Aşıq sənətini yiyəsiz görənlər...

 

Lətif Həsənov: "Vəzifələri yalnız aparıcıların SMS çağırışına "Amin!" deməkdir"

 

Tədqiqatçı Lətif Həsənovun "Təzadlar"a müsahibəsi

 

- Lətif müəllim, bildiyiniz kimi, yeni "Aşıq yarışması" keçirilir və "Lider" kanalı vasitəsilə yayımlanır. Sizcə, belə bir yarışma aşıq sənətinə nə verə bilər?

- Əvvəla, bu, yarışma deyil. Bu bir çox gənc aşığın da cəlb edildiyi şou xarakterli bir prqoramdır. O cümlədən də, aşıq sənəti, xüsusən də aşıq musiqisi ifaçılığı ilə heç bir bağlılığı və aşıq sənəti haqda adi anlayışı belə olmayan insanların qatıldığı bir şoudur. Sadəcə olaraq, ola bilsin ki, buradakı istər təşkilatçı, istərsə də "fəxri qonaq" qismində dəvət olunan insanların bəziləri hansısa bir aşıq bölgəsindəndir. Yəni onlar aşıq sənəti haqqında regional səciyyəli adi elementar təsəvvürə malikdirlər. Yaxud, bəziləri, sadəcə, saza, sözə, şeirə, bir sözlə, folklora meylli insanlardır. Bu insanlar arasında peşəkar qaydada aşıq musiqisi ifaçılığı haqda dəqiq söz deyə biləcək mütəxəssis yoxdur. Əslində belə bir mütəxəssisə heç ehtiyac da duyulmur. çünki burada digər musabiqələrədən ("Muğam", "Xalq mahnısı", "Estrada ulduzu") fərqli olaraq, heç bir normativ tələb olunmur. Belə ki, ifalar qiymətləndirilmir. İfaçı tam sərbəstdir, o, istədiyi mahnını seçib, istədiyi formada oxuya bilər. Qısası, burada hər şeyi SMS həll edir. Məhz başlıca məqsəd də budur. Yəni rəhmətlik Molla Nəsrəddin demişkən: "Dava yorğan davasıdır". İndi özünüz deyin, belə bir yarışma və ya deyişmə aşıq sənətinə nə verə bilər?

- Axı münsiflər masasında oturanlar var...

- Bu, sadəcə, auditoriyada digər müsabiqələrə zahiri bir oxşarlıq yaratmaq üçündür. Dediyimiz kimi, onlar "fəxri qonaq"lardır. Vəzifələri isə yalnız aparıcıların SMS çağırışına "Amin!" deməkdir. Onların imkanı olsaydı, bu səviyyədə bir muğam müsabiqəsi də keçirərdilər, yəni kanalın öz təşəbbüsü ilə. Ancaq muğam sənətimizin bu gün necə qorunduğunu və necə inkişaf etdirildiyini yaxşı bilirsiniz. Bu gün muğam ifaçılarından, onu tədris edənlərdən dinləyicilərə qədər hər kəs onun mühafizəçisidir. Yəni bu meydana girmək o qədər də asan deyil. Məlumdur ki, muğamı dəyərləndirmək üçün konkret elmi meyarlar var. Bu baxımdan, müsabiqələrdəki ifalara da məhz bu aspektdən yanaşmaqla qiymət verilir. Bunları bilmədən bu sahəyə baş vurmaq əsla mümkün deyil.

- Bəs aşıq sənətində?

- Aşıq sənətində belə bir qoruyucu funksiyanı Azərbaycan Aşıqlar Birliyi yerinə yetirir. Bildiyiniz kimi, AAB-nın sədri, sevimli xalq şairimiz Zəlimxan Yaqub xeyli vaxtdır ki, müalicədədir. AAB isə özü elə bir səlahiyyətə və imkana malik deyil. Ona görə də bu gün "Aşıq yarışması" keçirənlər, ekranlarda özünü aşıq adlandıraraq, hər cür bayağı hərəkətlər edənlər, sadəcə, hazırda bu sənəti yiyəsiz görənlərdir desək, heç də səhv etmiş olmarıq.

- Nə əcəb, aşıq sənətinin alim və tədqiqatçıları bu sənətin təəssübünü çəkmirlər?

- Çox təssüflər olsun ki, bu sənətlə bağlı fəaliyyətləri olan heç bir kəs,  o cümlədən də aşıqların özləri bu gün bu sənəti qorumaq iqtidarında deyillər. Daha dəqiq desək, onların əlindən bu sənətdən bəhrələnmək və ya yeri gəldi-gəlmədi kimlərisə tərifləməkdən başqa heç nə gəlmir. Lakin bütün bunlarla yanaşı, burada daha zəruri olan bir səbəb də var. Məsələ ondadır ki, bu gün aşıq musiqisi ifaçılığı onun norma və tələbləri, ənənəvi və professional dəyərləri haqda dəqiq və aydın bir məlumat yoxdur. Ona görə də bir ifa nümunəsini qiymətləndirərkən hamı ona eyni mövqedən yanaşa bilmir. Daha doğrusu, hər kəs özünün və ya mənsub olduğu bölgənin münasibətini əsas tutur. Elə bu səbəbdən bir aşığın ifası bir bölgədə yüksək qiymətləndirildiyi halda, digər bir bölgədə tamamilə inkar edilir. Ona görə də bu gün Azərbaycanda neçə aşıq bölgəsi, hər bölgədə neçə rayon inzibati ərazisi, hər rayonda neçə kənd, hər kənddə neçə məhəllə varsa, aşıq musiqisində də o qədər "ifa yolu" anlayışı ortaya çıxır. Belə olan halda isə, aşıq hər bir havanı istədiyi bir formada oxumaq imkanı tapmış olur. Bunun yanlış olduğu isə ona sübut edilə bilmir. Uzaq başı, aşıq "bizdə bu havanı belə oxuyurlar, mən də ustadımdan belə öyrənmişəm" deyir. Ən dəhşətlisi odur ki, bu gün ən mötəbər təhsil ocaqlarında aşıq musiqisi məhz bu cür pərakəndə və qeyri-dəqiq formada tədris edilir. Yəni bu təhsil ocaqlarında aşıq musiqisi ifaçılığının bugünkü qeyri-qənaətbəxş səviyyəsini inkişaf etdirilmək əvəzinə, olduğu kimi davam etdirilir. Nəticədə, bu qeyri-müəyyənliklər istənilən bir şəxsin aşıq sənəti haqqında fikir yüyürtməsi, o cümlədən sənətlə bağlı verilişlərdə, tədbirlərdə aparıcılıq etməsi üçün imkan yaradır.

- Bəs aşıq müsabiqələrində ifalar necə qiymətləndirilməlidir?

- Digər müsabiqələrdə muğamlar, xalq, estrada mahnıları necə qiymətləndirilirsə, məhz elə. Yəni ənənəvi aşıq musiqisi ifaçılığının ən zəruri norma və tələblərinə əsaslanmaqla geniş, əhatəli təhlili ilə birgə. Havacatın melodik və ritmik quruluşu, lad xüsusiyyətləri, obrazlı, ideya, emosional məzmunu və buna uyğun müvafiq oxu intonasiyaları, həmçinin instrumental hissələrdəki harmonik dəyərlər və s. çoxsaylı, zəruri şərtlər əsas götürülməklə. Bir sözlə, ifadakı hər bir üstünlük və ya qüsur konkret arqumentlərlə sübut edilərək ifaçının özünə və tamaşaçıya çatdırılmalıdır. Təbii ki, bu cür təhlillər həm də tamaşaçıların aşıq musiqisi ifaçılığı haqqında təsəvvürlərini zənginləşdirər və bütün baxışları bir məcrayə yönəldər. Necə ki, biz bu cür maarifləndirici prosesləri digər müsabiqələrdə, xüsusən də "Muğam müsabiqəsi"ndə dəfələrlə görmüşük.

- Aşıq sənətində də belə bir inkişaf mümkündürmü?

- Əlbəttə, mümkündür. Sadəcə, bu, bir qədər çətin və uzun sürəcək bir prosesdir. Ona görə də bu məsələ həllini gərək tədricən tapsın. Məsələ ondadır ki, bu gün aşıq sənəti ilə bağlı bilavasitə fəaliyyətləri olan üç yaradıcı qrup var: aşıqlar, musiqiçilər və folklorşünaslar. Təəssüflər olsun ki, aşıqlarımız, ümumiyyətlə, musiqi ifaçılığı, musiqiçilər isə aşıq musiqisinin ənənəvi dəyərləri haqqında o qədər də dərin məlumata malik deyillər. Məsələn, siz indiyəcən heç görmüsünüzmü ki, bir musiqiçi alim bir dəfə efirə çıxıb aşıq musiqisi ifaçılığı haqqında danışsın, təkliflər irəli sürsün, tövsiyələr versin? O ki qaldı folklorşünas alimlərimizə, onların da fikirləri bildiyiniz kimi əsasən aşıq ədəbiyyatına, dastana, şeirə yönəlir. Nəticədə, bu qruplar arasında arzuolunmaz bir boşluq yaranır. Bir qədər təzadlı şəkildə desək, aşıq musiqisi ifaçılığının inkişafının "açarı" da məhz həmin boşluqda qalır. Elə bu səbəbdəndir ki, bu gün müxtəlif verilişlərdə, müzakirələrdə aşıq musiqisi ilə bağlı ortaya çıxan bütün suallar bir qayda olaraq cavabsız qalır. Yəni bu sualları nə aşıq, nə musiqiçi, nə də folklorşünas cavablandıra bilir. Məsələn, "Mədəniyyət" kanalının "Musiqi xəzinəsi" verilişində hörmətli professor Məhərrəm Qasımlı dəfələrlə bu cür eyni suallarla məclisin qonaqlarına müraciət etmiş, hər dəfə də suallar cavabsız qalmışdır. Onu da qeyd edim ki, bu qonaqlar arasında aşıq da vardı, musiqiçi də, folklorşünas da. 

- Həmin suallardan hansılarını misal göstərə bilərsiniz?

- Suallar çox idi. Məsələn, "Dilqəmi" və "Ruhani" havalarında misra bölümləri nə ilə bağlıdır?" Və ya "Aşıq havalarının hansı yerində zəngulələrdən istifadə edilməlidir". Yaxud, "Solo-saz ifaçılığı ilə özünü müşayiət prinsipləri arasındakı fərqlər hansılardır?" və s.

- Aşıq sənətində inkişafa nail olmaq üçün nədən başlamaq lazımdır?

- Öncə Ulu Tanrıdan sevimli şairimiz Zəlimxan Yaquba can sağlığı və uzun ömür arzulayıram. İnşallah, Zəlimxan müəllim sağaldıqdan sonra yeni bir layihə ilə ona müraciət edəcəm. Təklif edəcəm ki, AAB-də ayda bir və ya bir neçə dəfə dəyirmi masa keçirilsin. Buraya aşıq sənəti, xüsusən də aşıq musiqisi ifaçılığı ilə bağlı fəaliyyəti olanlar, alimlər, tədqiqatçılar, müxtəlif tədris ocaqlarında dərs deyən müəllimlər, səhnələrdə, tele-radio verilişlərində aşıq sənəti ilə bağlı söhbət açan, fikirlər bildirən, həmçinin dövrü mətbuatda çıxışlar edən, qələm, söz sahibləri, ən başlıcası isə özünü ustad sanan bütün aşıqlar dəvət edilsin. Məhz bu insanların iştirakı ilə "Aşıq musiqisi ifaçılığı" mövzusunda müzakirələr keçirilsin. Burada müəyyən ifa nümunələri göstərilsin və iştirakçıların hər biri bu ifalara ayrı-ayrılıqda münasibət bildirsin. Daha doğrusu, hər bir iştirakçı tərəfindən bu ifalar ayrı-ayrılıqda təhlil edilsin. Təbii ki, əgər iştirakçı bunu bacarırsa. Əks halda, həmin iştirakçı məclisdən kənarlaşdırılmaqla AAB tərəfindən ona bir daha aşıq sənəti ilə bağlı müzakirələrə, diskussiyalara, o cümlədən də müsabiqələrə qatılmamaq tövsiyə olunsun. Yəni bu seçimdə hər kəsin mövqeyi, elmi dərəcəsi, titulu nəzərə alınmadan onun aşıq musiqisi ifaçılığı haqqında konkret bilgisi üzə çıxarılsın. çünki bu gün insanlarda aşıq musiqisi ifaçılığı haqqında yanlış təsəvvürlər yaradanlardan biri də məhz bu adların, titulların daşıyıcılarıdır. Məhz titullarına görə xalq onlara daha çox inanır və onların verdiyi hər bir informasiyanı həqiqət kimi qəbul edir. Bir sözlə, bu cür dəyirmi masaların keçirilməsi bir tərəfdən ifalara dəqiq qiymət verə biləcək insanların, digər tərəfdən isə bu sahədə istinad edilən konkret normativ meyarların müəyyənləşdirilməsində böyük rol oynayar. Bununla da yaxın gələcəkdə muğam sənətimizdə olduğu kimi, möhtəşəm bir "Aşıq müsabiqəsi"nin də keçirilməsi üçün əsaslı zəmin yaranmış olar. Əminliklə deyə bilərəm ki, dövlətimizin, xüsusən də Mehriban xanım Əliyevanın aşıq sənətinə qayğısı, eləcə də AAB-nın sədri Zəlimxan Yaqubun özünün bu sənətə olan sonsuz məhəbbəti və fədakarlığı sayəsində baş tutacaq belə bir müsabiqə aşıq sənətimizin inkişafı tarixində yeni bir mərhələnin başlanğıcı olar. Aşıq sənətinin istər bu gün, istərsə də nə vaxtsa inkişaf mərhələsini keçməsi labüddür. Çünki ilk növbədə, sağlam bir mühit yaratmadan bu sənəti inkişaf etdirmək mümkün olmayacaq. Ona görə də böyük bir inkişaf prosesinin ilkin mərhələsi olaraq, belə bir etap nə qədər tez keçilsə, digər mərhələlərin də icrası üçün daha tez imkan və zərurət yaranmış olar. Məhz o zaman aşıq sənətinin inkişaf edərək, muğamın inkişafı səviyyəsinə qalxmasının şahidi olarıq.

 

 

Elbar ŞİRİNOV

 

Təzadlar.- 2012.- 6 aprel.- S.15.