Azərbaycanın havalanmış şairi

 

Kimi yaylağa-dağa çıxıb havalanır, Ramiz Məmmədzadənin isə işğal etdirilmiş Qarabağın-Ağdamın dərdindən sinəsinə dağ çəkilib-havalanıb...

"Təzadlar"ın dünənki sayında Azərbaycanın dərdli şairlərindən biri-Ramiz Məmmədzadənin "İşıq günü..." kitabı barədə Lənkəranda yaşayan, özünün və elə bizim də tanımadığımız bir şair qardaşımızın ürək açıqlaması dərc olunmuşdu.

 Dünən, inanın, onlarla oxucumuz şairin bu kitabı haqqında yazılanlarla bağlı ürək sözlərini bizimlə bölüşdülər. çox maraqlıdır, bəlkə də şair qismətidir.

"Təzadlar"ın dünənki sayında həm də istəkli şairimiz, özü demiş, məsuliyyət kəfənini boynuna dolamış şair Vahid Əzizin də şeirlərindən ibarət bir səhifəlik dərdi dərc olunmuşdu. Bir-birindən xəbərsiz, görünbaş verdi:

Dünən əvvəlcə Ramiz Məmmədzadə zəng edib məlum yazıya görə minnətdarlığını bildirdi və təbii ki, mən qəzetin rəhbəri olaraq gerçəkdən belə minnətdarlıqlardan təsirləndim, özümü pis hiss etdim, bir təhər oldum. Ona görə də dedim:

- Ramiz müəllim, bizim və qəzetin borcudur, bizə niyə minnətdarlıq edirsiniz? Biz sizə minnətdar olmalıyıq ki, xalqın dərdini dərdinizdən yüksək tutub kitablaşdırmısınız...

Şair, sözün yaxşı mənasında, gileyini, yəni tənqidini və ya ürək sözünü də ərk ilə dilə gətirib gizlətmədi:

- Yox, hamı sizin kimi deyil axı...

Nəyə işarə vurduğunu (əslində, o, açıq demişdi, mən üstüörtülü deyirəm, özü bu yazını oxuyanda yəqinki biləcək söhbət kimlərdən gedir) duyaraq dedim:

- Allah sizə kömək olsun, indi hamının başı qarışıqdır... Bir , axı, gərək dərdinizi anlayan olsun...

Şair ah çəkib düşündü, sonra bir istəyini dilə gətirdi:

- Bu günkü sayınızda şair Vahid Əzizin şeirlərini vermisiniz... O, qənimət adamdı... Onu qorumaq lazımdı...

İstər-istəməz, mən ürəyimdəkiləri deyəsi oldum:

- Ramiz müəllim, biz Vahid Əzizi qoruyaq, yoxsa, Vahid Əziz bizi?

- Elə hamımız...

Şair duruxdu sonra sözünü davam etdirdi:

- Bir-birimizdən muğayat ola bilsək, hamımız da Azərbaycanı qoruya bilərik... Necə ki, belə eləmədik, Qarabağı, Qərbi Azərbaycanı qoruya bilmədik...

Allaha and olsun (Görkəmli Azərbaycan ziyalısı Əhməd Ağaoğlu yazır ki, nədənsə, dünyada ən çox Allaha and içən Qarabağlılardır...), heç beş dəqiqə keçməmişdi ki, istəkli şairimiz Vahid Əziz zəng etdi... Eyni qaydada o da dərc etdiyimiz şeirlərinə görə bizə təşəkkürlərini bildirdi... Sonra isə: -Ramiz Məmmədzadə böyük Kişidir, onu qoruyun, onu dərk etmək, başa düşmək lazımdır, -dedi.

Yenə Vahid Əzizə bir sözümü çatdırmalı oldum:

- Vahid müəllim, Ramiz müəllimi bizə yox, bizi Ramiz müəllimə tapşırın...

Şair sözündən qalmadı:

- Hamınızı Allaha tapşırıram...

 ...Bunlar Vətən həsrətli, torpaq dərdli iki böyük ürək sahibi olan şairimizin bir-birinə, mən tam əminliklə deyirəm ki, bir-birindən xəbərsiz, Tanrı istəkləri ilə necə bir-birinə bağlı olmasının göstəricisidir.

Sonra çox fikirləşdim, düşünüb belə bir qənaətə gəldim ki, dərdli dərdlini düzgün başa düşüb anlaya bilər. Vahid Əziz Qərbi Azərbaycandakı dədə-baba torpaqlarını itirmiş böyük ziyalıdır. Ramiz Məmmədzadə Qarabağını itirmiş 20 ildi havalanmış şairdir. Onların ikisi Azərbaycan dərdindən "dağa çıxmış" kimidir, kənardan baxanlar isə Ramiz Məmmədzadənin , Vahid Əzizin şux görkəminə, bəylik davranışına baxıb elə bilirlər ki, "Bəxtəvərlər yayalağa çıxıb".

Amma mən Vahid Əzizin , Ramiz Məmmədzadənin o Vətən dərdinə ortaq bir adam kimi, başa düşürəm başqalarının da başa düşməsini ona görə istəyirəm ki, hamı bilsin: başa düşən, Azərbaycanın bu gününü anlayan bu millətin gələcəyini düşünən hər kəsimiz havalı kimidir...

Mən həqiqətən Ramiz Məmmədzadəni son vaxtlar havalı görürəm... Vahid Əzizi havalı gördüyümdən hərdən könlünü alıb "Bir az döz!" deyirəm. Çünki onların Vətən dərdini anlamaq üçün həqiqətən Azərbaycanlı olmaq lazımdır.

 Ramiz müəllim, istəkli Vahid müəllim!

Biləsiniz ki, biz bilirik ki, bu gün Azərbaycanda bilirlər ki... Sizləri anlamaq dərdi var. Bəli, Azərbaycanın dərdi böyükdür. Təsəvvür edin, neçə gün əvvəl Rusiya Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Azərbaycanda rəsmi səfərdə idi ən yüksək rəsmilərimizlə görüşündə Azərbaycanın gözünün içinə bəyan etdi ki, "Qarabağ probleminin həlli o qədər qəlizdir ki, onun həlli yaxın gələcəkdə mümkün deyil..." Təxminən belə dedi.

 Amma dünya da bilir ki, bu problemi Rusiya bizə sırıyıb. Əgər bu gün Rusiyanın rəsmisi bu sözləri deyirsə, təsəvvür edin, 20 ildi bu gün-sabah Qarabağa qayıdacağını həsrətlə gözləyən Azərbaycan şair, Azərbaycan insanı havalanmasın, neyləsin?

Bəli, bu gün kimi yaylağa-dağa çıxıb havalanır, Ramiz Məmmədzadə, Vahid Əziz... kimilərin   işğal etdirilmiş Qarabağın-Ağdamın, Şuşanın, itirilmiş Zəngəzurun, Göycənin... dərdindən sinəsinə dağ çəkilib-havalanıb...

Havamızı, bütün mənalarda, dəyişmək vaxtıdır... Mən həm hamımızı dəli edib-havalandıran problemi nəzərdə tuturam, həm bizə 20 ildi "Qarabağ problemi" üstündə hava çalıb-ələ salan, siyasətə oynadan Rusiyanın "çaldığı hava"nı deyirəm... Amma millətin içindəki xəstəliyinin çarəsini Vətəndə tapmaq arzulu hissəsinin həm yayda həqiqətən yaylaqlara çıxıb havalanması vacibdir! çünki bir azdan dağlar da bizdən üz döndərəcək.

Haşiyə: Dünən "Təzadlar"ın Kəlbəcərdə doğulub-yaşayıb, 1993-cü ildən Şamaxıda məskunlaşmış əməkdaşı Allahverdi Zamanlı zəng edib bərk xəstələndiyini dedi:

Soruşdum:

- olub?

- Böyrəyimdəki zoğal boyda daş tərpənib, həkimlər təhlükəli olduğunu deyib, düşsə, batdım...

- Həkimə de ki, o boyda Kəlbəcər dağlarının daşının yanında bu zoğal çəyirdəyi boyda daş nədir ki?! Dedi ki, başımızın o boyda daşı bizi gözləyir, böyrəyimizdəkilər elə-belə şeydir, ay həkim...

 

 

Asif Mərzili

 

Təzadlar.- 2012.- 12 aprel.- S.6.