Bir İsi Məlikzadə
vardı...
(Yazıçının
anadan olmasının 78 illiyinə)
Yazıçı-dramaturq İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun nəsr əsərləri haqqında istər sağlığında, istərsə də ölümündən sonra bir çox ədəbiyyatşünaslar, tənqidçilər, görkəmli alimlər, qələm dostları öz sözlərini deyib. "İsi Məlikzadə Azərbaycan üçün Əbdürrəhim bəy Haqverdiyev səviyyəsində parlaq ədəbi sima idi" (Əkrəm Əylisli, xalq yazıçısı); "İsi Məlikzadə nəinki Azərbaycanın, həm də dünyanın maraqlı, oxuna bilən ziyalılarından və yazıçılarındandır" (Əli Rza Xələfli, şair).
Bu yazıya sığa bilməyən deyimlərlə, xatirələrlə yanaşı, dəyərli monoqrafiyalar və dissertasiya mövzuları da var. Görkəmli ədəbiyyatşünas alim Yaqub İsmayılovun "İsi Məlikzadə - söz sərrafı, nəsr ustası" monoqrafiyasını, görkəmli alim Rəhim Əliyevin "Müdrik sadəlövlük" adlı geniş həcmli məqaləsini, Sevinc Abbasovanın namizədlik dissertasiyasını və ədəbiyyatşünas Nurlana Əliyevanın "Zamanın sözü" monoqrafiyasını xüsusi qeyd etmək lazımdır. Bununla belə, İsi Məlikzadə yaradıcılığı tam araşdırılıbmı, təhlil edilibmi? Neçə romanı, povesti, hekayəsi, pyesi var? Adbaad neçə kitabı olduğu haqda dəqiq məlumat varmı? Məlumdur ki, İsi Məlikzadə özü tərcümeyi-hal yazmamışdır. Odur ki, onun həyat və yaradıcılığı, indiyə qədər haqqında yazılanları seçib toplamaq və digər araşdırmalar aparmaqla tamamlana bilər.
***
Ötən
ilin əvvəllərində Ağcabədidə
olarkən onun ata-baba
evəlrinə baş çəkdim, özünün rahatlıq tapdığı,
yazıb-yaratdığı kiçik otağa girdim. Çarpayısı,
yazı masası, üstündəki əşyalar
hamısı öz yerində,
qaydasında idi. Otaqdakı iki iri
qırmızı çemodanda rus, gürcü, erməni dillərində jurnallar, səliqə ilə üst-üstə
yığılmış, ağzı iplə düyünlənmiş
qovluqlarda əlyazmalar, yazışmalar, məktublar
və hazır, təsdiqlənmiş halda
kino ssenariləri vardı. Onların
arasında İsinin öz
əli ilə, qələmilə yazılmış köhnə,
qat kəsmiş bir
kağız vərəqi diqqətimi çəkdi. Bəlkə
maraqlı olar deyə, onu
olduğu kimi təqdim
edirəm: "Kitablar 1. Həsrətin sonu 2. Özgə
anası 3. Kövrək qanadlar 4.
Küçələrə su səpmişəm
5. Yaşıl gecə 6. "Mujçina v dome" (Moskva).
"Yunost" və "Zvezda" jurnallarında çap olunub. Rus, ukrayna, belorus, özbək, gürcü,
erməni, ingilis, fransız, ərəb, bolqar, alman dillərinə
tərcümə olunub.
15 povest, 40-dan çox hekayə, 1 roman,
3 pyes, bədii film ssenarisinin müəllifidir.
Haqqında respublika mətbuatında və mərkəzi mətbuatda:
"Literaturnaya qazeta"da,
"Drujba narodov" və "Literaturnoye obozreniye" jurnallarında
materiallar dərc olunub. Əsərləri barədə bir
neçə diplom işləri yazılıb."
Vəssəlam. Ad, imza və tarixsiz
bir yazı. Sanki harasa təqdim
etmək üçün
hazırlanıb. Öz əlilə
və yazıldığı
zamana görə ən mötəbər məlumatdır. Düzdür,
"Kirpi" satirik jurnalındakı kiçik
yümoristik yazıları,
məqalələri və
s. fəaliyyəti bura
daxil edilməmişdir,
o da görünür,
müəllifin qənaəti
və tələb olunan həcmə uyğun şəkildə
edilmişdir. Bu yazı haqqında eşitmişdim. 1970-ci illərdə Azərbaycan
Sovet Ensiklopediyasının
5-ci cildinə hazırlıq
dövründə ondan
həmin yazını
istəyiblərmiş ki,
ora daxil etsinlər. Sonralar zəng edib dəqiqləşmə aparıblar,
fəxri adı, orden və medallarını
soruşublar, "yoxdur"
cavabı aldıqdan sonra heç olmasa komsomol mükafatı bəlkə
ola. O da deyib ki, "Komsomol mükafatı yoxdur, amma partiya
"vıqovor"u var. Beləliklə,
məsələ qapanıb.
Bir müddət əvvəl qohumlardan biri "Vikipediya" açıq
ensiklopediyasından bir
məlumat əldə
edib, onu mənə göstərdilər.
Burada İsi Məlikzadənin həyat
və yaradıcılığı
haqqında geniş yazı vardı, "Əsərləri: (sıra
ilə kitablarının
adı) 10, Filmoqrafiya
isə 27" göstərilirdi.
Bu sıraya Moskvada rusca çapdan çıxmış: "Mujçina
v dome" və "Zelyonaya
noç" kitablarını
da əlavə etsək, həqiqətə
daha yaxınlaşmış
olarıq. Məlumatda
10-cu kitabın adı:
"Dolaşaların novruz
bayramı" (Bakı:
Gənclik, 1992, 119 səh.)
kimi göstərilirdi.
Bu nəcib işi vicdanla, çox səliqə-sahmanla görənlərə
qəlbən minnətdarlıq
duymaqla bərabər,
belə bir kitabın mövcudluğuna
inana bilmirdim, ona görə bir başa M.F.Axundov
adına ölkə kitabxanasına
yollandım. Kitabxana işçisi yarım saat ərzində əl boyda kitabı gətirib
mənə verdi. Kitabdan eyni adlı
təkcə povesti axıra qədər oxudum, mövzu taniş gəlirdi,
amma xatırlaya bilmirdim. Evdə danışdıqça, uşaqlar mənə
"Pəncərə" filmini xatırlatdılar.
Hər nəşr olunan kitabını öz ürək sözləri, o cümlədən,
"Həsrətin sonu"nda
"...əl boyda
kitabça deyil, yumruq boyda ürəyimi
bağışlayıram" yazan İsi, görəsən, dövrün
ağrı-acılarından nə halətdə imiş ki, heç
kitabçanın çıxdığını
da bizə deməmişdi.
Yeri gəlmişkən, özünün
də yazdığı
kimi, "əl boyda kitabça"ların
da öz tarixçəsi, öz fərziyyələri var. İsinin
incə, zərif xasiyyətlərinə bələd
olsam da, həmyaşıd, dost, qohum,
ərk münasibətlərimizdən
bəzən bir-birimizə
iradlarımızı da
bildirməkdən çəkinməzdik.
Bir dəfə sözarası dedim ki, "bu nədir,
ay İsi, kitabların
əl boyda, içindəkilərin bəziləri
də başqa kitablarında oxuduqlarımız
povestlər, hekayələr,
gücün çatmırsa,
mən də kömək eləyim yekə romandan-zaddan yazaq". Əlbəttə, İsi bunun
bir zarafat olduğunu bilirdi, bununla belə, fikirli-fikirli başını
yırğalamağından sözlü olduğu hiss olunurdu. Kitab çap etdirməyin şair və yazıçılar
üçün asan iş olmadığını
hamıdan çox elə onların özləri bilirlər. Sovet planlı təsərrüfat
sistemində nəşriyyatın
da öz planı vardı. Qayda-qanuna görə, gələn ilin planı bu ildən tutulurdu
və adətən burada ən samballı yazarlar və "yuxarıdan"
tapşırılanlar yer
ala bilərdilər. Başqalarının
bəxti o zaman gətirərdi ki,"samballı"
hələ yazılarını
tamamlamayıb, ya da başqa bir
səbəb var,"yuxarılar"dan
da sorğu sual etmək qeyri-etik hesab oluna bilərdi.Belə hallarda İsi Məlikzadənin də bəxtikəsənlər arasında
olması güman edilə bilər və o müvafiq "həcm çərçivəsi"ndə öz "Əl boyda" kitabçalarını
nəşr etdirə bilərdi. Aydın olsun deyə qeyd etmək istəyirəm ki, "Dolaşaların novruz bayramı" (119 səh.)
kitabı nəşrə
verilən zamzan kitaba daxil ola biləcək başqa yazıları da varmış, amma "həcm çərçivəsi" imkan
verməyib. Onu da deyim ki, İsi Məlikzadənin
qarşısında heç
də həmişə
yaşıl işıq
yandırılmayıb və
bu onun ölümündən
sonra da davam edir. Əlbəttə, bu deyilənlərdə qeyri-dədiqlik
də ola
bilər. Amma Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2004-cü il yanvar tarixli sərəncamı ilə
İsi Məlikzadənin
də kiril qrafikası ilə olan kitablarının latın qrafikası ilə nəşr olunmasının icrası
zamanı düşünülmüş
"özfəaliyyət" oyunu yazıçının
ruhuna böyük hörmətsizlik olmaqla bərabər, ciddi qanun pozuntusudur. Prezident sərəncamına düzgün
riayət edilməmişdir.
Yazıçının 10 kitabının içindən 5 povest və 5 hekayə götürüb "Seçilmiş
əsərləri" ("Şərq-Qərb", 2005 il,
336 səh.) icad etmişlər. Hansı ki,
təkcə "Dədə
palıd" özü
7 povestdən ibarət
413 səhifəlik bir
kitabdır. 413 səhifəlik
"Dədə palıd"
kitabına əl gəzdirilərək, oradan
üç povesti çıxarıb, başqa
bir kitabından 1 povest ("Gümüşgöl
əfsanəsi") və
5 hekayə əlavə
etməklə 336 səhifəlik
"Seçilmiş əsərləri"
biçmişlər.
Burada heç
bir bəhanə keçərli deyil və qəbul edilə bilməz, Çünki Prezidentin sərəncamının tələbləri
pozulmuşdur. Bütün bunlar nə
deməkdir? Belə çıxır
ki, 1 romanı, 13-15 povesti, 40-dan çox hekayəni, neçə-neçə
dram əsərlərini gedər-gəlməzə
yola salırlar?
"Kişi sözü",
"Ağ atlı oğlan", "Yaşasın
demokratiya", "Qırmızı
seytan", "Soltanqulu
körpüsü" və
s. niyə işlərinə
yaramayıb onların?
Ötən müddət
ərzində bu cür münasibətə
görə sözarası
arzu, istək, giley formasında mətbuat
səhifələrində xeyli
münasibətlər olmuşdur
və gözlənilirdi
ki, "özfəaliyyət"
üzvləri deyilənlərdən
nəticə çıxarar,
bir çıxış
yolu tapıb öz hərəkətlərinə
düzəliş verə
bilərdilər. Lakin
görünür, bütün
bunlar doğrudan da "Azərbaycanda ədəbiyyat adına
oynanan oyunların"
cüzi hissələrindəndir.
Sanki hansısa gizli qüvvələr İsi Məlikzadəni tamamilə sıradan çıxarmağa çalışırlar.
(Davamı var)
Nizami Hacı Aslanoğlu
Təzadlar.- 2012.- 28 aprel.- S.11.