Aşıq sənətinin sinkretik xüsusiyyəti

 

Məlum olduğu kimi, aşıq sənəti sinkretik sənətdir. Yəni o, özündə bir çox sənət növünü birləşdirir, o cümlədən də musiqi ifaçılığı, dastançılıq, aktyorluq, rəqqaslıq və s. bu kimi müxtəlif sənət və ədəbi janr növlərini. Bəzi mütəxəssislər bu cür universal sənət xüsusiyyətini bütöv aşıq sənətinə, özü də zəruri bir şərt kimi şamil edirlər. Daha doğrusu, aşıq sənətinin inkişafı tarixinin müəyyən dövrünə deyil, onun bütün mərhələlərinə. O cümlədən də bugünkü mərhələsinə. Nəticə etibarilə belə çıxır ki, bu günün özündə belə, bütün aşıqlar bu sənət növlərinin hər birinin peşəkar daşıyıcısı olmalıdırlar. Yəni aşıq musiqi ifaçılığı ilə bərabər, həm də danışdığı dastandakı hadisələri səhnələşdirməyi, yeri gəldikdə dramatikləşdirməyi bacaran bir aktyor, o cümlədən də rəqqas, məclis aparıcısı, natiq və s. olmalıdır. Əlbəttə ki, nəzəri cəhətcə bu, xeyli dərəcədə təqdirəlayiq və ağlabatan bir işdir. Yəni aşıq doğrudan da bu sənət növlərinin hamısını eyni zamanda icra etməyi bacarsa, çox yaxşı olardı. Lakin təəssüf doğuran odur ki, praktik olaraq bu funksiyaların hamısının eyni zamanda peşəkarcasına icra edilməsi sözün əsl mənasında mümkün deyil. Özü də XXI əsrdə, hər bir sənət növünün konkret ixtisaslar üzrə yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə. O cümlədən də milli musiqimizin tərkib hissəsi və aparıcı janrı olan muğamlarımızın və bütövlükdə şifahi-professional musiqimizin peşəkarcasına inkişaf etdiyi bir dövrdə.

Təbii olaraq sual meydana çıxır, bəs aşıq sənətindəki bu universallıq və sinkretik əlamətlər konkret olaraq nə ilə bağlıdır? Yəni doğrudanmı aşıq eyni zamanda müxtəlif sənət növlərinin kamil bilicisi və daşıyıcısı ola bilər? Bu haqda bir qədər ətraflı.

Konkret desək, müxtəlif sənət növlərindəki bu cür sinkretik və universal xüsusiyyətlər ümumən orta dövrlərin mənəvi-psixoloji durumuna və bədii-estetik tələblərinə uyğun olaraq formalaşmış bir keyfiyyətdir. Burada söhbət təkcə aşıq sənətindən getmir. Orta dövrlərdə incəsənətdən kənar digər sənət növlərində də belə hallara rast gəlmək olardı. O cümlədən də təbabətdə, ümumi sənətkarlıqda və s. İncəsənət sahəsində bu cür universal sənətkarları dünyanın müxtəlif xalqları müxtəlif cür adlandırırdılar. Məsələn, italyanlar qistrion, almanlar şpilman, fransızlar janqlyor və s. Qistironlar həm musiqiçi idilər, həm aktyor, həm sirk artisti, akrobat, gülüş ustası və ilaxir. O cümlədən də şpilmanlar və janqlyorlar. Lakin bu ölkələrin heç birində bu gün bu cür sənətkarlıq növü yaşamır. Yəni buna ehtiyac yoxdur. Yalnız dünya xalqları ümumi dildə əlində bir neçə fiquru eyni zamanda oynada bilən sirk ustalarına fransızların dili ilə janqlyor deyirlər. Çox maraqlıdır ki, bu sənətkarların hər birinin vətəni bütün dünya miqyasında sinkretizm və bəsitliyin əksinə olaraq professional sənətin ən ilkin inkişaf və intişar etdiyi ölkələr olmuşdur. O cümlədən də bütöv Qərb intibahının başlanğıc və dayaq nöqtəsi olan böyük İtaliya. Bu gün İtaliyada qistrionlardan danışmaq yəqin ki, çox gülməli olardı. Çünki bu gün İtaliya dedikdə, ilk növbədə, professional sənət və öz yaradıcılıq dühaları ilə bütün dünyanı mat qoymuş böyük Paqanini, Rəfael, Leanardo-da-Vinçi, Endriko Karuzo və digər sənətkarlar, dahilər yada düşür. Küçə və meydanlarda kəndirbazlıq edən, məshəkələr çıxaran qistrionlar yox.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, sinkretizm təkcə universallıq, daha doğrusu, bir neçə sənət növlərinin birləşməsi demək deyildir. Sinkretik xüsusiyyət həm də sənətdə peşəkarlıq baxımından bir sadəlik və bəsitlik mənası daşıyır. Təbii ki, həm də aşıq sənətində. Yəni bu gün biz aşıq sənətinə də sinkretik sənət deyiriksə, deməli, onda da bir bəsitlik, sadəlik və pərakəndəlik var. çünki adətən, yalınz bir sənət növünü kamil öyrənməyə gücü çatan qeyri-fövqəlbəşər, yəni adi bir insan birdən-birə bir neçə sənət növünü peşəkarcasına icra edə bilməz. O, buna yalnız qismən və qeyri-peşəkar bir səviyyədə nail ola bilər. Çünki bu, normal insan gücü daxilində mümkün olan iş deyil. Əgər edirsə, deməli, onda burada təsbit olunan hər bir sənət növü özündə ən sadə və primitiv dəyərləri əks etdirir, professional dəyərləri yox.

Orta dövrlərdə Avropada inkişaf edən fundamental elm və mədəniyyət bütün sənətlərdə olan bu cür parəkəndəlikləri və bəzi hallarda bəsit folklor sinkretizmini tədricən aradan qaldırdı. Yəni hər bir sənət növü öz məcrasında elm və professional dəyərlərə istinadən inkişaf etməyə başladı.

Lakin XXI əsr olmasına baxmayaraq, bu gün də Azərbaycan aşıq sənətində təsbit olunan sənət növlərinin sayı məlum deyil. Daha doğrusu, aşıq kimdir və onun konkret vəzifəsi nədən ibarətdir, - sualının cavabı bu məmləkətdə hələ də müəyyənləşdirilməyib. Bir çoxlarının fikrincə, aşıq azad bir insandır. Yəni o, istədiyini oxuya və ya ixtiyari bir incəsənət növünü icra edə bilər. Lakin heç kim demir ki, ixtiyari bir incəsənət növünü özü bildiyi kimi icra etməyə el arasında yamsılamaq deyirlər, peşəkar qaydada nəyisə icra və ifa etmək yox.

Məhz bu qeyri-müəyyənliyin və pərakəndəliyin nəticəsidir ki, bu gün bir-birinə söykənən müxtəlif aşıq bölgələrimizin hər biri ayrılıqda bir məktəb sayılır. Hər bir məktəbin də özünəməxsus qanunları və normaları var. Məsələn, Şirvan bölgəsində aşıq həm də rəqqasdır. O cümlədən də sazı tək əllə atıb-tutmağı bacaran mahir janqlyor, artist və s.

Qərb bölgəsində isə instrumental ifaçılıq, o cümlədən də muğam, mahnı və nəğmə, bir sözlə, aşıq musiqisi ilə bilavasitə əlaqəsi olmayan digər musiqi janrlarına meyl daha güclüdür. Həmçinin də şeir yazmaq, şairlik həvəsi. Olar-olmaz, alınar-alınmaz, bunun heç bir əhəmiyyəti yoxdur. Qeyd etdiyimiz kimi, guya aşıqlıq azad bir sənətdir. Aşıq istədiyi musiqi nömrəsini çalıb oxuya bilər, istədiyi hərəkəti də edə. Yəni istəsə, bir az muğam, bir az mahnı oxuyar, nəğmə deyər, istəsə də, bir qədər rəqs edər, sazını atıb-tutar, məzhəkə çıxarıb məclisi güldürər. Bu minvalla hər sənətdən bir qədər bilməsi onun aşıqlıq edib, hətta böyük-böyük məclislər aparması üçün kifayət edər.

Bir özünüz düşünün, bu cür parəkəndə, reqlamentsiz, proqramsız, hələ də primitiv folklor sinkretizminin əlindən yaxa qurtara bilməyən bir sənətlə XXI əsrin inkişafına necə qoşulmaq olar?

Orta dövrlərdə aşıq cəmiyyətdə nəinki bir sənət adamı, sənət daşıyıcısı, həm də bir infarmator sayılırdı. çünki o dövrdə aşıqdan başqa, cəmiyyətdə zəngin informasiyaya malik adam yox idi. Nə də elə bir kütləvi informasiya yayım vasitəsi mövcud deyildi. Aşıq isə çox gəzib, çox görürdü. Ona görə də çox bilirdi. Amma bu o demək deyil ki, aşıq bu gün də bir vaxtlar icra etdiyi, özü də bilavasitə onun sənətinə aid olmayan bir vəzifəni yenə də yerinə yetirsin. Daha doğrusu, aşıqlıqla bərabər, həm də televiziyanın xəbərlər proqramının aparıcısı olsun. O cümlədən də muğamat oxusun, sevgi nəğmələri desin, rəqqaslıq, aktyorluq, artistlik etsin, məzhəkə çıxarsın və s.

Dediyimiz kimi, orta dövrlərdə aşıq sənətində təmsil olunan müxtəlif sənət növlərinin müstəqil surətdə öz peşəkar daşıyıcısı yox idi. Cəmiyyətin kasıb zümrəsi incəsənətin çox növlərini yalnız aşığın ifasında görür və eşidirdi. Amma bu gün bu sənət növlərinin hər birinin öz peşəkarı var. Hətta cəmiyyətin bu zümrəsi həmin dövrlərdə az da olsa, muğamlara da yalnız aşığın ifasında qulaq asa bilirdi. Çünki o dövrlər peşəkar xanəndələr yalnız varlı sinfin musiqiçiləri hesab olunurdular. Daha doğrusu, yalnız onların toylarına, məclislərinə gedirdilər. Ona görə də aşıqlar bəzən muğamlara da müraciət edirdilər. Sözün əsl mənasında belə bir imkanı qazanırdılar. Aşıqlar tərəfindən ən çox "Şüştər", "Şikəsteyi-fars", "Bayatı-Qacar" və digər muğamlara müraciət edilirdi. Yeri gəlmişkən, bir çox aşıqların, o cümlədən böyük sənətkar aşıq Əkbər Cəfərovun tez-tez oxumuş olduğu "çoban-bayatı" muğam nümunəsi də tarixən məhz bu ifalar zamanı formalaşmışdır. Çünki klassik muğamlar arasında belə bir nümunə yoxdur.

Bundan əlavə, orta dövrlərdə aşıqlar həmçinin çalınan havanın ahənginə və ritminə uyğun yavaş-yavaş hərəkət edir, oynayırdılar. O cümlədən məclisi oyatmaq və fikirləri cəmləşdirmək üçün müxtəlif gülüş doğuran komik hərəkətlər edir, məzəli əhvalatlar, rəvayətlər danışırdılar (Bu fikirlər bütün tədqiqatçı alimlərimizin əsərlərində qeyd olunur). Yəni orta dövrlərdə aşıqların fəaliyyət dairəsi və imkanları çox geniş idi. Ətrafda isə tamamilə boşluq hökm sürürdü. Ona görə də aşıq istədiyi incəsənət və ədəbiyyat janrına müraciət edə bilirdi. Yəni bir növ buna ehtiyac vardı. Bilmirəm, bəlkə də bu, sənətdə gözəl bir ənənə idi. Lakin bu sərbəstliyin zərərli tərəfi o idi ki, aşıq sənəti məcrasında birləşən müxtəlif sənət növləri və janr dəyərləri bu zaman peşəkar qaydada inkişaf edə bilmirdi. Aşıq bunların hər birini yalnız qismən inkişaf etdirə bilirdi, tam yox. Onun gücü yalnız buna çatırdı. Daha doğrusu, dinləyicini az-çox əyləndirə və qane edəcək bir səviyyəyə qədər. Əslində aşığın müxtəlif sənət növləri haqqında öz anlayışı və bilgisi də elə bu səviyyədə idi. Əlbəttə ki, bu da təbii idi. Axı bir adamın bu qədər sənət növlərinin kamil bilicisi və daşıyıcısı olması mümkün deyildi. O cümlədən də aşıq sənətinin tərkib hissəsi və bu gün fakturası olan aşıq musiqisi ifaçılığının. Ona görə də aşıq musiqisi orta dövrlərdə muğamlara nisbətən inkşaf etməmiş və təkmilləşməmiş bir səviyyədə qalırdı. çünki aşığın fikri tək musiqi ifaçılığına yönəlmirdi. Sadəcə olaraq, orta dövrlərin estetik tələbləri qarşısında bu cür ifalar qənaətbəxş sayılırdı. Yəni bir qədər musiqili, sadə ifalar, çıxışlar insanları qismən də olsa qane edirdi.

Bu da bir faktdır ki, bu dövrlərdə istər-istəməz musiqi ifaçılığı və məsuliyyətləri qarşısında çətinlik çəkən aşıqlar dastan nəqlinə daha çox meyl edirdilər. Təbii ki, belə də olmalı idi. Hər halda, nağıl, dastan danışmaqla musiqi ifaçılığının çətinlikləri və məsuliyyəti eyni ola bilməzdi. Bir qədər də dastan yaradıcılığı haqqında.

Bu gün hamımız bəzi aşıqların dastan bilmədiklərinə və dinləyicilərin də bunu tələb etmədiklərinə görə təəssüf hissi keçiririk. Və bunu müxtəlif səbəblərə yozuruq. Məsələn, məclislərdə spirtli içkilər verilməsindən tutmuş, insanların ümumiyyətlə digər musiqi janrlarına, xüsusilə də yüngül və ritmik musiqilərə daha çox maraq göstərmələrinə qədər. Əsl səbəb isə tamamilə başqadır.

Məsələ ondadır ki, dastanlara münasibət məsələsində bəzi nüanslar var ki, onlar bizim iradəmizdən asılı deyil. Yəni onlar ümumbəşəri mahiyyətə malik olmaqla dünyəvi elm və mədəniyyətin inkişaf səviyyəsi ilə tənzimlənirlər. Bu mənada, dastan və onunla oxşar quruluşlu digər ədəbi janrların əhəmiyyətverici və populyarlıq dövrü çoxdan keçmişdir desək, heç də təəccüblənməyə dəyməz. Yəni cəmiyyətdə dastançılıq, nağılçılıq psixologiyası öz dövrünü başa vurmuşdur. Orta əsrlər bu ədəbi janrların son və kulminasiyaya yüksələn dövrü idi. Məhz bu dövrlərdə, daha doğrusu, XVI əsrdə İspan kral hökuməti və kilsə qəhrəmanlıq, cəngavərlik romanlarının, poemalarının artmasından təşvişə düşmüş və onların nəşrinə qadağa qoymuşdu. Fanatizmə, xəyalpərəstliyə, nağılçılığa, dastançılığa, bir sözlə, ağatlı oğlan xülyasına qarşı yönələn böyük Servantesin "Don-Kixot" əsəri də məhz həmin dövrdə yaranmışdı. Axı həmin dövrdən 400 il keçib. Axı bu gün

 

 

Səhər namazını Hələb özündə,

Günorta namazın Qarsın düzündə,

Axşam namazını yar Tiflisində,

Mövlam qanad verdi, uçdum da gəldim.

 

Kimi sufi dünyagörüşünə və təsəvvürlərinə inanmaq, aludə olmaq vaxtı deyil. O cümlədən də ifrat dərəcədə şişirdilmiş digər dastan süjetlərinə. Baxmayaraq ki, "Aşıq Qərib və Şahsənəm" dastanı XX əsrin axırlarında dillər əzbəri olmuşdu. Lakin bunun tamamilə başqa bir səbəbi vardı. Sözün əsl mənasında bu dastanı bal kimi şirinləşdirən də, insanlara sevdirən də ölməz sənətkarmız Aşıq Kamandar Əfəndiyevin ecazkar səsi və möhtəşəm ifası idi. Hamı bu dastanı məhz Aşıq Kamandarın ifasına görə sevir, dinləyir və yaddaşına həkk edirdi. Bu gün dastanlarımızı kağız vərəqlər üzərindən, arxivlərdən çıxarıb gündəmə gətirmək, onları insanlara sevdirmək üçün yenə də məhz bu cür musiqi gərəkdir. Daha doğrusu, dastanların özündən yaranmış və ona doğma olan ənənəvi bir musiqi. çünk bu gün aşıq sənətinin aparcı janrı və fakturası məhz aşıq musiqisidir. Ona görə də aşıqlar ilk növbədə aşıq mahnılarını ənənəvi formada, yəni tək sazın müşayiəti ilə peşəkar qaydada ifa etməyi bacarmalıdırlar. Sonra isə dastan nəqlini. Yəni dəyərli musiqi olmadan bu gün dinləyici fikrini dastanlara cəlb etmək mümkün deyil, olmayacaq da.

Bu mənada, musiqi ifaçılığı və dastançılıqdan başqa, bu gün aşıq sənətində digər heç bir sənət növü təmsil olunmamalıdır. O cümlədən nə aktyorluq, nə rəqqaslıq, nə təqlidçilik, artistlik, nə sirk ustalığı, nə xanəndəlik, instrumental ifaçılıq, habelə digər musiqi alətlərinin iştirakı. Bu gün aşıq sənətini inkişaf etdirmək üçün ilk növbədə onu məhz bu cür sinkretik ünsürlərdən azad etmək, daha doğrusu, təmizləmək lazımdır. 

 

 

Lətif HƏSƏNOV

 

Təzadlar.- 2011.- 27 yanvar.- S.14.