İnam Evində 20 Yanvara həsr olunmuş tədbir keçirilib

 

Bu günlərdə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının İnam Evində 20 Yanvara həsr olunmuş tədbir keçirilib. 20 Yanvar tarix boyunca başımıza gələn faciələrin son dönəmlərdə təkrarlanan ən üzdəki ifadəsidir. Atamız deyir ki, faciə insanı dağ da edə bilər, dağıda da bilər. Faciədən, fəlakətdən böyümək, güc almaq gərək.

Tədbirdə Ocağın Ruhani Başçısı Safruh, Ocaq Yükümlüsü İşıqlı Atalı, Yolruh Atalı, Uluruh Atalı, İnamyurd Atalı ilə yanaşı, bu hadisələrdə İctimai Dəfn Komissiyasının sədri olmuş, dəyərli aydınımız, professor Qüdrət Əbdülsəlimzadə, həmin hadisələrdən sonra fəaliyyətə başlayan "20 Yanvar" qəzetində baş redaktorun 1-ci müavini işləmiş şair, publisist Qəşəm İlqar Ruhdaş dəyərli aydınımız Baba Əhmədli iştirak edib.

Ocağın Ruhani Başçısı Safruh deyib: "Asif Atanın adına bağlı olan Ocaq yalnız həqiqət deməlidir. Mənim belə bir fikrim var ki, 20 Yanvarda atılan güllələrin hamısı türkə dəyib. Düzdür, Qüdrət müəllimin kitabında da yazılır ki, orda ayrı-ayrı millətlərin nümayəndələri olub. Amma gülləni atdıran türkə atdırıb. 20 Yanvarın amansızlğına görə mənim qənaətim budur. Yerli hakimiyyət mərkəz kimi xalqa yad idi".

Qüdrət Əbdülsəlimzadə fikirlərini Asif Atanın "20 Yanvar" yazısı üstə deyib: "Asif Ata deyir ki, dünya bizə ağlamadı. Bu da böyük sözdür". 

Qəşəm İlqar Ruhdaş bildirib ki, yuxarıdakıların xalqa bu yadlığı olmasaydı, faciə yaranmazdı: "O vaxt yuxarıda oturanların qeyrətsizliyindən yarandı bu faciə. Hadisənin baş verməsinin səbəbləri çoxdur. Başlıca məqsəd Azərbaycan türkünü dərindən sarsıtmaq idi".

Baba Əhmədli deyib: "Asif Ata məsələnin mahiyyətinə düzgün vara bilib, faciənin başvermə səbəblərinin bütünlüklə açıb-göstərib. Məsələyə ən doğru münasibət Atanın yanaşmasıdır. Əgər xalqımız Ocağın dediyi yolla gedərsə, özünün yiyəsi olarsa, həmişə ayıq olarsa, onda belə, bu sayaq faciələrlə qarşılaşmaz".

Yolruh Atalı "20 Yanvardan hansı dərsi aldıq?" - deyib: "Heç kim təminat verə bilməz ki, bizi qarşıda hansısa faciələr gözləmir. Ona görə xalq yetişməlidir. Yetkin fərdləri olan xalq faciələrdən ucada durar, sarsılmaz".

İşıqlı Atalı tədbiri yekunlaşdırıb: "Bizi gözləyən faciələrə hazır ola bilmədik. Faciələrimiz sıralandı. Milli mübarizəmizin ruhani (insani), idraki yönü olmadı. Sosializmdən kapitalizmə qayıtdıq. Adamların varlanma ehtirası, rəqabətçilik artdı, milli əhvallara, vətənçilik duyğusuna zərbə dəydi. Faciə maddi itkidən çox, mənəvi itki yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə. Millət gerçəklikdən üstün ola bilmirsə, bu mənəvi uçurumun dərinliyindən yaranır. Həmişə düşünmüşəm: bu boyda faciələrdən sonra niyə yox olmadıq? çünki möhtəşəm fitrətimiz, ruhumuz bizi ölməyə qoymadı. İnam Atanın istədiyi səviyyədə xalq yaranmalıdır. Fərdlər bu yolda özündən keçməlidirlər. Xilas Mütləqə İnamdadır".

 

 

İşıqlı Atalı,

 

Təzadlar.- 2011.- 20 yanvar.- S.10.