Dil - milli mədəniyyətimiz və mənəvi sərvətimiz

 

"Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını sevdiyi kimi, ana dilinisevir"

Firidun bəy Köçərli  

Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil mənəvi zənginləşmə üçün zəruri olan ünsiyyət vasitəsidir. Dil fikrin ən incə cəhətlərini, qəlbin ən dərin hisslərini ifadə edir. Hər xalqın öz dili olur. Bu dilə ana diliya doğma dil deyilir. O hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan, ən mühüm varlıq və yaşama amili olan dilin müstəsna rolu vardır. Xalqın bütün oğul və qızları dünyaya gəldiyi gündən ömürlərinin sonuna qədər bu dildə danışır, fikirlərini bir-birinə bu dildə canlandırırlar.

Azərbaycanın görkəmli müəllimlərindən, ədəbiyyatşünaslarından biri olmuş Firidun bəy Köçərli (1823-1920) "Molla Nəsrəddin" jurnalında yazırdı: "Ana dili millətin mənəvi diriliyidir... Ananın südü bədənin mayası olduğu kimi, ananın diliruhun qidasıdır. Hər kəs öz anasını sevdiyi kimi, ana dilinisevir".

Maarifçi-ziyalılarımızdan olan publisist, yazıçı-dramaturq Nəriman Nərimanov bir sıra məqalələrində, eləcə də məruzə və çıxışlarında ana dilindən sonsuz məhəbbətlə, hərarətlə bəhs etmiş, onun müstəqilliyini, əzəmətini dilə gətirmişdir. Görkəmli ədibin "Bu gün" adlı məqaləsində oxuyuruq: "Ana dili! Nə qədər rəfiq, nə qədər ali, qəlbi təlatümə gətirən kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Bir dil ki, mehriban bir vücud öz şəfqət və mərhəmətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən layla şəklində öz ahəng və ləyaqətini sənə eşitdirib, ruhunun ən dərin guşəsində nəqş bağlayıbdır!"

Əsl vətandaşlıq qüruru ilə N.Nərimanovun ana dilimiz haqqında hələ keçən əsrin əvvəllərində söylədiyi fikirlər öz mahiyyətini bugünsaxlamaqda, dolğunluğu və təzəliyi, təsirliyi ilə diqqətimizi cəlb etməkdədir.

 

 

 

 

Dil açanda ilk dəfə "ana" söyləyirik biz,

"Ana dili" adlanır bizim ilk dərsliyimiz.

 

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizə əhdi-peymanımızdır.

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

 

Qiymətli xəzinədir... onu gözlərimiztək

Qoruyub nəsillərə biz hədiyyə verək.

 

 

Bu  möhtəşəm fikirləri isə görkəmli şairimiz Bəxtiyar Vahabzadə misralarda canlandırmışdır. Doğrudan da bu dil qədər müqəddəs, qüdrətli əzəmətli, lətif şairanədir! Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza-canımıza hopmuşdur. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. O adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Dilimizin tarixi xalqımızın tarixi qədər dərindir. Azərbaycan ərazisi ən qədim dövrlərdən insan məskəni olmuş, ulu əcdadlarımızın - saysız qəbilələr, tayfalar, doğma yurdumuzun torpağı, suyu, havası ilə dirilik qazanmışdır. Hazırkı ədəbi dilimizin min ildən artıq tarixi vardır. əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Dilin inkişafını iqtisadi nailiyyətlərdən üstün tutan ulu öndərimiz deyirdi: "İndi biz dilimizdə sərbəst danışırıq hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var, o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik".

Bir çox tanınmış sənətkarlar belə, bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermantov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

Azərbaycan dilinin inkişafında bir çox alimlərin böyük rolu olmuşdur. Onlardan bəziləri bunlardır.

Muxtar Hüseyn oğlu Hüseynzadə (1900-1985) Azərbaycan dilçilik elminin yaradıcılarındandır. O, BDU-nu bitirmiş, həmin universitetdə professor, kafedra müdiri, dekan vəzifələrində işləmişdir. Söz birləşmələrinin tədqiqi sahəsində onun xüsusi əməyi vardır. Görkəmli alimin "Müasir Azərbaycan dili (morfologiya) dərsliyi ali məktəb tələbələrinin stolüstü kitabıdır. Onun akademik M.Şirəliyevlə birgə yazdığı "Azərbaycan dili" dərsliyi 50 ildən artıq bir müddətdə orta məktəbin müəllim və şagirdlərinə xidmət edib. M.Hüseynzadənin "Müasir Azərbaycan dili" dərsliyi Respublika Dövlət mükafatına layiq görülmüşdür.

Məmmədağa Şirəli oğlu Şirəliyev (1909-1991) Azərbaycan dilçilik elminin görkəmli nümayəndələrindən biri idi. Ömrünün 60 ilini dilimizin şivələrinin öyrənilməsinə həsr edib. Onun rəhbərliyi ilə nəşr edilən "Azərbaycan dilinin dialektoloji atlası" (1991) türk xalqları dilçiliyində bir nailiyyətdir. "Bakı dialekti", "Azərbaycan dialektologiyasının əsasları", "Azərbaycan dilinin dialekti və şivələri" və s. kitabları dilçiliyimizin uğurlarındandır.

Bu zəhmətkeş alimlərin siyahısını daha çox artırmaq olar. Lakin son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində dəyişmələrə səbəb olur. Belə ki, əvvəllər ölkəmizdə terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə saxlamaq mümkün idi. Xarici dillərdən tərcümə olunan materiallara, tərcümə prosesinə, xüsusi ilə ölkə daxilində dərslik və dərs vəsaitlərinə ciddi nəzarət olunurdu. Ancaq son zamanlar dünyaya sürətlə açılan ölkəmizdə, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşir. Bütün bunlara baxmayaraq, qeyd etmek zəruridir ki, heç şübhəsiz Azərbaycan mədəniyyəti, elmi inkişaf etdikcə, Azərbaycan dövləti möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncələrin dilinə çevrilir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərancamın tətbiq edilməsi dilimizin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ kimi qiymətləndirilməlidir. Çünki dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tariximüasir nüfuzunun qorunub saxlanması milli - ictimai ehtiyac, mənəvi - mədəni borcumuzdur.     

 

 

 

Elnurə Babayeva,

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunun əməkdaşı

Təzadlar.- 2012.- 6 dekabr.- S.15.