"Bey pervım, Fred"
Yaxud, cənnətdən gələn
üç göyərçin nağılı
"Müharibədə insanlar
üç yerə bölünür: bir hissə torpaq
uğrunda vuruşur, digəri intervü verir, bəziləri
isə tankın üstündə şəkil çəkdirir"...
Bilmirəm niyə, amma mənə elə gəlir ki, bu
sözlər Qarabağ müharibəsinin şəklidir.
Fırçasız çəkilən şəkli.
Tökülən qanları, şəhid məzarları,
itirilən torpaqları, qəhrəmanlıqları və
satqınlıqları ilə birlikdə. Onun müəllifi
Fred Asif isə sadəcə torpaq uğrunda döyüşənlər
üçün fanat və nümunə... Bəlkə də
ona görə ki, o, tankın üstündə şəkil
çəkdirənlərdən və müsahibə verənlərdən
deyildi. Sadəcə, vuruşanlardan idi və buna görə də
heç bir təmənna güdmürdü. "Bütün
həyatım torpağa bağlılıqdan və milliyyətindən
asılı olmayaraq əsl insana kişi sevgisindən ibarət
olub. Millətə dönə-dönə "sizi sevirəm,
sizə mənim canım qurban" deməklə onu sevmək
olmaz. Əsl millət sevgisi odur ki, onu öz torpağında əsl
insan kimi yaşatmağa can atasan".
Bəlkə də belə təzadlı
taleyi yalnız o yaşaya bilərdi. Onun özü də
yaşadığı taleyi heç kimə arzulamazdı.
Hamı onun şəxsiyyətinə həsədlə
baxardı. Amma heç kim onun yaşadıqlarını
yaşamaq istəməzdi. Ta əvvəldən
haqsızlığa qarşı nifrəti vardı və bu
nifrət onun həyat yolunu müəyyənləşdirmişdi.
Sonadək şərəflə daşıdığı Fred
adı kimi... Ad insanın həyat yolunu bu qədər müəyyənləşdirərmiş...
Bəlkə də elə buna görə əsgərliyə
gedən gün gözləri qabağında kiminsə
haqsız döyülməsinə dözə bilmədiyi
üçün həbsxana taleyi yaşamalı oldu.
Fred Asifin - Azərbaycanın Milli Qəhrəmanı
Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov
xatırlayır: "Mən Asifdən 9 yaş balacayam. Həmişə
deyərdi ki, pulunuz yoxdursa, şəxsiyyəti, mənəviyyatı
qorumağa güc lazımdır. Ona görə də bizi
idmana yönəltmişdi. Cavan yaşlarından özü də
idmanla məşğul olurdu. Həmişə də zərbəni
əlinin içi ilə vururdu. Həmin illərdə məşhur
"Bey pervım, Fred" filminin qəhrəmanı da Asif
kimi döyüşürdü. Ağdamda Es Kamal kimi
tanınan dostu vardı. O deyib ki, Asif, bax, o da sənin kimi
döyüşür. Bundan sonra hamı onu "Fred"
çağırmağa başladı.
Oktyabrın 31-də əsgər gedirdi.
Axşamtərəfi dostları ilə Ağdamı gəzib,
sonuncu dəfə həmin kinoya baxmaq istəyiblər.
çıxanda Asif görür ki, 3-4 nəfər
yığışıb Qasım adlı oğlanı
döyür. Buna dözə bilmir və davaya
qarışır. Asifi skamyanın ağacları ilə
vurmuşdular, amma o, daha qüvvətli zərbə
endirmişdi, birinin dişi tökülmüşdü, birinin
burnu qırılmışdı. Həmin 3-4 nəfər pul
verdi, canlarını qurtardılar. Bizdən də 2500 manat pul
istədilər. Pulumuz olmadı verməyə. Asifi tutdular. 2
il iş verdilər Asifə. 8 ayını yatdı, ondan sonra
işini məcburi əməklə əvəz elədilər.
Dərnəgüldə yataqxanada qalırdı. İş
yerindən harasa gedəndə təcili yardım
maşını bunu vurmuşdu, əslində günah təcili
yardım maşınında olmuşdu, amma üstündə
artıq dustaq damğası olduğundan yenə də Asifi
tutdular, 3 il 8 ay iş verdilər. Yenə də pul istədilər.
Atam dükanda işləyirdi, gətirdi 4 min manat verdi. Asifi
buraxmadılar. üstəlik, atamı da tutdular. Bilirdilər
ki, 4 min veribsə, demək, dükanda əskik var. O zaman sanki
həyatımız birdən-birə dağıldı. Brejnevə
qədər yazdıq, Asifin günahsız olduğunu, 11
uşaq olduğumuzu əsas gətirdik. Atamın işini
azaldıb 4 il 6 ay elədilər. Amma olan olmuşdu. Asifin həyatı
alt-üst idi...
***
80-ci illərin sonunda həbsxanadan
qurtardıqdan sonra getdi Moskvaya. Orada yaxşı dostları
vardı. Bir az qaldı, müalicə olundu, tam sağlam
qayıtdı Ağdama. İmarətdə ona bir restoran tikdilər.
Həyat bizim üçün yenidən başlayırdı.
Biz də böyümüşdük, əlimiz çörəyə
çatmışdı. Təzə-təzə
özümüzə gəlirdik ki, Qarabağ hadisələri
başladı...
***
...Bəlkə elə bu təzaddan idi ki, həbsxana
qanunlarının fövqündə duran və əmri dinlənilən
Asifi adi bir yarpağın titrəməsi belə kövrəldə
bilərdi. Qarabağ müharibəsinin qəhrəmanı və
xoş avazı, gözəl şeirləri olan adi bir insan.
Tanrı onun qoluna güc və ürəyinə ilahi bir ədalət
vermişdi. Bir dəfə bacısından soruşmuşdu:
"Bilirsən, hava niyə belə təmizdir? Çünki
hələ pis adamlar yuxudan oyanıb nəfəsini havaya
qatmayıb. Hələ heç kim qarğış etməyib.
Hələ yalandan and içilməyib. Hələ biri yeyib,
biri baxmayıb..."
Ürəyinin səsinə həmişə
qulaq asırdı və bu səs onu Asif Məhərrəmovdan
"Fred Asif"ə çevirdi. Qarşıda isə
Qarabağın müdafiəsi vardı...
Xalq Cəbhəsi yarananda Asif bildirdi ki, sədr
kim olur-olsun, amma məqsəd ermənilərə qarşı
mübarizə olsun, kolxoz sədri dəyişmək bizim
işimiz deyil. Fikirlər haçalandı. O zaman Asif "Haqq
cəbhəsi"ni yaratdı.
Əvvəlcə 5 avtomat olub "Haqq cəbhəsi"ndə.
Sonradan avtomatlarımızın sayı 17-yə, daha sonra 34-ə
çatdı. Elə olub ki, 34 silahla 80 nəfər
döyüşə getmişik. 92-ci il yanvarın 31-də
Xramortu alanda. Hamı çaşıb qalmışdı ki,
neynəyək, silah yoxdu. Asif deyirdi ki, hər silahın
böyründə 3 adam olsun. Birinə güllə dəysə,
o biri götürsün. Hamı da razılaşdı.
Uşaqlar döyüşə bir dənə qumbara ilə
gedirdi. Bu, komandirə olan inamdan irəli gəlirdi. O
döyüşdə bir maraqlı məqam da olmuşdu. Asif xəstə
idi döyüş vaxtı, hava da möhkəm soyuq idi, sulu
qar yağırdı, yer də palçıq idi, O, kürklə
irəliləməkdə çətinlik çəkdiyindən
onun kürkünü dostu Adil geyinir. 3 dəqiqədən
sonra onu kürəyindən vurdular. Elə bildilər Asifdir.
Xoşbəxtlikdən Adil sağ qaldı. O vaxt belə təxribatlar
da çox olurdu.
***
Aranzəmini alan zaman Asif maraqlı taktika
qurmuşdu: artilleriya atəşi vaxtı kəndə girmək.
Axı artilleriya atəşi vaxtı düşmən
sığınacaqda gizlənir. Asif oturur maşına ki,
sür kəndə. üç nəfər olurlar: Asif, dostu
Adil, bir də sürücüsü Cəbi.
Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı
Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən
kəndi müşahidə edir, əməliyyat fikirləşirmiş.
Görür ki, bir UAZ atəş altında girdi kəndə.
Atəş dayanan kimi batalyon da getmişdi dallarınca. Bir dənə
BMP, 6-7 avtomat götürdülər. Ermənilər qoyub
qaçmışdı. Batalyonun itkisiz kəndə daxil
olduğunu görən Azərbaycanın Milli Qəhrəmanı
Şirin Mirzəyev deyir: "Bu hərəkəti ancaq fanat edə
bilərdi".
***
O heç vaxt qardaşları ilə əsgərlərə
fərq qoymurdu. Bir dəfə Asifə deyiblər ki, balaca
qardaşım Səxavət yoxdu. Rəhmətlik çingiz
Mustafayev hələ sağ idi. O xəbər gətirmişdi
ki, orda bir oğlan vurmuşdular, dedilər, Fredin
qardaşıdır. Güllə ağzından dəyib. Gəldim
ki, ay Asif, Səxavət yoxdu. Əsgərləri göstərib
dedi ki, onlar sənin nəyindi? Dedim ki, əsgərlərdi.
Dedi ki, "əsgərlər yox, qardaşın. Dava
meydanında hər kəs öz əzizini qorumaqla məşğul
olsa, heç vaxt qalib gəlmək mümkün olmaz.
ölüb, Allah rəhmət eləsin, qalıb, Allah şəfasını
versin. Səxavət də o qardaşlarımızdan
biridir".
"Müharibə qələbə
gününə qədər ürəyimizə daş
bağlamağı tələb edir, düşmənə nifrət
müqəddəs hissdir" fəlsəfəsi var idi Asifin.
Amma bu fəlsəfənin içində bir ayrı fəlsəfə
də vardı. İnsanlıq fəlsəfəsi. "İlahi,
atılan mərmilər kaş ki, uşaq, qadın və
qocalardan yan keçəydi. Əsir düşmüş əsgərə
işgəncə verməyin. İllah da yaşı
altmışı ötmüş qocaya, qadına.
Döyüşçüyə qarşı
döyüşün".
Fred Asifin tabeliyində olan əsgərlərə
münasibətdə qəribə özünəməxsusluqları
vardı. Hərbi qaydaların tələb etdiyi qədər sərt,
böyük qardaş qədər qayğıkeş. Çətin
döyüş qabağı hamıdan soruşardı ki, bəlkə
kiminsə bir narahatlığı var, bəlkə kiminsə
evdə xəstəsi var, bəlkə kimsə özü xəstədir.
Amma bununla belə, onun yanında döyüşdən geri qaçmağı
kimsə ağlına gətirə bilməzdi. Ağır
döyüşlərdən birində geri qaçan
üç-dörd gənci Asifin "Hara
qaçırsız?" sualı saxlayır. "Deyirsən
havayı ölək?" sualının cavabını Asifin
özü yox, şilləsi verir. Döyüş başa
çatandan, erməni geri çəkiləndən sonra Asif
geri qaçan oğlanı çağırıb deyir:
"Görürsən, bu qələbədə sənin də
payın var".
1992-ci ildə qəzetlərə verdiyi
müsahibədə isə deyirdi: "Mən realistəm. Əgər
qüvvələrimizi vahid komandanlıq altında birləşdirə
bilsək, qələbə bizimdir". Amma qüvvələrimizi
birləşdirə bilmədik. Bu reallığı
yaşamaq Asif üçün həddən artıq
ağrılı oldu. O, bircə bunu edə bildi ki,
bütün siyasi qruplaşmalardan kənarda qaldı və
yalnız bir düşmənə - erməniyə
qarşı döyüşdü...
"Biz sənin haqqında dərindən-dərinə
düşünüb doğru qərara gəlməyə bir
millət olaraq nə qədər də gecikmişik". Vətən
haqqında deyirdi bu sözləri. "Mən həmişə
milli mənsubiyyətim ilə fəxr etmişəm. Amma indi
fikirləşirəm ki, bizə nə olub? Axı niyə biz
ermənilərin qarşısında dayana bilmirik. Siyasi oyunlar
mane olur. Şəxsi mənafelər mane olur. Erməninin
qarşısında dayana bilmirik, amma Milli Qəhrəmanlarımızın
sayı da gün-gündən artır. Bax, bunu qəbul edə
bilmirəm".
Bəli, Fred Asif bütün bunları qəbul
edə bilmirdi. Ona Milli Qəhrəman adı veriləndə bu
addan imtina etməklə, o, baş verənlərə etiraz
edirdi.
"Biz dəfələrlə
Naxçıvanik, Ağbulaq, Yeddi Xırman, Fərrux,
Daşbaşı kimi yüksəklikləri əsgərlərimizin
qanı bahasına ələ keçirmişik. Sutkalarla
ac-susuz orada kömək gözləmişik. Heç bir
kömək gəlməyib. Döyüşdə rəşadət
göstərən döyüşçülərimiz
heç vaxt lazımi qaydada stimullaşdırılmayıb.
Şellinin bir neçə məntəqəsi alınanda 4 nəfərimiz
həlak oldu. Bu vaxt döyüşən uşaqlara təltif
vermək əvəzinə, bizdən izahat istəyirdilər
ki, niyə icazəsiz döyüşdə iştirak etmisiniz.
Bütün bunlar döyüşçülərimizin əzmini
qırmaq üçün idi. Günahkarları qəbir və
torpaq sahibləri içində axtarmazlar. Gecə səhərə
qədər səngərdə erməniyə qarşı
döyüşən adamları, oğlunu, qızını,
qolunu itirənləri Yaqubu ("Qatır Məmməd" ləqəbi
ilə tanınan Yaqub Rzayevi nəzərdə tutur - K.Q.),
Vaqifi, çingizi satqın kimi qələmə verməyə
çalışırlar. Bu şərəfsizlikdi,
allahsızlıqdı". Asif bütün bunları qəbul
edə bilmirdi...
1992-ci il iyunun 28-də döyüşdən
qayıdanda ermənilər qumbaraatanla vurmuşdular,
maşını aşmışdı. Asifin ağ ciyəri ciddi
zədələnmişdi. Ağzından qan gəlirdi. Milli Qəhrəman
adına təqdimatı onda yazdılar. 3 gün Ağdamda
saxladılar. Dedilər, yola çıxmaq olmaz. Sonra Bakıda
müalicə olundu, qayıtdı Ağdama...
Asif 1993-cü il iyulun əvvəlində
Heydər Əliyevin qəbuluna girmişdi Ağdam ictimaiyyətinin
nümayəndələri ilə birlikdə. O zaman ən uzun
çıxışı o eləmişdi, 45 dəqiqə
Ağdamdakı vəziyyətin
ağırlığını
çatdırmışdı. İyulun 15-də "Qatır
Məmməd" həbsxanada rəhmətə getdi.
İyulun 17-də Heydər Əliyev Asifi bir də
çağırtdırdı yanına. O zaman
narahatçılıq vardı ki, Bakıda təxribat
hazırlanır. O vaxt 3 saat söhbət eləmişdilər.
Asif bildirib ki, nə mən, nə də mənim ətrafımdakılardan
heç kim bu işlərə qarışmırıq.
***
Ağdam işğal olunanda Asif xəstəxanada
idi. Uzun illərin həbsxana və səngər həyatından
sonra "qazancı" olan xəstəliklə əlbəyaxa
mübarizədə idi. "Bir Allah şahiddir ki,
başqaları kimi necə istəsəm elə
yaşayardım. Amma mən o yolu yox, kişi kimi
yaşamağı üstün tutdum. Kasıb yaşadım və
günlərin birində elə bu halımla da öləcəyəm.
Heç kimin yanında xəcalətli deyiləm.
Qardaşlarım üçün bir gün də
ağlamadım. Bəyan etmişəm ki, döyüşdə
ölsəm, məni erməni əsirinə və ya meyitinə
dəyişməsinlər. çünki ora da mənim öz
torpağımdır".
"Asif qız götürüb
qaçmışdı o vaxt, amma toy edə bilməmişdi.
1989-cu ildə deyirdi ki, iki qardaş toyumuzu bir yerdə eləyərik.
O vaxt Moskvadan toy üçün hər şey
almışdım. Sonra 20 yanvar oldu, sonra Qarabağda
müharibə başladı... Asifin toyu qaldı. Mən isə
1999-cu ildə 39 yaşımda evləndim".
***
İndi Asifin iki yadigarı var. Biri oğlu
Azərdi. Adını özü qoyub. 34 yaşı var. 3 dəfə
qol yarışı üzrə Avropa, dünya çempionu
olub. Azərbaycanda işə düzələ bilməyib.
Hazırda Rusiyada yaşayır.
Asifin ikinci yadigarı adıdır. Bu
adı indi qardaşı Ədalətin oğlu balaca Fred Asif
yaşadır.
***
Asif Məhərrəmov Azərbaycandan kənarda
vəfat etdi. Səhhətinin pis olduğunu görən
yaxınları onu Yaltaya - müalicəyə apardılar.
Oraya çatar-çatmaz vəziyyəti pisləşir. Və
son... Amma yox, bu, son deyildi. Onun dəfni hər bir azərbaycanlı
üçün ancaq ibrət ola bilər. Hərbi orkestrin
himni, döyüş dostlarının yaylım atəşləri,
məzarın üstündə dövrə vuraraq enən
üç göyərçin...Bəlkə də bu həqiqətə
çoxları inanmayacaq. Amma yəqin ki, behişt elə bu
deməkdi....
Kəmalə
Quliyeva
Təzadlar.- 2012.-
24 aprel.- S.13.