"Kitabı çıxanda sevinməyə qoymadılar Akif Səmədi..."

 

Həmid Ormanlı: "Aşıq sənəti əsl mahiyyətindən aralanmaq təhlükəsi ilə üz-üzədir"

 

Yazar-araşdırmaçı Həmid Ormanlının "Təzadlar" qəzetinə müsahibəsi

 

- Həmid bəy, bu gün cəmiyyətimizdə milli düşüncənin formalaşmasında inkişaf etməsində aşıq ədəbiyyatının rolunu necə dəyərləndirirsiniz?

- Əvvəla, onu deyim ki, aşıq ədəbiyyatı xalqımızın estetik gözəllik xəzinəsidir. Bu ədəbiyyat vasitəsilə neçə-neçə nəsillərin, dövrlərin mənəvi təcrübəsi cilalanıb, durulub, el şüurunu, milli düşüncəni inkişaf etdirib. Tarixən aşıq ədəbiyyatı elin-obanın istəklərinin həyata keçirilməsi üçün insanların ilham mənbəyi, tutalğac yeri olub. Hesab edirəm ki, aşıq ədəbiyyatı bu gün öz sözünü deyir. Dağılmış sovetlərin vaxtında onlarla dissident aşıqlarımız olub. Cənubi Azərbaycanda aşıq ədəbiyyatının sənətinin hünəridir ki, dilimizi diri duru, milləti isə tətikdə saxlayır. Elə olmasaydı, Azərbaycanın cənubunda 12 aşığı birdən fars rejiminin zindanına atmazdılar. Adamı yandıran odur ki, bir mən Məhərrəm Hüseynlidən başqa heç kəs səsini belə çıxarmadı.

- Hazırda Azərbaycanın hansı bölgəsində aşıq sənətinin inkişafı daha çox müşahidə olunur?

- Reallıq budur ki, bu gün ən çox inkşaf Azərbaycanın güneyində müşahidə olunur. Narahatçılığım isə öləziməkdə olan Dərbənd aşıq mühitindəndir. Bizdə isə aşıq sənəti, demək olar ki, öz əzəli, əsl mahiyyətini itirmək təhlükəsi ilə üz-üzədir. Adını oxucuya qısqandığım bir xanım aşığımızın (Hərçənd ki, qadından aşıq olmaz düşüncəsini bölüşürəm - H.O.) dili ilə desək, bu tayda aşıqların sənəti, sazı, sözü ancaq "pivəynən paydyot". Təbii ki, beş-üç istisnalar olmaq şərtilə.

- Yüz il öncəki aşıq məktəbi ilə bugünkü aşıq məktəbi arasında fərqli xüsusiyyətlər çoxdurmu?

- Fərqli xüsusiyyətlər yerlə-göy qədərdir. Misal üçün, ustad-şəyird ənənəsi demək olar ki, itib-batıb. Sənətə yeni gələnlərin əksəriyyəti kasetdən öyrənənlərdir. Dastançı aşıqlar olub. Dastançılıq da aşıq sənətinin canının cövhəri sayılır. Aşıqları söylədikləri dastanlarla tanıyırdılar. Təəssüf ki, indikilərin repertuarında bunlar yoxdur, əvəzində, varlını öyən-kasıba dəyən şeirlər oxuyurlar.

İndiki aşıqların geyiminə fikir verin, abırlı-ismətli insanların, kənd-kəsək adamlarının ətini ürpəşdirən libaslardır. Libas da ki, elə-belə şey deyil. İnsanın mahiyyətini təyin edən elementlərdən biridir s. onlarla bu cür fərqli cəhətlər var. Yaxşısı budur, çoxunu deməyim, necə deyərlər, qoy qazan örtülü qaynasın.

- Maraqlıdır, Türkiyədə ozanların arxasında böyük kütlə dayanır. Yəni ozanlar cəmiyyətin milli-mənəvi ruhunun qidalanmasında, milli düşüncənin yayılmasında, vətənpərvərlik ideyalarının aşılanmasında əvəzsiz rol oynayır. Etiraf edək ki, bizdə belə deyil. Ən azından, Ozan Arif, Aşıq Səfai digər adını çəkmədiyim ozanların isimləri bütün türk dünyasında məşhurdur.

- Bəs bizim Araz Elsəsi hara qoyaq? Azmı olub Araz Elsəsin, eləcə digər aşıqlarımızın konsertinə bilet tapmamışıq. Yaxşı yadımdadır, neçə dəfə Araz Elsəsin konsertini İran səfirliyinin təzyiqi ilə yarımçıq kəsdilər. İran bu gün həmin gücünü hicab məsələsində göstərir. Türkiyədə isə millətin xidmətində duran yaşı əsrə çatan oturuşmuş bir demokratik dövlətçilik təcrübəsi var. Aşığın ekran-efir, disk buraxdırmaq problemi yoxdur. "Vətən" kimi sırf aşıq sənətinin təbliği ilə məşğul olan baxımlı telekanalları var. Bəs bizdə... biz dünən-srağagün dövlətmizi bərpa etmişik...

Bir bir məsələ var ki, bizim indiki gəncliyin ümumi mədəni səviyyəsi o qədər ürəkaçan deyil. Əyri oturaq-düz danışaq, sənətin sənətkarın lazımınca qavranılmasında düzgün qiymətləndirilməsində tamaşaçı şəxsiyyətindən, onun zövqündən, ruhundan, qanından, mədəni səviyyəsindən çox şey aslıdır.

- Aşıqlardan ən çox kimi dinləyirsiniz?

-  Bu gün usdad aşığımız Əli Quliyevin sənətinin bala-bəhməzə dönən vaxtıdır. Eləcə bəynişan qırımından, ağayana duruşundan, şirin söhbətindən, qos-qoca çalğısından ifasından, türk dünyasının böyük ozanı Hüseyn Saraçlının son şəyirdi Murad Kövrəyin tayı-bərabəri yoxdur. Aşıq Cahangirə, Tərmeyxan Qasımlıya, Qərib İncəliyə, Şaiq Kəmərliyə, Nazim Əsədoğluna, Firdovsi Mülkülüyə, İlham Astanbəyliyə, Əşrəfə, İmamalıya, bir gənc aşıq dostlarımdan Şəhriyara, Raminə, Sənana, Astanbəyli Samirə (ona da "Dimok" deməsən, kəndlərində heç kim tanımayacaq) qulaq asmaqdan doymuram.

- Azərbaycan Aşıqlar Birliyinin maliyyə dəstəyi ilə işıq üzü görən Musa Nəbioğlunun müəllifi olduğu "Ozan-aşıq dünyası" fotoalbom-kitabı qalmaqala səbəb oldu. Siz kimin haqlı olduğunu düşünürsünüz?

- Həmin fotoalbomla mən tanışam. Layihənin rəhbəri hörmətli xalq şairimiz Zəlimxan Yaqub, rəyçilər isə ünlü alimimiz professor Məhərrəm Qasımlı ilə filologiya elmləri namizədi Elxan Məmmədlidir. Düzdür, kitabda bəzi xırda-para nöqsanlar var, ancaq tənqidlər heç xoş niyyətli deyil. Görünür, hələ görülən işlərə qara yaxmağı tərgidə bilmirik. Əsas odur ki, güllə tanışdır, lülə .

- Xeyli vaxtdır ki, mərhum Akif Səmədin şeirlər kitabının nəşrinə çalışırsınız. İnşallah, oxucuları vaxt sevindirməyi düşünürsünüz?

- Kitabı tək mənim yox, Akif Səmədin bütün dostlarının yaxından qatqısı sayəsində ərsəyə gətirməyi düşünürük. İnşallah, bir tərslik olmasa, ay yarım ərzində kitabı oxucuların ixtiyarına verəcəyik.

Daşın ovucuna bir toxumluq dən düşüb, ya şitil. Dolu döyür, külək əyir, qar üşüdür, bürkü tövşüdür. Ancaq bitir bu ağac. Nələr çəkə-çəkə, böyüyür bu ağac. Allah kəsməsin elə böyüməyi. Daş ayağından çəkir, kökünü əzir, bulud başından basır, yel sağa əyir, qara yel sola. Qırır budaqlarını, tökür çiçəklərini. Bax, o ağac mənəm deyirdi, bütövləşmiş türk aydını, mürşüdüm şair Akif Səməd. 34 yaşıma bir kitab əta etdilər. Səhifələrini enindən kəsdilər, uzunundan aldılar, sayını azaltdılar. Tirajının üstündə əsdilər, əsdilər, nəhayət, kəsdilər. Bax, o mənim kitabımdı deyirdi, mürşüdüm Akif Səməd.

Yazıçılar Birliyində dedilər, kitabın çıxmayıb, üzv ola bilməzsən. Nəşriyyatda dedilər, Yazıçılar İttifaqının üzvlərinin kitabını çap edirik ancaq, deyirdi Akif Səməd. Heç vaxt kitabı çıxanda sevinməyə qoymadılar Akif Səmədi. Mənim hər yeni çap olunan kitabım yalnız oxucularımın sevinci üçündür deyirdi. İndi biz Akif sevərlər Akif Səmədin ruhunu sevindirmək istəyirik. Azca da olsa ruhunu sevindirə biləcəyiksə, bərəkət.

 

 

Elnur Eltürk,

"Təzadlar" qəzetinin

xüsusi müxbiri

 

Təzadlar.- 2011.- 25 yanvar.- S.14.