Səyyarəyə dönən oğlan

 

(Nadir İbrahimovun anadan olmasının 80 illiyinə həsr olunur)

 

1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleyası Azərbaycan astronomu Nadir Baba oğlu İbrahimovun Marsa dair araşdırmalarını yüksək qiymətləndirib bu planetin səthindəki kraterlərin birinin onun adıyla adlandırılmasını qərara aldı. İndi Marsda Kopernik, Kepler, Keldış... kraterləri ilə yanaşı, İbrahimov krateri də mövcuddur.

Marsın atmosferi Yerinkinə nisbətən xeyli seyrək olduğundan kosmosdan gələn göy cismləri - meteoritlər onun atmosferini yanmadan keçərək böyük sürətlə planetin səthinə düşür və orda iri və dərin çuxurlar - kraterlər törədir.

Qeyd edək ki, xatırladılan Assambleyada N.İbrahimovdan başqa, bir neçə digər tədqiqatçının adı da Marsdakı kraterlərə verilmişdir. Bunlar planetin fotometrik tədqiqatı ilə məşğul olmuş sovet alimləri N.N.Sıtinskaya (1906-1974),

B.E.Semeykina (1906-1937), İ.F.Timoşenko (1918-1941), planetdə təbii yaranmaların enlilik nəzəriyyəsinin müəllifi rus torpaqşünası V.V.Dokuçaev (1846-1903), Marsda bitki örtüyünün inkişafı imkanlarını araşdıran sovet paleobotaniki A.İ.Kriştoviç (1885-1953), isveç geoloqu və coğrafı, qütb tədqiqatçısı

N.A.Nardenşelddir (1832-1901).

Eləcə də özünün "Aelita" fantastik romanında Marsın xəyal edilən təbiətini, peyklərini və əhalisini təsvir etmiş görkəmli rus yazıçısı A.N.Tolstoyun da adı Marsda əbədiləşdirildi.

Marsda İbrahimov kraterinin koordinatları 25.5o cənub en dairəsi, 59.9o qərb uzunluq dairəsidir.

Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Azərbaycanın dilbər guşələrindən biri olan Qubada dünyaya gəlib. Peşəcə misgər olan atası Baba kişi bu yerlərə qədim sənətkarlar məskəni, əfsanəvi Lahıc qəsəbəsindən köçüb-gəlmişdi. Lahıclar fars dilinin bir şivəsində danışırlar. ümumiyyətlə, Azərbaycanımızın şimalı etnik tərkibcə bu yerlərin xalçalarının ilmələri kimi rəngarəngdir. Bu yerlərdə azəri türkləri, ləzgilər, tatlar, yəhudilər, udinlər, lahıclar... bir ailənin övladları kimi yaşayır.

Kim bilir, bəlkə də göylərin əsrarəngiz harmoniyasının sirlərini açarkən Nadir, atasının düzəltdiyi əşyalar üzərinə saldığı naxışları xatırlayırdı.

Nadirin ilk sevgisi də lahıc qızı idi. Qıvrım telli bu dilbər Nadiri bəyənməyərək başqasına getdi...

1968-ci ildə "Bakinskiy raboçiy" qəzetində Baba kişi ilə onun sənəti haqqında dərc olunan müsahibədə ailəsi barədə suala ağsaqqal fəxrlə belə cavab verir: "Oğlum Nadiri kim tanımır? O, Şamaxıda ulduzları öyrənir".

Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır.

Şamaxıdan 22 km məsafədə, "Pirqulu" adlanan axar-baxarlı guşədə dəniz səviyyəsindən 1460 metr yüksəklikdə yerləşən Gözləmevinin (türkcə rəsədxanaya belə deyirlər) teleskoplarının gümüşü günbəzlərinin parıltısı bu yerlərdə çox-çox uzaqlardan sezilir.

Rəsədxana insanların inam bəslədikləri "Alçalı pir"in lap yanında salınıb. Beləliklə, adamların müqəddəs bildiyi, şəfa dilədikləri yerlə elm, bilik məbədi bir məkanda qovuşub. Daha bir rəmzi qovuşma isə elmimizin dünəninin və bu gününün burda çulğalaşmasıdır: Rəsədxana XIII əsr dünya elminin öndəri Mühəmməd Nəsirəddin Tusinin, Rəsədxana yerləşən qəsəbə isə XX əsr elmimizin iftixarı Yusif Məmmədəliyevin adını daşıyır. Gözləmevinin təsis edilməsində Yusif bəyin çox böyük rolu olub.

N.İbrahimov Rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. O, 1966-cı ildə Ukrayna EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiya müdafiə edir.

Məlumdur ki, planetlər öz xüsusiyyətlərinə görə iki qrupa bölünürlər: yer qrupu planetləri və nəhəng planetlər. Birinci qrupa Merkuri, Venera, Yer, Mars və başıbəlalı Pluton (onu planetlər sırasından silmək istəyirlər), ikinciyə isə Yupiter, Saturn, Uran və Neptun daxildir. XX əsrin altmışıncı illərində Mars planeti (bu, planetin latınca adıdır. Yunanca "Aris", ərəbcə "Mərrix", farsca "Bəhram" adlanır. Şərqdə planetə "səyyarə deyirlər.) Günəş sisteminin ən maraqlı cismlərindən biri sayılırdı. Marsın atmosferi, qeyd etdiyimiz kimi, çox da sıx olmadığından, onun səthini görmək mümkündür, yəni planetin atmosferinin səthinin fotometrik xüsusiyyətlərini eyni zamanda öyrənmək olar. Nadir bəy əvvəlcə kiçik teleskoplarla Marsın tam diskinin parlaqlığının dəyişməsini öyrənmiş bu müşahidələr əsasında planetin atmosferinin bir neçə optik parametrini təyin etmişdir.

Şamaxı Astrofizika Rəsədxanasının fəxri, böyüklüyünə görə o vaxt Sovetlər İttifaqında ikinci olan 2 metrlik teleskop işə düşdükdən sonra N.İbrahimov bu planetin atmosferinin kimyəvi tərkibini öyrənmək məqsədilə Marsın yüksək dispersiyalı spektrini almışdır.

1971-ci ildə Nadir İbrahimov kiyevli həmkarları iıə birlikdə 2 metrlik teleskopda Mars planetini böyük qarşıdurma zamanı müşahidə etmişdir.

Hər 15-17 ildən bir baş verən bu hadisə zamanı Mars, Yer Günəş - hər üçü bir düz xətt üzrə yerləşir Marsla Yer arasındakı məsafə ən qısa, cəmisi 56 milyon killometr olur. XX əsrdə bu hadisə 1909, 1924, 1939, 1956, 1971, 1986-cı, XXI əsrdə isə hələlik 2002-ci ildə (həmin il Nadir İbrahimovun 70 illiyi idi.) baş verib.

Müşahidə qırx gün, yəni qırx gecə davam edib. Bu zaman Nadir öz həmkarlarıyla birgə müxtəlif işıq süzgəcləriylə Marsın iki mindən artıq fotoşəklini çəkmişlər. Bütün bu müşahidələrin nəticələri planetin səthində detalların parlaqlığının müntəzəm dəyişdiyini, onun atmosferində toz hissəciklərinin əmələ gəlib - yox olmasını göstərdi. Marsda bənövşəyi rəngli buludların planetdə gecə gündüzün bərabərləşdiyi vaxtda daha güclü olması müəyyənləşdirildi. Alimlər bu fikrə gəldilər ki, bənövşəyi buludlar xırda toz hissəciklərinin müəyyən həcmdə toplanmasından başqa bir şey deyil.

Elə həmin il N.İbrahimov 2 metrlik teleskopda Marsın o dövr üçün ən qiymətli olan şəklini çəkdi. Bu şəkildə Marsın hər 7 yüz kilometrinə 1 millimetrlik ölçü uyğun gəlir.

Nadir müəllim Marsın spektral müşahidələrini yerinə yetirərək planetin atmosferində azot oksidi molekullaının nəzərə alınmayacaq miqdarda olduğunu göstərmişdir. Bu, sonradan "Vikinq 1-2" amerikan kosmik aparatlarının verdiyi nəticələrə uyğun gəlir.

Həmyerlimizin Marsla bağlı araşdırmaları planetin topoqrafik xəritələrinin qurulmasında, onun atmosferinin şəffaflığı problemi planetin təkamülü ilə bağlı digər hadisələrin öyrənilməsində mühüm rol oynayıb.

N.İbrahimovun əhəmiyyətli elmi işlərindən biri Venera planetinin qaranlıq tərəfinin spektrini almaq şüalanma xətlərinin varlığını göstərmək olub. Bu şüalanma xətlərini yaradan müsbət ionlar sovet "Venera" planetlərarası kosmik aparatlarının topladığı materiallarda müşahidə edilib.

Nadir bəy nəhəng planetlərin tədqiqində bir sıra əhəmiyyətli işlər görmüş, onların hər birinin atmosferində molekulyar qazların olub-olmamasını araşdırmışdır. Bu nəticələr planetlər fizikası ilə məşğul olan alimlər üçün çox əhəmiyyətlidir. çünki planet atmosferinin kimyəvi tərkibi dəqiq müəyyənləşdirilməsə, planetin təkamülü haqqında tam təsəvvür əldə etmək olmaz.

N.İbrahimov Yupiterin atmosferində ammonium hidrogen qazlarının miqdarını təyin etmiş, Saturnun spektrində metan qazına məxsus zəif udulma xətlərini aşkar etmiş, Uran Neptunun spektrində isə hələlik heç bir xətlə eyniləşdirilməmiş udulma zolaqlarının olduğunu müəyyənləşdirmişdir.

Yupiterin ən cavan peyklərindən olan İoda fəal proseslərin baş verməsini müşahidə materialları əsasında ilkin söyləyənlərdən biri Nadir İbrahimovdur. Bu peyk Yupiterin ətrafında 42 saata dövr edir planetin maqnit sahəsinin daxilində qalır. Nadir müəllim öz aspirantı Ədalət Ətayi ilə birlikdə kütləsi Ayın kütləsinə bərabər olan bu müəmmalarla dolu peyki tədqiq etmişdir.

Ezamiyyətlərdə olduğu elmi mərkəzlərdə həmkarlarının sevərəkdən "Atik" adlandırdığı Ə.Ətayinin atası Əbülfəz kişi Güney Azərbaycandan idi. 1946-cı ildə şaha boyun əyməyən digər demokratlarla Arazı adlamışdı.

B.İ.Silkinin 1982-ci ildə"Nauka" nəşriyyatı tərəfindən nəşr edilmiş "V mire mnojestva lun" kitabında oxuyuruq: "1974-cü ildə Azərbaycan alimləri Ə.Ə.Ətayi N.B.İbrahimov (Şamaxı Rəsədxanası) İonun spektrində natrium, maqnezium, dəmir, kalsium şüalanmaları üçün səciyyyəvi olan xətlər tapdılar. Onlar hardandır? Vulkanik qaz buxar şırnaqlarıyla birgə planetin təkindən çıxmırlar ki? Lakin belə nəticə o zaman hələ sübut edilə bilməzdi".

Bu nəticənin doğruluğu 1979-cu il martın 4-də Yupiterin yaxınlığından keçən "Voyacer - 2" planetlərarası kosmik aparatının verdiyi nəticələrlə sübut edildi!

Şamaxı Astrofizika rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi deyir: "Nadir İbrahimov tədqiqat işinə böyük həvəs ciddiyyətlə yanaşan alim idi. O, aldığı nəticələri geniş müzakirə etməyi, onlar barədə başqalarının da fikrini öyrənməyi çox sevirdi.

Nadir müəllim bir insan kimi özünə başqalarına çox tələbkar idi. Eyni zamanda qayğıkeş, səmimi bir yoldaş idi. Möhkəm işləməyi sevdiyi kimi, şənlənməyi deyib-gülməyi yaxşı bacarırdı. O, başqalarında da yumor hissini başa düşür qiymətləndirirdi".

Nadir bəyin hələ neçə-neçə axtarışlar aparmaq istəyən ürəyi 1977-ci ilin ilk günündə gərginliklərə dözmədi.

Ondan onlarla elmi üç monoqrafiya, üç övlad nəvələri əmanət qaldı. Nadir İbrahimovun qızı Natəvan BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib...

 

Mərrixin məhvərinə atdığın adnan dirisən,

Göylərin ABI SEVİNC SAYĞILARIndan birisən.

 

Sən ki, öz sənətinin ustasısan, mahirisən,

Kəhkəşan seyrinə dalmaq işinin qadirisən.

 

Deyirəm: qəlb odunu bizlərə göndərəsən,

Əbədiyyət nurunu biz tərəfə döndərəsən.

 

Gözəlim Gözləmevin gen girişindən girəsən,

Yarü-yoldaşlarına ərzi-halın bildirəsən:

 

Rəhimə, Əlibalaya, İnqilaba, Sabirə sən,

Atiqə, Oqtaya, həm Teymura, həm Zakirə sən.

 

Aydını, Natəvanı, Aygünü dindirəsən,

Nəvəni - görmədiyin Ramilini güldürəsən .

 

Sevgili millətini sən ki belə sevdirəsən,

Qubanın da, Lahıcın bircəciyi - Nadirisən!

 

 

Bəhram BASQALLI,

alim-şair

 

Təzadlar.- 2012.- 13 aprel.- S.13.