"Musiqi ilə
məşğul olanda elə bil tərki-dünya oluram"
Rasim Ələsgərov:
"Adlı-sanlı sənətkarların lent
yazılarına qulaq asanda
onların buraxdığı səhvləri belə
görürəm"
Onu çoxları tanıyır. Balaban,
zurna ustası Rasim Ələsgərov Şamaxı rayonunun Məlhəm
kəndində doğulub. Sənəti isə qamışdan
düzəltdiyi balabanlarda öyrənib. Musiqi təhsili olmasa
da, qeyri-adi istedad sahibi olan Rasim Ələsgərov musiqinin sirlərinə
çox dərindən baş vurub. Hazırda əməkdar
artistdir. O, ölkənin hüdudlarından kənarda da
balabançı kimi Azərbaycanı layiqincə təmsil
edir. Sənəti ilə insanlığı vəhdət təşkil
edən bu insan xaricdə ailə üzvülərindən ibarət
"Şirvan folklor" ansamblı ilə ölkəmizi təmsil
edir, orden və medallara layiq görülür. Onun imkansız
adamların toylarında təmənnasız iştirak etməsi
Şirvan mahalında hörmətini daha da yüksəldib.
Bu xeyirxah insanın qapısını
açan oradan ümidlə qayıdır. R.Ələsgərovun
türkəçarələri də onu məşhurlaşdırıb.
Dərman otlarının köməyi ilə insanlara şəfa
verən R.Ələsgərov deyir ki, otları mövsümdə
özü yığır, qurudur və ondan təmənnasız
şəfa istəyənlərə verir. Onun təklif etdiyi
otlar böyrək daşlarının düşməsinə,
mədə-bağırsaq, qurd, öskürək, qarın
sancıları və oynaq ağrılarını aradan
qaldırır. Onunla söhbət zamanı ilk sualım belə
oldu:
- Siz sənətə necə gəlmisiniz?
- Bizim babalarımız, atam, əmilərim,
demək olar ki, sayılıb-seçilən sənətkarlardan
olublar. Həm aşıq sənətini, həm də
muğamı çox dərindən mənimsəyiblər.
Onu da deyim ki, bu sənət bizə Allah tərəfindən bəxş
edildiyinə görə onun sirlərinə də elə
Allahın köməyi ilə yiyələnmişik. Bəzən
elə olur ki, adlı-sanlı sənətkarların lent
yazılarına qulaq asanda onların buraxdığı səhvləri
belə görürəm. Musiqi ilə məşğul olanda
elə bil bu dünyadan tərk oluram, hətta ətim kəsilsə
belə xəbərim olmaz. Təəssüflər olsun ki, bəzi
sənətkarlar toylardan çıxanda oturduqları
stulların altından ancaq araq şüşələri
çıxır. Belə hallar isə sənəti və sənətkarı
gözdən salır. Halbuki sənətçinin çay
içdiyini belə məclis iştirakçıları
görməməlidir. Yəni sənətlə olan hörmət
həmişə qorunmalıdır.
- Toylara çoxmu gedirsiniz?
- Bilirsiniz ki, sənətkarı el
dolandırır. Ancaq mən hansısa sənətkarın
yanına çağrılmamışam. Mən öz
aparacağım toylara dəvət olunuram. Kimsə toy
üçün qiymət danışırsa, gərək
camaatı da başa düşsün. Bizim xalq sənətkara
qiymət verməyi bacarır. Ona görə də xalqı gərək
zərbə altında qoymayasan. Elə olur ki, getdiyim yerdə
körpəsinin əlindən tutub gələn bir ailə məni
salamlayır və mən toyunu etdiklərimin yanında
körpələri görəndə çox fərəhlənirəm.
Bu, mənə maddiyyətdən çox-çox önəmlidir.
- Ansamblınızın üzvlə barədə
nə deyə bilərsiniz?
- Bizim ansambl
əsasən ailə ansamblıdır. Oğlanlarım və nəvəmdən ibarətdir. Mən ansamblıma
hər adamı da götürmürəm.
Ansambla qəbul edəcəyim şəxs yüksək mədəniyyətə, əxlaqa
sahib olmalıdır. Axı biz hər
gün xalqın gözü önündəyik,
gərək qüsurumuz
olmasın.
- Sənətinizi indi ailədə davam etdirən varmı?
- Demək olar ki, oğlanlarım
və nəvələrim
hamısı sənətimin
davamçılarıdır. Oğlanlarım Rəhman,
Aqşin, Müslüm,
Samir artıq kamil sənətkardırlar.
Onlarla lent yazıları
var ki, radio-televiziya arxivlərinin bəzəyidir. Samirin qarmon çalmağını
tanınmış sənətkarlarımız
çox yüksək
qiymətləndirirlər. O da müxtəlif ansambllarda çıxış
edir. Əgər o, sənətdə kamil olmasaydı, oğlum yox, lap gözümün işığı olsaydı,
ona güzəştə
getməzdim. Gərək ortada sənət
olsun ki, mən razılaşa bilim.
Mən ailədə kiminsə
əlindən tutub sənət öyrətməmişəm. Hamısı
bu sənəti özləri mükəmməl
şəkldə mənimsəyiblər.
Nəvəm Ələsgərov Fəqanın 6 yaşı
olanda baxdım ki, qamışı yonub balaban düzəldir.
Mane olmadım. İnanın,
o, sərbəst şəkildə
bu sənəti öyrəndi. Bunu kəndimizdə
və Şamaxıda hər kəs bilir ki, bizdə
sənət bir vergidir. Nəvəmlə televiziyalarda duetlərimiz
də çox olub. Yüksək səviyyədə qarşılanıb. İndi də,
maşallah olsun, artıq bir yerdə toylara gedirik, dövlət tədbirlərində iştirak
edirik. Bunu görən Bülbül adına Musiqi
Məktəbinin direktoru
Nigar xanım mənə telefon açıb xahiş etdi ki, uşaq
onun məktəbində
təhsil alsın. Hazırda orada oxuyur.
- Tanınmış adamların toylarına dəvət alırsınızmı?
- Biz toylara əsasən bir yerdə gedirik Böyük şairimiz Zəlimxan Yaqubun oğlunun da toyunu bizim ailə
ansamblı aparıb. Belə faktlar çoxdur, sadəcə, şairimizin
adını çəkdim.
Biz nəinki Azərbaycanda,
dünyanın bir çox ölkələrində
konsertlərimiz olub.
İfa etdiyimiz zurna, yastı balaban, qarmon, qoşa nağara və nağara çox bəyənilib. Xalqların dillərı
müxtəlif olsa da, musiqinin dili
yoxdur, o eşidilir və dilimizi bilməyən xalqlar belə onu duya
bilirlər. Bu alətlərdə hansı
xalqın nümayəndəsi
ifa edirsə-etsin səs və ton eynidir. Ancaq bunu bizlərdən
yaxşı ifa edən yoxdur, ona görə də bu alətlərin
bizim milli alətimiz olmasını qan yaddaşımız bir daha təsdiq
edir.
- Lent yazılarınız varmı?
-
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın göstərişi
ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən radio
arxivlərində yoxlama aparıldı və
məlum oldu ki, xalq artistərinin, əməkdar artistlərin ən
çox 10-12 lent
yazısı saxlanılır. Ancaq qızıl fondda
mənim 64 ədəd musiqim var. Başqa izaha ehtiyac duymuram.
- Rasim müəllim, evdə müntəzəm musiqi ilə məşğul olmaq
kənardakıları narahat etmirmi?
- Qonşulardan soruşa bilərsiniz.
Qətiyyən evdə musiqi ilə məşğul
olmuram. Birincisi, heç kəsi narahat etmək
istəmirəm. Qonşularda ola bilsin ki,
xəstə var, məktəblilər dərs
hazırlayırlar və s. Heç işdə də məşq etmirəm.
Mən hər bir havanı beynimdə
cızıb ifa etmişəm və bu gün də belədir.
Mən uşaqlıqda yaxşı muğam
oxumuşam. İndi də
yaxşı səsim var. Ancaq
sənətkar kimi uğuru
zurna-balabanda tapmışam. Təəssüflər
olsun ki, bu gün musiqimizi
istənilən sahədə korlayanlar televiziya ekranlarından düşmür.
Bu, bir sənətkar kimi mənə pis təsir
edir.
- Yeni musiqiləriniz varmı? Təbii ki, zaman keçəcək,
siz də yaşlanacaqsınız, o zaman sənətinizi kimə
əmanət edərdiniz?
- Sənətkarlar
həmişə axtarışda olur. Mən
də hər gün beynimdə yeni ifaların axtarışındayam.
Qaldı ki, sənəti kimə əmanət
etməyim, seçə bilmərəm, əminəm ki, övladlarım və nəvələrim sənətimi
layiqincə davam etdirəcəklər.
Artıq balaca Rasim də
böyüyür. Yəqin ki, babasının adını şərəflə
daşıyacaq.
- Şamaxıda
məktəb açmaq istərdinizmi?
- Bu, mənim yaralı yerimdi.
Bildiyiniz kimi, ölkəmizin
birinci xanımı musiqi
mədəniyyətimiz üçün çox böyük
işlər görüb və bu işlər bu gün də davam etməkdədir.
Bu barədə lazımdır ki, rayon rəhbərliyi səviyyəsində
Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ
qaldırılsın. Təəssüflər olsun
ki, bu təşəbbüslə
hələlik çıxış edən yoxdur.
Əlbəttə ki, belə bir məktəb olsa, bu sənətin çox
gözəl davamçıları yetişər. Bu isə bizim gələcəyimiz
deməkdir. Bildiyiniz kimi,
düşmənlərimiz hər bir sahədə
tariximizi oğurladıqları kimi, musiqimizi də
özününküləşdirməyə
çalışırlar. Ancaq biz bu sənəti nə qədər
gənclərimizə mənimsətsək, gələcəkdə
tutarlı faktlarla hər kəsi susdura bilərik. Bu, vacib məsələdir. Bəlkə bu təşəbbüsü elə "Təzadlar"
qəzeti irəli sürsün?!
***
Biz qəzet olaraq
gözəl balaban ustası Rasim Ələsgərovun təklif və arzusunu mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin diqqətinə
çatdırırıq. Əminik ki, nazir bu barədə aidiyyəti
qurumlara tapşırıqlarını verəcək.
Allahverdi DÖNMƏZ
Təzadlar.- 2012.- 26 aprel.-
S.11.