Qarabağ ağsaqqalının 80 yaşı qeyd edildi

 

Yubiley mərasimində Əfqan Qasımovun ömür yolu çözələndi

 

Yanvarın 16-da "Gəncəli Plaza" mehmanxanasında qələbəlik vardı. Bu məkana təşrif buyuranlar Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafında əməyi olan Əfqan Qasımovun 80 illik yubileyinə toplaşmışdılar.

Tanınmış alimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin, yubilyarın doğmalarının, dostlarının iştirakı ilə düzənlənən mərasimi giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının İcra Aparatının rəhbəri, yazıçı-publisist Famil Gözəlov yubilyarın ömür yolundan danışdı. Bildirdi ki, bugünkü tədbirin səbəbkarı Azərbaycanın tikinti kompleksinin ən iri qollarında öz yüksək təşkilatçılıq qabiliyyəti, insani ləyaqəti ilə böyük nüfuz qazanan, adi mühəndislikdən rəhbər vəzifələrədək yüksələn, mənəvi-əxlaqi keyfiyyətlərilə çoxlarına nümunə olan və bu gün Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərən, müstəqil respublikamızın regionlarının sosial-iqtisadi inkişafında öz dəst-xətti ilə seçilən Əfqan Musa oğlu Qasımovdur: "Bu gün 80 yaşının işığına yığışdığımız Əfqan müəllim nəinki doğulduğu Ağdam rayonunun, bütövlükdə Azərbaycanımızın ağsaqqalıdır. Əfqan müəllimin mənalı keçən həyat yolu, son onilliklərdə gördüyü işlər onun haqqında sadaladığımız meyarların sübutudur".

Söhbətin məcrasını yubiley tədbirinin üstünə gətirən F.Gözəlov yubilyara öz ürək sözlərini və təbrikini şeir çələngi ilə çatdırdı.

 

***

 

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Azərbaycan İqtisad Universitetinin dekanı, professor Əli Həsənov Əfqan Qasımovu yaxından tanıdığını və bu gün AAŞ-da onunla birlikdə respublikanın inkişafı yolunda çalışdıqlarını qeyd etdi. O, Əfqan Qasımovu təkcə inşaatçı-mühəndis, rəhbər işçi kimi deyil, həm də gənc nəslin yetişdirilməsində, cavan kadrların irəli çəkilməsində var qüvvəsini sərf edən bir ziyalı, bir ağsaqqal kimi tanıdığını dedi. Ə.Həsənov vurğuladı ki, Ə.Qasımov həm də xeyirxah bir insandır, onun övladları da bu gün ataları kimi vətənə ləyaqətlə xidmət edir, onun yolunu davam etdirirlər. Sonra Ə.Həsənov Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin fəxri fərmanı yubilyara təqdim etdi.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri, professor Akif Kərimov yubiliyarın ölkənin ictimai, iqtisadi sahəsində yaxından iştirakı və AAŞ-nın işindəki səmərəli fəaliyyəti rəhbərlik etdiyi qurumun "Ləyaqət Diplomu"na layiq görüldüyü bildirdi.

Yubilyarı bir ağdamlı ziyalı kimi ötən əsrin 50-60-cı illərindən tanıdığını deyən Azərbaycan Ağsaqqallar Şurası Ali Məclisinin üzvü, Ağdam rayonu 71 saylı orta məktəbin direktoru, əməkdar müəllim Səlim Əzimov qeyd etdi ki, Əfqan Qasımov həmişə əsilzadə, əsli-nəsli pak olanlarla oturub-durub, onlarla dostluq, yoldaşlıq edib: "Əfqan müəllim adamları diqqətlə öyrənir, böyük-kiçik yerini bilir, yoldaşlıq etdiyi adamın ağsaqqalları ilə, böyükləri ilə dostluq edir. O, qohum-əqrəbasını, dost-tanışlarını heç vaxt unutmur, onlardan doğmalıq mehrini kəsmir. O, həm də gözəl ailə başçısıdır. Əfqan Qasımov həyatın çox isti-soyuğunu görüb, gördüklərindən ibrət dərsi alıb, ona görə də həyatda həmişə rahat yaşayıb, həmişə sağlam həyat tərzi keçirib. Bu səbəbdən də onda ruhi sağlamlıq, mənəvi saflıq, fiziki sağlamlıq olduqca güclüdür. Ona o qədər də çox demirəm, yüzü gülər üzlə yaşamasını arzu edirəm".

Ataları dünyasını dəyişəndən sonra böyük qardaşları Əfqanın onlara atalıq etdiyini deyən Rizvan Qasımov bu gün də ona ata gözü ilə baxdıqlarını, onun məsləhəti, öyüd-nəsihəti ilə hərəkət etdiklərini bildirdi: "Mən həyatda nəyə nail olmuşamsa, hamısı onun sayəsində baş verib. Hələ uşaqlıq vaxtımdan nəyə ehtiyacım olubsa, o, dərhal təmin edib. Bu vaxtacan demək olar ki, cibimiz də bir olub. O, mənə kömək əli uzatdığı kimi, mənim şagird, tələbə dostlarıma qarşı da eyni münasibətdə olub və bu gün də həmin ənənəsinə sadiqdir. Mən doğru danışmağı, dostluqda sadiq və vəfalı olmağı qardaşım Əfqandan öyrənmişəm. Əslində mən Əfqanla qardaşlıqdan çox dostluq edirəm. Fəxr edirəm ki, qardaşım və dostum Əfqan bu gün də xeyirxah işlərlə məşğuldur, özünün ağsaqqallığı ilə hamıya örnəkdir".

İşğalda olan torpaqlarımız tezliklə azad olunmasını arzulayan R.Qasımov doğma yerlərdə yenidən yaşamaq, qardaşı Əfqan Qasımovun tövsiyələri ilə yurd yerlərimizi bərpa edib, yenidən firavan həyatlarını davam etdirmək istədiyini söylədi.

Yubiley tədbirinə təşrif buyuran Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, din xadimi Məmmədəli Abbasov Ə.Qasımova Allahdan uzun ömür, can sağlığı dilədi.

Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, professor Telman Əliyev qeyd etdi ki, Əfqan Qasımov haqqında söz demək onun üçün çox xoşdur: "çünki bu xoşluğu Əfqan müəllim özünün bilik və qabiliyyəti sayəsində qazanıb. Deyirlər ki, insanın bir şöhrəti olur, bir də ləyaqəti. Fərq ondadır ki, insana şöhrət kənardan da gələ bilər, ancaq ləyaqət insanın öz içində olmalıdır. Əfqan Qasımov ləyaqətli insandır. Mən əziz dostumu 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram".

Tədbirdə iştirak edən ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, professor Maqsud Qasımov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının üzvü Cahangir Qocayev, Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, BDU-nun dosenti Rəhim Hüseynov, yubiliyarın qardaşları Məhi və Eldar Qasımovlar, eləcə də digər qonaqlar yubilyarı təbrik edərək, ona ürək sözlərini çatdırdılar.

Yubilyar isə ona ünvanlanan xoş sözlərə görə hamıya təşəkkürünü bildirdi. çıxışlardan sonra tədbir ziyafət süfrəsi ilə davam etdi. Yubiley mərasiminə xoş ovqat qatan istedadlı xanəndə, əməkdar artist Təyyar Bayramovun bənzərsiz ifası davamlı alqışlarla qarşılandı.

Sonda yazıçı-jurnalist Bəhram İbrahimovun yubilyar haqqında ərsəyə gətirdiyi "Qarabağ ağsaqqalının ömür yolu" kitabı qonaqlara hədiyyə edildi.

 

 

Elbar ŞİRİNOV

 

Təzadlar.- 2011.- 22 yanvar.- S.13.