“Babəkə Bakıda heykəl ucaldılsa…"

 

Elnur Nəsirov: "Bunun birmənalı qarşılanacağını düşünmürəm"

 

Yaxın Şərq ölkələri üzrə tanınmış araşdırmaçı, tarixçi Dr. Elnur Nəsirovun "Təzadlar"a müsahibəsi

 

- Hər bir xalqın formalaşmasında öz şəxsiyyətlərinin böyük rolu var. Biz niyə bəzən öz şəxsiyyətlərimizi müzakirə obyektinə çevirir, onları təhqir edir və s. xoşagəlməz sözlərlə diskussiyalara meydan açırıq? Məsələn, Babək şəxsiyyəti haqqında bu fikirlərin şahidi oluruq. Siz bu haqda nə deyə bilərsiniz?

- Bu mövzunun müxtəlif sosial şəbəkələrdə dəfələrlə müzakirə olunduğunun şahidi olmuşuq. Mən də bu barədə öz fikirlərimi açıqlamışam. Hər şeydən əvvəl onu deyim ki, mən bir tarixçi olaraq Azərbaycan tarixində mühüm rol oynamış heç bir şəxsin təhqir olunmasının tərəfdarı deyiləm. Həmin şəxs mənim siyasi və mənəvi dünya görüşümdə müsbət yer tutmasa belə. Mən tarixdə mühüm rol oynamış istənilən şəxs barəsində fikir bəyan edilərkən həmin şəxsin yaşadığı dövrün şərtlərinin nəzərə alınmasının tərəfdarıyam. Tarixi şəxslər, hadisələr həmin dövrün şərtləri və ən əsası isə mənbə materiallarının dəqiq, qərəzsiz öyrənilməsi fonunda tədqiq olunmalıdır. Tədqiqatçı öz arzu, istək, siyasi mövqe, mənəvi aləmindən sıyrılmağı bacararaq tədqiqat aparmalı, hipotezlərini bunun üzərinə bina etməlidir. Bu isə peşəkar tarixçilərin işidir. Diletantlardan, həvəskar tarixçilərdən bunu gözləmək, əlbəttə ki, əbəsdir. Azərbaycan tarixinin orta əsrlərə dair mənbələri əsasən ərəb, fars, qismən isə erməni, gürcü, süryani və yunan dillərində qələmə alınmışdır. Bu gün bu kimi mövzularda, o cümlədən Babək mövzusunda elə şəxslər iddialarla çıxış edirlər ki, nəinki ərəbcə və farsçadan, heç əski əlifbadan belə xəbərləri yoxdur. Babək, əlbəttə ki, Azərbaycan tarixində iz qoymuş bir şəxsdir. Lakin Babək və başçılıq etdiyi hərəkat haqqında mənbələrdəki bütün məlumatlar olduğu kimi insanlara çatdırılıbmı? Babəkin atası Abdullah Mədainli səyyar yağ satıcısı idi. Mədain indiki İraq ərazisindədir və bir vaxtlar Sasani imperiyasının paytaxtı olmuşdur. Bu səyyar yağ satıcısı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da, ticarət səyahətləri edirdi. Belə səyahətlərindən birində Talış dağlarının qoynundakı Bilalabad kəndində bir gözü kor olan Barumənd adlı bir qadınla tanış olubmuş. Bu qadın mədainli Abdullahın məşuqəsi idi. Kəndlilərin onların bu nikah xarici münasibətindən xəbər tutması nəticəsində onlar evlənmişdilər. Babək də bu nikahdan dünyaya gəlmişdi. Babəkin əsl adının Həsən olduğunu deyənlər də var. Deyilənlərə görə, o, özünə “Babək” ləqəbini Əhəməni şahı Ərdəşir Babəkanın adından götürmüşdü. Görüldüyü kimi, Babəki istər ata, istərsə də ana tərəfindən mənşəcə sırf azərbaycanlı hesab etmək müşküldür. Orta əsr mənbələri Babəkin yaşadığı dövrdə Azərbaycan əhalisinin böyük əksəriyyətinin İslam dininə sitayiş etdiyini, xürrəmilərin isə Bəzz qalası və ətrafındakı dağlıq ərazidə yaşadığını qeyd edirlər. Bu vaxt xürrəmilər azlıq təşkil edirdilər. Daha sonrakı əsrlərdə İran və Azərbaycanda cildini dəyişərək ən müxtəlif formalarda ortaya çıxacaq olan batiniliyin bir çox ənənələrinin xürrəmilikdə təzahür etdiyini görmək olar. Babək və tərəfdarları silahlanaraq Azərbaycanın şəhər, qəsəbə və kəndlərindəki dinc əhaliyə hücum edib kütləvi qətllər törədərkən ərəbləri deyil, müsəlman azərbaycanlıları öldürürdülər. Bu çox mühümdür. Çünki Babəki bir xalq qəhrəmanı olaraq görənlər onu ərəblərə qarşı mübarizə aparan və bütün Azərbaycan əhalisinin ətrafında sıx birləşdiyi bir lider kimi təqdim edirlər. Xeyr, belə deyildi. İslam Azərbaycana Babək ortaya çıxmazdan iki yüz il əvvəl gəlmişdi və bu iki əsr ərzində azərbaycanlıların böyük əksəriyyəti artıq İslamı qəbul etmişdilər. İbn Xordadbehin “Kitab Məsalikü'l-Məmalik” adlı coğrafiyaya dair əsəri başda olmaqla bir çox mənbədə bu haqda ətraflı məlumat var. Babək hərəkatının geniş vüsət almasının ən əsas səbəblərindən biri də uzun müddətdən bəri Abbasilərlə müharibə vəziyyətində olub cəbhədə daim geriləyən Bizans imperiyasının xürrəmilərə hər cür dəstək göstərməsi olmuşdu. Xristian Bizans İslam dünyası içində məhz xürrəmilərin simasında özünə müttəfiq tapmışdı. Abbasilərin iki cəbhədə vuruşmaq məcburiyyətində qalması Bizansın işini xeyli asanlaşdırmış və çıxılmaz vəziyyətdən xilas etmişdi.

Xalq öz milli qəhrəmanlarının şücaət və rəşadətini dastanlaşdırır. Məsələn, “Dədə Qorqud” dastanındakı qəhrəmanları yada salaq. Ya da “Koroğlu” dastanına baxaq. Əgər bir millət tarixdə mühüm rol oynamış bir şəxsi və ya hərəkatı, belə demək mümkünsə, bağrına basırsa, onu özününkü bilirsə, şübhəsiz onu dastanlaşdırır və bu qəhrəmanlıqlar əsrlər boyu dildən-dilə ötürülür. Sovet dövrünə qədər Babək və hərəkatı haqqında Azərbaycan xalqı demək olar ki, heç bir şey bilmirdi. Rus imperializmi çarizm dövründə Azərbaycanı fiziki baxımdan işğal etmişdi, bolşevizm dövründə isə xalqımızın mənəviyyat qalasını zəbt etmək qarşıya məqsəd olaraq qoyulmuşdu. Bolşeviklərin müsəlman xalqların mənəviyyatına necə divan tutduğunu bilik. İslamın Azərbaycan xalqına zorla qəbul etdirildiyi, xalqın isə buna qarşı amansız və indalı mübarizə apardığı illüziyasını yaratmaq üçün “Babək və xürrəmilik” əvəzolunmaz tapıntı idi. Bunu qabartmaq, şişirtmək lazım idi. Bu səbəbdən Babəkin adına rayon, küçələr, heykəllər qoyuldu, iki seriyalı film çəkildi. Bütün bunlar təsadüfi idimi? Sovet imperializmi həqiqətənmi Azərbaycan xalqının qəhrəmanlarını ucaltamaq istəyirdi? Əlbəttə ki, yox. Əgər belə olsaydı, Azərbaycan tarixində Babəkdən qat-qat mühüm rol oynamış, həqiqətən dahi adlandıra biləcəyimiz insanların adını heç olmasa bir küçəyə qoyardılar. Lakin bunu etmədilər. Tam əksinə, Azərbaycan xalqına istər mənəvi, istərsə də tarixi-siyasi baxımdan ağır zərbə vurmuş insanlar ön plana çıxarıldılar. Babək mövzusunun bu gün də xüsusilə qabardılmasını təsadüfi saymıram. Əgər bu millət həqiqətən də parlaq keçmişdən, şanlı tarixdən, adını öz qanı ilə tarixin səhifələrinə yazdıra bilmiş igidlərdən məhrum bir millət olsaydı bu qəbildən olan yalanların müstəqillik dövündə də ayaq tutub yeriməsini anlayışla qarşılamaq olardı. Halbuki Azərbaycan tarixi, yuxarıda da qeyd etdiyim kimi, böyük insanların fəaliyyətləri ilə doludur. Elə insanların ki, Babəki onlarla bir səviyyəyə belə qoyub müqayisə etmək mümkün deyil. Hansı ki, onların adına bu gün bir küçə belə yoxdur. Məsələn. Ərməniyyə fatehi Yusif ibn Əbu's-Sac. 914-cü ildə dikbaşlıq edən Ərməniyyə hakimi I Sumbatı məğlub edib edam etdirən Yusif ibn Əbu's-Sac. Arpaçaydan Xəzər dənizinə, Dərbəndən Zəncana qədər Azərbaycanı birləşdirib hakimiyyətini bərqərar etmiş Yusif ibn Əbu's-Sac. 1163-cü ildə Gürcüstanı fəth edən, gürcü çarı III Georginin qorxusundan qarşısına belə, çıxa bilmədiyi Atabəy Şəmsəddin Eldəniz. Bağdad fatehi Qaraqoyunlu Kəmaləddin Qara Yusif (1389-1421). İran, İraq, Azərbaycan, Şərqi Anadolu, Gürcüstan, Ərməniyyə hökmdarı, Ağqoyunlu hökmdarı Uzun Həsən (1453-1478). Rusiya imperiyasını məğlub edib 1735-ci ildə “Gəncə müqaviləsi”ni imzalamağa məcbur edərək Azərbaycanı işğalçılardan təmizləmiş Nadir şah Əfşar və digər bir çoxları. Bütün bunlara rəğmən əgər Babəkə Bakıda heykəl ucaldılsa, bunun birmənalı qarşılanacağını düşünmürəm. Demək ki, hələ də Azərbaycanda imperiya ideologiyasının davamında maraqlı olanlar var.

- Bəzən Şah İsmayıl Xətai haqqında da belə sözləri eşidirik. Ümumiyyətlə, Xətainin Azərbaycan tarixində oynadığı rol haqqında nə deyə bilərsiniz?

 

(Davamı var)

 

 

 ELNUR

 

Təzadlar.- 2012.- 9 avqust.- S.7.