsir etməmişdir. Yəni Şuşa mühitində inkişaf və intişar edən peşəkar ifaçılıq dəyərləri Kəlbəcər bölgəsində aşıq musiqisi ifaçılığına az da olsa, nüfuz etməmişdir. Məsələn, Tiflis musiqi mühitinin ətraf Borçalı və Gəncəbasar aşıq mühitlərinə təsiri kimi. Görünür, bu, yuxarıda dediyimiz kimi, Kəlbəcər aşıq sənətinin sırf Göyçə aşıq məktəbinin təsiri altında olması ilə bağlıdır. Bir növ, qapalı mühitlə bağlı olduğu üçün. Lakin ədəbi yaradıcılığa meyl Kəlbəcər bölgəsində öz gücünü bu gün də saxlamaqdadır. Maraqlıdır ki, Kəlbəcər şairlərinin hamısında bu ilham ilk növbədə saza-sözə bağlılıqdan yaranmışdır. XX əsrin ikinci yarısında yetişmiş şairlərdən Bəhmən və Sücaət məhz belə sənətkarlardan olmuşlar. O cümlədən, sevimli şairimiz Məmməd Aslan da bu torpağın övladı olmaqla bütün varlığı ilə saza bağlı olan sənətkarlardandır.

Çox təəssüflər olsun ki, belə bir mühitdə aşıq musiqisi ifaçılığındakı qeyri-peşəkarlıq əlamətləri bu gün də duyulmaqdadır. Xüsusilə, solo-instrumental və süni pafoslu ifalara meyl, yersiz əl-qol hərəkətləri, jestlər, mimikalar, həmçinin qeyri-peşəkar vokal-səs ifa tərzi, o cümlədən sözlərin, melopoetik ifadələrin sonluqlarında qeyri-adi tərzli sönən titrəyişli səslərlə oxumalar buna misaldır. Onu da qeyd etmək lazımdır ki, bu tərzli oxunuşlar bəzi Gədəbəy aşıqlarına da xasdır. Bir daha təəssüflər olsun ki, bu cür qüsurlu ifa tərzi XXI əsrdə aşıq sənətinin həddindən çox sevildiyi bir çox bölgə, o cümlədən də Kəlbəcər kimi bir mühitdə hələ də qalmaqdadır. Sadəcə olaraq bu bölgədə bəzi aşıqlar öz avazlarını əsasən Aşıq Əkbərin, az da olsa Aşıq Kamandarın avazına, səsinə bənzətməklə kifayətlənmişlər. Əlbət ki, bölgədə bu qədər vaxtda bu cür peşəkar ifalardan bəhrələnməklə bir məktəb mühiti də formalaşa bilərdi. Nəinki onları təkrar və təqlid etmə adəti. Lakin görünür, bir qədər yüngül oxunuşlara və Göyçə aşıq məktəbinə xas olan ifa tərzinə güclü meyl bu bölgədə daha dərin kök salmışdır. Ona görə də bölgədə ümumi estetik zövq öz ətalətini dəyişməmişdir.

Aran Qarabağında aşıq sənətinin inkişaf tarixi isə bir qədər başqadır. Yəni müəyyən səbəblər üzündən Aran Qarabağında aşıq sənəti tamamilə süqut etmişdir. Daha doğrusu, öz yerini bütövlüklə xanəndəlik sənətinə vermişdir. Bununla belə, Qarabağ xanəndələri tərəfindən yaradılmış bir çox xalq mahnılarında aşıq musiqisi motivləri bu gün də yaşamaqdadır. Özü də bu mahnılar məhz bu bölgədən olan xanəndələr tərəfindən daha çox sevilir və oxunur. Məsələn, "Dərbəndi" aşıq havasından yaranmış "Qaçaq Nəbi", "Baş Dübeyti" havasından yaranmış "Sarı bülbül", "Mirzəcanı" havasından yaranmış "Yaxan düymələ", o cümlədən, şikəstələrdən "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə" və s.

Bu haqda bir qədər sonra ətraflı bəhs edəcəyik. Hələlik isə Qarabağ aşıq sənətinin tarixi haqqında qısa məlumat verək.

Qarabağ aşıq mühiti təriqət axarı üzərində yaranmış bir sənət ocağı idi. Bu bölgədə müxtəlif aşıqların, o cümlədən Aşıq Qurbaninin, Aşıq Lələnin qəbirlərinin müqəddəsləşdirilməsi və ocaq-ziyarətgah səviyyəsinə qaldırılması buna əyani sübutdur. Bir sözlə, Qarabağ aşıq mühiti təriqət ənənəsinə bağlı olan bir sənət mühiti olmuşdur desək, heç də səhv etmiş olmarıq. Mən Aşıq Qurbaninin və Aşıq Lələnin dövrlərində mövcud olmuş musiqi ifaçılığı haqqında danışmaq istəmirəm. Bu, aşıq musiqisinin intibahından əvvəlki dövrlər, daha doğrusu, aşıq ədəbiyyatının intibahı dövrü idi. Ona görə də aşıq sənətində əsas yeri dastançılıq və poetik yaradıcılıq tuturdu. Poeziyada ən mürəkkəb formalı şeirlərin bədahətən deyilməsinə görə aşıqlar sınağa çəkilirdilər. Nə qədər qəribə səslənsə də, bu dövrlərdə aşıq musiqisi aşıq ədəbiyyatının bir növ müşayiətçisi və fasilə epizodu idi. Lakin sonrakı dövrlər, daha doğrusu, Aşıq Valehin dövründə Qarabağ aşıq mühitində aşıq musiqisi ifaçılığı artıq öz "çiçəklənən" dövrünə qədəm qoymuşdu. Aşıq Valeh sözün əsl mənasında böyük sənətkar idi. O, həm də havaşünas bir aşıq idi. Yəni bu istiqamətdəki keyfiyyətləri onda daha üstün idi. Əlbət ki, ifaçılıq və dastançılıq xüsusiyyətləri öz yerində qalmaq şərti ilə. Məsələn, yuxarıda adlarını çəkdiyimiz "Qarabağ şikəstəsi" və "Kəsmə şikəstə" də məhz Aşıq Valehin yaradıcılığının məhsuludur. Aşıq Valehin bəstələdiyi aşıq havaları çoxdur. Onların bəziləri bəlkə də bu gün bizə məlum olmadan hansısa bir xalq mahnısı formasında xanəndələr tərəfindən oxunur. Lakin Aşıq Valehə məxsusluğu məlum olan havalardan bütün saz-söz sevərlərin dillərinin əzbəri olan "Baş Sarıtel" və "Orta Sarıtel" havalarını misal göstərmək olar. Sırf melodik tərzdə "Segah" və "Mahur" ladlarına istinad edən bu havalar Aşıq Valehin peşəkar ifaçılıq sənətinə nə qədər bələd və yaxın olduğunu göstərir. Lakin bununla belə, peşəkar musiqiyə tam yaxınlaşma və aşıq musiqisi ilə taktiki inteqrasiyalar Aşıq Valehin yaradıcılığında ənənəvi aşıq musiqisi norma və dəyərlərini tədricən zəiflədirdi. Daha dəqiq desək, şifahi peşəkar musiqi nümunələri aşıq musiqisinə getdikcə daha çox nüfuz edirdi. Yeri gəlmişkən, bir daha qeyd etmək lazımdır ki, aşıq sənətinin peşəkar musiqi ilə münasibətdə və qarşılıqlı inkişafda ən ali dəyərlərdən bəhrələnərək təbəddülata uğramadan öz ənənəvi formasını mütləq şəkildə qoruyub saxlaya bilən yeganə aşıq bölgəsi Borçalıdır. Məhz Boçalı aşıq mühitində aşıq musiqisi ifaçılığı digər bütün musiqi janrlarından bəhrələnməklə öz orijinallığını da qoruyub saxlaya bilmişdir. Əslində burada bir qədər müəmmalı nüanslar da var. Məsələ ondadır ki, xanəndəlik sənətinin aşıq sənətinə təsiri birmənalı deyil. Burada aşıqların əxzetmə qabiliyyətlərindən asılı olaraq müxtəlif nəticələr alına bilər. Yəni yaxşı və pis mənada. Məsələn, bir çox aşıqların ifalarında olan gözəl zəngulələr, aydın və melodik səs işlətmələri bir vaxtlar məşhur xanəndələrdən götürülmüşdür.

Təbii ki, bu, işin müsbət tərəfidir. Məhz Borçalı aşıqları da xanəndəlik sənətindən bu cür qiymətli dəyərləri əxz etməklə onu aşıq musiqisinin malına çevirmişlər. Amma aşıq musiqisi öz ənənəvi dəyərlərini saxlamaq şərti ilə. Lakin Qarabağ aşıq sənətində bu proses birbaşa musiqi nümunələrinin özlərinin yerdəyişməsi və inteqrasiyası formasında baş vermişdir. Məsələn, bir sıra aşıqlar bəzən sırf xanəndə mövqeyindən çıxış edərək muğamlara da müraciət etmişlər. O cümlədən, "Bayatı-Qacar", "Kürdü-Şahnaz", "Əşiran", "Şikəsteyi-Fars" və s. kimi muğamlara. Xanəndələr isə öz növbəsində repertuarlarına "Arazvarı", "Mani", "Ovşarı" və s. kimi aşıq havalarını daxil etmişlər. Nəticədə aşıq musiqisi ifaçılığındakı ənənəvilik prinsipi tədricən zəifləmişdir. Qarabağın məşhur aşıqlarından olan Aşıq Abbasqulunun dövründə bu proses daha da güclənmişdir. Aşıq Abbasqulu Aşıq Valehin nəvəsidir. Özü də zil tenor səsə malik bir sənətkar idi. Aşıq Abbasqulunun vaxtında Qarabağda aşıqları zəngin tərkibli ansambllar müşayiət edirdi. Hətta Aşıq Abbasqulunun özü yeniyetmə vaxtında Aşıq Nəcəfqulunun dəstəsində qoşanağara çalan olmuşdu. Sonradan Aşıq Həsənin dəstəsinə qoşulan Abbasqulu tezliklə şöhrət qazanmış və özünə ayrıca bir dəstə, daha doğrusu, ansambl yaratmışdır. Aşıq Abbasqulu həmçinin Xurşudbanu Natəvanın yaratmış olduğu "Məclisi-üns" ədəbi məclisinin də üzvü olmuşdur. Bundan əlavə, o, tez-tez Gəncə və Tiflis şəhərlərinə gedir və mötəbər məclislərdə çıxışlar edir, konsertlər verirdi. Aşıq Abbasqulunun ən xoşbəxt günlərindən biri onun gənclik çağlarında ikən böyük sənətkar Aşıq Ələsgərlə görüşü olmuşdur. Aşıq Ələsgər Gülablı kəndində qonaq olarkən böyük bir məclisdə bu görüş baş tutmuş və ustad Aşıq Abbasqulunun ifasıını tərifləmişdir. Lakin baxmayaraq ki, Aşıq Abbasqulu bu qədər hörmətə və şöhrətə aşıqlıqla nail olmuşdu, o, ənənəvi aşıq sənətinin davamçısı deyildi. Aşıq Abbasqulu böyük bir ansamblın müşayiəti ilə oxuyurdu. Hətta onun dəstəsində balabandan əlavə, kamança, dəf, qoşanağara və digər alətlər də iştirak edirdi.

Yəni indi Şirvan aşıq sənətində olduğu kimi, Aşıq Abbasqulunun ansamblında da sazın çalınmasına nə ehtiyac vardı, nə də imkan. Mən bir mütəxəssis olaraq tək Aşıq Abbasqulunu deyil, bu cür sənətkarların hamısını yüksək qiymətləndirirəm. Lakin onların peşəkar aşıq adlandırılmalarının tamamilə əleyhinəyəm. Güman edirəm ki, bu sənətkarları sadəcə olaraq öz reperturalarına aşıq mahnıları daxil etmiş xanəndə saymaq daha düzgün olar, nəinki ənənəvi aşıq sənətinin daşıyıcısı olan peşəkar aşıq. Məhz bu prosesin nəticəsi olaraq Qarabağ mühitində aşıq sənəti tədricən zəifləyərək, nəhayət, süqut etdi. Daha doğrusu, öz yerini bütövlüklə xanəndəlik sənətinə verdi.

Ümumiyyətlə, bu misaldan da göründüyü kimi, tarixən müxtəlif bölgələrdə aşıq sənətinin tənəzzülü, adətən, digər musiqi alətlərinin ilkin olaraq bu sənətə müdaxiləsi ilə başlamışdır. Bu, Qarabağ aşıq sənətinin süquta uğramasında da bir səbəb kimi öz təsdiqini tapmışdır. Təbii ki, belə də olmalıdır. Çünki aşıq musiqisi ifaçılığının ən ali qanunu yalnız tək sazla özünü müşayiət prinsipinə və ənənəsinə əsaslanmalıdır. Burada digər musiqi alətlərinə yer yoxdur. Bunu birdəfəlik hamı bilməlidir. Bu gün aşıq bölgələrinin hansındasa bu qanun pozulubsa, daha doğrusu, saza digər bir musiqi aləti şərik olubsa, deməli, orada artıq aşıq sənəti yaşamır. Necə ki, Qarabağda yaşamadı. Yox, əgər yaşayırsa və bu tərzdə davam etdirilirsə, deməli, o, artıq ənənəvi deyil, törəmə sənətdir.

 

 

Lətif HƏSƏNOV

 

Təzadlar.- 2011.- 15 yanvar.- S.11.