Elmlər
Akademiyasında Sabir təntənəsi
Yaradıcılığında
hər zaman müasir və aktual olan, ömrünün son məqamında
cahil və maymaq zümrələr tərəfindən
acından ölməyə məhkum edilsə də, əziz
müəllimi Seyid Əzimin vaxtilə ona hədiyyə etdiyi
Nizaminin "Xəmsə"sini satmağa razı olmayan dahi
Azərbaycan şairi Mirzə Ələkbər Sabir yubileydən-yubileyə
xatırlanası sənətkarlardan deyil.
Məlumdur ki, dövlət
başçısının mövcud sərəncamına əsasən
may ayı ərzində ayrı-ayrı elm ocaqlarında və
əmək kollektivlərində M.Ə.Sabirin 150 illik yubileyi
çərçivəsində yaradıcılıq gecələri,
sərgilər və elmi-praktiv konfranslar keçirildi.
Mayın 31-də isə sanki bu böyüklükdə, bu
gözəllikdə olan Bakımızın böyük Sabirin
yubiley təntənələri içində nəfəs
alırdı. Günorta çağı dahi şairin
adını daşıyan və əzəmətli abidəsinin
ucaldığı bağda böyük təntənə, qələbəlik
vardı.
Bir tərəfdə
müxtəlif yaradıcılıq kollektivlərinin
iştirakı ilə teatrlaşdırılmış ədəbi-bədii
kompozisiyalar, digər tərəfdə isə kitabxanalar tərəfindən
yaradılmış sərgilər və nəşriyyatların
təşkil etdiyi kitab satışı yarmarkaları
nümayiş olunurdu. Elə həmin gün Rəssamlar
İttifaqının geniş salonunda Sabir əsərlərinin
motivləri əsasında çəkilmiş qrafik rəsm
miniatürlərinin sərgisi də təşkil edildi.
Axşam isə Milli Dram Teatrında görkəmli elm, mədəniyyət
və dövlət xadimlərinin iştirakı ilə Sabirin
150 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri
keçirildi. Bütün bunlardan sonra düşünmək
olar ki, daha Sabirə həsr edilmiş tədbirlərə
yekun vuruldu. Amma heç də belə deyilmiş. Sadə, alicənab
və qədirbilən xalqımızın qədirbilən
nümayəndələri iyun ayında da ölkənin
ayrı-ayrı bölgələrində və
paytaxtımızda Sabirə həsr olunmuş yubiley tədbirləri
keçirdilər. Bu günlərdə isə Azərbaycan
MEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı
ilə ikinci mərtəbədə yerləşən konfrans
salonunda dahi satirik şair, gülüş mədəniyyətimizin
bayraqdarı M.Ə.Sabirin 150 illik yubileyinə həsr
olunmuş "Bənzərəm bir qocaman dağa ki..."
mövzusunda konfrans-sərgi keçirildi.
Əvvəlcə AMEA-ın müxbir üzvü, professor Teymur Kərimli qısa giriş sözü söylədi, sonra isə söz əsas məruzəçiyə - akademiyada yerləşən Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərliyə verildi. Aybəniz xanım ilk növbədə M.Ə.Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamını vurğulayaraq qeyd etdi ki, bütün dövrlərdə, hətta mənfur sovet quruluşu zamanında da xalqın dərdlərindən bağrı qan olmuş, yaratdığı dahiyanə əsərlərin müqabilində mükafat əvəzinə, saysız-hesabsız rəzalətlərlə üzləşmiş, nəticədə isə acından qan qusa-qusa canını tapşırmış Sabirin çox zəngin və ibrətamiz yaradıcılığına çox böyük diqqət və sayğılarla yanaşılmışdır. Hətta vaxtilə böyük Abbas Səhhət xüsusi şəkildə vurğulamışdı ki, Sabir İran inqilabı üçün bir ordudan artıq iş görmüşdür. Sonra Aybəniz xanım sözünə davam edərək satirik gülüşü ilə xalqın ən ümdə dərdlərinə misilsiz dərman olan şairin "xalq həyatının ensiklopediyası" olan "Hophopnamə"sini ədəbiyyatımızın çox möhtəşəm və unikal hadisəsi kimi dəyərləndirmişdir.
Bundan sonra tədbirdə filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli "Milli yaddaşımızın fəryadı", filologiya üzrə fəlsəfə doktoru Elmira Əlizadə "Gülüşün poetik dərki", filologiya elmləri doktoru Gülbəniz Babaxanlı "Sabirin yaşayan ənənələri", kulturologiya üzrə fəlsəfə doktoru Fatimat Məmmədova "Satirik sözün cazibəsi" mövzularında məruzə edərək Sabir yaradıcılığında dövrün ən ciddi sosial-siyasi münasibətlərinin çox canlı və həyati şəkildə əks etdirildiyini və bu yolla xalqın rəğbətini qazandığını qeyd etmişlər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. Sərgidə dahi şairin həyat və yaradıcılığını əks etdirən 2 dildə "Seçilmiş əsərləri", "Hophopnamə"lər, o cümlədən professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa ki...", Ə.M.Əhmədovun "Sabir", Əkrəm Cəfərin "Mirzə Ələkbər Sabir şeirinin qafiyəli lüğəti", Cəfər Xəndanın "Sabir", Abbas Zamanovun "Sabir gülür" və başqa kitablar nümayiş etdirilmişdir. Tədbirdə həmçinin ötən əsrin əvvələrində çapdan çıxmış "Molla Nəsrəddin" jurnalının saylarının toplandığı on cildi, eyni adlı toplunun yeddi cildi və Mərkəzi Elmi Kitabxananın nəşr etdirdiyi "Molla Nəsrəddin" bibliografik göstəricisi iştirakçılara təqdim edilmişdir.
Sərgidə həmçinin Azərbaycan, rus, və şərq dillərində 200-dən çox ədəbiyyat ənənəvi və virtual formada təqdim edilmiş, videolentlər göstərilmiş, fotoşəkillər nümayiş etdirilmişdir.
Bayram Afurcalı,
Aytən Rəhimli
Təzadlar.-
2012.- 23 avqust.- S.11.