Hamımızın bilməli olduğu həqiqətlər

 

Yaxud, cidanı çuvalda gizlətmək olmaz

 

Mir Cəfər Bağırovu necə tanıyırıq?

Ötən il dekabrın 17-də "Mətbuat evi"ndə "Düşmənlərindən güclü şəxsiyyət" kitabının təqdimatı keçirildi. Yarım əsrdən çox müddətdə tanıdığım, şəxsiyyətinə və qələminə hörmət bəslədiyim şair-jurnalist-publisist Teyyub Qurban məni də həmin məclisə dəvət etmişdi. Tədqiqatçı alim Firdovsiyə xanım əsər haqqında qısaca danışdıqdan sonra tədbir iştirakçılarına söz verildi. Onlar keçən əsrin 30-50-ci (1933-1953) illərində Azərbaycana rəhbərlik etmiş görkəmli şəxsiyyətə həsr olunmuş kitabın məziyyətləri, ötən əsrin iyirminci illərindən "xalq düşməni" elan edilən dövrədək respublikamızın iqtisadiyyatının və mədəniyyətinin yüksəlişi naminə böyük xidmətlər göstərmiş Mir Cəfər Bağırovun unudulmaz əməlləri haqqında söhbət açaraq təqdim edilən əsəri yüksək dəyərləndirdilər.

Tədbirdə mən də danışmaya bilməzdim. çünk haqqında, eləcə də kitabı barədə ürəkaçan fikirlər səsləndirilən müəllifi ötən əsrin 55-56-cı illərindən bir vətənpərvər, ədalətpərvər, qeyrətli insan kimi tanıyırdım. O vaxtlar Azərbaycan Dövlət Universitetinin komsomol komitəsinin katibi idi, cəsarətinə, mərdliyinə və haqq tərəfdarı olduğuna görə tələbələr ona hörmət bəsləyirdilər. Və o cavanın püxtələşib gələcəkdə Mir Cəfər Bağırov haqqında həqiqətləri arxiv sənədləri əsasında xalqa çatdırması təsadüfi deyil. O vaxtlar uşaq, yeniyetmə idim, M.C.Bağırovu görməmişdim, haqqında isə eşitmişdim: həm qəlizliyi, həm də kimsəsizlərə, kasıb-kusuba arxa-dayaq olması, yolunu azanların qəniminə çevrilməsi barədə. ötən günləri, gördüklərimi və eşitdiklərimi xatırlatmaqla Teyyub Qurbana gördüyü savab və lazımlı işə görə təşəkkürümü bildirdim. Kitabı diqqətlə oxuduqdan sonra isə müəllif gözlərimdə nəhəngləşdi. Bu əsəri həqiqətlər toplusu, böyük şəxsiyətə qondarma məhkəmə yapanlara qarşı ittiham aktı, eləcə də bilik xəzinəsi adlandırsam, yəqin ki, mübaliğəyə yol vermərəm.

Bəri başdan deyim ki, "Düşmənlərindən güclü şəxsiyyət" təkcə Mir Cəfər Bağırovun hakimiyyəti idarəetmə metodlarından, daxilixarici düşmənlərə qarşı apardığı mübarizədən bəhs etmir, həm də ötən əsrin 30 ildən artıq bir dövrü ərzində Azərbaycanın ab-havası, ayrı-ayrı vəzifəli şəxslərin, eləcə də tanınmış ziyalıların davranış, əxlaq tərzi barədə acı həqiqətləri geniş oxücü kütsinin müzakirəsinə verir.

Paradoksa diqqət yetirin: uzun illər məmləkətimizin başçısı olmuş, respublikamızı, xalqımızı şər qüvvələrdən qorumuş, Azərbaycanın şöhrətlənməsi üçün çalışmış böyük şəxsiyyəti bu gün nəinki böyüməkdə olan nəsil, hətta yaşlı insanlar da tanımır, tanıyanlar isə unudublar. Bu da təsadüfi deyil. Azərbaycan Sovet Ensiklopediyasında Napoleon, Hitler, Mussolini kimi diktatorlar barədə məlumat verilib, "müstəbid" Mir Cəfər haqqında isə heç nə yazılmayıb. Məgər 1956-cı ildə qərəzkarlıqla "xalq düşməni" elan olunub ölümə məhkum edilən tarixi şəxsiyyət barədə məlumat vermək o qədər çətindir?!

Ataların belə bir məsəli var: "Cidanı çuvalda gizlətmək olmaz". Tarixi şəxsiyyətlərin, öncə xalq üçün böyük işlər görmüş insanların üstündən qara xətt çəkmək qəbahətdir, hətta o, ciddi səhvlərə, bağışlanmaz pozuntulara yol vermiş olsa belə. Onun yaxşı və pis əməllərini tərəziyə qoyub çəkmək hansının daha ağır olduğunu qiymətləndirmək vacibdir. Mir Cəfər Bağırovun vətən və xalq qarşısındakı xidmətləri isə ölçüyəgəlməzdir. Gəlin Teyyub Qurbanın təqdim etdiyi arxiv sənədlərini nəzərdən keçirək.

1941-ci il iyun ayının 4-də axşam saat 12-yə 20 dəqiqə qalmış Stalin Bağırovu qəbul edərək onunla 10 dəqiqə söhbət etmişdir. Azərbaycan əhalisi köçürülməli idi. Türkiyədən guya həmlə gözlənilirdi. Ali Baş Komandan ilə 10 dəqiqəlik təkbətək görüş Azərbaycanın seyid rəhbərinin qələbəsi ilə nəticələnmişdi. Həmin məsələnin müsbət həllində sonralar "xalq düşməni" kimi qətlə yetirilən L.P.Beriyanın da rolu olub.

1945-ci ilin noyabrında Ermənistan K(b)P MK katibi Q.Arutyunov Kreml hakimlərinə ünvanladığı məktubda iddia edirdi ki, Dağlıq Qarabağ Vilayətinin Ermənistan SSR tərkibinə daxil edilməsi məqsədəuyğundur və zəruridir. Məsələnin həllində Azərbaycanın mövqeyinə aydınlıq gətirmək məqsədilə məktub M.C.Bağırova göndərilmişdi. Həmin il dekabrın 10-da respublikanın rəhbəri üSK (b) P MK katibi Ç.M.Malenkova yolladığı geniş və əhatəli cavab məktubunda Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olduğunuonun bizdə qalmasının zəruriliyini əsaslandırmaqla bərabər, belə bir şərt irəli sürmüşdü: "DQMV-ın Ermənistan SSR tərkibinə daxil edilməsi məsələsinə baxılarkən Ermənistanın Azərbaycan SSR-ə bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı bir çox rayonların, eləcə də Gürcüstanın Borçalı rayonunun, Dağıstan MSRS-in keçmişdə Azərbaycanın bir hissəsi olan və respublikamıza bitişik Dərbənd və Qasımkənd rayonlarının Azərbaycan SSR tərkibinə qatılması məsələsinə də baxılsın". Bununla da məsələyə xitam verilmiş, daşnakların ərazi iddialarına "veto" qoyulmuşdu. çox təəssüf ki, Bağırovdan sonra respublikaya rəhbərlik edənlər bu məsələdə Mir Cəfər iradəsi nümayiş etdirə bilməyiblər. Bəli, vaxtilə vətəndaşlarımızın sürgün olunmaqdan qurtuluşu və ərazimizin daşnak müdaxiləsindən qorunması bilavasitə Azərbaycan KP MK-nın sabiq birinci katibi Mir Cəfər Bağırovun ölçüyəgəlməz xidmətidir.

Bağırovun tarixi xidmətlərindən danışarkən onun Böyük Vətən müharibəsi illərindəki fədakarlıq və cəsarətini qeyd etməmək olmaz. Hələ yeniyetmə çağlarımda bu əhvalatı eşitmiş, vəcdə gəlmişəm.

Krım cəbhəsindəki nümayəndəsi Mexlis cəbhəyə köməyə gəlmiş Azərbaycan KP MK katibləri Mehbalı Əmiraslanovun və Qəzənfər Məmmədovun hüzurunda "yeldaşı" adlandırdığı azərbaycanlıların ünvanına alçaldıcı sözlər deyib respublikamızdan olan döyüşçüləri qorxaqlıqda, satqınlıqda təqsirləndirmişdi. Həmin gecədən sonra cəbhədə xaçpərəstlər müsəlman döyüşçülərə həqarətlə baxır, onları "yeldaşı" deyə hallandırırdılar. Bu biabırçılıqdan xəbər tutan Zaqafqaziya Cəbhəsi Hərbi Şurasının üzvü Mir Cəfər Bağırov təcili tədbirlər görür. İ.V.Stalinin sərsəm Mexlisi vəzifəsindən dərhal kənarlaşdırmasında Bağırov amiliöz gücünü göstərib.

1943-cü ildə milli qüvvələri pis vuruşmaqda, döyüşdən imtina etməkdə, düşmən tərəfə keçməkdə qərəzkarlıqla ittiham edən 44-cü ordu komandanının müavini, general-mayor Kotov da Mir Cəfər Bağırovun qəzəbinə tuş gəlib.

Kitabı vərəqlədikcə Azərbaycanın Beriyası kimi hallandırılan Mir Cəfər Bağırovun nümunəvi idarəetmə metodları, sıravi vətəndaşlara, onların müraciətlərinə diqqəti, şikayətlərə operativ surətdə reaksiya verməsi insanı ehtizaza gətirir. Vəzifəsindən asılı olmayaraq məmur nəkarə idi ki, Bağırovun göstərişinə əməl etməsin, yaxud bu məsələnin həllini yubatsın.

Heç bir şikayət rəhbərin diqqətindən kənarda qala bilməzdi. Onu yaxın adamları hesab edən insanlar respublika şefinə ən müxtəlif məsələlər barədə məktublar ünvanlayırdılar. Məsələn, zirəlilər məscid tikilməsinə icazə üçün müraciət etmişdilər. Müsbət cavab aldılar. Gənc dramaturq Qurban Musayev ərizəsində göstərirdi ki, Yazıçılar İttifaqı ona "qəddar müsavatçı, pantürkist və millətçi" damğası vuraraq sıralarından çıxarmışdır. Mir Cəfər cavanın imdadına çatmış, haqsızlığı aradan qaldırmış, baiskarları cəzalandırmışdı. İşsiz qalan istedadlı tədqiqatçı Əli Səbri Qasımov isə respublika rəhbərinin himayəsi altında Tarix İnstitunun elmi əməkdaşı olmuşdur. Belə nümunələrin sayı-hesabı yoxdur.

Respublika rəhbəri haqsızlığı, özbaşınalığı, kimsəsizlərin incidilməsini hətta yüksək vəzifə sahiblərinə də bağışlamırdı. 1937-ci il noyabrın 28-də Bakının Tatarski (indiki Ə.Topçubaşov) küçəsindəki məscid şəhər rayon Partiya Komitəsinin birinci katibi N.Allahverdiyevin göstərişi ilə bağlanır. Mir Cəfər Bağırov dərhal xüsusi komissiya vasitəsilə məsələni araşdırır. Məlum olur ki, özbaşınalığa yol verilib. Həmin pozuntunun əsas baiskarı olan raykomun təlimatçısı vəzifəsindən və partiya sıralarından kənar edilir, raykomun katiblərinə isə töhmət verilir.

1936-cə ildə partiya sıralarında "təmizlənmə" bəhanəsi ilə azərbaycanlıların cəzalandırılmasına da M.C.Bağırov son qoyub. Partiya sənədləri dəyişdirilərkən Qasım İsmayılov rayonunda ciddi pozuntulara, sui-istifadə hallarına yol verilmiş, neçə-neçə kommunist partiya sıralarından qovulmuşdu. Respublika partiya təşkilatının rəhbəri bündan xəbər tutan kimi rayonda yoxlama apartdırıb. Tezliklə həmin vətəndaşların partiya üzvü və namizədi hüquqları bərpa edilib, raykomun rəhbərləri layiqli cəzalarını alıblar.

O, hətta yaxın silahdaşlarına da güzəştə getmir, dərhal ədaləti bərpa etməyə çalışırdı. Gənc yazıçı İslam Səfərli 1952-ci il oktyabrın 22-də M.C.Bağırova ərizə ilə müraciət edərək Mərkəzi Komitənin ədəbiyyat və incəsənət şöbəsinin müdiri Cəfər Cəfərovdan gileylənmiş və bildirmişdi ki, həmin məmur əsassız olaraq onun " xalatlı qız" pyesini yararsız bir əsər kimi kənara atdırıb. Bu, bir partiya işçisinin yox, "diktatorçunun" hərəkətini xatırladır.

M.C.Bağırov şikayətçinin xahişini nəzərə alaraq "məlumatın düzgünlüyünü şəxsən özü" yoxlayıb. Oktyabrın axırlarında Cəfər Cəfərovu yanına dəvət edib və möhkəmcə danlayıb: "Sən MK üzvüsən, şöbə müdirisən, ancan adi teatr tənqidçisi rolunda çıxış edirsən. Sənin nə ixtiyarın var ki, incəsənət idarəsinin razılığı ilə tamaşaya hazırlanan pyesi ləğv edəsən?" Partiya rəhbəri ertəsi gün Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimova tapşırıb ki, İ.Səfərli ilə ətraflı söhbət etsin. Böyük şəxsiyyət bununla da kifayətlənməiyb, vəzifəli şəxslərin yaradıcılıq təşkilatlarının bilavasitə fəaliyyətinə qarışmasını qadağan edibbu barədə MK-nın ayrıca qərarını imzalayıb. Bu məqamda "Əsl rəhbər belə olar!" ifadəsini səsləndirməyə bilmirəm.

Arxiv sənədləri M.C.Bağırovu təkcə sıravi insanların, kimsəsizlərin arxası-dayağı olduğunu deyil, həm də o vaxtın yüksək vəzifəli şəxsiyyətlərinin, tanınmış ziyalıların qoruyucusu kimi səciyyələndirir. Məsələn, o, Səməd Vurğunu həbsxanadan buraxdırıb, neçə-neçə vətənpərvəri KQB-nin pəncəsindən xilas edib. 1937-ci ildə Bakıda Moskva "üçlüyünün" apardığı istintaq materiallarında SSRİ paytaxtında təhsil alan yaradıcı ziyalıların tezliklə həbs ediləcəyini duyan kişi (M.C.Bağırov - Ə.Ə.) vaxtında çıxış yolu tapıb: nəticədə Gəncə Valisi Xudadat bəyin qızı N.Rəfibəylini, Lahıc taciri Hacı səftərin oğlu Əkrəm Cəfər və "millətçi" Averlaxla əlaqədə olan Süleyman Rüstəm dərhal Moskvadan qaytarılaraq nüfuzlu vəzifələrə irəli çəkiliblər.

 

 

(Davamı var)

 

Əliabbas Əlimədətoğlu,

Azərbaycan Respublikasının

əməkdar mədəniyyət işçisi

 

Təzadlar.- 2012.- 3 aprel.- S.13.