Mir Cəfər Bağırovu necə tanıyırıq?

 

Yaxud, cidanı çuvalda gizlətmək olmaz

 

(Əvvəli dünənki sayda)

 

...Görkəmli bəstəkar üzeyir Hacəbəyovdan SSRİ Xalq Daxili İşlər Komissarlığına ünvanlanmış "donos" böyük sənətkarın deputatlığa namizədliyini ləğv edə bilərdi. Lakin Azərbaycanın rəhbəri bunun da qarşısını ala bilmişdir. On gündən sonra üzeyir bəy SSRİ Ali Sovetinə deputat seçilib. Bağırov Azərbaycan KP MK bürosunun qərarını Moskvaya göndərib: "ÜİK (b)P Mərkəzi Komitəsindən xahiş edilsin ki, SSRİ xalq artisti, SSRİ Ali Sovetinin deputatı, ordenli bəstəkar Hacəbəyov üzeyirbəy Əbdülhüseyn oğlu müstəsna olaraq namizədlik stajı keçmədən Kommunist Partiyası sıralarına qəbul edilsin".

Respublika rəhbərinin təqdimatı ilə bir sıra insanlarımız fəxri adlar, yüksək mükafatlar alıblar. Rəsul Rzanın "Lenin" poemasının Stalin mükafatına layiq görülməsi isə Bağırovun bilavasitə və şəxsi xidmətidir. Onun yüksək vəzifələrə təyin etdiyi, məsləhət gördüyü kadrların mütləq əksəriyyəti etimadı layiqincə doğruldub. İnandığı, etibar etdiyi rəhbər xadimlər haqqında yazılar qərəzli "donos"lara cavab olaraq həmin şəxslərin vəzifəsini daha da yüksəldib. Bütün bu məziyyətlər kitabda yerini tutan arxiv sənədlərində əksini tapıb.

Düşmənlərinin fitnəsinin güdazına getmiş, şər-böhtan qurbanı olmuş rəhbərin diqqətçəkən bir keyfiyyətindən də danışmamaq ədalətsizlik olardı. Görkəmli şəxsiyyət və dövlət xadimlərindən biri olan rəhmətlik Kamran Hüseynov (Mingəçevir Şəhər Partiya Komitəsinin sabiq birinci katibi -  Ə.Ə.) belə xatırlayır: "Mir Cəfər Bağırov haqqında mənim ən yadda qalan xatirələrim Mingəçevirlə bağlıdırE Stalin Azərbaycan hökumətinin təşəbbüsü ilə Mingəçevirə dair hazırlanmış tədbirlər planına qol çəkdi. Bir gün sonra Mərkəzi Komitə geniş tərkibli bir yığıncaq keçirildi. M.C.Bağırov zala girəndə gördük ki, əl barmaqlarının hamısı sarıqlıdır. O, gələrkən qətiyən adamların ayağa durub onu alqışlamasına yol verməzdi. Zala ötəri göz gəzdirib birbaşa kürsüyə qalxdı. Əvvəlcə alçaqdan danışmağa başladı, sonra səsi yavaş-yavaş ucaldı, axırda var səsi ilə lap yüksəkdən dedi:

- Yoldaş Stalin Mingəçevir hidrotexniki qurğusunun tikilməsinə qol çəkib!

Salonda gurultu qopdu, hamı həyəcanla, sevinclə əl çalır, alqışlar kəsilmirdi. Gördüm ki, Bağırov üzünü yana tutub gözünün yaşını silir.

...Mir Cəfər Bağırovun hökmü olmasaydı, bu tikinti çətin ki, başa gələrdi, bəlkə də bu işə heç başlamaq mümkün olmazdı...

Bəli, belə məqamları insanlar heç vaxt unutmur, nəsildən-nəslə ötürür, xeyirxah şəxsiyyətləri qəlblərində yaşadırlar.

Hətta M.Bağırovun avtobioqrafiyası da adamı heyran qoyur. Fenomenal istedadı, qeyri-adi bacarığı bir neçə il ərzində onu hakimiyyətin ən yüksək zirvəsinə qaldırır, bədxahların rəzalətinə, erməni məmurların badalağına, rus şovinistlərinin məkrinə baxmayaraq. 1920-ci ildən Azərbaycan Fövqalədə Komissiyasına - Dövlət Siyasi İdarəsinə, 1921-26-cı illərdə isə Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edən, Xalq Komissarları Soveti sədrinin müavini olan M.Bağırov daxilixarici düşmənlərə, o cümlədən daşnaklara qarşı amansız mübarizə apardığı üçün respublikada və Moskvadakı qənimləri hər vəchlə ondan yaxa qurtarmağa çalışırdılar. Nəhayət, belə bir fürsət əllərinə düşdü. Rusiyanın ikinci "Sisianovu" adlandırılan S.Ordcenikidzenin göstərişi və Azərbaycan KP MK-nın birinci katibi L.Mirzoyanın fitvası ilə 1927-cı ildə Bağırov siyasi idarə sədri vəzifəsindən kənarlaşdırılaraq Tiflisə - su idarəsində işləməyə göndərildi. Lakin o, düşmənlərinə qarşı mübarizədən nəinki çəkinmədi, əksinə, fəaliyyətini daha da gücləndirdi. 1929-cu ildə onu ikinci dəfə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri təyin etməyə məcbur oldular, özüİ.V.Stalinin xüsusi göstərişi ilə. 1930-cu ildə o, Moskvada Ali Partiya məktəbinin müdavimi idi. Həmin dövrdə Molotov və Stalinlə təmasda olmuşdu, onların diqqətini cəlb etmişdi. Odur ki, az sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, 1933-cü il dekabrın 10-da Azərbaycan K(b)P MK-nın birinci katibi seçilmiş, 20 il sərasər bu vəzifədə olmuş və düşmənlərinə öncə daşnaklara qarşı yorulmaz mübarizə aparmışdır.

İ.V.Stalinin vəfatından sonra isə onun qara günləri başlanmış, bədnam N.S.Xruşşovun neştərinə keçmişdir. Gözləmək olardı ki, vaxtilə cəlladların əlindən xilas etdiyi, himayəyə götürdüyü, yüksək vəzifələrə qaldırdığı, çörək verdiyi insanlar ona qahmar çıxaraq, sinələrini sipər edəcəklər. Lakin bu naxələflər vaxtilə əziz "atamız", "sevimli rəhbərimiz" dedikləri şəxsiyyəti nəinki müdafiə etmədilər, hətta ona böhtanlar atdılar, "Mircəllad", "Mirqəzəb", "Cincəfər" kimi hallandırdılar. çörək tutsun onların gözünü!

Kitabdakı arxiv sənədləri ilə tanış olduqca qəzəblənir, dəhşətə gəlirsən. Gəlin XXX Bakı şəhər Partiya konfransında (17-19 dekabr 1953-cü il) xalq şairi Səməd Vurğunun söylədiyi "kəlamlardan" bir neçəsini birlikdə nəzərdən keçirək: "Bağırovun obrazı Beriyanın obrazına çox yaxındır. Bu qəddar, xudpəsənd və mənsəbpərəst özünü və mənsəbini qorumaq üçün Beriyanın metodlarından istifadə edərək Azərbaycan xalqının bir çox övladının həyatına son qoymuşdur. Mənim yoldaş Zevinə dərin hörmətim vardır. Lakin onun humanist münasibəti xoşuma gəlmir. O, tez-tez deyirdi: yoldaş Bağırov, yoldaş Bağırov. Necə yəni yoldaş Bağırov? Nəyə görə ona yoldaş Bağırov deməliyik?! O, əsl ikiüzlüdür, partiyaxalq qarşısında riyakarlıq edir. Biz Bağırov haqqında uydurulmuş əfsanəni alt-üst etməliyk. Bu əfsanəni yaltaqlar uydurmuşlar: guya vaxtilə onun xidmətləri olmuşdur, guya o, bizi çox istədiyindən tənqid edirdi

Mən konfransa təklif edirəm: Sov.İKP MK-dan xahiş edilsin ki, Bağırov Azərbaycan KP MK-nın tərkibindən çıxarılsın, Ali Sovet deputatlarının tərkibindən geri çağırılsın və törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilsin". Düşmən dəyirmanına su tökmək buna deyərlər!

Heyrətamizdir: bu "natiqə" deyən olmayıb ki, ay adam, vəzifədə olanda o kişini sən də vəsf edirdin. Əgər onun özbaşınalığını, ikiüzlülüyünü görürdünsə, nə üçün partiya toplantılarında tənqid etmirdin?

Axı bunu partiya nizamnaməsi, kommunist borcu tələb edirdi. Sən isə sıravi kommunist yox, Azərbaycan KP MK üzvlüyünə namizəd, respublika EA-nın həqiqi üzvü, SSRİ məkanında tannımış şair idin! Əgər bu titullara malik olan sən canından qorxubsansa, bunu Bağırovun bilavasitə rəhbərliyi altında işləyən məmurlardan haqla tələb edirsən?

Yeri gəlmişkən, vaxtilə M.C.Bağırovun irəli çəkdiyi, MK-nın şöbə müdirinin müavini, şöbə müdiri, mədəniyyət nazirinin birinci müavini təyin etdiyi Cəfər Cəfərov 1954-cü ildə yazıçıların qurultayında Yazıçılar İttifaqının rəhbərlərinə yarınmaq istəyi üçün belə deyib: "Mən Mərkəzi Komitədə işləyərkən istər-istəməz Bağırovun Səməd Vurğuna qarşı, yalnız Səməd Vurğuna deyil, başqalarına qarşı etdiyi özbaşına hərəkətlərin iştirakçısı olmuşam. Bizim hamımız, yüz faiz olmasa da, əksəriyyətimiz kor-koranə ona tabe idik".

Kitabda əksini tapmış arxiv sənədləri o dövrun bəzi ziyalılarının mənəvi keyfiyyətlərini də üzə çıxarır. Universitetdə təhsil alarkən hörmət bəslədiyim müəllimlərdən biri, professor Cəfər Xəndanın yazdığı müdhiş rəyi oxuduqda dərin təəssüf hissi keçirdim. 1952-ci ildə bədxah yurddaşlarımız Moskvaya yazmışdılar ki, Mikayıl Rəfilinin 1944-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası keyfiyyətsiz və qüsurlu olduğu üçün ləğv edilməlidir. Azərbaycan Dövlət Universitetinin rektoru, professor Cəfər Xəndan Hacıyevə tapşırır ki, bu elmi əsərə rəy yazsın. Yazdı da. Lakin necə?! Rəy SSRİ Ali Attestasiya Komissiyasına göndərilməzdən əvvəl respublika rəhbərinə təqdim olunmuşdu. Rəylə şəxsən tanış olan rəhbər demişdi: "Bunu Moskvaya göndərmək olmaz!" Baxaq görək nə üçün olmaz! Rəyçi dissertasiyanı darmadağın etmiş və axırda belə bir hökm vermişdi: "M.Rəfili 1919-cu ildən bəri öz məqalələrində, çıxışlarında, habelə, şeirlərində həmişə ədəbiyyatımızda antileninçiliyi təbliğ etmiş, pantürkizminamerikanizmin daşıyıcısı olmuşdur". Nə yaxşı ki, rəhbər bu biabırçılığın qarşısını almışdı. Yoxsa niniki doktorluq dissertasiyası ləğv edilərdi, hətta görkəmli alimşair M.Rəfili KQB-nin zirzəmilərində çürüdülərdi.

Yeri gəlmişkən, o vaxtlar başabəla tənqidçilər görkəmli ədəbiyyat və mədəniyyət xadimlərini, o cümlədən M.Rəfinili, C.Cəfərovu gözümçıxdıya salmışdılar, onlara elə yarlıqdar yapışdırırdılar ki, hər birinə asanlıqla "xalq düşməni" damğası vurmaq olardı.

Mühüm məlumatlar salnaməsi, bilik xəzinəsi hesab etdiyim bu qalın kitab səhv və qüsurlardan da xali deyil. Məlum olduğu kimi, M.C.Bağırovun davranışında, fəaliyyətində ciddi nöqsanlar olub. Bu da təbiidir. Aqillərdən biri çox haqlı olaraq deyib ki, yalnız ölülər səhv etmirlər. Azərbaycanın o dövrdəki rəhbəri isə cahanşümul fəaliyyət göstərdiyinə görə səhvləri də buna münasib olub. Onun özüetiraf edib ki, hər adam səhv edə bilər. Odur ki, Mir Cəfər Bağırovu bütləşdirmək caiz deyil. Kişinin həddən ziyadə sərt hərəkətləri barədə də söhbət açmaqla onun bütöv portretini yaratmaq lazımdır. Ona "Mircəllad" "Mirqəzəb", "Cincəfər" ləqəbləri verilməsi əsassız deyil. Bununla əlaqədar iradlarımı Teyyub Qurbana söylədikdə cavabımı ləngitmədi:

- Bu yarlıqları düşmənləri, gözügötürməyənlər, bədxahlar ona yapışdırıblar.

Kitabda ciddi redaktə səhvlərinə, orfoqrafik uyğunsuzluqlara da yol verilmişdir.

 

 

Əliabbas Əlimədətoğlu,

Azərbaycan Respublikasının

əməkdar mədəniyyət işçisi  

 

Təzadlar.- 2012.- 4 aprel.- S.13.