"Əli Həsənovun o qədər
gözəl yoldaşlığı var ki..."
Sona Vəliyeva: "Mən bunu
heç vaxt deməmişəm, ilk dəfədir deyirəm. Mənim
ailəmdə kişi şəxsi keyfiyyətləri ilə
mütləq hamımızdan yuxarıda durmalıdır"
"Təzadlar" "Kaspi" qəzetinin
rəhbəri, Milli Teleradio Şurasının üzvü Sona
Vəliyevanın "Qafqazinfo"ya verdiyi müsahibəsini təqdim
edir:
- Sizi "Kaspi" qəzetinin rəhbəri,
şairə, ictimai xadim, Milli Teleradio Şurasının
(MTRŞ) üzvü kimi tanıyırıq. Həmçinin
bu siyahıya ana və nənə olmanızı da əlavə
etsək tamamlanar. Bəs sizə bu sadaladıqlarımızdan
hansı daha yaxındır?
- Düşünürəm ki, söz
adamı olmaq mənə daha yaxındır. Çünki mənim
poeziya yaradıcılığım,
sadaladığınız keyfiyyətləri əldə etməmişdən
öncə, hələ məktəbdə 4-cü, 5-ci sinifdə
oxuyarkən başlayıb. Elə o vaxtdan sözlə dost
olmuşam. Hesab edirəm ki, o səpki mənə daha
yaxındır və ilk dəfə mətbuatda məni
şeirlərim tanıdıb və onlar mənə daha
çox əzizdir.
- Siz həm "Kaspi" qəzetinin rəhbəri,
həm də MTRŞ-nin təmsilçisisiniz. MTRŞ-dən
mətbuata baxmaq necə hisdir və ya mətbuatdan MTRŞ-ni
müşahidə etmək? Çünki birində işləyirsiniz,
digərində qiymələndirirsiniz.
- Çox maraqlı sualdır. Doğurdan da dediyiniz kimi birində qəzetin rəhbəri
kimi, onun ideoloji xəttinə, fəaliyyətinə, səhifələrində
gedən hər yazıya cavabdeh şəxs kimi mətbuat
adamı olaraq nəzarət edirəm, digər tərəfdən
isə teleradio şurasının üzvü kimi işim
bütün respublikada fəaliyyət
göstərən radio və televiziyaların fəaliyyətinə
nəzarət etmək və qanunların tənzimlənməsidir.
İlk baxışdan fərqli görünsə də, düşünürəm
ki, bu xətlər qanun nöqteyi-nəzərində bir-birini
tamamlayır. Çalışıram
ki, hər ikisini nizamlayım. Çünki hər şey peşəkar
hazırlıqdan və bir də cəmiyyətə dövlətin
qoyduğu qanunlara riayət etmək
vicdanlılığından irəli gəlir. Hesab edirəm
ki, mən daim bunları tənzimləməyə
çalışıram.
- Bunları tənzimləməklə
yanaşı siz MTRŞ-nin nümayəndəsi kimi həm də
radio və televiziyadakı iradları qəti şəkildə
ictimaiyyətə bildirirsiniz. Yeri gəlmişkən mayın
1-nə çox az qalıb və əcnəbi serialların
yayımına qadağa qoyulacaq. Sizcə, bu qadağaya Azərbaycan
televiziyaları hazırdır? Axı audotiraya məhz o
serialları izləmək üçün televiziyaya
baxır. Birdən bu addım əks təsir verdi...
- Bu dövlət
tərəfindən tənzimlənmiş bir addımdır. Bilirsiniz ki, MTRŞ bir neçə ay öncə də
radio və televiziyalara böyük qayğı göstərərək
televiziyaların fəaliyyətini səmərəli tənzimlənməsi,
gələcəkdə heç bir fəsadların baş verməməsi
üçün maddi vəsait ayırıb. Həmin vəsait
Maliyyə Nazirliyi tərəfindən tənzimlənərək
bütün TV kanalları arasında bərabər şəkildə
bölünübdür. Bu Azərbaycan məkanında milli-mənəvi
dəyərlərə xidmət baxımından
düşünülmüş və
planlaşdırılmış addımdır. Burada bizim
teleseriallarımız mütləq Azərbaycan milli-mənəvi
dəyərlərinin qorunmasına xidmət edəcək və
hesab edirəm ki, həmin əcnəbi serialların bizim
televiziyalardan çıxarılması nə boşluq, nə
də ki nostalji hiss yaratmamalıdır. Bunlar
olmamalıdır. çünki bütün inkişaf
etmiş ölkələrdə həmin ölkələrin
milli serialları göstərilir. Bu həm istehsal
baxımından televiziyalarımızı irəli aparacaq, həm
kadrların üzə çıxmasına şərait
yaradacaq. Digər tərəfdən isə məqsəd milli-mənəvi
dəyərlərin qorunmasıdır. Hazırda MTRŞ-yə
təqdim olunan filmlər arasında, xüsusilə də
Xocalı soyqırımı, Qarabağ hadisələri, Azərbaycan
Xanlıqları ilə bağlı seriallar da təqdim olunub.
Təqdim olunan filmlərə nəzər salanda
düşünmək olar ki, həm də ürəklərdə
yatıb qalan tarixi mövzuların, qəhrəmanlıq
mövzuların ortaya qoyulmasına potensial təkan verildi. Hesab edirəm ki, bu yerinə düşmüş qərardır
və biz mayın əvvəlindən xarici serialların bizim
televiziya məkanlarından
çıxarıldığının şahidi
olacağıq və zaman-zaman milli seriallarımız
onların yerini tutacaq və sənətə, sənətkara,
televiziya proqramlarına münasibətin yaxşı mənada
dəyşildiyinin şahidi olacaqsınız. Bir daha qeyd
edirəm ki, bu addım Azərbaycan milli-mənəvi dəyərlərinin
qorunmasına böyük imkan yaradacaq.
- Bugünkü
auditoriyanın artıq tarixi filmləri izləməyi və
ya köhnə hadisələri görməyi sevmədiyi məlum
olur. Onlar daha çox yaşam tərzlərini əks etdirən
filmləri bəyənirlər. Elə türk filmlərinin Azərbaycanda
sevilməsinin əsas səbəbi də budur ki, öz həyatlarını
orada görürlər. Bizim efirdəki seriallarımız isə
daha çox komediyaya bənzəyir, yada tragikomediya. Bu filmlərləmi
davam edəcəyik, yoxsa dəyişiklik olacaq?
- Seriallar məsələsinə
gəldikdə isə mövzu ələnəcək, ələnəcək
və yerində ən yaxşısı qalacaq. Unutmayaq ki,
serialların çox çəkilməsi bizim xeyrimizədir,
bu zaman televiziya kanalının seçimləri çox
olacaq, çox seçim olandan sonra, təbii ki, ən keyfiyyətlisi
seçiləcək. Bu kanal rəhbərliyindən
asılı olan bir şeydir. İstədiyi gündə
komediya tərzdə olanı verəcək və ya ayrı
gündə tarixi mövzulardan çəkilmiş serialı
təqdim edəcək. Bizi düşündürən əsas
məsələ istehsal məsələsidir. Buna həm
dövlət dəstəyi var, həm də bizə olan
müraciətlərdən aydın olur ki, tarixi faktlara,
gündəlik məişət problemlərinə əks
olunmuş ssenarilər artıq mövcuddur. Aydındır ki,
kimi hansı məsələ narahat edirsə, o mövzuya
müraciət edəcək. Hazırda əsas məsələ
seriallarımızın teelviziya kanallarında yer
almasıdır. Zaman-zaman isə yaxşı-pis məsələsi
süzgəcdən keçiriləcək və keyfiyyətsiz
filmlər öz-özünə kənarlaşacaq.
- Elə
televiziyalarımızdakı problemlərdən söz
düşmüşkən prezident İlham Əliyev Nazirlər
Kabinetinin toplantısında bu məsələyə toxunaraq
bir sıra iradları bildirmişdi. Niyəsə bizdə həmişə
belədir, dövlət başçısı fikrini bildirəndən
sonra, həmin səhvlər düzəldilir, ya da veriliş
qadağan olunur. Bunu MTRŞ özü zamanında müdaxilə
etməklə həll edə bilməz?
- Cənab
prezidentin mətbəx verilişləri ilə bağlı
iradı çox yerində tutulmuş bir irad idi. MTRŞ-nin
kanallara irad tutmasına gəlincə isə, şuranın
qanunlarında televiziya verilişlərinə müdaxilə
etmək səlahiyyəti yoxdur, biz sadəcə tövsiyə
verə bilərik ki, bu belə deyil. Biz müvafiq qanunlar
pozulanda qanunu əsas tutaraq məsələ
qaldırırıq. Konkret qanunun elə bir maddəsi yoxdur ki,
orada "evlənmə proqramı və ya mətbəx
verilişlərinin dayandırılması" barədə
şuraya səlahiyyət verilsin. Hər kanalın rəhbəri
Azərbaycan milli-mənəvi dəyərlərinin onun rəhbərlik
etdiyi kanalda hansı səviyyədə qorunması və
yayımlanmasına nəzarət etməlidir. Bir Azərbaycan
xanımı kimi, bir jurnalist kimi və söz adamı kimi evlənmə
proqramlarının əleyhinəyəm. Bəlkə də, həmin
proqramlar fiziki cəhətdən qüsurlu olaraq ünsiyyətə
ehtiyacı olan insanlar üçün açılsaydı,
biz bunu alqışlayardıq. Bir daha deyirəm ki, mən Azərbaycan
xanımı kimi 18 yaşlı qızın evlənmə
proqramına çıxıb, hətta atası ilə bərabər
gəlməsini bəyənmirəm. Təkcə mən deyil,
təmsil etdiyim Teleradio Şurası da bu proqramları bəyənmir.
Yenə qeyd edirəm ki, kanal rəhbərləri özlərinin
şəxsi maraqlarından proqramların məzmununa
yanaşmamalıdır.
Mətbəx
proqramlarına gəldikdə isə, əgər orada
nümayiş olunan yemək nüsxələri bizim
sağlamlığımıza, milli mətbəxəmizin təbliğinə
yol açırsa, onu bəyənəcəyik. Azərbaycan
mətbəxi özü bir məktəbdir və o məktəbi
mərhələlərlə keçmək, mətbəxin
sirlərini dərindən öyrənmək, televiziyalardan gələcəksə,
biz bunu alqışlayacağıq. Əgər istənilən
mətbəx proqramından yağ-soğan iyi alacağıqsa,
bəyənməyəcəyik. Bəzən kanal rəhbərləri
bunu reytinqlə bağlayırlar. Mən burdan bir daha demək
istəyirəm ki, bütün məsələləri reytinqlə
bağlamaq olmaz, reytinqdən əlavə bir də bizim malik
olduğumuz dəyərlər sistemi var. Hesab
edirəm ki, bütün malik olduqlarımızın
üstündə dəyərlər durmalıdır və həmin
dəyərlər bizim fəaliyyətimizi, bizim həyatımızı,
bizim gələcəyimizi və cəmiyyətimizin
inkişafını tənzimlənməlidir. Əgər o
proqramlar bunlara cavab verməyəcəksə, zaman-zaman o
proqramlar tənqidə məruz qalacaq və tamaşaçı
da ikrah yaradacaq. Necə ki, yaradır.
- Sizin də qeyd
etdiyiniz kimi kanal rəhbəri reytinqlə özünə haqq
qazandırır. Müəyyən mənada haqlıdır. O,
bundan pul qazanır. İndi necə olacaq, o pul qazanıram deyə
həmin proqramların yayımını davam etdirəcək,
MTRŞ-də səlahiyyəti yoxdur deyə heç nə etməyəcək.
Deməli, hər şey beləcə davam edəcək?
- Yox, bu belə asan məsələ
deyil. Teleradio şurası hər həftə bütün
kanallar üzrə monitorinq aparır. Bizdə bütün
verilişlər yazılır və istənilən verilişə
istədiyimiz zaman təkrar baxıb nöqsanı
araşdıra bilərik. Həftəlik iclasda isə biz radio
və televiziyaların mənfi və müsbət cəhətlərini
bildiririk. Biz həmin iclaslarda onlara iradlarımızı bildirərək
tövsiyələr veririk. Həmin televiziyanın nümayəndələri
nə qədər özlərini müdafiə etməyə
çalışsalar da, şura da qanunları əsas tutaraq
onların üzərinə gedir və onlardan nəyisə tələb
etməyə tam ixtiyarı var. Hətta proqramda
aparıcıların işlətdiyi sözün təhlili
belə gedir. Mən istəyirəm ki, hər
bir kanalın rəhbəri şuranın qanunlardan
çıxış edərək onun üzərinə gəlməyini
gözləmədən, cəmiyyətinə, millətinə
xalqına bağlılıq keyfiyyətini ortaya qoyaraq
verilişlər hazırlamasına üstünlük versin.
Hər bir şey rəhbərin keyfiyyətindən
asılıdır. Bizim şurada bir devizimiz var: "Ailənə,
övladına,özünə rəva bilmədiyin məzmunlu
verilişləri, proqramı kanala gətirməyəcəksən".
O proqramları özüvə rəva biləndən sonra
kanala gətirməlisən.
- Maraqlı
devizdir. Bu devizə münasibətləri necədir?
- Əlbəttə,
özlərinə haqq qazandırmağa
çalışırlar. Hesab edirəm ki, Azərbaycan milli-mənəvi
xüsusiyyətini özündə daşıyan kanal rəhbəri
buna yol verməməyə çalışır. Verənlər
isə özlərinə bəraət də
qazandırmağa çalışırlar. Azərbaycan
televiziyalarını təmsil edən qurum kimi bizim onlardan tələb
etməyə vəzifə səlahiyyətimiz və
haqqımız var. Çünki televiziya bir dəyər aşılayan ideoloji
mahiyyətə malikdir. Televiziya güclü təsirə
malikdir. Bu gün gənclər televiziyadakılara bənzəməyə
çalışırlar. Bu çox kiçik detal kimi
görünə bilər. Əslində mahiyyət etibarı
ilə bu böyük hadisədir. Gənclərin milli-mənəvi
ruhda tərbiyə olunmasında televiziyaların rolu şərhsiz
olaraq böyükdür və televiziyaların rəhbəri
düşünməlidirlər ki, aşıladıqları tərbiyə
biləvasitə öz övladlarına yönəlir.
- Elə dil məsələsinə
toxunaq. Bu gün teleaparıcıların yetərincə nitqlərində
qüsurlar var və Azərbaycan dilindən istədikləri
kimi istifadə edirlər. Qısa olaraq bilmək istəyirəm
ki, MTRŞ tövsiyə deyil, konkret filan qüsuru nümunə
gətirərək hansısa kanalı cərimələyib?
- Təbii ki,
bunu mərhələlərlə edirik. Şifahi xəbərdarlıq,
yazılı xəbərdarlıq. Biz telekanalları cərimələyəndə,
bunu onların öz dili ilə də təqdim edirik. Onlar xəbərlərdən
öncə hər şeyi açıq-aydın oxuyurlar. Bu
çox vacib bir şeydir. Yəni öz cəzalarını
elə öz dillərində cəmiyyətə
çatdırırlar.
Dil
məsələsi isə birbaşa kanalın rəhbərliyindən
asılıdır. İnanın həmin televiziya rəhbərləri
zaman-zaman özünün nitqi qüsurlu, amma ədabaz
aparıcısını efirə çıxardacaqsa, bir
müddətdən sonra öz reytinqlərini itirəcəklər. Bu səbəbdən
kanallar nitqi gözəl olan, nitq mədəniyyətinə
sahib olan aparıcıları ekrana gətirməlidir. İndi
də müğənnilər aparıcılıq edir və
biz şura olaraq bunu bəyənmirik. Çünki onlar özlərinin
şəxsi keyfiyyətlərini ortaya qoyaraq proqrama reytinq
qazandırırlar. Bu proqramlar da bəzən ədabazlıqdan
başqa bir şey deyil. Mən indi ad çəkmək istəmirəm,
amma hazırda bir çox müğənnilər veriliş
aparır və yalnız bəzilərini sevilə-sevilə
izlənilir. Ola bilər ki, həmin müğənni öz sənətində
birincidir və böyük uğur qazanıb. Bu o demək
deyil ki, o gözəl aparıcı ola bilər. Çünki aparıcılıq
özü bir mərhələli məktəbdir. Bu səbəbdən
kanal rəhbərləri bunun üzərində çox
dayanmalı və düşünməlidirlər. Mən bir
daha dönə-dönə qeyd edirəm ki, bütün məsələləri
reytinqlə bağlamaq olmaz, bütün məsələlər
reytinqlə bağlayanda müəyyən zamandan sonra həmin
kanal çox uduzacaq.
- Sona xanım,
bu gün Azərbaycanda qadın jurnalisti olmaq nə deməkdir?
Sizcə, Azərbaycan qadının jurnalist işləməsi
üçün yaxşı məkandır?
- Azərbaycan
mediasının 20 il əvvəlinə baxanda bu fəaliyyət
məkanın o qədər demokratikləşdiyinin şahidi
olursan ki, burada qadın və ya kişi jurnalisti
anlayışı fərqlənmir. Nə yaxşı ki, Azərbaycanda
qadın jurnalistidir deyib buna müsahibə verməyim və ya
məhdudiyyət qoyum kimi seçimlər yoxdur. Bir qəzetin
rəhbəri olaraq da mən bunun heç şahidi olmuram və
heç vaxt da belə bir tendensiyasının olmasına yol
vermərəm. Hətta gənc qadın
jurnalistlərimizə daha çox yol vermişik ki, onlar
inkişaf etsin. İndi Azərbaycan mediası o qədər
demokratikləşib ki, çox hallarda dövləti və
dövlət qurumlarını tənqid edən qəzetlərə
belə KİVDF-ə Dəstək Fondundan maliyyə dəstəyi
alır. Bu da dövlətin Azərbaycan mediasına
demokratik, düzgün münasibətindən irəli gəlir,
əlbəttə, düzgün münasibət olan yerdə tənqidlər
də olacaq. Həmin tənqid də dövlətin, cəmiyyətin
inkişafına təkan verəcək. Bütün bunları
nəzərə alaraq Azərbaycan dövləti medianın
inkişafına o qədər qayğı göstərir ki, hətta
jurnalistlərə dövlət ev tikmək üçün
yüksək vəsait də ayırıb. Jurnalistikada
qadın kişi fərqliliyini qəbul
etmirəm. Yaxşı jurnalist, cəsarətli jurnalist termini
var. Əgər jurnalist siyasiləşmiyəcəksə,
fikri ilə dünya görüşü ilə milli mənəvi
dəyərlərinə, Azərbaycan cəmiyyətinin
inkişafına xidmət edəcək yazılar ortaya
qoyacaqsa, o jurnalist qadın və kişi
olmasından asılı olmayaraq oxunacaq, fərqlənəcək.
Əgər bunların əksinə gedib siyasiləşəcəksə,
bir qrup adamın istəyinə xidmət edib və bir qrup istəkləri
aşılayan siyasi partiyaların mənafeyini güdəcəksə,
həmin jurnalist qısa bir zamanda mediada özünə qara məkan
yaradacq və əlbəttə, bu onun xeyrinə olmayacaq.
- Amma jurnalist qadınlar evlənəndən
sonra kişi həmkarlarından fərqli
olaraq, həm də evin məsuliyyətini daşıyır. Çünki qadın, həm də anadır.
- Doğurdan da, qadının çiynindəki
ağırlıqlar məişət yüküdür. Mən həmişə demişəm ki, jurnalistika
digər peşələrdən fərqli olaraq elə bir fəaliyyətdir
ki, bu sahənin romantikası ilə yaşamasan, orada yaratmaq
mümkün deyil. Bu "qonarar məvacibi"
ilə məişət problemlərini, özünün
problemlərini həll edən şəxs mütləq bu sahənin
romantikası ilə yaşamalıdır. Mən
elə ilk gənclik çağlarımdan bütün
redaksiyalara məbəd kimi baxmışam.
Yaşlı adamların dili ilə "Qəzet
yazır" ifadəsini gətirsək, qəzet mütləq
doğru, düzgün, qərəzsiz yazmalıdır, şəxsi
ambisiyalardan çıxış etməyərək doğru
olanı çatdırmalıdır prinsipi ilə
yanaşanda, doğurdan da redaksiya məbəddir,
düzgünlüyü, doğruluğu hər şeyin ən
düzünü yazan yer timsalındadır. Mənim
üçün də çətinliklər olub, amma jurnalist
romantikasını həmişə içimdə
yaşatmışam və ömrümün son gününə
qədər onu yaşatmağa çalışacağam.
Bu çox vacib keyfiyyətdir, onda məişətin
də problemlərinə qalib gəlirsən.
- Siz "qəzet yazırsa",
"doğru olmalıdır" ifadəsini işlətdiniz.
Amma etiraf edək ki, bu gün qəzetə inam
azalıb. Sizcə, səbəb nədir?
- Bu informasiya bolluğunun olmasından irəli
gəlir. Azərbaycanda minlərlə qəzet
çıxır. Nə qədər sayt və
jurnallar var. İnformasiya bolluğu məkanında eyni
informasiyanı bir qəzetdən bu cür, digərindən isə
başqa cür oxuyanda, fərqli mövqelərdən
yanaşanda insanlar bəzən çaşbaş qalır.
Bu mənada mən Azərbaycan mediasını
doğru olanı yazmağa, siyasiləşməməyə,
Azərbaycan cəmiyyətinə ən real, ən
düzgün materialı çatdırmağa
çağırıram. çünki
bu vacib keyfiyyətdir. çünki cəmiyyətdə
hamı müəyyən siyasi partiyaların üzvü deyil,
onların bəziləri bitərəf, siyasətdən kənar
insanlardır. Onlar siyasiləşməmiş
doğru olan məlumatı almaq istəyirlər. Biz doğru olanı yazmalıyıq və onlar da
doğrunu öyrənməlidirlər.
- Bir az da ədəbiyyatdan
danışaq. ümumiyyətlə
kitablarınızın maraqlı adları var. "Mənim
çəhrayı dünyam" və son kitabınız
"Arazbarı". Niyə məhz Arazbarı?
- Arazbarı həm yer, həm də
simfonik musiqimizin adıdır. Məşhur bayatı da
deyildiyi kimi
Arazbarı tərlanıyam
Sonalar təklədənəm.
Bayatıda da, hətta o yerin adı
çəkilir. Arazbarı Cəbrayıl
rayonundakı bir yerin adıdır. Arazbarı
cənubi Azərbaycanı, ümumiyyətlə şimali Azərbaycanı
özündə əks etdirən termindir. Araz Azərbaycanı ikiyə bölən "tarixi
günahı" olan çaydır.
"Arazbarı"nın içində
ikiyə bölünmüş Azərbaycanın bütün
dərdləri özünü tapıb və mənim
bütöv Azərbaycan ideyam çatdırılır. Mən yazmışam, amma necə
yazdığımı oxucular deyə bilər.
Kitabın adına gəlincə isə,
şeirin ifadələri kimi, kitabın adı da belə desək
ilahidən bir vəh kimi gəlir. Konkret
"Arazbarı" olsun deyə düşünməmişdim,
istər-istəməz ruhundan bir hiss gəlir ki, ad məhz
"Arazbarı" olsun.
- Doğrudurmu, "Arazbarı"
kitabının İrandan Naxçıvana keçirilməsinə
qadağa qoyulub?
- Doğrudur, belə bir şey olub. İran onsuz da öz-özündən həmişə
xoflanır. Amma bu məsələ də xoflanmağa
haqqı var. Çünki Araz sözünü eşidən
kimi bilir ki, ikiyə bölünən Azərbaycanın tarixi
bir çayıdır və bunun içində nəsə ola bilər. Hətta İranda kitabları
yoxlayan Gömrük işçisi kitabın içindəki
ön sözün Sabir Rüstəmxanlıya aid olduğunu
görüncə, deyib ki, ön sözü yazan bu adam olunca, heç olmaz. Yəni
Azərbaycan yazarının orada bir xofu var. Onlar qorxublar ki, bu
kitab Təbrizdə paylanıla bilər. Bildiyimiz
kimi, Təbriz Azərbaycanın ürəyidir və inqilab
beşiyi hesab olunur. Kitabın ora çatacağından
ehtiyat ediblər və düşünüblər ki, Təbrizdə
"Arazbarı"nı oxusalar,
böyük səs küyə səbəb olacaq. Kiminsə ürəyində bütöv Azərbaycanın
ideyasına xidmət edə bilər. Əslində
o kitabın içində vətənpərvərlik şeirləri
və mənim şəxsi vətən, insanlar haqqında
duyğularım yer alıb.
- İlişib qalmışam tut
budağında,
gözüm bulaq kimi dolub..
...Ata yurdum.
Doyunca
qalacağam deyə,
gəlirəm, qala bilmirəm.
Səsləyir arxadan öz evim, ocağım.
Bu misralar sizin "Ata
evi"şeirindəndir? Niyə
qızlar ailə qurandan sonra bir gözləri həmişə
ata evində olur?
- İnsanın ömrünü hər
ana bölsən. Ata evi o anın
içində işıqlı bir xətdir. Ətraf aləmə, insanlara münasibətimizdən
tutmuş, elmə, kitaba münasibətimiz və həyatın
bütün amillərinə
bağlılğımızın ilkin rüşeymləri o məkandan
formalaşıb. Bu mənada həyatımızda
Ata evi o qədər böyük rol oynayır ki, hər
anımız da belə, o yerin bizə verdiyi keyfiyyətdən
bəhrələnmək istəyirik. Mən
evimizə -ata evimə gedəndə ordan böyük bir enerji
alıram. İnanın ki, iş
potensialım, yazı potensialım tükənəndə
evimizi ürəyim istəyir. Fikir versəniz
görərsiniz ki, mən ata evi demirəm, evimizi deyirəm.
Ora getməklə, tükənmiş enerjimi
ocağımdan bəhrələnərək qaytarıram.
Dəfələrlə görmüşəm
ki, evimizdən qayıdanda yüksək enerji ilə
qayıdıb işə başlayıram Bu ata evidir, onsuz
heç nəyimiz mövcud deyil.
- Bəs övladlarınız necə sizin
kimi ata evinə bağlıdırlarmı? Qızınız
bildiyimiz kimi ailəlidir? Eyni münasibəti
ondan da görürsünüz?
- Mənim qızım ailə qurub,
hazırda tələbədir və həftədə bir dəfə
də olsa, gəlir, görüşürük.
- Ata evini xatırlamaq təkcə ziyarətləmi
kifayətlənir?
- Təbii ki, ən əsası fikirdə
ziyarət etməkdir. Mən dəfələrlə
ata ocağıma bir gündə xəyalən 10 dəfə
qayıdıram. Eləcə də mənim
övladım. Gün ərzində məni 1 neçə
dəfə axtarırsa, elə gəlmiş kimi var. Mənim
üçün anam-atam o ocaqda ən dəyərli varlıqdırsa,
hesab edirəm ki, mən və atası da
övladlarımız üçün ata ocağında ən
dəyərli varlıqlarıq. Mən
qızımla ədəbiyyat, söz, şeir haqqında
çox gözəl söhbət edirəm. Əgər o hansısa saytda gözəl şeir
görübsə, mütləq mənə göstərir.
Bu mənada özümə bəraət qazandırıram
ki, mən övladımda sözə, ədəbiyyata
münasibəti formalaşdıra bilmişəm. Qızımın iki yaşında ilk öyrəndiyi
şeir Hüseyn Cavidin "Qız məktəbində"
şeiri olub. Halbuki onun yaşıdları
o vaxt "kuklam", "Dovşan", "Keçi"
şeirlərini öyrənirdi. O, isə birbaşa bu
şeiri öyrənmişdi. övladlarımın
hər ikisi də məktəbə gedəndə Məmməd
Arazın və Rüstəm Behrudinin şeirlərini deyiblər.
Düşünürəm ki, bu nüanslar mənim
övladlarıma canımdan, qanımdan ötürə
bildiyim yaxşı keyfiyyətlərdir.
- Bu gün azyaşlıların ölkəmizdə
intiharının bir səbəbi də valideynləri ilə
münasibətlərinin doğru olmamasıdır. Keçmişdə olduğu kimi valideynlər
övladları ilə münasibətlərində məsafə
qoymağa çalışırlar, amma bugünkü gənclik
bunu bəyənmir. Bəs siz necə
anasınız? Onlarla həmsöhbət
olanda öz yaşınızdan çıxış edirsiniz,
yoxsa onların yaşına enib anlamağa
çalışırsınız?
- Söhbət milli-mənəvi dəyərlərin
başında duran ailə dəyərlərindən gedirsə,
burada bir az fərqli oluram. Mənim
üçün ailə qorunulası vacib olan məkandır
ki, 4 divar arasında baş verən kənara
çıxmamalıdır. Ailə
"Böyük dayaq" filmində patriarxal Azərbaycan
kişisinin dediyi kimi yumruq tək möhkəm
olmalıdır, ailə başçısı o qədər
yüksək keyfiyyətə malik olmalıdır ki,
övladlar da, xanım da ona həmişə təzim etsin.
Bu təzim şaha baş əymək kimi deyil,
bir ailəni qoruyan, ailənin başında duran yüksək
xarakterli bir insana böyük hörmət kimi başa
düşülməlidir. Bu mütləq
olmalıdır. İnanın ki, əgər
mənim ailəmdə belə bir insan rəhbər
olmasaydı, şəxsi keyfiyyətləri ilə ideal insan
olmasaydı, mən o ailədə 1 gün də qalmazdım.
Mən bunu heç vaxt deməmişəm, ilk dəfədir
deyirəm. Mənim ailəmdə kişi
şəxsi keyfiyyətləri ilə mütləq
hamımızdan yuxarıda durmalıdır. Allaha
min şükür ki, bu belədir. Mənim
ailəmin başçısı bu keyfiyyətləri
özündə cəmləşdirən adamdır. Mənim həyat yoldaşım da övladları ilə
dostdur, mən də onlarla dostam. Konservativlik
ailədə başqa şeydir və bu vacibdir. Digər
tərəfdən isə sən övladınla dost
olmalısan, olmadınsa, demək onu itirdin. Mənim
qızım, hətta ona münasibəti olan insanları belə
mənimlə müzakirə edib. Hələ
məktəb vaxtından o, mənimlə hər şeyi
bölüşməyə çalışırdı.
Eləcə də yeniyetməlik
çağında təhsili, geyimi ilə bağlı problemləri,
ona deyiləcək sözləri və onun, hətta
başqasına verə biləcəyi hədiyyəni də mənimlə
müzakirə dib. Bu çox vacib keyfiyyətdir,
çünki onun həyat təcrübəsi yoxdur və bir
dostunun ona verə biləcəyi məsləhət (o dost onun
həmyaşıdıdırsa) yanlış ola
bilər. Təbii ki, bəzən doğru da ola
bilər. Amma ən yaxşı məsləhəti
valideyn verə bilər. Valideyn də o vaxt yaxşı məsləhət
verə bilər ki, övladı ilə dost olsun. Onun içindəkilərini bilə bilsin. Etiraf edim ki, bəzən onların yaşına
düşməyə də bilirəm, amma
çalışıram ki, düşüm. Belə məqamda xatırlayıram ki, mən bu
yaşda nə edirdim, valideynim mənə bunu deyəndə
necə reaksiya verirdim. Bir insanın
yaşının yerinə özümüzü qoya biliriksə,
deməli, biz qalibik. Təcrübədə göstərir
ki, nə zaman dost ola bilirəmsə, bərabər
onlarla əl-lə verib çətinliyi dəf edirik, yox əgər
bunu bacarmırıqsa, hansımızsa
ağrıyırıq. Əlbəttə, ya
övladın, ya da ananın ağrımasının
yükü eyni dərəcədədir.
- Qızınız evli olsa da, oğlunuz hələ
subaydır. Bəs evlilik seçimlərini necə
edib və edəcəklər? Onlara bu
seçimdə müstəqillik vermisiniz, yoxsa sizin məsləhətlərinizlə
bu baş tutur?
- Qızımın ailə qurduğu şəxs
dost ailənin övladıdır. Mən bu
gün düşünürəm ki, yəqin, Allahın
sevimli bəndəsiyəm ki, qızım
tanıdığım ailə ilə bizi qohum edib. Bu çox vacib keyfiyyətdir. Bəzən
tanımadığımız, bilmədiyimiz ailə ilə
qohumluq böyük xoşbəxtlik də gətirə bilər,
əksinə böyük yanlışlığa da səbəb
ola bilər. Bir ailəni
tanıyanda bu valideyn üçün böyük rahatlıq
olur. Hər halda onun valideynlərinin şəxsi
keyfiyyətlərini bilirsən. Bilirsən
ki, onlar bu səviyyədədir, ailəyə münasibəti
budur və onun övladı da onun tərbiyəsini alıb.
Yəni ailəmizdə uşaqların evliliyində
yönəltmələr olmayıb. Qızıma
gəlincə isə, onun qismətidir və ailə qurduğu
şəxs də bizim tanıdığımız ailədən
oldu. Bu seçim bizə çox
böyük arxayınçılıq gətirdi və bu
arxayınçılıq hələ də davam edir və
sona qədər davam edəcəyini də inanıram.
- Bizim Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri kimi tanıdığımız Əli Həsənov
barəsində həyat yoldaşı kimi çox gözəl
sözlər söylədiniz. Hər kişi haqqında da xanımı eyni sözləri
söyləmir. Bəs bir vətəndaş kimi
onun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əli müəllim o qədər
gözəl keyfiyyətləri özündə əks etdirir . İnanın ki, mən ondan o qədər
şey öyrənmişəm... Az öncə
də qeyd etdim ki, mənim sevdiyim adam mülkəmməl
olmasaydı, mən o ailədən üz döndərib gedərdim,
heç nəyə baxmayaraq. Allaha şükür ki, mənim
ailə qurduğum adam o qədər
mükəmməl insandır ki... İnsanlarda
axtardığım ən böyük keyfiyyət ədalətli
olmaqdır. Əli müəllim o qədər ədalətli,
evindəkindən, cibindəkindən artıq səxavətli,
hətta onu tanıyanlar da bilir ki, özünü bir
başqasının yerində qoymağı bacaran
, dövlətə, dövlətçiliyə
bağlı olan insandır. Bunu ailədə hər
zaman övladlarına da aşılayıb. Millətinə, xalqına, vurğun, sözə
poeziyaya qiymət verən, musiqini sevən adamdır. İnanın ki, onun yanında nə isə səhv
eliyərək cılız görünmək insanın
özünə bir ikrah hissi gətirə bilər. Əli müəllim bütün insanlara, ailəsinə,
dostlarına, yaxınlarına böyük qayğı və
hörmət göstərən insandır. Hələ Əli
müəllimlə yol yoldaşı olmaq o qədər gözəldir
ki... İnsana yol yoldaşı olmaq keyfi gətirir ki... Evdə tamam başqa cürdür, səfərə
çıxanda isə yoldaş kimi başqa xarakterləri
ortaya çıxır. Bəlkə də
oxucular elə biləcək ki, mən həyat
yoldaşımdır deyə çox tərifləyirəm,
amma inanın bu belədir. O, özündə mükəmməl
xarakterləri ehtiva edən bir insandır ki, həmişə
mən ondan nə isə öyrənmişəm. Allah ona uzun ömür versin ki, yenə də ondan
öyrənim.
Əli müəllim ailənin son
beşiyidir. Bu gün onun
qardaşına, bacısına, anasına, ailəyə,
insanlara münasibəti bir məktəbdir. Tanıdığım ilk gündən onu mənə
sevdirən xarakterlərindən biri yaşına xas olmayan
müdrüklüyüdür. Bəzən insan 100
yaşında müdrük ola bilmir. Mənim qaynanam da həmişə deyir ki, O, körpə
yaşlarından, yeniyetmə vaxtlarından bu evin
ağsaqqlı idi. Bu insandan ömrüm
böyu öyrənəcək çox şeyim var.
- Neçə ildir evlisiniz?
- 24 ildir.
- Heç olubmu nəyisə-hər
hansı siyasi və ya ədəbi hadisəni müzakirə
edəndə fərqli mövqelər gəstərmisiniz və
olubsa, nəticə necə olub?
- Əlbəttə, olub. Amma bu mövzular daha çox ədəbiyyata aid
olub. Çünki mən siyasət
adamı olmadığım üçün
çalışıram mümkün qədər siyasətə
qarışmayım. Heç
qarışmıram da, siyasət mənlik deyil. Mən söz adamı olduğum üçün
emosionalam və fikirlərim düz olmaya bilər. Ədəbiyyat
haqqında bizim fikirlərimiz ola bilər.
Poeziyada kim necə yazır, hansı
yazarlar bu kimi mövzulardan danışırıq. Düzü, onun o qədər də vaxtı olmur
bunları izləməyə. Mən
tövsiyə edirəm ki, filan yazarın bu ifadəsi var, o da
mütləq onu oxuyur və biz bunu bir yerdə müzakirə
edirik. Mübahisələrimiz isə heç vaxt dərin
xarakter almır, ola bilsin ki, o bizim məişətdə
qurduğumuz qanunlardan və bir-birimizə olan hörmətdən
irəli gəlir. O mənim həyatda atam qədər hörmət
etdiyim bir insandır, atam qədər ehtiramını
saxladığım bir insandır.
- Belə sevgidən sonra inanmıram ki, ona
şeir həsr etməmisiniz?
- Mənim Əli
müəllimə həsr etdiyim çox şeir var. Adamın
bir enerji mənbəyi olur, ələnib-dolanıb yenə
qayıdırsan ora. O mənada Əli müəllim mənim
enerji mənbəyimdir.
"İlləri əl-ələ
verib gəlmişik" şeirini də ona həsr etmişəm.
Durmusan əllinin astanasında
Hələ qarşımızda bir
ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə
noolur.
Beş dənə onluğun sadə
misalın
Əzaba, zəhmətə
bölünməyi var.
Vətəndaş ömründən alim
ömrünə
Hesaba gəlməyən
qayğılar durar.
Bir ailə ömrünün ötən
anları,
Yarı kitabxana, yarı yollarda.
Dünyanın çalışqan tələbəsi
sən,
Nigaran qadını mən idim onda.
Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib
çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn zamana, vaxta
qalardı.
Biz varlı deyildik, qibtə yeriydik,
Dövlətli qonşuya, pullu
dostlara.
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi bəxş edərdik pay umanlara.
Nə deyim, hərdən də
küsdüm, incidim,
Üzünə gəlmədim, qəlbə
yük olar.
Bəzən qayğılara bələnən
ömrün
İtmiş ayı, günü bizi
haraylar.
Bəzən də içimdən
asılan giley
Ünvana yetişməz havada qalar.
Birtəhər yaşadım indiyə qədər,
Sənə bundan sonra ehtiyacım var.
Sən bildin, mən bildim,
bir də dörd
divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün popirosların
Kül yeri, köz yeri ürəyimdədi.
Neyniyim izahı yoxdur bu sirrin,
Haqq yazan, bəxt yazan sevgi
payımsan.
Bəzən uşaqların ən ərköyünü,
Ən əziz, ən sözə
baxmayanısan.
Durmusan əllinin astanasında
Hələ qarşımızda bir
ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə,
noolur.
- Son zamanlar ədəbiyyatda yaşlı və
gənc nəsil arasında baş verən söz
"duel"ini yəqin yaxından izləyirsiniz. Anarın gənclərə yazdığı həcv
və onların cavabı. Sizcə, ədəbiyyatda
belə mübahisələr lazımdır?
- Nəsillərin mübarizəsi həmişə
olub. İstər 60-cı, 70-ci, 80-ci, istərsə
də bu gün. Nəsillərin mübarizəsi
həmişə davam edəcək. Bunsuz ədəbiyyatın
inkişafı mümkünsüzdür. Amma
bu təhqirlə olmamalıdır. Gənc yazarlar
yaşlı nəsli tənqid edəndə bir az
ehtiramla yanaşmalıdır və sözlərini
ölçüb-biçib danışmalıdırlar. Eləcə də yaşlı nəsil qayğı
ilə gənc nəslə davranmalıdır. Onun yaradıcılığına təkan verən
bir tənqidi ehtiramla ifadə etməlidir. Hesab
edirəm ki, yaşlı nəsil də öz yerini, yurdunu ədəbiyyatda
düzgün müəyyənləşdirməlidir. Tutaq ki, mən orta nəsil hesab olunuram. Əgər qarşımda yaxşı bir gənc
yazarın şeiri varsa, niyə də tərifləməməliyəm?
Təbii ki, bunun bir səddi var, gənclər
mütləq milli-mənəvi dəyərlərə riayət
etməli, böyük-kiçik yeri müəyyənləşdirməli
və həmin sərhədi cızmalıdırlar. Bu vacib şərtlərdir. Tənqidlər
mütləq təkamülə xidmət etməlidirlər.
Yeni ədəbiyyat ələnəcək,
yaşlılar isə yerini gənclərə verəcək.
Mən həmişə belə məqamlarda
Ağamalı Sadiqin bir şeirini xatırlayıram, öz
şeirlərimi yadımda saxlaya bilməsəm də bu
şeiri heç unuda bilmirəm.
Bura arx qırağı su gözü
deyil,
Bir az ümid verək,
bitsin bu çinar.
Əyməyin pöhrədir, budaq da
sınar
Arzu da ümiddir, tez sına bilər
Biraz ümid verək, bitsin bu
çinar.
Hər bir yazar, gənc müəllif
bir çinar pöhrəsidir, biz ona təkan verməliyik ki,
bitsin. Amma onu tərbiyə eləmək, onun ədəbiyyatda
mövqeyini düzgün müəyyənləşdirməsi
bir az zamana bağlıdır.
Günel Əbilova
Təzadlar.- 2012.- 28 aprel.- S.12-13.