Babəkə Bakıda heykəl
qoyulmalıdır
“Təzadlar"ın ötən
saylarında Yaxın Şərq ölkələri üzrə
araşdırmaçı, tarixçi Elnur Nəsirovun “Babəkə
Bakıda heykəl ucaldılarsa..." başlıqlı
müsahibəsi dərc olunmuşdu.
Ötən sayımızda qeyd etdiyimiz
kimi, müsahibin Babəkin şəxsiyyəti və müstəqillik
uğrunda apardığı mübarizə tarixi və s.
haqqında söylədiyi bəzi subyektiv fikirləri dəyərli
oxucularımız tərəfindən birmənalı
qarşılanmamışdır. Elə
yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlini
də redaksiyamıza zəng etməyə sövq edən bu
mövqe idi. Hörmətli Akif Əlinin Babək haqqında bəhs
edən məlum yazıya bəzi iradları və tənqidləri
oldu. Məzuniyyətdə olması səbəbindən onu
redaksiyamıza dəvət etdik. Aşağıda onunla
geniş müsahibəni təqdim edirik:
- Akif müəllim, tarixçi Elnur Nəsirovun
“Babəkə Bakıda heykəl ucaldılarsa..."
başlıqlı müsahibəsində razı
olmadığınız məqamlar hansılardır?
- Adətən,
öz səhifələrində vətənə sevgi motivlərinə
üstünlük verən və müstəqil dövlətçilik
amalına sadiqliyi təbliğ edən “Təzadlar” qəzetinin
07-09.08.2012-ci il tarixli sayında ömrü boyu müstəqillik
uğrunda mübarizə aparan böyük vətənpərvər
sərkərdə Babək haqqında E.Nəsirovun söylədiyi təzadlı
mülahizələrlə tanış olduqdan sonra bəzi məqamlara
münasibət bildirməyi zəruri saydım... Qeyd edim ki,
“Yaxın Şərq ölkələri üzrə
tanınmış araşdırmaçı, tarixçi Dr.
Elnur Nəsirov” kimi təqdim olunan intervyüerin tarixi kontekstdən
kənar subyektiv fikirlərini təkrarlayıb tirajlamağa
ehtiyac görmədən
yalnız onu deyim ki, zamanında qılıncının zərbəsi
yüz minlərlə düşməni titrədən nəhəng
sərkərdə Babəkin kölgəsini indiki azadlıq və
asudəlik şəraitində virtual qılınclama həvəskarları
təəssüf ki, öz içimizdə də ortaya
çıxıb. Belə milli-mənəvi sapıqlıq “cəsarətinin”
bir qismi əlbəttə ki, sifarişlidir, bir qismi savad
problemindən doğur, başqa bir qismi biznes hərisliyinə
bağlıdır və s. Təbii, yel qayadan heç nə
aparmasa da, hər halda tarixi həqiqətlər fonunda
özünü bu xalqa və bu vətənə həsr
etmiş qəhrəmanın da mənafeyi
unudulmamalıdır. Ki, oxucuları çaşdıra biləcək
yanlış yazıların kəmiyyəti saxta keyfiyyət
göstəricisinə çevrilib ədaləti üstələməsin.
Genetik sapıqlar, sifarişlə qulluq göstərənlər,
biliksizlər və qazanc aludəçiləri bilsin ki, əldə
qılınc at belində Bəzz qalasından ana yurda soxulan
düşmənin yürüşünü qəzəb və
nifrətlə izləyən ulu sərkərdə Babəkin qəhrəman
obrazı hər bir namuslu Azərbaycan vətənpərvəri
üçün əbədilik qeyrət rəmzi olaraq
qalacaqdır... Mövzuya dair internet saytlarda və e-şəbəkələrdə
çoxsaylı oxucuların sapıqlara qarşı
yazdıqları geniş şərhlər və tutarlı
cavablar da məhz bu həqiqəti təsdiq edir.
- Məlumatsızlıq
bəlkə ondan qaynaqlanır ki, türk insanı tarix
yaradıb, amma tarixi yazmayıb...
- Tamamilə
doğrudur, bəli, Babək haqqında fikir yürüdərkən
bir məlum həqiqəti yaddan çıxartmaq olmaz ki,
bütün türksoylu qövm kimi Azərbaycanın
türk-oğuz igidləri də tarixi yaradıblar, amma onu
yazmayıblar. Onu bizim üçün yazan ərəb, fars,
rus, erməni salnaməçilərinin isə
haqqımızda nəyi necə yaza biləcəyi bu gün məmə
yeyəndən pəpə deyənə kimi hamıya bəllidir.
Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən
“faktları” şəstlə sağa-sola səpələyəndə,
zaman, məkan, şərait
amillərini, qələmin kimin əlində olduğunu
unutmamaq gərəkdir. Məhz buna görə E.Nəsirov
müsahibəsinə “bismillah” eləməmiş dərhal Babəkin
bioqrafiyası haqqında “mənbənin verdiyi məlumatlara” əsaslanaraq
Amerika kəşf edibmiş kimi onun valideynləri haqqında həqarətli
fikirləri təkrar etməkdənsə, bir qədər təxəyyülünə
əziyyət verib dərin analiz və geniş səbr
göstərsə yaxşı olardı. Çünki
ağıllı oxucu bilir ki, ərəb yazarı ərəb
xilafətinə 22 il qan uddurmuş bir igidi təbii ki mədh
etməyəcəkdi, haqqında hikkə ilə dolu hərzə-hədyanlar
uyduracaqdı.
İkincisi, XXI əsrdə
min beş yüz il öncənin qəhrəmanına qiymət
verərkən onun əməlini, şücaətini, iradəsini,
qətiyyətini, xarakterini, ideya və ideallarını, vətənpərvərlik
əzmini bir kənara qoyub, “atası filankəs, anası bəhmənkəs
idi” tipli mətləbsiz saçmalar sadalamaq sadəcə elmi
araşdırma hünərinin yox, məhlə-məişət
intellektinin göstəricisidir. Çünki hətta ərəblər
həqiqəti yazmış olsa belə, əlində
qılınc at belində minlərlə düşmən
arasına girib zəhmlə vuruşan adamın fəaliyyəti
ilə “bir gözü kor fahişə ananın” fəaliyyəti
arasında nə əlaqənin olduğunu xüsusi
araşdırmağa da ehtiyac yoxdur. Babəkin
yaşadığı dövrdə “Azərbaycan əhalisinin
böyük əksəriyyətinin İslam dininə
sitayiş etdiyini”, xürrəmilərin isə Bəzz
qalası və ətrafındakı “dağlıq ərazidə
yaşayan azlıq” təşkil etdiyini söyləmək -
“araşdırmaçı, tarixçi” üçün
çox da sadə səhv deyil. İslamın Azərbaycana
“Babək ortaya çıxmazdan iki yüz il əvvəl gəldiyini
və iki əsr ərzində azərbaycanlıların
böyük əksəriyyətinin artıq İslamı qəbul
etdiyini” iddia etmək, daha sonra isə guya Babək və tərəfdarlarının
silahlanaraq Azərbaycanın şəhər, qəsəbə
və kəndlərindəki “dinc əhaliyə hücum edib
kütləvi qətllər törədərkən ərəbləri
deyil, müsəlman azərbaycanlıları
öldürdüyünü” yazmaq isə nəinki heç
bir real əsası olmayan uydurma saçmalardır, üstəlik
Babəkin qurşağından aşağını hədəfə
almaqdır ki, bu da türk-oğuz mentaliteti daşıyan
kişilər üçün ayıblı niyyətdir.
- Akif müəllim,
bəs bəs mənbələr nə deyir?
- Mənbələr
“Yaxın Şərq ölkələri üzrə
tanınmış araşdırmaçı, tarixçi Dr.
Elnur Nəsirovun” dediklərini təkzib edir. Mənbələr
göstərir ki, Ərəb Xilafəti gücləndikdən
sonra ətraf ölkələri öz hakimiyyəti altına
almaq üçün işğalçı yürüşlərə
başladı. Xilafət ordusu ilk dəfə miladi tarixi ilə
633-cü ildə İraq tərəfdən üzü
şimala hərəkətə başladı və qədim
Sasani imperiyasının sərhədlərini keçdi. Miladi
ilə 635-də 25 min nəfərlik ərəb ordusu
İraqın Qədisiyyə adlı mövqeyində Rüstəmin
komandanlıq etdiyi Sasani ordusunu məğlubiyyətə
uğratdı. Bir neçə gün çəkən
qanlı savaşlarda xilafət ordusu 6000-dən çox
döyüşçü itirdi, Sasanilər isə 10000 şəhid
verdi. Məşhur Arran sərkərdəsi Rüstəm də
bu döyüşdə şəhid oldu. Albaniya
hökmdarı Varaz Qriqor III Yəzdigərdin xahişi ilə ərəblərə
qarşı vuruşmaq üçün ora qoşun göndərmişdi
və oğlu Cavanşiri həmin qoşuna sərkərdə
təyin etmişdi. Döyüşdə Cavanşir
üç dəfə yaralansa da sağ qaldı. Alban ordusu
imperiyanın süqutundan sonra öz ölkəsinə
qayıtdı... Mədainə girən ərəblər Sasani imperiyasının 3 trilyon dirhəmlik
xəzinəsini talan etdib şəhəri xaraba qoydular. Bundan
sonra Ərəb xilafətinin güclü ordusu Bidlisin dağ
keçidlərini aşaraq Van gölünün
şimalından Azərbaycan torpaqlarına yürüdü.
(mənbə: Vaqidi, Fütuh-uş-Şam).
Numani yazır:
“642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən
Nəhavənd şəhəri yaxınlığında 3
gün davam edən misli görünməmiş
döyüş başladı. Bu döyüşdə qan su
yerinə axırdı. O dərəcədə ki, insanlar və
atlar döyüş meydanındakı qan selindən ayaq
üstə dayana bilmir, sürüşüb
yıxılırdılar. Sayca xeyli üstün olan ərəb
ordusunun qələbəsi ilə bitən döyüşdə
50 mindən artıq insan həlak oldu...”
Nəhavənddəki
məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə
gələ bilmədi və nəhəng imperiya sürətlə
dağılmağa üz qoydu. Arran əhalisi qalalara çəkilərək
müqavimət göstərməyə başladılar.
“Ərdəbildən
keçən Xilafət ordusu Xəzər boyunca şimala
doğru hərəkət etdi. Həmədan şəhərində
əhali ərəblərə etiraz edərək üsyana
qalxdı”
Nəhavənd döyüşündən
sonra xəlifə Ömərin əmri ilə qoşun bərəkətli
Azərbaycan ölkəsinə hərbi yürüşü
davam etdirdi. Ərdəbil yaxınlığındakı
döyüşdə azərbaycanlılardan sayca və
silah-sursatca üstün olan müsəlmanlar qalib gələ
bildilər. Ərdəbildən keçən Xilafət ordusu
Xəzər boyunca şimala doğru hərəkət etdi. Həmədan
şəhərində əhali ərəblərə etiraz edərək
üsyana qalxdı. Belədə Xəlifə Ömər
başqa bir sərkərdəsi Nueym ibn Muqərrinə məktub
yazaraq onu da öz ordusunu Həmədana sürməyi əmr
etdi. 12 minlik qoşun Həmədana girdi. Bu zaman Azərbaycanın
digər cənub əyalətlərində yerli əhali
işğalçı ərəblərlə vuruşmaq
üçün qüvvələrini birləşdirir, ciddi-cəhdlə
savaşa hazırlaşırdı. Azərbaycan ordusuna İsfəndiyar
Fərruxzad adlı igid komandanlıq edirdi. Həmin çətin
günlərdə bizanslılar da Azərbaycana köməyə
gəlmişdilər.
643-cü ildə
Vaci Ruz adlı yerdə azər-türk və ərəb
döyüşçüləri qarşı-qarşıya gəldilər.
Şiddətli vuruşda sayca və silah-sursatca çox olan ərəb
ordusu qalib gəldi. (mənbə:
İbn əl-Əsir, əl-Kamil fit-Tarix).
O illərdə
İsfahan, Təbəristan, Kirman, Sistan, Xorasan və b. əyalətlərin
işğalı ilə qədim və zəngin Arran ölkəsi
demək olar ki, tamamilə ərəblərin əlinə
keçdi. Ümumiyyətlə, Ömər ibn Xəttabın
xəlifəlik müddəti xilafət tarixinin ən çox
istilalar dövrü idi. İraq, Suriya, İordaniya, Misir,
Gürcüstan, Azərbaycan, həmçinin Şimali
Afrikadakı məmləkətlər məhz onun
dövründə işğal edilərək Ərəb
imperiyasının tərkibinə qatıldı.
- Həm də
xatırlayaq ki, VII əsrin ortalarında
işğalçı ərəb orduları Azərbaycanda
ciddi müqavimətə baxmayaraq ölkənin cənub vilayətlərini
işğal etmişdi...
- Bəli, məhz
bundan sonra ərəblərlə Azərbaycan türkləri
arasında yüz ilədək davam edən savaşlar
dövrü başlanır. Uzun sürən qırğınlardan sonra, 705-ci ildə
ərəblər Azərbaycanın şimalındakı
Albaniya dövlətinin də
müstəqilliyinə son qoydu. Bundan sonra Azərbaycan əraziləri
üstündə dəhşətli dağıntılar və
fəakətlərlə müşayiət olunan ərəb-xəzər
müharibələri ölkəni xarabazara çevirdi, əhalini
səfalətə düçar etdi. Gözəl təbiətli,
barlı-bərəkətli Azərbaycana soxulub da onun
bütün bölgələrini vəhşicəsinə
qılınc gücünə işğal edən,
varidatına sahib olub varını-mülkünü talan edən,
yüz minlərlə yerli əhalini qətlə yetirən
cahil səhra adamları yerli xalqın milli-mənəvi dəyərlərinə
və yaşam tərzinə də kobud müdaxilə edir,
öz dinlərini, dillərini, milli adət-ənənələrini
və ideologiyalarını qəbul etdirmək
üçün zordan istifadə edirdilər. Xüsusən, ərəblərin
qavrayışı üçün yad olan Azərbaycanlı
türk-oğuz qövmünün qədim məbədləri,
müqəddəs atəşgahlar amansızlıqla
dağıdılır, yaxud xəyanətkar xidmətləri
müqabilində qonşuluqda yerləşən satqın erməni
tayfasına bəxşiş edilirdi. Cahil ərəb
işğalçıları məbədlərin üzərindəki
qədim rəmzləri və nişanələri - müxtəlif
tipli xaç, günəş, od işarələrini,
şumer-alban-türk yazısı ilə həkk olunmuş
müqəddəs mətnləri, həmçinin qiymətli
sənət nümunələrini vəhşicəsinə məhv
edirdilər. Bütün dini-fəlsəfi, elmi kitablar
yandırılır, dəyərli sənət əsərləri
xilafətin paytaxtına daşınır, alimlər və
ruhani adamlar öldürülür, ya sürgün edilirdi. Azərbaycana
məxsus qədim milli sərvətlərlə yanaşı,
yerli əyanlar, tacirlər qarət olunur, islamı qəbul etməyən
əhali amansızcasına incidilirdi.
- Tarixi mənbələrdə
deyilir ki, ərəblər yerli əhalini sürətlə
müsəlmanlaşdırmaq üçün islamı, ərəb
dilini və digər adət-ənənələrini qəbul
etməyənlərin üzərinə çox ağır
vergilər qoyurdular. Bu doğrudurmu?
- Doğrudur. Və
bu vergidən canını qurtarmaq üçün əksər
adamlar üzdə özlərini bu şərtləri qəbul
edən kimi göstərir, hətta özlərinə ərəb
adları götürməyə məcbur olurdular. (Ziya
Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”). Xilafətin
Azərbaycana qarşı həyata keçirdiyi siyasət
artıq milli genofonda və qədim ənənələrə
təcavüz olduğundan yüksək mədəniyyətə,
ulu dilə, mükəmməl elmi-fəlsəfi biliklərə
malik Azərbaycan xalqı təhqirlərə dözməyərək
ağır və qeyri-bərabər mübarizəyə
qalxırdı.
“Erməni
qoşunları da ərəblərin tərəfində
qafqazın digər xalqlarına qarşı fəaliyyət
göstərirdi”
Cənublu-şimallı
bütöv Azərbaycan məmləkətində dəhşətli
qırğınlar, dağıntılar, fəlakətlər
baş alıb gedirdi. Ərəblərin davamlı təcavüzləri
ölkəni xarabazara çevirirdi.
Erməni
qoşunları da ərəblərin tərəfində
qafqazın digər xalqlarına qarşı fəaliyyət
göstərirdi. Mənbələrdən aydın olur ki,
Muğan bölgəsində bütün kişilər ərəblərlə
müharibədə həlak olduğundan düşmənin
qarşısına qadınlardan ibarət dəstələr
çıxırdı. Yurdun qadınları həm
işğalçılara qarşı vuruşur, həm də
təsərrüfatı idarə edirdilər. Xilafət ordusu
dağlıq ərazilərdə bu vətənsevər, cəsur
Azərbaycan
“amazonkalarının” qarşısından çarəsiz
qalıb geri çəkildikləri də olurdu... Bütün
bu proseslər nəticəsində vəhşi işğala və
cahil hökmranlığına qarşı tarix səhnəsinə milli müqavimət hərəkatı
kimi Hürrəmilik çıxdı.
Erməni
qoşunları da ərəblərin tərəfində
qafqazın digər xalqlarına qarşı fəaliyyət
göstərirdi.. İslamı qəbul etmək istəməyənləri
çox ağır işgəncələrə məruz
qoyur, təhqir edir, varidatını əlindən alıb səfalət
içində məhvə məhkum edirdilər.
Maraqlıdır ki, “kitab əhli” saydıqları xristian və
yəhudilərə qarşı bunu etməyən ərəblər,
ən qədim Müqəddəs Kitabın - “Avesta”nın mənəvi
sahibi olan Azərbaycan türklərinə qarşı
insanlığa sığmayan hər vəhşi əmələ
əl atırdılar. Halbuki, Zərdüştün müvəhhid
və təkallahlı olmasını ilk dəfə Məhəmməd
peyğəmbərin mənəvi varisi və islamın ilk
imamlarından olan Əli ibn Əbu Talib, ondan sonra Hüzeyfə,
Səid ibn-Müsəyib və başqaları qəbul
etmişlər. Həzrət Əlidən “məcusilər” (zərdüştilər)
haqqında soruşulduqda o belə cavab vermişdi: “Məcusilərə
toxunmayın, onlara Kitab və Peyğəmbər göndərilib”.
Tarixi mənbələrdəki ziddiyətlərə
münasibətiniz necədir?
- Məlumdur ki,
“Avesta” yunan və roma fəlsəfi məktəblərinə,
mədəniyyətlərinə güclü təsir göstərən
səmavi mənbədir. Zərdüştlüyün uca
doktrinasının bütün Yaxın Şərqdə
iudaizmə, xristianlığa və buddizmə təsiri də
danılmazdır. Ərəb işğalından hələ
neçə min il qabaq Azərbaycan Zərdüştlüyün
mərkəzi idi. İlk müqəddəs Kitab - “Avesta”
Tanrı tərəfindən bu torpağa göndərilmiş,
on min ildən çox yaşı olan ən qədim tək
Tanrıçılıq dininin əsas məbədləri
burada tikilmiş, Zərdüştlüyün kahinləri -
müqəddəs maqlar burada yaşamışdılar. Minillər
boyu möhtəşəm mədəniyyət nümunələri
yaradan, ilk əlifba və dilin, ədəbiyyatın, incəsənətin,
memarlığın, sazın timsalında ilahi musiqinin, idman
oyunlarının, meydan teatrının və kütləvi el
şənliklərinin təşəkkül
tapdığı Odlar Yurdunun köklü sakinləri, bəşər
sivilizasiyasının mərkəzi məkanlarından olan Azərbaycanda
tarix boyu unudulmaz qəhrəmanlıq nümunələri
yaranıb. Belə nümunələrdən ən möhtəşəmi
VIII əsrin ortalarından IX əsrin ortalarınadək
dövrü əhatə edən milli-mənəvi azadlıq
mübarizəsi- hürrəmilər hərəkatı idi. Zərdüşt
Peyğəmbərin dinində Tanrıya dərin
bağlılıq və ruhi biliklərlə kamilləşmə
nəticəsində insanların təbiət qüvvələri
ilə təmasda ola bildikləri haqda məlumatlar var. Bu kimi
faktlar Azərbaycan ərazilərində yaşayan əcdadların
heç də qədim ərəb-fars mənbələrində
qələmə verildiyi kimi dinsiz, inancsız, biliksiz toplum
deyil, əksinə, Tanrıya yaxın, hətta ilahi qüvvələr
tərəfindən himayə edilən soydan olduqlarını göstərir.
Akademik Ziya
Bünyadov ərəb mənbələrinə əsaslanaraq
yazırdı: “Babək... Tanrının insan surətində
təcəssüm etməsi, ruhun bir bədəndən
başqa bədənə köçməsi inancını
elan edib, inandırırdı
ki, qeyb olan müqəddəs ruh çox sonralar
qayıdacaqdır.” Onlar “Uca Şirvinin Ruhu, Səni Gözləyirik!”
dedikdə məhz bu inama ( müasir anlayışda -
“reinkarnasiya” - A.) əsaslanırdılar.
“Onlar ruhların bədəndən-bədənə
köçməyinə inanırdılar” (Əbu Məhəmməd
Abdullah ibn Əsəd Yafeyi). Məhz ruhun əbədiliyi,
ölməzliyi haqda ilahi bilik Babəki və onun ətrafındakıları
mənfur düşmən qarşısında əyilməz
etmişdi. Onlar ölümün ancaq cismə, bədənə
aid olduğuna, ruhun isə əbədi yaşayacağına əmin
idilər. Babəki ən dəhşətli, qeyri-insani
işğəncələr qarşısında əyilməz
və qorxmaz edən də, məhz bu inam idi...
- Həqiqətən
də Azərbaycan türklərinin qədimdən sülhsevər
və humanist olduğunu hətta, ərəb tarixçiləri
də etiraf ediblər. Amma...
- Tamamilə doğrudur. Məsələn,
İbn ən-Nədim yazırdı: “Hürrəmilərin
dini etiqadında qətl, əzab və savaş yox idi, onlar
bütün bunların nə olduğunu bilmirdilər”.
Hürrəmilər hərəkatı Azərbaycan
xalqının milli-mənəvi, tarixi-mədəni kökləri
üzərində formalaşan
möhtəşəm milli qəhrəmanlıq tarixidir.
“Babəklə bağlı mənbələrin
də əksəriyyəti ərəb-fars
tarixçilərinin yazdıqlarından ibarətdir. Bu mənbələrdə qərəz,
saxtalaşdırma əlamətləri açıq-aydın
hiss olunur”
Bu qəhrəmanlıq
tarixinin 22 ili - Babəkin adı ilə bağlıdır.
Burada qeyd edək ki, hürrəmilər hərəkatı
dövrü tarix elmi üçün bəzən qaranlıq
məqamlarla dolu sirr pərdəsi altındadır. Səbəbi
isə dediyimiz kimi, çox sadədir: Türklər tarixi
yaradıblar, ancaq tarixi onlar yazmayıblar! Tariximizi əksər
hallarda dörd bir ətrafımızda dolaşan düşmənlərimiz
yazıblar. Bu tarixi onlar təbii ki, təhrif edərək,
saxtalaşdıraraq qələmə alıblar ki, xalqı
öz keçmişindən, köklü mədəniyyətindən
ayrı salıb simasızlaşdırsınlar. Babəklə
bağlı mənbələrin də əksəriyyəti ərəb-fars
tarixçilərinin yazdıqlarından ibarətdir. Bu mənbələrdə qərəz,
saxtalaşdırma əlamətləri açıq-aydın
hiss olunur. Böyük ideallarla yaşayan xürrəmilər
- azadlıq uğrunda mübarizə aparırdılar.
İslam pərdəsi altında onların yurdunu işğal
edən qəsbkarlara qarşı amansız və
barışmaz mövqedə idilər. Hürrəmilərin
inanclarına görə ulu Cavidanın ruhu gənc Babəkdə
zühur etmişdir. Onlar Tanrını ali və əbədi
mövcud qüvvə kimi qəbul edir, Tanrıya sitayiş
edir, onun yerdəki əlamətlərinə inanırdılar.
Bununla belə başqa dinləri rədd etmir, təhqirinə
yol vermirdilər. Şirvinlik inancına uyğun olaraq hürrəmilər
arasında ayrı-seçkilik yox idi, qadın-kişi bərabərliyi
mövcud idi, ailənin mirası qızla oğlan
övladı arasında tən paylaşırdı.
Bütün bunlar isə ərəblərin gətirdiyi yeni
dinin şərtlərinə uyğun gəlmirdi.
- Ümumiyyətlə,
tarixdə ərəblərə və İslama qarşı
mübarizəni Babəkin adı ilə bağlama cəhdi
var. Bu nə dərəcədə real həqiqətdir?
- Ərəblərə
və İslama qarşı mübarizəni təkcə Babəkin
adı ilə bağlamaq düzgün deyildir və hələ
Babəkdən 70 il öncə - 748-ci ildə Azərbaycan əhalisi
Ərəb işğalına və zorla islamlaşdırma
siyasətinə qarşı mübarizəyə
qalxmışdı. Babəkin vəhşicəsinə edam
olunmasından və bütöv Azərbaycan ölkəsinin
işğal edilməsindən keçən on illər
müddətində də ölkənin şimal-cənub
bölgələrində, xüsusən, Albaniyada, Aranda və
digər yerlərdə yadelli işğala qarşı
etirazlar səngimək bilmirdi. Babəkdən öncə,
808-ci ildə daha da vüsət alan milli azadlıq hərəkatına
igid sərkərdə Cavidan başçılıq edirdi. IX əsrin
əvvəllərində Azərbaycan əraziləri bu
mübarizənin mərkəzinə, Bəzz qalası isə
hürrəmilərin paytaxtına çevrilmişdi.
“Hürrəmi hərəkatı
Azərbaycanı işğaldan qorumaq uğrunda 100 ilə
yaxın mübarizə apardı”
Belə bir
mürəkkəb tarixi şəraitdə Azərbaycanın Azadlıq məkanında
böyük sərkərdə, qüdrətli dövlət
başçısı, xalqı arxasınca qələbədən-qələbəyə
aparan yenilməz bir rəhbərin - Babək Hürrəminin
parlaq vücudu yalçın qayalar üzərindən
vüqarla ucalırdı. Hürrəmi hərəkatı Azərbaycanı
işğaldan qorumaq uğrunda 100 ilə yaxın mübarizə
apardı. Bu müddətdə Xilafətin Azərbaycanda 6
böyük ordusu darmadağın edildi, ərəb
işğalçıları bir milyonadək
döyüşçü itirdilər. Elə bu qədər
də şəhid verən Azərbaycanın türk-oğuz
igidləri vətən uğrunda qəhrəmanlıqla
döyüşdülər. Babəkin dövründə isə
Hürrəmi hərəkatı Azərbaycanın
bütün tarixi ərazilərini əhatə etmişdi.
500 mindən çox
işğalçını məhv etmiş, xilafətin ən
məşhur sərkərdələrinə qalib gəlmiş,
qəddar xəlifələrin yuxusunu qaçırmış
məğlubedilməz Azərbaycan Oğlu heç də
düşmənlərin və düşmənə
yarınanların qələmə verdiyi kimi, miskin bir
qiyamçı gədə deyildi. O, qüdrətli sərkərdə
idi, güclü hökmdar idi, xalqı müstəqillik naminə
arxasınca irəli aparan müdrik öndər idi. Onun
yaratdığı dövlət qurumunun özünə məxsus
ideoloji istiqamətləri, od, alov, günəş,
işıq rəmzi olan qıpqırmızı bayrağı
vardı. Babəkin böyük bir ərazidə qurduğu bu
dövlətin güclü nizami ordusu, bacarıqlı sərkərdələri
var idi. Döyüş taktikası hərbi şuranın
toplantılarında hamılıqla hazırlanır və
ciddi şəkildə həyata keçirilirdi.
- Ümumiyyətlə,
Babəkin Avropa dövlətləri ilə
bağlılığı necə olub?
- Babəkin
sarayı ilə Qərb dövlətləri arasında da
sıx əlaqələr var idi. Babək Bizans imperatoru Feofilə
göndərdiyi məktubunda bütün Ərəb ordusunun,
hətta Xəlifənin dərzisinin və aşbazının
da onunla döyüşə göndərildiyini bildirirdi. Bu isə
o demək idi ki, Babəkin işğalçılara
qarşı mübarizəsi o dərəcədə qüdrətlənib
genişlənmişdi ki, nəhəng Xilafət bütün
digər istiqamətlərdə
hərbi münaqişəni saxlayıb təkcə Babəkin
üstünə yerimək məcburiyyətində
qalmışdı. Təsadüfi deyil ki, hirs-hikkəsindən
Babəki tarixdə misli görünməmiş vəhşiliklə
edam edib parça-parça doğratdıran əzazil Xəlifə
Mötəsim Babəkin şaqqalandığını
görüb dərindən nəfəs almış: “
Şükr, - demişdi, -Xilafət xilas oldu! İslam qurtuldu!
Bağdad əhlinə bayramlıq paylayın! İndi Azərbaycan
da bizimdir... Bütün dünya da!”
Müsəlman
salnaməçiləri Hürrəmilər haqqında onlara
qarşı qəzəb oyadan hər cür böhtan və
iftira yazıblar. Bu saxtakar tarixçilər yazıblar ki, guya
hürrəmilər bütün vaxtlarını şən
musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla
keçirirmişlər. Əbu Müzəffər İsfəraini
yazır: “...hər iki cinsdən olan babəkilər ildə
bir gecə o dağda musiqi və mey məclisinə
toplaşıb, pozğun işlər görərdilər.” Əslində
isə, bu ərəb “tarixçi”sinin dediyi gecə,
haqqında yəqin ki heç bir məlumatı
olmadığı Novruz gecəsidir ki, xalqımız hər
il ellikcə Tanrıya həsr olunan müqəddəs
bayramını bugünə kimi keçirir. Bu iftira ilə
bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov
çox tutarlı məntiqlə cavab verir: “İyirmi ildən
artıq xilafətə qarşı kəskin və cəsur
azadlıq mübarizəsi aparmış bir xalqı şən
və qayğısız ömür sürən
başıpozuq kütlə kimi qələmə vermək
mümkün deyil.” Onu da deyim ki, ta qədimdən möhtəşəm
mədəniyyətə, geniş elmi-fəlsəfi
dünyagörüşə, möhkəm dini-əxlaqi
prinsiplərə malik olan, bəşəriyyətin ilk təktanrıçılıq
dinini yaşadan bir xalqı və onun qəhrəmanını
bu cür aşağılayıcı tərzdə təqdim
etmək ancaq qərəzli “tarixçilərin” xəstə təxəyyülünün
məhsulu ola bilər. Ümumiyyətlə, dövrün hadisələri
haqda bizə gəlib çatan məlumatların böyük əksəriyyəti
ərəb tarixçilərinə məxsusdur. Bu
tarixçilər isə, təkrar edirəm, Xəlifənin sarayında oturub düşmən
haqqında həqiqəti yaza bilməzdilər.
- Tarixdə niyə
ərəblər Azərbaycanı daim işğal etmək
fikrində olub?
- Həqiqət
o idi ki, Azərbaycanın artıq möhtəşəm bir
müqavimət qüvvəsinə çevrildiyini görən
Xəlifə ibn Məmun əvvəllər əhəmiyyət
vermədikləri Azərbaycana nizami ordu göndərdi.
Sonralar bütün hərbi strategiyasını Azərbaycanı
işğal etmək hikkəsi üzərində quran xəlifə
Məmun dəfələrlə özünün ən
say-seçmə döyüşçülərini hücuma
göndərdi və hər dəfə onun sərkərdələri
məğlub oldular.
“...Çünki
azərbaycanlılar çox böyük mərdliklə,
qorxmadan və sonadək döyüşürdülər”
Babək yenilməz
bir qüdrət kimi Ərəb işğalının
qarşısını kəsmişdi. Təbəri yazır:
“...Babəkin ordusu ilə vuruşda Ərəb ordusu pərən-pərən
düşüb qaçdığı zaman əsgərlərdən
biri arxasına baxmadan qaçan İsaqdan soruşur:
-Ey Əbu Musa, hara belə?
O isə
cavab verir:
-Biz onlarla vuruşa bilmərik, biz ancaq
müsəlmanları qorxutmağa qadirik...” ...Çünki Azərbaycanlılar
çox böyük mərdliklə, qorxmadan və sonadək
döyüşürdülər. Bu bir faktdır ki, Azərbaycan
xalqının böyüklüyünü yaxşı
anlamayan, Babəkin gücünü düzgün qiymətləndirməyən
ərəb sərkərdələri dalbadal
rüsvayçı məğlubiyyətlərə
uğrayırdı. Hürrəmi hərəkatı Fars,
Xorasan, İsfahan və Kuhistan vilayətlərini
bürümüşdü. Hündür qalalarda odun-alovun,
günəşin rəmzi olan al bayraqlar
dalğalanırdı. Ərəblərə qədərki
qayda-qanunlar və milli adət-ənənələr bərpa
edilirdi. Cahil müsəlman ərəblərini ən çox
heyrətləndirən hallar baş verirdi: Azərbaycanda
kişilərlə bərabər hüquq sahibi kimi üzləri
açıq gəzən, hərəmxanalarda gizlənməyən
Azərbaycanlı qız-gəlinlər nəinki öz istəklərinə
görə ərə gedə bilir, hətta ölkənin
ictimai həyatında da fəal iştirak edirdilər. Babəkin
göstərişi ilə təxminən 1 mln kv. km.-lik əraziyə
malik Azərbaycan diyarının şəhər və kəndlərində
əmin-amanlıq bərqərar olunurdu. Azərbaycanda bir
çox millətlər və etnoslar sərbəst yaşayır,
müxtəlif dinlərə inananlar arasında heç bir
ayrı-seçkilik qoyulmurdu. Hürrəmilər elliklə
yığışıb şənlik edir, mahnı oxuyur, atəşgahlarda
Tanrıya ibadət mərasimləri keçirirdilər...
- Bəs Babək niyə məğlubiyyətə
uğradı? Buna səbəb nə idi?
- Nəhayət, 22 il böyük bir
imperiya ilə aramsız vuruşan Babək, adətən
olduğu kimi, satılmışlar, xəyanətkarlar və
casuslar sayəsində məğlubiyyətə
uğradıldı. “Azərbaycandan Ərmənə gedən”
dərədə ov edərkən Sünik knyazı erməni Səhl
Sumbatın 1 milyon dirhəm müqabilində onu hiyləgər
Afşinə satdığını biləndə Babək Səhl
Sumbata üzünü tutub demişdi: “Xain, öz ağanı
çox ucuz satdın, pul istəyirdinsə, mən sənə
bundan on dəfə artığını verərdim...” Babək
əsir düşəndən sonar Xəlifədən gələn
aman kağızını Babəkə təqdim edəndə,
ərəblərə qulluq göstərən türk
Afşinə Azərbaycan oğlu Babəkin cavabı bu
olmuşdu: “Sənin xəlifən məni heç bir şey
müqabilində satın ala bilməz, çünki şərəfli
ölüm xalqına və vətəninə xəyanət
bahasına əldə edilən miskin həyatdan min dəfə
yaxşıdır.”
Edam
üçün Xilafətin paytaxtı Samirə şəhərinə
aparılmazdan öncə isə Babəkin sərkərdə
Afşindən yalnız iki xahişi olmuşdu. Birincisi, Bəzz
şəhərinin xarabalıqlarının vidalaşmaq
üçün son dəfə ona göstərilməsini,
ikincisi, xidmət üçün ona təhkim edilmiş
adamın üstündən ət iyi gəldiyinə görə
dəyişdirilməsini istəmişdi...
- Babəkin edamı necə olub? Tarixdə
bilgi necədir?
- 838-ci il martın 14-ü günü Babəkə
şahlara layiq libas geyindirib nəhəng boz filin belində edam yerinə apardılar. Ərəb
Xilafətinin paytaxtında, Xəlifənin hüzurunda, ali
ruhani şəxslərin və mömin müsəlmanların
gözü qarşısında günahı yalnız öz vətənini
azad görmək olan Azərbaycan qəhrəmanı Babəki
dinə, imana, nə də insanlığa yaraşmayan vəhşi
bir üsulla qətlə yetirdilər. Şaqqalamaq əmri alan
cəlladlar əvvəlcə onun sağ əlini kəsəndə
Babək qolunun qanı ilə üzünü qana boyadı. Bunu görən Xəlifə
Mötəsim: “Ondan soruşun nə səbəbə belə
etdi?”- deyir. Babəkdən
soruşurlar, o belə cavab verir: “...Nə qədər ki,
başım kəsilməmişdir, bu qan axacaqdır. Mən
qorxuram bütün qanım axıb qurtarsın və
üzümün rəngi qaçıb solğunlaşsın,
adamlar elə düşünsün ki, guya mən ölümdən
qorxuram. Mən üzümü qana boyadım ki,
üzümün rəngi qaçmış kimi görünməsin”. Cəlladlar Babəkin sol qolunu, sonra
hər iki qıçını
kəsdilər. Babəkin bədəni bütün qan
içində olsa da, o səsini çıxartmırdı.
Edama toplaşanlar insane iradəsinin bu dərəcədə
yenilməzliyinə heyrət edirdilər. Axırda Babəkin
başını vurdular... Və yalnız bundan sonra Mötəsimin
məşhur ifadəsi səsləndi: “Şükr, Xilafət
xilas oldu!” Salnaməçilər
isə belə yazdılar: “Babək
öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə
gətirən bir igid idi”. “Babəkin üzərində
çalınan qələbə İslam dövlətində ən
böyük qələbə idi, onun əsir
alındığı gün isə müsəlmanların
bayram günü idi”'.
- Həqiqətən də
görünür ki, Babəkin rəhbərliyi ilə hürrəmilərin
mübarizəsi Azərbaycan tarixində ən parlaq səhifələrdən
biridir...
- Bəli, bu mübarizədə
düşmən qalib gəlsə də, xalqın
şüurunda dərin iz buraxdı. Babəkin
ardıcılları sonrakı yüz il ərzində Xilafətdə
baş verən bütün yeni etirazların özəyi
oldular. Adı
xalqımızın qəhrəmanlıq Kitabına
qızıl hərflərlə yazılan Babəkin xatirəsi
əbədi olaraq bu xalqın qəlbində
yaşayacaqdır. Ancaq bu gün
“araşdırmaçı-tarixçi” E.Nəsirovun
müdrikanə pozda guya xalqın öz milli qəhrəmanlarının
şücaət və rəşadətini mütləq
dastanlaşdırdığı barədə düstur irəli
sürüb “Dədə Qorqud” dastanındakı qəhrəmanları,
“Koroğlu” dastanını yada salması, Babək haqqında
isə belə daşdankeçən dastan faktının
olmadığını fəxrlə söyləməsi
heç bir tənqidə dözməyən gülünc
postulatlardır. Ona görə yox ki, alimin bu fikri səhvdir,
ona görə ki, xalq alimdən daha ağıllıdır:
o, “Dədə Qorqud”,
“Koroğlu” kimi dastanların bədii personajlarından fərqli
olaraq Babəkin - mifik obraz deyil, tarixi şəxsiyyət
olduğunu bilir. Və konkret bioqrafiyası, real həyat yolu,
aləmdə məşhur mübarizəsi olan qəhrəman
oğlunun sənədlərdə əksini tapan real
ömür yolunu nağıla, dastana çevirməyin
yersizliyini dərk edir.
Daha bir ilginc məqam. “Yaxın Şərq
ölkələri üzrə tanınmış
araşdırmaçı, tarixçi” müsahibəsində cidd-cəhdlə
“İslamı Babəkdən qorumaq” kimi bihudə missiyanı
üzərinə götürüb Don-Kixot sayağı fərziyyələr
söyləməsi - ha səy etsə də səsi
ucalaşmayacaq yağlı bir xoruzun quyruğunu göstərən
məqamlardandır. Məşhur ayı və dovşan
anekdotuna bənzər olaraq “...dostuma əl vuranı cıraram
ha!...” - deyə sinəsini qabağa verməsi isə bu “xoruzun” məhz Yaxın Şərqin
hansı ideoloji və coğrafi səmtində
yağlandığını aydın göstərir. Xüsusən
“xristian Bizansın İslam dünyası içində məhz
xürrəmilərin simasında özünə müttəfiq
tapması” barədə dediyi müasir provokasion fikir bu
ideoloji-coğrafi cəhəti tam bəlli edir.
- Müəllifin Babəkin haqqında olan
bilgilərin sadəcə, təbliğat xarakterli olub bizə
ötürülməsi məsələsinə münasibətiniz
də birmənalı deyil...
- Həqiqətən də
“araşdırmaçı-tarixçinin” dediyi Babəkin guya
bizə rus-Sovet imperiyası tərəfdən “əvəzsiz
propaqanda materialı” kimi sırınması barədə
mülahizələrə, burada adam bir qədər
ağını çıxarıb. Ruslar demişkən,
“slışal zvon, no ne znaet qde on!” Yəni bu motivdə sayaq nələrsə
oxuyub, eşidib, amma mahiyyətinə vara bilməyib. Şəxsən
mənim də bir neçə məqaləmdə imperiya
kanselyariləri tərəfindən zaman-zaman
xalqımızın itaətdə saxlanması məqsədilə
xüsusi “reseptlərin” hazırladığı barədə
mülahizələr olub... Ancaq indi bu həna o hənadan
deyil. Babək rus imperiyasının
yox, başqa bir imperiyanın diqqət və
marağı çərçivəsində olan arzuedilməz
şəxsdir. Və məhz Azəri türklərini əbədi
əsarətdə saxlamasına çox mane olan rəmzi obyekt
kimi onun aradan qaldırılmasına çalışır.
Düşünürəm, əksinə, Rus imperiyası (bu nə
qədər təzadlı görünsə də!) vaxtilə
apardığı amansız bölgüdə bizləri həmin
anti-Babək amallı şovinistlərin cəngindən
qurtarıb, mədəni dünya ilə təmasa, sivilizasiya
ilə qaynayıb-qarışmağa imkan verib... Təbii, bu
bir ayrı mövzudur.
- Doğrudanmı Babəkə Bakıda
heykəl qoyulsa “dünya dağılar”?
- Hansısa mübhəm niyyətlərə
görə Babəki bu qədər aşağılayıb
öz səviyyəsində araşdıran müsahibin
maraqlı açıqlamalarından biri də odur ki, sən
demə, “Azərbaycan tarixində Babəkdən qat-qat
mühüm rol oynamış, həqiqətən dahi
adlandıra biləcəyimiz insanlar varmış ki,
adlarını heç olmasa bir küçəyə belə
qoymayıblar!” Açığı, şəxsən mən çox maraqla izlədim
görüm, Babəki eyni bir səviyyəyə qoyub
müqayisə etmək belə
mümkün olmayan o böyük qəhrəmanımız
kimdir ki, bəlkə gələcəkdə hansısa boş
küçə tapıb adını ora qoymaq
üçün təklif irəli sürüm? Öyrəndim
ki, sən demə Azərbaycan xalqının indiyədək
tanımadığı bu adam - “Ərməniyyə fatehi Yusif
ibn Əbu's-Sac imiş”! Bəli, Yusif ibn Əbu's-Sac! Etiraf edim
ki, Tarixi-Nadiri yarıyacan oxusam da, “Azərbaycan
üçün tarixdə Babəkdən qat-qat mühüm
rol oynamış həqiqi dahi Yusif ibn Əbu's-Sac” adına nəinki
hansısa küçədə, heç SSRİ tarixi dəsliyində
də rast gəlməmişəm.
Odur ki, bu “Yusif ibn Əbu's-Sac” məsələsi heç!
“Milyonlarla qeyrətli Azərbaycan vətəndaşı
Prezident İlham Əliyevin Bakıda böyük sərkərdə
Babəkin abidəsinin ucaldılması barədə Sərəncamını
birmənalı olaraq razılıqla qarşılayıb”
Nəhayət, “məşhur
araşdırmaçı-tarixçinin” ultimativ tonda bəyanladığı
başqa cəfəng bir fikrə rəğmən, milyonlarla
qeyrətli Azərbaycan vətəndaşı Prezident
İlham Əliyevin Bakıda böyük vətənpər sərkərdə
Babəkin abidəsinin ucaldılması barədə Sərəncamını
birmənalı olaraq razılıqla qarşılayıb. Və
yadelli işğala qarşı mübarizə simvolu olacaq bu
abidənin paytaxtımızın ən uca nöqtələrindən
birində ucaldılacağı günü xalq səbrsizliklə
gözləyir! Çünki
kimin nə deməsindən asılı olmayaraq, xalqın gen
yaddaşından Babək fenomeninin izlərini silmək
mümkün deyil. Bu gün Naxçıvan Muxtar Respublikasının
rayonlarından biri Babəkin adını daşıyır.
Babəkin şərəfinə Naxçıvan şəhərində,
Babək rayonunda və Xaçmaz şəhərində abidələr
ucaldılıb.
Onun adına
Bakı və Gəncə şəhərlərində
prospektlər var. Babək haqqında elmi əsərlər,
monoqrafiyalar, pomanlar, poemalar yazılıb, film çəkilib.
Xalqının, Vətəninin, Dövlətinin
inkişafını istəyən bütün dünya Azərbaycanlıları
bu ulu qəhrəmanın varlığı ilə fəxr
edir. Və nəhayət, hər il Babəkin doğum
günü kimi qeyd edilən 26 iyun tarixində Cənubda yaşayan milyonlarla soydaşlarımız
- Azərbaycan türkləri bütün təzyiqlərə
və təqiblərə baxmayaraq Babəkin əziz xatirəsini
ehtiram və sevgi ilə yad edərək Bəzz Qalasına
yürüş keçirirlər... Azərbaycan Prezidentinin Sərəncamı
ilə Bakıda ucaldılacaq Babəkin abidəsi də məhz
50 milyonluq dünya Azərbaycanlıları üçün
çox qiymətli birlik, bütövlük timsalı olaraq
ucaldılacaqdır!
- Müsahibəyə
və Babək haqqında geniş gerçək bilgiyə
görə minnətdarıq.
A.Məmmədli
Təzadlar.-
2012.- 14 avqust.- S.12-13.