""Azadlıq" Azərbaycan xalqının dünyaya pəncərəsinə çevrildi"

 

Mirzə Xəzər:  "Almaniya mətbuatında 20 Yanvar günü ilə bağlı məlumatlara çox nadir hallarda rast gəlmək olur"

 

"Azadlıq" radiosunun Azərbaycan şöbəsinin keçmiş rəhbəri, tanınmış jurnalist Mirzə Xəzərin "Təzadlar"a müsahibəsi

 

- Mirzə bəy, 1990-ci ilin 20 Yanvar hadisələrini necə xatırlayırsınız?

- 20 Yanvar hadisələri mənə bu gün rahatlıq vermir. Ağır günlər idi. Sovet İttifaqının nizami ordusunun Bakıya hücumu ərəfəsində Azərbaycan informasiya blokadasına alındı xarici dünyadan təcrid edildi. Qorbaçov başda olmaqla Kreml rəhbərliyi bu yolla Azərbaycan xalqını əzmək, susdurmaq istəyirdi. Kreml bu planını hazırlayanda, görünür, "Azadlıq" radiosu faktorunu nəzərə almamışdı. Bu, SSRİ rəhbərliyinin ən böyük səhvi idi. çünki bu informasiya blokadasını yaran "Azadlıq" radiosu Azərbaycan xalqının dünyaya pəncərəsinə çevrildi. Hər yerdən əli üzülən, vahimə keçirən, qorxuya düşən, fəryad edən, nalə qoparan yüzlərlə insanın səsini dinləmək hər birinə təsəlli vermək, ümid vermək bir nəfərin daşıya biləcəyi ən ağır yükdür. Bu yük mənim üzərimə düşmüşdü. Bunun psixoloji təsirindən bu gün xilas ola bilmirəm.

- O zaman "Azadlıq" radiosunun Azərbaycan şöbəsi işini necə qurmuşdu?

- Mən yanvarın 19-dan 20-nə keçən gecə, Münhen vaxtilə saat 22-də, Bakı vaxtı ilə yanvarın 20-si saat 01:00 radələrində redaksiyaya gəlib Bakıya zəng elədim. Bizə daim məlumat verən Mehdi Məmmədov sovet qoşunlarının artq Bakıya soxulduğunu xəbər verdi. Dərhal redaksiyanın üç işçisini çağırıb ilk verilişi hazırlamağa başladım. Bu veriliş Bakıda səhər saat 05:00-da yayımlandı. Azərbaycan əhalisi xaricdə yaşayan azərbaycanlılar Bakı faciəsidən bu verilişdən xəbər tutdu. Bu veriliş efirə veriləndən 24 saat sonra SSRİ Xarici İşlər Nazirliyi Vaşinqtona etiraz notası göndərib "Azadlıq" radiosunun susdurulmasını tələb etdi. Bütün təzyiqlərə baxmayaraq, mən məsuliyyəti üzərimə götürüb verilişləri davam etdirdim. İki gün sonra SSRİ KGB-si (SSRİ dövlət təhlükəsizliyi komitəsi) ilk verilişlərin ruscaya tərcüməsini Vaşinqtona göndərdi sübut etməyə çalışdı ki, guya biz yanlış məlumatlar yayırıq. Buna da məhəl qoymadım. Sonrakı günlər verilişləri eyni şəkildə davam etdirdik.

- Bəzən belə bir fikir eşidirik ki, hadisələrdən qansız, itkisiz keçinmək mümkün idi...

- Bu fikirlər dayaz təhlillərin məhsuludur mən bunu hadisələrin süni şəkildə bəsitləşdirilməsi hesab edirəm. Bu fikri irəli sürənlər Bakıda minlərlə insanın küçələrə axışmasının həqiqi səbəbini ya görmürlər, ya da ört-basdr etməyə çalışırlar. Əsl səbəb isə Moskvanın Qarabağ məsələsində ermənilərin tərəfini tutması idi. Azərbaycan xalqı bununla barışmaq istəmirdi. Bu etirazlar sonradan Kremlin yerli Kommunist Partiyasının Azərbaycanda hökmranlığına qarşı çevrildi. Bu, Azərbaycan xalqının təbii haqqı idi. Bu mübarizəni qana batıran isə SSRİ-nin nizami ordusu oldu.

- Bu gün 20 Yanvar hadisələrini dünya ictimaiyyətinə yetərincə çatdıra bilmişikmi? Məsələn, yaşadığınız Almaniya cəmiyyətində 20 Yanvar günü ilə bağlı məlumatlar hansı səviyyədədir?

- Almaniyada, xüsusilə, Almaniya mətbuatında 20 Yanvar günü ilə bağlı məlumatlara çox nadir hallarda rast gəlmək olur.

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2011.- 20 yanvar.- S.4.