XVII əsr anadilli Azərbaycan
poeziyası və problemləri
(Əvvəli ötən sayda)
Sadiq bəy Əfşar yaradıcılığına
xas bir çox xüsusiyyətləri, daha doğrusu, mənəvi-estetik
dəyərləri və bədii təsvir vasitələrini
anadilli Azərbaycan poeziyasının diğər təmsilçilərinin
yaradıcılığında da ğörə bilirik və
bu ümumi və bənzər cəhətləri müəllif
son dərəcə məntiqi və elmi dəlillərə təməllənərək
aydınlıq gətirir. Məsələn, XVII
əsr Azərbaycan şairlərinin
yaradıcılığında Füzuli və özbək
şairi Əlişir Nəvainin xüsusilə güclu təsiri
olduğunu məntiqi misallarla, daha doğrusu, şairlərin
öz poetik etirafları ilə izah etməyə
çalışır. Burada
qarşılaşdırma metoduna üstünlük verən
müəllif poetik fiqurlar, məcazlar, mübaliğələr,
ideya-məzmun, forma-kompozisiya xüsusiyyətləri kimi hadisələri
gözdən keçirərək adlarını zikr etdiyimiz
şairlərin yaradıcılığında ənənə
və novatorluq kimi estetik bir məsələyə də
öz münasibətini bildirə bilir. Məsələn,
XVII əsrdə Azərbaycan və fars dillərində
şeirlər yazan şairimiz Vali barəsində ilk dəfə
olaraq bizə məlumat çatdıran müəllif onun
Füzuli yaradıcılığı ilə olan əlaqəsinə də diqqət
çəkir və Füzuliyə xas bir çox xüsusiyyətləri,
qanunauyğunluqları və prinsipləri Vali
yaradıcılığında da izləyə bilir. Maraqlıdır ki, müəllif bu xüsusiyyətləri
onları Füzuli yaradıcılığında ilk dəfə
olaraq tanınmış yazıçımız, görkəmli
ədəbiyyatşünas alim Mir Cəlal müəllimin
fikirləri ilə əlaqələndirməyə səy
göstərir.
Paşa Kərimov
XVII əsrdə yaşayıb-yaratmış bir cox şairlərimizin
nəinki ayrı-ayrı şeirlərinin, qəzəllərinin,
qəsidələrinin, divan ədəbiyyatı nümunələrinin
üzə çıxarılması sahəsində, həm də
bu və ya digər sənətkarlarımızın milli
kimliklərinin (unutmamaq lazımdır ki, onların bizə
çatmış əsərləri bəzən ərəb,
fars, çığatay türkcəsi ilə
yazılmışdır) müəyyən edilməsində,
ana dilimizdə yayımlamasında, bəlkə də ilk dəfə
olaraq oxucularımıza çatdırılmasında olduqca
faydalı bir iş görmüşdür. Bu
sözləri XVII əsr şairi Məczub Təbrizi
haqqında da söyləmək mümkündür.
Müəllif bu şairin tərcümeyi-halına aid çox
az məlumatın olduğunu bildirməklə yanaşı,
müxtəlif yabançı qaynaqlara əsaslanaraq onun bir
çox əsərlərinin, on mindən artıq beytdən
ibarət "Şahrahi-nicat" adlı məsnəvisinin
adını çəkir, bu əsər vasitəsilə onun
həyatı, tarixi dönəmi, ölümü (m.1682), hətta
şairin bir divanının Londonun Britaniya muzeyində
saxlanması haqqında belə məlumatlar verə bilir. Eyni zamanda Məczub Təbrizi əsərlərinin
sorağı Leyden Universitetinin kitabxanasının kataloqundan,
Qahirə Milli kitabxanasından gəlir. Zənnimcə,
bu qəbildən olan faktlar geniş oxucularımız kimi, bir
çox tədqiqatçı-alimlərimizə də indiyə
kimi məlum deyildi. Dünyanın bir çox bölgələrinə
səpələnmiş söz incilərimizdən xəbərsiz
olaraq yaşadığımızı düşündükcə
bir daha təəssüf hissi keçirməklə, bu xeyirxah
yolda Paşa Kərimov kimi öz işinə məsuliyyətlə
yanaşan, milli-mənəvi dəyərlərimizi daha da zənginləşdirməyə
çalışan fədakar elm adamlarımıza təşəkkürlərimizi
bildirmək ehtiyacı duyuruq. Xatırlatmaq lazımdır ki,
keçmişdə yaşamış sənət
adamlarımızın, şairlərimizin əlyazmalarının,
qəzəl, qəsidə, risalə və s. əsərlərinin
araşdırılıb öyrənilməsi, tədqiqi, təbliği
hər şeydən öncə alimdən uzaqgörənlik,
etnoqrafik bilgi, tarixi hadisələrdən baş
çıxara bilmək, yüksək bədii-estetik zövq və
həmçinin ümumiləşdirmə qabiliyyəti tələb
edir və haqqında danışdığımız
monoqrafiyada müəllifin bu keyfiyyətlərə dərindən
sahib olduğunu görürük. Təsadüfi deyil ki,
müəllif şairlərin həyat və
yaradıcılığına həsr etdiyi portret-oçerklərdə
yuxarıda qeyd etdiyimiz prinsiplərə riayət etməklə,
eyni zamanda, ümumiyyətlə, poeziya sənətinə xas
janrların estetik təbiətini, forma və kompozisiya
xüsusiyyətlərini, zəngin və çoxyönlü
ideya-məzmunlu əsərlərin tarixilik və məzmun
baxımından təsnifatını, həmçinin bədii
ifadə vasitələrini, daha doğrusu, şeir sənətinin
spesifik dilini çox gözəl bildiyini nümayiş
etdirmişdir. Bu xüsusiyyətləri onun təhlil
etdiyi müxtəlif bədii hadisələrin izahında belə,
hiss etmək mümkün olur. Müəllifin qəzəl,
qəsidə, nəzirə, şitaiyyə, təşbih,
istiarə, mubaliğə, rübai, divan, "hind
üslubu", sufilik, müqayisə üsulu və s. kimi ədəbi
prosesdə istifadə olunan anlayışlardan yerli-yerində
istifadə etməsi, onların izahını verməsi və
yalnız bundan sonra ədəbi örnəklərin təhlilinə
keçməsi metodu da olduqca məntiqi və gərəkli
görünür, təhlil edilən əsərlərin ideya-məzmununun
daha yaxşi mənimsənilməsinə xidmət etmiş
olur. Unutmamaq lazımdır ki, bu şeirlərin bəziləri
ərəb, fars dillərində
yazılmış, bəzən burada hətta həmin dillərə
aid kəlmələrlə birlikdə çığatay
türkçəinə aid sözlər belə yer
almaqdadır və təbii ki, bu gün onların izahına hələ
də ehtiyac duyulmaqdadır.
Müəllifin
"XVII əsr anadilli lirikamızda "hind üslubu"
şairləri" adlandırdığı bölümdə
üslubun nümayəndələrindən olan ürfi
Şirazi, Nəziri Nisapuri, Zühuri Turşizi, Talib Amili,
K.Kaşani, Saib Təbrizi kimi şairlərin
yaradıcılıq dəst-xətti, bu üslubun onların
yaradıcılığında meydana gətirdiyi yeniliklər
diqqət mərkəzinə çəkilir, keçmiş
estetik normalardan bir qədər kənara
çıxılması, şeirə, xüsusilə də qəzəl
janrına yeni ideya, yeni obrazlar aləmi gətirilməsi,
fanatizmdən, mövzu məhdudiyyətindən uzaqlaşmaq
meylləri, təqlidçilikdən vaz keçmək kimi cəhətlər
xüsusi olaraq aydınlaşdırılır. Müəllif
"hind üslubunda" yazan şairlərin poetik dilini
Türkiyə ədəbiyyatında bu üslubu davam etdirən
Naili, Nişati, Nabi, Şeyx Galib kimi XVII -XVIII əsrdə
yaşamış tanınmış şairlərin
yaradıcılığı ilə müqayisə edərək
Azərbaycan şairlərinin şeirlərinin dilinin bir qədər
sadə, anlaşılan, ərəb-fars kəlmələrinin
nisbətən az olmasını da xüsusi olaraq qeyd edir və bunun səbəbini
şifahi xalq ədəbiyyatının, Füzuli
poeziyasının dərin təsiri ilə izah etməyə
çalışır.
Müəllif haqlı olaraq qarşıya qoyduğu məsələlərin
hələ də tam olaraq həlli fikrindən uzaqdır. XVII əsr Azərbaycan
poeziyası, həmçinin onun keçdiyi tarixi inkişaf
yolunun hər bir mərhələsi son dərəcə zəngin
mənəvi estetik dəyərləri ilə fərqlənir.
Onların hamısını əhatə etmək,
hamısı haqqında fikir söyləmək, əsərləri
hərtərfli təhlil etmək mövzu genişliyi, dil
"baryerləri", müxtəlif coğrafi məkanlarda və
mədəniyyət ocaqlarında, kitabxanalarda, hətta şəxsi
kolleksiyalarda belə, saxlandıqları səbəbiylə o qədər
də asan olmur. Bununla birlikdə, Paşa müəllimin
bu monoqrafiyası XVII əsrdə yazıb-yaratmış
anadilli şairlərimiz haqqında ən maraqlı və
aktual məna daşıyan bir əsərdir. O, bu yolda
çalışan tədqiqatçı-alimlərimiz
üçün bu mürəkkəb və şanlı tarixi
dönəm və təbii ki, bədii mədəniyyətimizin
bir çox görkəmli nümayəndələri
haqqında geniş məlumatlar verə bilir. Əsərin
müsbət məziyyətlərindən biri də odur ki,
burada bu dönəmdə yaşamış şairlərimizi
bir arada və xronoloji ardıcıllıqla görə bilirik.
Kitabda müəllif Əlyazmalar İnstitutunda
saxlanılan materiallar haqqında da geniş məlumat verir.
Zənnimizcə, bunu müəllif gələcək tədqiqatlar
üçün faydalı ola biləcəyi
amacı ilə etməkdədir.
Əsərin
"ön söz" bölümünün də bu
baxımdan olduqca faydalı ola biləcəyini
düşünürük. Burada müəllif
XVII əsr Azərbaycan şairlərinin əsərlərini,
həyat və yaradıcılıq yolunu, onların
yaşadıqları ictimai-siyasi mühiti, əsərlərindəki
ənənə və novatorluq məsələlərini dərindən
araşdırdıqdan sonra ümumiləşdirilmiş fikirlər,
mülahizələr irəli sürmüşdür.
Müəllifin kitaba yazdığı ön sözdə XVII əsrdə
Azərbaycan dilinin geniş bir coğrafi ərazidə
yayılması, osmanlıca və cığataycadan bir qədər
uzaqlaşması, "saray və qeyri-saray poeziyası"
anlayışının olmaması, fanatizmə qarşı
mübarizənin genişlənməsi, sarayın ədəbi
məktəb üçün mərkəzi yer olmasına son
qoyulması, folkora olan meylin artması, Füzuli şeirinin bir
poeziya məktəbinə çevrilməsi, nikbin əhvali-ruhiyyənin
özünü daha çox göstərməsi kimi ümumiləşdirmələrini
diqqətə çatdırır. Heç
şübhəsiz, dərin araşdırmalara təməllənən
bu qəbildən olan ümumiləşdirmələr
monoqrafiyanın ümumi elmi-nəzəri məziyyətlərini
artırmaqla yanaşı, ümumiyyətlə, ədəbiyyatımızın
müxtəlif tarixi inkişaf mərhələlərini daha
yaxşı anlamaq üçün də olduqca
faydalıdır.
İnanırıq
ki, Paşa Kərimovun "XVII əsr anadilli Azərbaycan
poeziyası" adlı monoqrafiyası öz
aktuallığı, elmi-nəzəri səviyyəsi,
poeziyamızın indiyə kimi bir çox qaranlıq səhifələrinin
işıqlandırılması baxımından mütəxəssislərin,
geniş oxucu kütləsinin dərin marağına səbəb
olacaq, gələcəkdə də bu səpkidə uğurlu
tədqiqatların aparılmasına bir vəsilə olacaq.
Babək Qurbanov,
fəlsəfə elmləri doktoru,
Türkiyə Qazıantep
Universitetinin
professor
Təzadlar.-
2012.- 3 aprel.- S.15.