Nizami Gəncəvinin
870 illik yubileyi Rusiyada keçirildi
Cabbar Məmmədov:
“XX əsrin birinci yarısında məşhur rus-sovet şərqşünası
akademik Bertels müəyyən etdi ki, Nizaminin əsərində
İranın Qum şəhərində doğulması
versiyası “İsgəndərnamə” əsərinə
ideoloji motivlərdən irəli gələrək təəssübkeş
İran mirzələri tərəfindən XVIII əsrdə əlavə
olunub və açıq-aşkar saxtalaşdırmadır”
Bu
günlərdə (23-27 noyabrda)
Rusiyanın Çuvaş Respublikasının paytaxtı
Çeboksarı şəhərində dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyi münasibəti ilə tədbirlər silsiləsi
təşkil edilməsi barədə geniş məlumatlar
verildi. Azərbaycan
Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi,
Ümumrusiya Azərbaycan Konqresi və konqresin yerli nümayəndəliyinin
dəstəyi ilə təşkil olunmuş bu tədbirdə
Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsinin
şöbə müdiri Rizvan Əliyevin rəhbərliyi ilə
geniş tərkibdə nümayəndə heyəti də
getmişdi. Tədbirlərdə həmçinin,
ÜAK-ın Moskva nümayəndəliyi və Rusiyanın
müxtəlif regionlarının diaspor sədrləri
iştirak edirdilər. Azərbaycandan gedən nümayəndə
heyətinin tərkibinə qəzetimizin oxucularına
yaxşı tanış olan, orta təhsilli olsa da, bir
çox elmi kəşflərin müəllifi, Nizami Gəncəvinin
Azərbaycan şairi olmasını ilk dəfə çox
nadir bir sənədlə sübut edən Cabbar Məmmədov
da daxil idi. Tədbir barədə onun səfər
təəssüratlarını oxucuların diqqətinə
çatdırırıq.
- Cabbar
müəllim, bu səfər barədə təəssüratlarınızı
bizimlə bölüşərdiniz...
- Səfərimiz
çox yüksək səviyyədə keçdi. Səfərin
əsas məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin
870 illik yubileyinin qeyd edilməsi olsa da, biz orada həm də
Çeboksarı şəhərinin azərbaycanlı sakinləri
və respublikanın dövlət rəsmiləri və elm
xadimləri ilə də görüşlər keçirdik.
İlk görüş Çuvaş
Respublikasının Dövlət Şurasında oldu. Biz burada
Çuvaş Respublikasının bir sıra dövlət və
hökumət nümayəndələri ilə, o cümlədən
Dövlət Şurasının sədri Yuri Popovla
görüşdük. Azərbaycan nümayəndə
heyətinin rəhbərliyi yüksək diplomatiya ilə Azərbaycan,
onun mədəniyyəti, tarixi və bugünkü
inkişafı barədə qarşı tərəfə ətraflı
məlumat verdi. Eyni zamanda,
Nizami barədə alimlərimiz fikir bildirdilər.
Sonrakı görüşümüz Humanitar Elmlər
üzrə Çuvaş Dövlət İnstitutunda alimlərlə
oldu. Orada hər iki xalqın müştərək qədim
kökləri, tarixi bağlılığı barədə,
eləcə də Nizami Gəncəvi irsinə dair yerli alimlərlə
ətraflı müzakirələrimiz oldu.
Səfər
müddətində şəhərin görməli yerləri,
tarixi abidələri, muzeyləri ilə tanış
olduq, ətraf regionlardan ora gəlmiş diaspora nümayəndələrimizlə
görüşdük.
Nizamiyə
həsr olunmuş tədbirdə Nizaminin həyat və
yaradıcılığına
barədə sənədli filmə baxış
keçirildi, hər iki tərəfdən nüfuzlu alimlər
çıxış edib, Nizami irsinin dəyərindən
söhbət açdılar, Nizami şeirlərini
çuvaş dilində səsləndirdilər, hər iki tərəfdən
olan musiqiçilər Nizami şeirlərinə bəstələnmiş
mahnılar ifa etdilər.
- Adətən
belə təsəvvür var ki, azərbaycanlılar xaricdə
bizi ancaq bazar əhli səviyyəsində tanıdırlar.
Çeboksarıda azərbaycanlılara münasibət necə
idi?- Çeboksarıda Azərbaycanlılar
böyük biznes sahibləri, şəhər
meriyasının və hətta Çuvaş
Respublikasının dövlət xadimlərinin hörmət
göstərdiyi, şəxsi münasibəti olan ziyalı
insanlardır. Yerli diasporanın rəhbəri
Əziz Bədirovun ünsiyyətcil şəxsi keyfiyyətləri
sayəsində oradakı bütün digər diasporalar
içərisində Azərbaycan diasporası xüsusi
nüfuza malikdir.
- Bəs
ümumilikdə Azərbaycan dövləti barədə sadə
çuvaşların təsəvvürləri necə idi?
- Çox yüksək səviyyədə.
Çeboksarının Milli Parkında hələ
1986-cı ildən ümumilli liderimiz Heydər Əliyevin
şəxsən öz əli ilə əkdiyi ağac
böyük ehtiramla qorunub saxlanılır, ona qulluq etmək
şəhərin 11 saylı məktəbinə həvalə
edilib. Ulu Öndərimizin 2000-ci ildə
yenidən həmin şəhərdə səfərdə
olması, keçirdiyi görüşlər hamı tərəfindən
xoş xatirələrlə yad edilirdi və onun həmin səfər
müddətində etdiyi çıxışları 2001-ci
ildə çuvaş dilinə tərcümə edilərək,
nəfis tərtibatla nəşr edilib. Şəhərin
mərkəzində “Bakı”, “Gəncə”, “Nizami Gəncəvi”
adına çoxlu sayda iri biznes və
iaşə obyektləri, mədəniyyət ocaqları və
küçə mövcuddur. Təbii ki, Azərbaycanın
orada belə
yüksək səviyyədə tanınmasında
Diaspora Komitəmizin və yerli diaspora nümayəndələrinin
indiyə qədər apardıqları gərgin işlərin
rolu danılmazdır.
- Orada Nizamini tanıyırdılarmı?
- Çox yaxşı
tanıyırdılar. Hələ 1956-cı ildən
Çeboksarı şəhərinin mərkəzi
küçələrindən birinə, eləcə də
keçən əsrin sonlarından etibarən döngələrdən
birinə Nizaminin adı verilib. 2004-cü
ildən həmin küçədə Nizaminin büstü
qoyulub. Nizaminin
“Leyli və Məcnun” əsəri Çuvaşiyanın
Yazıçılar İttifaqının sədri akademik Yuxma
tərəfindən çuvaş dilinə tərcümə
edilib və gözəl ön sözü ilə 2010-cu ildə
çuvaş dilində nəşr edilib.
- Hələ
bir neçə il bundan əvvəl “525-ci qəzet”də 2
nüfuzlu akademikimiz olan Bəkir Nəbiyev və Teymur Kərimlinin
Nizami Gəncəviyə həsr olunan bir məqaləsində
belə bir cümləyə rast gəlmişdik ki, “Nizami barədə
daha dərin məlumat almaq istəyənlər “Sankt-Peterburq
Universitetinin Xəbərləri” kimi mötəbər bir
jurnalda Nizaminin milli mənsubiyyəti barədə çap
olunmuş Cabbar Məmmədovun sanballı məqaləsinə
nəzər yetirsin”. Nədən
bəhs olunurdu bu işinizdə ki, ölkəmizin belə
nüfuzlu akademikləri yüzlərlə digər ədəbiyyatşünaslarımızın
deyil, Sizin bu sahədəki işinizi
hamıya tövsiyyə edirdilər?
- Bəli, bu məqalə “525-ci qəzet”in
2011-ci ilin sentyabr nömrəsində, bir-neçə gün
sonra da “Ədəbiyyat qəzetində” dərc olunmuşdu. Onların bu fikri sonradan 2012-ci ilin fevral ayında
Rusiyanın “Literaturnaya qazeta”sının 2-ci nömrəsində
də təkrarlanırdı. Həmin işim sonradan 14
mart 2012-ci il tarixdə təsdiq edilmiş
dövlət proqramına daxil edildi və dövlət tərəfindən
dünyanın aparıcı dillərinə tərcüməsinə
qərar verildi.
Bədnam
qonşularımızın universal taktikası Sizə məlumdur:
nəyi mümkündürsə Azərbaycan xalqının əlindən
almaq, ala bilmədiklərinisə elə etmək ki, nə bizə,
nə də onlara qalmasın. Nizami məsələsində də
belə bir iddiaya düşmüşdülər: bəzi yerlərdə
məqalələr çap etdirirdilər ki, guya Nizami Azərbaycan
yox, İran, Tacikistan, Hindistan, bəzən hətta Pakistan
şairidir. Bu məqalə belə bir nüfuzlu
tribunadan belə sərsəmlərə verilən elmi əsaslı
və konkret arqumentlərə söykənən bir cavab idi.
-
Ümumiyyətlə, ermənilərin Nizami məsələsinə
kölgə salmaq cəhdinin əsas arqumentləri nədən
ibarətdir? Və bu nə dərəcədə
elmi əsasa malikdir?
- Qarabağımızın
ermənilərə aid olmasını onlar necə
“sübut” edirlərsə, bunu da eyni yolla! Burada incə bir
taktikadan istifadə edirlər: Problem bundan ibarətdir ki,
dünya şöhrətli Azərbaycan mütəfəkkiri
Nizami Gəncəvinin poemalarından birinə XVIII əsrdə
belə bir beyt əlavə edilmişdi ki, guya Nizami Gəncəvi
öz əsərlərindən birində iddia edir ki, o, Azərbaycanda
yox, İranın Qum şəhərində anadan olub. Məhz
bu informasiyadan çıxış edərək XVIII əsrdən
başlayaraq dünya şərqşünaslığı ilə
yaxşı tanış olan insanlar
İranı Nizaminin vətəni hesab etməyə
başladılar.
Lakin XX əsrin
birinci yarısında məşhur rus-sovet şərqşünası
akademik Y.E.Bertels müəyyən etdi ki, qeyd olunmuş sətirlər
Nizaminin həmin əsərinin digər əlyazmalarında, o
cümlədən erkən köçürülən
versiyalarında yoxdur, yəni, bu sətirlər şairin
“İsgəndərnamə” əsərinə ideoloji motivlərdən
irəli gələrək təəssübkeş İran mirzələri
tərəfindən 18-ci əsrdə əlavə olunub və
açıq-aşkar saxtalaşdırmadır. Bu
kəşf digər sovet alimlərinin, o cümlədən, Azərbaycan
alimlərinin də diqqətini cəlb etdi və onlar da bu kəşfi
öz araşdırma və yeni tapıntıları ilə təsdiq
etdilər, o cümlədən akademik Kraçkovski, akademik.
Krımski, Azərbaycan alimləri Həmid Araslı, Cavad Heyət,
Rüstəm Əliyev, İran alimləri Səid Nəfisi, Vəhid
Dəstigirdi, erməni filoloqu Marietta Şaqinyan və b.
Bu elmi
faktın aşkar edilməsindən sonra bütün məşhur
sovet şərqşünasları, o cümlədən, əvvəllər
Nizamini fars şairi hesab etmiş alimlər
öz mövqelərini dəyişdilər və birdəfəlik
olaraq şairin vətəninin Azərbaycan olmasını qəbul
etdilər.
Lakin bu
müzakirələrin hamısının İkinci Dünya
Müharibəsi ərəfəsində və yalnız
rusdilli jurnallarda baş verdiyindən, həmçinin, bu
günə qədər Qərbin heç bir elmi jurnalında
Bertelsin bu böyük kəşfi barədə heç bir məqalə
dərc edilmədiyindən, ətalət üzrə Qərbdə
hələ də Nizami barədə bir fars şairi kimi
yazmaqda davam edirlər. Üstəlik də, 70 ilə
qədər biz Rusiyanın tərkibində olduğumuza
görə, Qərbdə ümumiyyətlə Azərbaycan
adlı dövlət barədə heç kimin təsəvvürü
yox idi. Bu gün biz müstəqil dövlətik
və uğurla öz dəyərlərimizə sahib çıxırıq.
Qeyd edim
ki, Nizaminin iranlaşdırılmasının əsasını
təşkil edən izah etdiyim həmin bu saxtakarlıqdan hər
bir azərbaycanlının xəbərdar olması, onun elmi
şəkildə çoxdan təkzib olunduğunu bilməsi zəruridir
ki, internetdə və digər yerlərdə bizim mədəniyyətimizə,
tariximizə sahib çıxmaq istəyənlərə
layiqli cavab verə bilsinlər.
- 2010-cu ildə Azərbaycan televiziyasında yenə də 2 akademikimizlə - Nizami Cəfərov və Teymur Kərimli ilə Nizami Gəncəviyə həsr olunmuş debatınızda dəfələrlə vurğulayırdınız ki, Nizaminin dünyaya tanıtdırılmasında dövlətimizin ciddi işlər görməsinə ehtiyac var. Bu həm də dövlətimiz üçün siyasi, mədəni, iqtisadi dividentlər gətirə bilən bir məsələdir. Bu gün dövlətimizin bu sahədəki fəaliyyəti Sizi qane edirmi?
- Çox yüksək səviyyədə qane edir. Əslində mən həmin verilişdə dediklərimi ondan bir-neçə ay əvvəl layihə şəklində tərtib edib, Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya göndərmişdim, orada bu problemi və onun həlli yollarını ətraflı təsvir edib, bu məsələdə dövlətimizin maraqlarını ortaya qoymağa çalışmışdım. Layihə həmin fondda 8/1-M/5637 nömrəsi ilə qeydə alınıb müxtəlif elmi dairələrə, o cümlədən AMEA-ya göndərildi, onların da, hamısında bu problemin aktuallığı və dövlət əhəmiyyəti kəsb etdiyi qəbul edildi və bu rəylə Fonda cavab verildi. Bundan bir müddət sonra Az.TV-dəki dediyiniz həmin veriliş təşkil olundu və mən də, dəvət olundum, bu problemin dövlət marağında olmasını lazımi formada diqqətə çatdırmağa çalışdım. Bundan da, bir-neçə ay sonra ölkə prezidenti tərəfindən Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalandı və hərtərəfli işlərə başlanıldı. Dövlətimizin aktiv fəaliyyəti ilə bu gün Qərb və Şərqin bütün aparıcı dövlətlərində Nizami günləri keçirilir, bir çoxunda Nizamiyə büstlər qoyulur.
Amma bir az aşağı dairələrdə bu sərəncamın icrası istiqamətində aparılan işlər, bəzən məni qane etmir. Məsələn Nizami elmi mərkəzinin nəyə görə bütün alimlərin və əlyazmaların cəmləşdiyi Bakıda yox, Gəncədə yaradılması, bu mərkəzin nəşri olan Nizamişünaslıq dərgisinin elektron versiyasının niyə internetdə yerləşdirilməməsi, Nizamişünaslıq sahəsində indiyə qədər yazılmış elmi əsərlərin hələ də aparıcı dünya dillərinə tərcümə edilib, internetə yerləşdirilməməsi, Nizamiyə aid daxildə və xaricdə keçirilən tədbirlərin təşkilatçı və iştirakçıların bir çoxunun, bu tədbirlərin təkcə poeziya gecəsi olmayıb, həm də daha dərin məna kəsb etdiyini dərk etməməsi və s. məsələlər bəzən məni məyus edir.
- Müsahibəyə görə çox sağ olun!
Söhbətləşdi:
Elçin Məmmədli
Təzadlar.-
2012.- 4 dekabr.- S.15