Tarixi xəyanətin qurbanları

 

Azərbaycanda qırğın 1990-cı ildən əvvəl başlamışdı

 

Bu qanlı cinayətə olduğu kimi nə hüquqi, nə də siyasi qiymət verilib. Bu qatı cinayətin adı Bakı qırğını yox, Azərbaycan qırğını kimi tarixə düşməlidir.

Vətən xainlərinə də heykəl qoyulmalı və hər gün onların təhqir olunması da  təmin edilməlidir.

Sapı özümüzdən olan baltalar və buna rəvac verənləri xalqın tanımağa və nifrətini bildirməyə haqqı var. Bakıda qırğın çoxdan başlamışdı. Xalq bundan xəbərsiz idi.

Bakı şəhər xüsusi rayonu hərbi komendantının əmri ilə V.İ.Lenin adına (hazırkı Azadlıq meydanı) meydanda 18 gün fasiləsiz davam edən etiraz mitinqi ordu tərəfindən 5 dekabr 1989-cu il tarixdə zorakılıqla dağıdılmışdı.

Həmin ərazidən təsadüfən keçən, hərbi qulluqdan yenicə tərxis olunmuş, hərbi geyimdə olan Xalıqov Gündüzə əsgərlər 32 güllə vurmuşdular. Məni şoka salan o idi ki, 70 il dost, böyük qardaş dediyimiz "dost-qardaş" həmin  gün "qardaşın" sinəsinə 32 güllə vurmuşdu. Bəs 70 illik qardaşlıq ideologiyası nə tez qəddarlaşdı? Sualın cavabı mənə belə aydın olur ki, Sovet ideologiyası saxta ideologiya olub. Bu ideologiya sözdə bir, əməldə başqa olduğundan çox uzun sürə bilmədi. Cəmisi 70 il.

Vaxtilə ilk dissedent Nadir Ağayev 15 Respublikanın SSRİ-nin tərkibində birləşdirilməsini "böyük türmə" adlandıranda yanılmayıb. O, bu sözə görə 18 il məhbəs həyatı yaşayıb.

 

Bakıda durğunluq nədən idi?

 

13 yanvar 1990-cı il tarixdə demək olar ki, Bakıda hər şey öz məcrasından çıxmışdı. Elə bil hamıya susmaq əmri verilmişdi. Milis (indiki polis), təhlükəsizlik işçiləri sanki şok vəziyyətində idi. "Beşmərtəbə" kimi tanınan ərazinin yaxınlığında "1000 cür xırdavat" mağazasının yanında taksi gözləyirdim. DAM (Dövlət Yol Polisi) maşını növbə çəkirdi. Onun yanında mülki geyimli bir şəxs tez-tez kiməsə əlindəki radioqəbuledici ilə müəyyən adlar, nömrələr deyərək, tapşırıq verirdi. Mənə naməlum olan həmin şəxslər ""Alabaş" avtobuslarla morporta yaxınlaşdılar. Uzaqdan müşayiət edin, yaxınlaşmayın" dediyini eşitdim. Qeyi-ixtiyari oradan uzaqlaşdım. Sonradan eşitdim ki, həmin gün bir qrup adam Bakıda yaşayan erməniləri öldürüb, yandırıb və müxtəlif işcəngələr veriblər. Buna isə lazımi dairələrdən heç bir müdaxilə olmayıb.

Sən demə, 13 yanvar hadisələrinin arxasında 19 yanvar qırğınına hazırlıq dururdu.

19 yanvar 1990-cı il tarixində xalq, nədənsə, Azadlıq meydanına yox, Mərkəzi Komitənin qarşısına toplaşmışdı.

Azadlıq meydanında gecə-gündüz haqqını, imperiyanın dağılmasını, Topxana meşəsinin qırılmasının qarşısının alınmasını tələb edən xalq birdən-birə MK-nın qarşısına toplaşmasının sirri nədən ibarət idi? Xalqı MK-nın qarşısına toplaşmağa kim səsləmişdir? Bütün bu suallar 21 ildir cavabsızdır.

Mənim fikrimcə, 19 yanvarda mitinqə rəhbərlik edənlərin də günahları az olmamışdı. Həmin dövrdə xalq mitinqi idarə edənləri eşidirdi. Onların ən bağışlanmaz günahları xalqı Azadlıq meydanına yonəltməmələri idi. Məhz bu, xalqın MK-nın qarşısına toplaşmasından istifadə edən imperiyanın cəlladlarına - dövlət çevrilişi cəhdini boğmaq məqsədilə Bakıya qoşun yeridilib - deməyə əsas verdi.

Bütün dünya ictimaiyyətinə xalqın MK-nın qarşısına toplaşmasını yayımlamaqla özlərinə haqq qazandırmağa çalışdılar.

19 yanvar 1990-cı ildə axşam saat 17-18 radələrində televiziyanın əsas bloku partladılan dəqiqədən millətin amansız faciəsi hiss edilməli idi.

19 yanvar tarixində 3 ədəd nömrəsiz "Jiquli" markalı maşınlardan düşən bir dəstə oğlan metronun "Nizami" stansiyasının yanındakı dayanacaqda düşərək xalqı  təxribata çəkməyə çalışırdı. Onlar dayanacaqda maşın gözləyənlərə deyirdilər ki, "biz Xalq Cəbhəsindənik gedək yerazlarla haqq-hesab çürüdək".

Dayanacaqda olan adamlar onların niyyətlərini başa düşərək, onları qovmağa çalışırdılar. Həmin adamlar bir neçə dəqiqədən sonra dayanacağa yaxınlaşan boş avtobusa mindilər. Mən də bir jurnalist dostumla maraq xatirinə həmin avtobusa mindik. Elə bildik ki, MK-nın qarşısına gedirlər. Dostum onların birindən soruşdu ki, hara gedirik? Həmin şəxs yavaşca pıçıldadı ki, KQB-yə (MTN-yə). Biz cəld avtobusdan düşdük və mitinqə qatılmaq üçün MK-nın qarşısına piyada getməli olduq. Küçələrdə nömrəsiz maşınlar çövlan edirdi. Mən qarşımıza çıxan DAM işçisindən soruşdum ki, niyə onları şəhərdən yığışdırmırlar? O isə etinasız halda "AXC-çilərdir" dedi və çörək mağazasına girdi.

Azərbaycan Dövlət Dram Teatrının qarşısından Mərkəzi Univemağa qədər hər yerdə tonqal yandırıldığını, hər tonqalın yanında da bir adam dayandığını gördük. "RAF" markalı maşında kimlərin olduğunu deyə bilmərəm, bir qrup adam onlara yanaşır, nəsə sörüşürdu. Biz univermağa təzəcə yaxınlaşmışdıq ki, artıq atəş səsləri eşidilməyə başladı. Biz bir çox adamın çaşqın halda qaçdığını gördük, geri qayıtdıq.

Səhər 6-da MK-nın qarşısına gəldik. Yol boyu cavan oğlanlar bizə yaxınlaşıb yalvarırdılar ki, siz Allah susun, küçələrdə sıra ilə düzülmüş qaniçən orduya söz deməyin, onlar amansızcasına xalqı qırıblar.

20 yanvar günü Sabir Rüstəmxanlı xalqı sakitləşdirmək üçün mikrofonla deyirdi ki, azadlıq qurban tələb edir. Elə bu vaxt mən və Namiq Fərəcov ona yaxınlaşıb mikrofonu ondan alaraq, ora toplaşanlara müraciət etdik ki, bu qanı batırmamaq üçün xalq təhqiqat qrupu yaradılmalıdır. Odur ki, müstəqil olaraq bu qatı cinayəti araşdırmaq istəyənlər MK-nın yanında olan saatın yanına gəlsinlər.

Biz MK-nın yanında olan saatın yanına gələnlərlə birlikdə xalq təhqiqat qrupu yaratdıq. Otaq və telefon məsələsini həll edib, təkrar mikrofonla xalqa müraciət etdim ki, kim bu qırğınla bağlı nə bilir, bizə zəng etsin, yaxud gəlib bildirsin. 93-99-55 nömrəli telefon əlaqə vasitəsi kimi, P.Montin 135-də isə qərargah fəaliyyətə başladı.

İlkin məlumatlar toplandı. İtkinlər, ölənlər, yaralananlar dəqiqləşdirilməyə başlandı. 20 yanvar günü xəstəxanalara baş çəkdim. Meyitlərin arasında qolsuz bədənlərə, bədənsiz başlara, başsız bədənlərə baxa bilmirdim. Bu vəhşiliyə tab gətirmək çox ağır idi. Əldə edilən sənədlərdən aydın olur ki, xəstəxanalara yaralılar və ölənlər hələ saat 11:20 dəqiqədə daxil olmağa başlayıb.

 

Meyitxanalarda tükürpərdici hallar gördüm. Meyitlərin içindən oğul, ata, qardaş axtaranların naləsi aləmi bürümüşdü. Bu, ən dözülməz və dəhşətli mənzərə idi.

Bunu qeyd edəndə şair Qəşəm İlqarın şerindən bir misra yadıma düşdü.

 

Tükənib-bitməz dağım,

Ürəkdən getməz dağım,

Addım ata bilmirəm,

Şəhiddir solum, sağım.

 

22 yanvar 1990-cı il tarixində mərhum şairimiz Bəxtiyar Vahabzadə və Zeynəb Xanlarova cidd-cəhdlə Ali Sovetin növbədənkənar sessiyasının çağırılmasına nail oldular.

Bu sessiyanın başlanmasında Zeynəb Xanlarovanın hərəkətləri tarixdə qalmalı, xalq bunları bilməlidir. Zeynəb xanım haradansa 3 stul gətirdi, bizim çəkdiyimiz meyitlərin şəkillərini stulların üstünə düzərək, girişdə qoydu. Sessiyaya gələn deputatlara "bunlara baxın, sonra keçin" deyirdi.

Sessiyanın çağırılmasında məqsəd 20 yanvar hadisəsinə qiymət verilməsi və bu qatı cinayətin araşdırılmasının qanuniləşdirilməsi idi.

Sessiyada 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı parlament komissiyası yaradıldı. Komissiyaya sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev seçildi.

İlk gündən bizimlə əvvəldən işləyənlərin bəziləri bu qrupun tərkibində fəaliyyətdən imtina etdilər, o cümlədən mən də.

Belə olan halda, ilkin cinayət materiallarını ələ keçirmək məqsədilə təklif etdilər ki, iki işçi qrupu kimi fəaliyyət göstərək. Kim hansı qrupda istəyir fəaliyyət göstərsin, əldə edilən materiallar parlament komissiyasına təqdim edilsin.

Saxtakarlıq, xəyanət burda da öz işini görməyə başladı. İstintaq materialları kiminsə sifarişi ilə düzülüb-qoşulurdu. Kiminsə sifarişi ilə istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər təhrif edilməklə tərtib edilirdi.

Əsl həqiqət xalqdan gizlədildi. Bir-birini təkzib edən sənədlər ortaya qoyuldu.

İlk sualı mən verməyə başladım.

Həmin il "Ayna" qəzetinin 42-ci sayında jurnalist A.Karaulovun keçmiş SSRİ daxili işlər naziri V.Bakatindən aldığı müsahibəsini oxudum. Əvvəlcə gözlərimə inanmadım. Bakatin bildirirdi ki, Azərbaycan Ali Sovetinin sədri Bakıda fövqəladə vəziyyət haqqında qərar qəbul etmişdir. Bu qərara əsasən, ordu  şəhərə daxil olmuşdur.

Fikirləşdim ki, bəs onda 20 yanvar 1990-cı il tarixində radio ilə Bakıda fövqəladə vəziyyət elan edilməsinə dair heç bir qərar qəbul olunmadığını və bu hərəkətlə respublikanın suveren hüquqlarının kobud surətdə pozulduğu barədə Azərbaycan Ali Sovetinin sədri E.Qafarovanın bəyanatı necə olsun?

Oxuduğum müsahibəyə inana bilmirdim. Mənə elə gəlirdi ki, bu, Sovet İttifaqının növbəti iftirasıdır və bu barədə Azərbaycanın siyasi rəhbərliyi  öz sözünü qəti deyəcək. Ancaq belə olmadı. Heç bir rəsmi dövlət orqanı bu müsahibəyə münasibət bildirmədi, o cümlədən Elmira Qafarova. Həmin müsahibə dərc olunanda da o, Azərbaycan Ali Sovetinin sədri idi.

Ürəyimdə şübhə toxumları cücərməyə başladı. Yadıma Qanlı Yanvar günü camaat arasında eşitdiyim sözlər düşdü.

"Bu, ssenari üzrə hazırlanmış faciədir" - deyirdilər. Fikirləşdim ki, bu sözlərdə həqiqət varmış. Belə deyilsə, 13 yanvar 1990-cı il tarixində Bakıdakı daxili qoşun hissələrinin 11.5 min nəfərlik ordusu nə üçün məlum hadisələri görməzliyə vurur, qırğının qarşısını almırdı? V.Bakatinin dediyinə əsaslansaq,19 yanvarda Rostovdan, Stavropoldan ehtiyat qoşun hissələrini Bakıya çağırmış Azərbaycan Ali Sovetinin sədri hansı mənəvi haqqla həm öz xalqını, həm də dünya ictimaiyyətini aldatmışdır? "Yox, əgər V.Bakatin Azərbaycanda yenə müxalifəti rəhbərliyə qarşı qoymaq məqsədi güdərək, Bakı qırğınını Azərbaycan hökumətinin üzərinə atırsa, yaxud Azərbaycan Ali Soveti dünya ictimaiyyətini aldatmışsa, hər iki halda, bəyanat verib mətbuatda çıxış etmək olmazdımı" sualı ilə həmin illərdə nəşr olunan "Fəryad" qəzetində "Kimdir haqlı?" başlıqlı faktlarla yazı dərc etdirdim. Göstərdim ki, görəsən, kim haqlıdır? Hər halda, gec-tez əsl həqiqət üzə çıxacaq. 

Bu yazıdan sonra da Azərbaycan Ali Sovetinin sədri mərhun Elmira Qafarova və respublika rəhbərliyi susdu. Nə V.Bakatinin müsahibəsinə, nə də mənim suallarla dolu yazıma təkzib verən oldu. Bununla da bu ağır cinayətdə əllərinin olmasını dolayısı ilə təsdiq etmək məcburiyyətində qaldılar. V.Bakatin yəqin ki, hansısa rəsmi sənədə arxayın olmasaydı, həmin vaxt respublikanın qanunverici orqanının rəhbərinə qarşı bu ağır ittihamla mətbuatda çıxış etməzdi.

Mən bütün bunları məhz mərhum E.Qafarovanın hakimiyyətdə olduğu vaxt yazmışdım və qəzetin surətini onun özünə göndərmişdim.

Mənə qarşı olan təqiblərin isə sayı-hesabı olmamışdı. Mən indi də o ağrıları yaşayıram.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARINI da bu gün mükəmməl hesab etmək olmaz.

Həm də bu qərarın ancaq qərar xatirinə çıxarıldığını deməkdə yanılmarıq.

Qərarın təsviri hissəsində göstərilir:

- Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.

 

 

(Ardı var)

 

Zahidə Əzizova

 

Təzadlar.- 2011.- 20 yanvar.- S.8.