Ziyarətçilərinin
yolunu gözləyən məzar...
Azərbaycanın
Milli Qəhrəmanı Allehverdi Bağırov haqqında
yaddaşımda qalan xatirələr
Allahverdi
Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də
Ağdam şəhərində anadan olmuşdur. Beş
qızdan sonra doğulduğu üçün adını Allahverdi
qoydular. Sonralar Allahın verdiyi bu pay təkcə ailənin
yox, bütün Azərbaycan xalqına verdiyi oğul payı
oldu.
Mən
Allahverdi ilə 1 saylı şəhər orta məktəbində
bir sinifdə oxumuşam və o illəri, həyatımın ən
şərəfli illəri hesab edirəm. Birlikdə dərsdən
qalmışıq, futbol oynamışıq, pampıq
yığmışıq. Allahverdinin hər kəsə bənzəməyən
xarakteri vardı. Gənc yaşlarından çox cəsarətli,
qorxmaz, sözübütöv, haqsızlığa dözməyən
adam idi. Ona görə də davakar kimi tanınırdı, hətta
müəllim bir şagirdin haqqını tapdayanda ona
etirazını bildirirdi. Allahverdiyə görə bizim sinif tək
məktəbdə deyil, bütün Ağdamda
sayılıb-seçilirdi. Biz həmişə fəxrlə,
qürurla deyirdik ki, Allahverdilə bir sinifdə oxuyuruq. Dil-ədəbiyyat
müəllimi Qənirə Məmmədova da hər yerdə
fəxrlə deyirdi ki, mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm.
Müəllimənin üç qızı vardı. Oğlu
olmadığından mehrini, məhəbbətini Allahverdiyə
salmışdı. Allahverdi bütün idman növləri,
xüsusilədə, futbol, yüngül atletika, voleybol ilə
əvvəlcə oxuduğu 1 saylı məktəbin, sonra isə
rayonun idman şərəfini qoruyurdu.
***
Onuncu
sinifdə oxuyurduq. Məktəbin ikinci mərtəbəsində
küncdə bir sinif otağı vardı. Orada Allahverdi bir
qızla söhbət etdiyi vaxt coğrafiya fənnini tədris
edən Xuduş müəllim qapını açarkən
Allahverdi qızın şərəf və ləyaqətini
qorumaq üçün özünü ikinci mərtəbənin
pəncərəsindən atmışdı.
Allahverdidə
hələ gənc yaşlarından təşkilatçılıq
istedadı vardı. Hamını başına
yığmağı bacarırdı. Heç vaxt "mən
kimdən" deməzdi, "kim məndən" deyərdi.
O, anadan lider olmaq, öndə getmək üçün
doğulmuşdu. Rusiyanın bir şəhərində bir
neçə il məcburi yaşamalı olarkən, hər
gün idman meydançasına gedirmiş. Bütün şəhərin
pərəstiş etdiyi, son dərəcə gözəl bir
qız da heç kimə fikir vermədən basketbol
oynayırmış. Bütün cəhdlərə baxmayaraq,
Allahverdi qıza yanaşa bilmir. Qızı heyrətləndirmək
üçün özünü iti axan çaya atır, onun
axarına qarşı üzür. İdman
meydançasında hamı bu mənzərəni heyrətlə
seyr edirmiş. Allahverdi sahilə çıxanda hamı ona tərəf
gəlir, ən qabaqda da o gözəl qız. O özü
möcüzə olduğu üçün möcüzə
yaratmağı xoşlayırdı.
Bir dəfə
Ağdam futbol komandası Qazax şəhərində futbol
oynayarkən ermənini meydançada vurduğu
üçün bütün tamaşaçılar meydana
hücum etdilər. Allahverdi bütün oyunçuları
yığır qapının içinə ki, bununla mühasirəyə
almasınlar. 2-3 min adama qarşı bu cür dözüm gətirirlər.
Bir neçə nəfər xəsarət alır,
avtobusların şüşələrini
sındırırlar. Növbəti dövrədə Qazax
futbolçuları Ağdama - İmarətə gələndə
ağdamlı cavanlar avtobusu mühasirəyə alırlar ki,
Qazaxdakı hayıfı çıxsınlar. Allahverdi
yaxınlaşıb qonaq komandanın avtobusunun
qapısını açıb deyir: "Xoş gəlmisiniz!"
Sonra dönüb ora yığılanları sərt bir
baxışla süzür. Bu o demək idi ki,
dağılışın.
O,
sözlə ifadə olunmayanları bəzən
baxışlarıyla bildirməyi də bacarırdı. Onu
yaxından tanıyanlar nə demək istədiyini
üzünün ifadəsindən, baxışlarından hiss
edirdilər. Allahverdi imkan verməzdi ki, qonaq gələn
komandanın üzvlərinin xətirinə kimsə dəysin.
***
Allahverdinin
cəsarətindən, qorxmazlığından nə qədər
desən, danışmaq da olar, yazmaq da. Birdimi, beşdimi,
yüzdürmü, mindirmi. 46 illik ömrünün hər
günü, hər anı onu cəsarətinin,
qorxmazlığının, şücaətinin ömür səlnaməsidir.
Bir dəfə
zarafatla dedim: "Ali (hamı onu belə
çağırardı), sən uşaq olanda yəqin hardasa
meşədə olmusan, orada ac qalıb şir südü əmmisən.
Yoxsa, bu qorxmazlıqda insan ola bilməz".
Əsl
qeyrətli oğullar vətənin dar günündə
sınağa çəkilərlər. 1988-ci ildə çörəyini yeyib, suyunu
içən mənfur ermənilər gözəl
Qarabağımıza namərdcəsinə göz dikdiyi
gündən ilk ayağa qalxan Allahverdi və Eldar
qardaşları oldular. Dövlətin xəbəri olmadan Əsgəranla
Ağdam arasında keşikçi postu yaradılanda ora
könüllü olaraq ilk dəfə gedən Eldar
Bağırov oldu, sonra ermənilərlə həmsərhəd
bütün kəndlərdə postlar yaradıldı. Yüzlərlə
könüllülərin hər biri gecələr keşik
çəkirdi. Bu gün hansı ağdamlını dindirsən,
eyni sözü deyəcək: "Ali siyasət yolunu yox, vətən
sevgisini özünə amal seçmişdi".
Elə
bilirdik ki, bu münaqişə müvəqqətidir. Fikirləşirik
ki, tezliklə Moskva ermənilərə yerlərini göstərəcəklər.
Nə bilərdik ki, müsibətli günlərimiz
qabaqdadır, başlayan münaqişə müasir silahlarla
şiddətlənərək, Xocalı boyda faciə
başımıza gələcək, Şuşa kimi göz bəbəyimiz,
Laçın, Kəlbəcər, Ağdam kimi qeyrət
qalamız yağı düşmən tərəfindən
işğal ediləcək, hərəsi bir orduya əvəz
oğullarımız vətən yolunda, torpaq uğrunda şəhid
olacaqlar!..
1989-cu ilin sentyabr ayı idi. Allahverdi ilə oturub
çay içirdik. Bizə bir nəfər
yaxınlaşdı. üzünü
Allahverdiyə tutub dedi: "Gizli özünümüdafiə
dəstəst yaratmışıq, lakin ermənilərlə
vuruşmağa patron tapa bilmirik". Allahverdi öz pulu ilə
850 ədəd patron alıb həmin adama verdi
ki, təki siz kişi kimi vuruşun, nə kömək
lazımdır, biz edəcəyik.
***
Qarabağ hadisələri
başlayanda Allahverdi ilə Eldarın səsinə minlərlə
adam səs verdi. Heç 2-3 saat keçməmiş,
meydana 20 mindən artıq adam
yığıldı. Ağdamda ilk batalyon
yaradıldı. 790 nəfərlik milli
ordu. 1991-ci il oktyabrın 4-də
yaradılmış batalyona cəsur komandir Şirin Mirzəyev,
Eldar Bağırov adına batalyona isə Allahverdi rəhbərlik
edirdilər. çoxlu sayda uğurlu
döyüş əməliyyatları keçirildi. Əsgəran neft bazası partladılanda ermənilər
vahiməyə düşdülər. Halbuki
Allahverdi ora üç nəfəri - Nadir Cəfərovu, Asif
Məmmədovu, bir də "Qəmlo" təxəllüslü
Füzulini göndərmişdi.
Allahverdinin ən böyük mərdliyi, cəsarəti
Xocalı faciəsi günlərində üzə
çıxdı, Qaraqaya istiqamətindən döyüşə
atıldılar. Əliyalın əhalini ölümdən
qurtarmaq üçün qarlı-çovğunlu günlərdə
döyüşə atıldı. Ağdam
300 şəhid verib, yüzlərlə adamı xilas etdi.
O günlərdə Allahverdi dağlar qartalına bənzəyirdi.
Amansızlıqla, vəhşiliklə qətlə
yetirilmiş yüzlərlə insanın cəsədi məhz
onun köməyi ilə düşmən əlindən
alındı, itkin düşən axtarılıb
tapıldı.
Yüzlərlə əsir
götürülmüş insan onun köməkliyilə geri
alındı. Cəsədləri Ağdam
məscidində kəfənə bükülüb torpağa
tapşırır, əsirləri sahiblərinə təhvil
verirdi. O vaxt hamı Allahverdiyə müraciət edirdi,
ondan kömək istəyirdi. O, 1003 nəfəri əsirlikdən,
700-ə qədər cəsədi düşməndən xilas
etdi. Bütün bunların əvəzində isə onlara 32
erməni əsiri, 40 "boyevik" meyiti verdi.
Həyatını təhlükə altına
qoyaraq ermənilərin içərisinə
danışıqlara gedirdi və ona bu işdə
silahdaşları Zahid, Elman, Əkbər köməklik edirdilər.
Bacısı
Almaz xanımın dediklərindən:
-
Allahverdi dörd gün idi evə gəlmirdi. Ayaq
üstə güclə dayanırdı. Yüyürüb
qucaqladım. üz-gözü, əlləri,
paltarı qan içində idi, çətinliklə yeriyirdi.
Dedi ki, qorxma, cəsədlərin qanıdır. Evə apardım, ayaqları şişdiyi
üçün ayaqqabıları kəsib
çıxartdım, əl-ayağını isti suya qoydum.
İnildədi, dedi ki, qorxma ağrı deyil,
gördüyüm müsibətlər məni inildədir.
İki-üç saatdan sonra dedi ki, maşın
çağır, məni aparsın. Dedim, Ali qurban olum, yat,
dincəl. üzümə sərt
baxıb, qəzəblə "nəə" dedi. O qəzəbli
"nəə" hələ də qulaqlarımdan getmir. Yəni demək istəyirdi ki, millətin bu müsibətli
günlərində necə yatım, dincəlim?!
***
İndi
görəsən, erməni əsirliyindən
aldığı o 1003 nəfərdən heç olmasa 10 nəfəri
Allahverdini xatırlayırmı, ildə bir dəfə ona
Quran oxutdururmu? çətin! Xatırlasalar, biri Xocalı soyqırımı günü
telekanallarda adını çəkər. Tək bir dəfə
televiziyada operator işləmiş (o da Xocalıdan deyildi) bir
nəfə dedi ki, bütün Azərbaycan xalqı Allahverdi
Bağırova minnətdar olmalıdır ki, o vaxt cəsədləri
yığanda ermənilərlə danışıqlar
aparıb, video-çəkilişə razılıq
aldı". İndi dünyaya Xocalı
soyqırımını sübut etmək üçün sənədlər
var.
Yaxşı
xatirimdədir, 1992-ci il iyun ayının
10-da Allahverdi, Söhrab, Mehman və mən Bakıdan Ağdama
qayıdırdıq. Bakıdan tezdən
çıxmışdıq. Ucar rayonunun ərazisində
yol kənarındakı bir yeməkxanaya döndük. Allahverdinin tanışlarının yeməkxanası
idi. Oturmaq istəyirdik ki, onlardan biri dedi: "Ali, xəbərin
var, deyirlər, ermənilər Ağdama
girib?" çay
içmədən maşına oturduq. Maşını
Mehman sürürdü. Allahverdi tez- tez
qışqırırdı: "Mehman, bərk sür, fikirləşəcəklər
ki, Allahverdi ermənilərin Ağdama girəcəyini
bilirmiş, ona görə Bakıya gedib".
Çatdıq
Yevlaxa. Orda soruşdu ki, Ağdamdan nə xəbər?. Dedilər, heç nə
bilmirik. Bərdədə də belə.
Çatdıq batalyonun yerləşdiyi Ağdam
50 saylı texniki peşə məktəbinə. Allahverdinin qapqara qaralmış sifəti
açıldı. Mən orda gördüm ki, Allahverdi
Ağdamı necə sevirmiş!.. Bu da Allahın qismətidir. Biz o
yolu təcili gəlməliymişik. Allahverdi vətən
yolunda, Ağdam uğrunda ölümə tələsirmiş,
Tanrı yazısıdır, ondan qaçmaq olmaz!
Ən
böyük hərbi uğuru 1992-ci il
iyunun 12-də Aranzəmin, Naxçıvanik döyüşlərində
oldu. O döyüşlərdə Allahverdi bütöv bir
batalyonun işini görmüşdü. Naxçıvanik
kəndində düşmənin bütün canlı qüvvəsi
və texnikası darmadağın edilmişdi. Cavanşir Cəfərovun rotasının Əsgərana
qədər gedib çıxdığını görən
Tərlan Musayevin rotası Pircamal kəndindəki yüksəkliyi
ələ keçirərək, Kətik kəndi ilə
üzbəüz mövqe tutmuşdu. Qəbələyə
lap az qalırdı. Elə bu vaxt...
Elə bu
vaxt alınmış kəndlərdən Ağdama
qayıtdığı yerdə, Naxçıvanik, Aranzəmin,
Dəhraz, Kətik, Mirikənd əməliyyatı uğurla (cəmi
4 saat) başa çatdığı gün "UAZ-469"
markalı maşın minaya toxunaraq partladı. Allahverdi
sürücüsü Əmir Mirzəyevlə birlikdə
şəhid oldular. Ən böyük
arzusu öz əli ilə üçrəngli bayrağımızı
Xankəndinə sancmaq idi.
1993-cü
il fevralın 24-də Allahverdi
Bağırova Azərbaycanın Milli Qəhrəmanı fəxri
adı verildi.
19 ildir ki, Allahverdi cismən aramızda yoxdur. Həmişə deyərdi
ki, kim hara gedir-getsin, mən Ağdamda
qalacağam. Doğurdanda o, torpağı
çox sevdiyi üçün orda qaldı. Yaşasaydı, bu gün 65 yaşı tamam
olardı. Bəs bu 17 il
Ağdamsız yaşaya biləcəkdimi, arxayın nəvələrinin
əlindən tutub, parklarda gəzəcəkdimi? Yaşasaydı, erməni Ağdamı işğal
edə biləcəkdimi? Bunlar cavabı bəlli
olmayan suallardır.
***
Həmişə deyərdi ki, ermənilər mənim
meyitimin üstündən keçib Ağdama girə bilərlər. Ermənlər
Allahverdinin meyitinin üçtündən keçə biləcəkdimi?
Fakt budur ki, Allahverdi cismən yoxdur. Amma ruhu həmişə bizimlədir.
Qeybdən,
sonsuzluqdan Allahverdinin səsi gəlir qulağıma:
"Günəş kimi mənəm çıxan, ağ
qanadlı şəlalə kimi mənəm axan, mənəm
iki çeşmə olan, sonu gəlib dəryaya
çıxan. Külək kimi əsən mənəm,
gündə dəmir çarıq geyib, neçə mənzil
gəzən mənəm. Sizi daim sevən
mənəm, sizdən bezən, küsən mənəm.
Vüsalın od köynəyində yada
salın - mən də varam. Ayrılığın
ağrılarında yada salın - mən də varam. Yer büdrəsə, dava görmüş bir
cavanın çəliyində yada salın - mən də
varam. Nəvə dartsa bir qarının ətəyindən
yada salın - mən də varam".
Əsl insan odur ki, ölümündən sonra da hər
yerdə olsun, yeri görünsün.
Allahverdi
46 illik ömrünü kişi kimi, mərd
yaşadı. Heç kəsə əyilmədi.
Müharibədə bir ordunun görə bilmədiyi
işi gördü.
Əsgər
kimi, döyüşçü kimi, komandir kimi, milli qəhrəman
kimi, dost, qardaş kimi haqqın bütün haqlardan
üstündür, Allahverdi Bağırov!
Surxay Əlibəyli
Təzadlar.- 2012.-
21 aprel.- S.15.