Xalqının fədaisi...

 

Yaxud, əsrə bərabər Zakir ömrü...

 

Xalqımız yaxşı insanları, dəyərli şəxsiyyətləri, mənəviyyatlı ziyalıları, nəcib, xeyirxah, mərd oğulları ilə daim fərəhlənib, qürur duyub. Belə insanlar həyatda mərdliklə yaşamağa, özündən sonra iz qoymağa çalışıblar. Onlar həmişə cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə önəm verib, çevrəsindəki insanları nəcib məqsədlərə istiqamətləndirmək məramı ilə yaşayıblar.

O da bəllidir ki, fəaliyyəti ilə ölkəsinə böyük fayda verən dəyərli ziyalılar respublikamızda da daim rəğbətlə, ehtiramla anılır, onların xatirəsi əziz tutulur. Belə insanlardan biriTovuz mahalının ləyaqətli oğlu, sayılıb-seçilən ictimai xadim, tanınmış hüquqşünas, dəyərli ziyalı Zakir Zeynalovdur.

Sona Əhmədin Z.Zeynalovun xatirəsinə həsr olunmuş "O, xalqın fədaisi idi" kitabında da məhz yuxarıda toxunduğumuz keyfiyyətlər çözələnir, həyat və ömür yoluna işıq salınır. Kitabda həmçinin vətənini, elini canından əziz tutan Z.Zeynalovun maraqlı, ibrətamiz həyat hadisələri ilə dolu ömür yolunun döngə-dönəmlərinin unudulmaz məqamları, böyük səcərənin əsasını qoymuş nəslin, ailənin ənənələrini, el-obanın adətlərini şərəflə davam etdirməsi, bilik və bacarığını Azərbaycanın tərəqqisinə sərf etmiş, eləcə də bir valideyn kimi övladlarına atalıq qayğısı, bir ağsaqqal kimi qohum-əqrəbaya mənəvi dayaq olması, bir alim kimi respublikanın hüquq elminə bəxş etdiyi uğurlar öz əksini tapıb.

Kitaba ön sözü əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Müseyib Müseyibov yazıb. Kitabın məsləhətçisi rabitə ustası, xeyriyyəçi Namazəli Məmmədovdur.  

Ön söz müəllifinin qeyd etdiyi kimi, insan övladının ömür yolu həmişə enişyoxuşlardan, qələbə və məğlubiyyətlərdən, tərəqqi və tənəzzüldən, sevinc və kədərdən keçib. M.Müseyibovun fikrincə, o şəxs xosbəxtdir ki, həyatın bu aramsız və sərt, eyni zamanda dolambac yollarında dolaşıb qalmır, ağır anların təsiri altında sarsılıb ruhdan düşmür, öz daxili imkanlarının qüdrətinə inanıb həmişə işıqlı sabaha can atır, qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparır. ömrünü belə çarpışmalarda mərdi-mərdanə keçirən, öz məqsəd va amalı uğrunda sonadək mübarizəə aparan Zakir Zeynalov haqqındakı silinməz, xoş xatirələr Müseyib müəllimi həmin illərin sirli dünyasına çəkib aparır: "Onsuz keçən bu illər ərzində onu xatırlayarkən onun pak daxili aləmi, nurlu siması, möcüzəli nağıllarda olduğu kimi, xeyirxah əxlaqi keyfiyyətləri bir andaca gözlərim önünda canlanır.

Heç kimə sirr deyil ki, keçmiş sovetlər birliyinin iflasından sonra ölkəmizdə müəyyən qüvvələrin təsiri altında anarxiya meydan oxumuş, dövlətçiliyimizin inkişafına əngəllər törətmək istəyənlər müxtəlif vasitələrlə işgüzar və bacarıqlı, qurub-yaratmaq istəyən insanların əl-qolunu bağlamaq fikrinə düşmüşdülər. Xoş haldır ki, Zakir Zeynalov kimi ağsaqqallar belə məqamlarda xalqın arasında olur, bu cür bədniyyətlilərə onların səhv yolda olduqlarını başa salır, bir sözlə, onları pis əməllərdən çəkindirirdilər. Özüm dəfələrlə şahidi olmuşam ki, Zakir müəllimin müdrik hərəkəti, ağıllı ağsaqqal sözü neçə beləsini bəd niyyətindən daşındırmışdır. Onun həmişə cəsarət və qeyrətini müşahidə etmişəm, düz sözünü eşitmişəm. İstər xidməti vəzifədə, istər dövlət qulluğunda çalışarkən, istər pedaqoq kimi auditoriyada olarkan onun heyrətamiz, bir çoxuna nümunə ola biləsi həyat və mübarizə yolunun şahidi olmuşam, saflığını, qayğıkeşliyini, mübarizliyini görmüşəm. Bu insan üçün əsas meyar, başlıca amal qürurunu saxlamaqdan, ədalət uğrunda mübarizə aparmaqdan ibarət idi. Dəfələrlə sınaqdan çıxmış bu mərdanə amal Zakir müəllimin hörmətini qat-qat artırırdı. O, hüquq-mühafizə orqanının bir namuslu və təmiz işçisi kimi öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə prinsipial mövqe tutmuş, buna görə də heç kəs qarşısında gözükölgəli və borclu qalmamışdır. Bütün bunlara görədir ki, Zakir Zeynalov həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunulmazlığını gözləmiş, nüfuzunu qorumuş, vüqarını daim yüksək saxlamış, alnıaçıq və başıuca gəzmişdir.

Zakir müəllimi bu xalqın, el-obanın qeyrətli, vətənpərvər övladı kimi də səciyyələndirmək olar. Heç kim bilməsə və yada salamasa da, mən şahidi olmuşam ki, Tovuz rayonunun ermənilərlə qonşu kəndlərinin müdafiəsində o, nə qədər zəhmət, səy və təşəbbüskarlıq göstərmişdir. Zakir müəllim təkcə maddi cəhətdən yox, mənəvi cəhətdən də döyüşən oğullara dayaq olurdu. Bakıda təşkilatçılıq işini qurtardıqdan sonra onu mərd, mübariz oğullarımızın arasında görərdin. Soruşanda deyərdi ki, bu, hamımızın müqəddəs və bir nömrəli vəzifəsi olmalıdır. Bu sözləri ona görə deyirəm ki, Zakir müəllim təkcə doğulduğu Mülkülü kəndinin, suyunu içdiyi, havasını udduğu Tovuzun yox, butun Azərbaycanın övladı olduğunu öz pak əməlləri, saf əqidəsi ilə sübuta yetirmişdir...

Zakir Zeynalov istər Azərbaycanda, istər onun hüdudlarından kənarda, istərsə də vaxtilə təmsil olunduğu qurumun tərkibində xarici ölkələrdə ən çox tanınmış simalardan biri olmuşdur. özünün kəsərli sözü, tənqidi fikirləri ilə Avropa parlamentarilərini də silkələmiş, onları Azərbaycana, ölkəmizin problemlərinə obyektiv yanaşmağa, düşdüyümüz ağır və mürəkkəb vəziyəyətə hüquqi baxımdan nəzər yetirməyə məcbur etmişdir.

Zakir müəllim sözündə də, əməlində də, hərəkətində də, danışığında da vətəndaş yanğısı nümayiş etdirmiş, öz daxili narahatlığı ilə vacib mətləbləri ortaya qoymuşdur. Elə xoş məziyyətlərini yada saldığım Zakir müəllim haq-qında böyük məmnuniyyətlə, lakin çox təəssüf ki, keçmiş zamanda yazdığım bu sətirlər tanınmış hüquq-mühafizə orqanının yüksək vəzifəli əməkdaşı, dövlət qulluqçusu, görkəmli alim, pedaqoq, sözün geniş mənasında, Azərbaycanın hüquq tarixində öz dəst-xətti ilə seçilmiş nurlu bir ziyalının əziz xatiərəsinə hörmət və ehtiramın təzahürüdür".

Qeyd etdiyimiz kimi, kitabda Z.Zeynalovun həyat tarixçəsindən, ömür yolundan söz açılır. Kitabı ərsəyə gətirənlərin məqsədi həm də şərəfli bir insanın timsalında bir nəslin tarixini danışmaq və tanıtmaq idi. Səmimi etirafla Z.Zeynalovun şərəfli həyat yolunuqanunçuluğun qorunması, hüququn tənzimlənməsi sahəsində səmərəli əmək fəaliyyətini tam qələmə ala bilmədiyini vurğulayan kitab müəllifi qeyd edir ki, onun ömrünün hər ilini bir kitab səhifəsinə yerləşdirməli olsaq, yenə də azlıq edər.  

 

 

ELBAR

 

Təzadlar.- 2012.- 10 aprel.- S.15.