Dilarə Əliyeva yad edildi

 

İki gün əvvəl "Borçalı" İctimai Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə Azərbaycan Yazıçılar Birliyində görkəmli ictimai siyasi xadimlər-Dilarə Əliyeva və Leyla Eradzenin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə tanınmış elm adamları, ziyalılar, millət vəkili Sabir Rüstəmxanlı, D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu və digər əməkdaşları, şairlər, Dilarə xanımın qardaşı Yahya Əkbəroğlu, bacısı qızı Elmira İsmayılqızı, gəlini Vəfa Kəngərli və media nümayəndələri iştirak edirdilər.

 Tədbiri giriş sözü ilə şair Mədəd Coşqun açdı və hər kəsi salamladıqdan sonra, bu tədbirin mahiyyətini iştirakçılara çatdırmaq üçün sözü "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verdi.

 Z.Məmmədli iştirakçıları salamladı, Gürcüstan- Azərbaycan dostluğunda əvəzsiz xidmətləri olmuş D.Əliyeva  L.Eradze haqqında danışdı:

- Biz "Borçalı" Cəmiyyəti olaraq yeni baxış ortaya qoymaq istədik. Türk xanımı Dilarə xanım Əliyeva və gürcü xanımı Leyla Eradze - Azərbaycan və Gürcüstanda başlayan Milli Azadlıq Hərəkatının qadın hərəkatı liderləri kimi XX əsrin sonlarında əvəzsiz xidmətlərlə tarixə düşmüşlər Həqiqətdir ki, gürcü elitasının nümayəndəsi şair-tərcüməçi Leyla xanım  Eradze ilə Dilarə xanımın şəxsi və yaradıcılıq münasibətləri, gürcü və Azərbaycan xalqı arasında nifaq toxumu səpmək istəyənlərə ən tutarlı sipər nümunəsi idi. İki nəfər fədakar xanımın fədakar dostluğu çox qurbanların qarşısını almaqla, iki xalq - Azərbaycan və Gürcü xalqları arasında dostluq tellərinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Məhz buna görədə biz bu tədbirin keçirilməsini vacib hesab etdik

 Daha sonra  Z.Məmmədli "Borçalı" İctimai Birliyi İdarə Heyyətinin 03.04.2012-ci il tarixli qərarına əsasən Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğluna insan hüquq və azadlıqlarının qorunması sahəsindəki xidmətlərinə, öz fəaliyyətlərində Dilarə xanım Əliyevanın ruhuna ehtiram nümunəsi göstərdiyi üçün ona "Borçalı" Cəmiyyətinin fəxri diplomunu təqdim etdi.

Sonra Mədəd Coşqun hər iki lider xanım haqqında xatirələrini danışdı və sözü  tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Sara Osmanlıya verdi. Sara xanım D.Əliyeva və Leyla Eradzenin həyat və yaradıcılıqları, dostluqları, onların gördükləri işlər haqqında geniş məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, ¸Hər ikisi mahir tərcüməçi idilər: birbaşa orijinalı doğma dillərinə tərcümə edirdilər - D.Əliyeva  gürcü yazıçılarını, L.Eradze - Azərbaycan ədəbiyyatının nümunələrini və bununla da iki xalqı biri-birinə daha da yaxınlaşdırırdılar. Mənsub olduqları xalqların mədəni əlaqələrinin yaxınlaşmasında xidmətlərinə görə hər ikisi eyni yüksək ada layiq görülmüşlər: D.Əliyeva Gürcüsatanın əməkdar mədəniyyət işçisi, L.Eradze isə - Azərbaycanın əməkdar mədəniyyət işçisi idi Hər ikisi ölkəsində başlayan dövlət müstəqilliyinin əldə olunması ilə bağlı azadlıq hərəkatından kənarda qalmadılar. D.Əliyeva Azərbaycan azadlıq hərəkatının liderlərindən biri və millət vəkili kimi geniş fəaliyyətə qoşuldubu yolda şəhidlik zirvəsinə ucaldı.  Dilarə xanımın faciəli ölümü Leylaya çox pis təsir etmişdi. Onlar, sanki biri-birini tamamlayırdı. Leyla son şeirlərindən birini Dilarənin itkisinə həsr etmişdi. "Qız qardaşım" adlı vida yazısına daxil edilmiş "Dilarə" adlı şeirindən:  

 

... Sənsiz nə tez ötüşdü

mayım, iyun, iyulum,

Göz yaşlarıma düşüb

başdaşıntək yuyulum,

Sənsiz bir kərə gülsəm

bəbəyimdən oyulum.

Bütün Tiflis ağlayır,

Sinələri dağlayır, Dilarə!

Dilarə...

 

Millət vəkili Sabir Rüstəmxanlı:

- Mən Dilarə xanımın adını yaşadan cəmiyyətə və bu təqdirəlayiq tədbiri təşkil etdiklərinə görə "Borçalı" Cəmiyyətinə dərin minnətdarlığımı bildirirəm ki, Dilarə xanımı yada salıblar.

 Sonra o, Dilarə xanımla bir müddət birlikdə çalışdıqlarından, xoş xatirələrindən danışdı: "Dilarə xanım haqqında çox danışmaq olar və nə yaxşı ki, Azərbaycanın Dilarələri çoxdur".

D.Əliyeva adına QHMC-nin sədri Novella Cəfəroğlu:

- Dilarə xanım haqda onun gördüyü işlər, necə fədakar olduğu barədə günlərlə danışmaq olar. çünki xatirələr və bizi bağlayan tellər çoxdur. Dilarə xanım çox mərd və mübariz bir xanım idi. Azərbaycanın başının üstünü qara buludlar alanda o, da əlində bayraq meydanlarda idi. Mən şahidiyəm ki, Dilarə xanım bizim cəmiyyəti necə yaratdı, onun  təməlini necə qoydu. Məhz onun xidmətlərinə görə də, Dilarə xanımın ölümündən sonra biz cəmiyyətimizə Dilarə Əliyevanın adını verdik.  Bu gün Dilarə kimi, Leyla kimi xanımları yada saldığına görə mən "Borçalı" Cəmiyyətinə sonsuz təşəkkürümü bidirirəm.

Daha sonra tədbirdə hüquq müdafiəçisi Səidə Qocamanlı, tərcüməçi-publisist Nəriman Əbdürrəhmanlı, şair Abbas Abdulla, şair Oktay Rza, gürcü xanımı Anna Batkulaşvili, şairə Sənəm Səbayel, professor Telman Əliyev, Dilarə xanımın ailə üzvləri Elmira İsmayılqızı və qardaşı Yahya Əkbəroğlu da çıxış edərək hər iki xanım haqda öz xatirələrini, ürək sözlərini və tədbirin təşkili üçün "Borçalı" Cəmiyyətinə təşəkkürlərini bildirdilər.

Sonda Zəlimxan Məmmədli qeyd etdi ki, Dilarə xanımın da, Leyla xanımın da xatirəsi Azərbaycan və Gürcüstan, eyni zamanda "Borçalı" Cəmiyyəti, bütün Borçalı türkləri və gürcülər üçün  əzizdir və həm də  örnəkdir.

 

 

Ülviyyə

 

Təzadlar.- 2012.- 18 aprel.- S.13.