Bəstəkar Məmməd Cavadovun 100 illik yubileyi qeyd olundu
Mərasimdə bəstəkarın
yaradıcılığından söhbət
açıldı
Dekabrın 6-da Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir Hacıbəyli
salonunda tanınmış bəstəkar,
pedaqoq, məşhur “Barı
Naxçıvan” mahnısının müəllifi Məmməd
Cavadovun anadan
olmasının (1912-2002) 100 illik yubileyi qeyd edildi.
Bəstəkarlar İttifaqının təşəbbüsü
ilə baş tutan
yubileydə, həmçinin ““Barı Naxçıvan”ın
100 yaşlı bəstəkarı” kitabının da təqdimatı oldu
“Apostrof” nəşriyyatında çap olunan kitabın tərtibçisi və ön söz müəllifi üzeyirşünas Səadət Qarabağlı, redaktoru Vasif Quliyevdir. Kitaba bəstəkar Məmməd Cavadov haqqında Tofiq Quliyev, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və s. kimi görkəmli musiqiçilərin ürək sözləri, fotolar və bəstəkara həsr olunmuş şeirlər daxil edilib.
Tədbiri
Bəstəkarlar İttifaqının məsul katibi Lalə
Hüseynli açaraq Məmməd Cavadovun musiqi mədəniyyətimizə
töhfələrindən danışdı. Səadət Qarabağlı Məmməd Cavadovun həyat və
yaradıcılığından söz
açdı: “Kitaba məhz belə bir ad seçilməsinin səbəbi
var. Məmməd Cavadovun “Barı Naxçıvan”
mahnısı çox zaman
xalq mahnısı kimi
tanınır və mən mahnının müəllifini bu adla təqdim etmək
istədim. Əlbəttə, bir bəstəkar
mahnısının xalq mahnısı kimi qəbul olunması onun
uğurudur”.
S.Qarabağlının
çıxışından məlum oldu ki, dahi Üzeyir bəy
Hacıbəylinin yetirməsi olan görkəmli bəstəkar,
pedaqoq, gözəl insan Məmməd Kərim oğlu Cavadov
1912-ci ildə füsunkar Qarabağın Qarabulaq (indiki
Füzuli) şəhərində dünyaya gəlmişdir. O,
musiqi ilhamını ilk
dəfə Azərbaycanın qiymətli tacı olan qədim Şuşada
alıb. M.Cavadov ibtidai
təhsilini burada alandan
sonra, musiqiyə böyük
həvəs göstərdiyi üçün
Bakıya yollanıb və 1930-cu ildə Bakı Musiqi Texnikumuna qəbul olub. Məhz burada da ilk xeyir-duanı Üzeyir bəy Hacıbəylidən alıb.
Üzeyir bəydən musiqi
nəzəriyyəsinin sirlərini öyrənən gənc tələbə
solfecio harmoniya fənlərini
dərindən mənimsəyib. Musiqi Texnikumunu əla qiymətlərlə bitirən
Məmməd Cavadov Azərbaycan Dövlət
Konservatoriyasına (indiki Üzeyir
Hacıbəyli adına Bakı Musiqi
Akademiyası) imtahansız qəbul edilib. Burada eyni zamanda
iki fakültədə - bəstəkarlıq
və nəfəsli alətlər şöbələrində
təhsil alıb. Bu təhsil ocağında o,
Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Şəfiqə
Axundova, Ağabacı Rzayeva,
Hökümə Nəcəfova və başqaları ilə
birgə oxuyub. 1932-1938-ci illərdə
Ü.Hacıbəylinin təşkil etdiyi
Azərbaycan xalq çalğı alətləri
(notlu) orkestrində Səid Rüstəmov,
Hacı Xanməmmədov və başqaları ilə bərabər
işləməyə başlayıb. Bülbül,
Yavər Kələntərli, Həqiqət Rzayeva
və digər bu kimi
sənətkarlarla maraqlı konsertlər veriblər. 1938-ci ildə
Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə iştirak edib.
Məmməd
Cavadov 1938-1941-ci illərdə Üzeyir bəyin göndərişi
ilə Azərbaycan Dövlət Opera və Balet
Teatrının simfonik orkestrində, 1941-ci ildə Niyazi, Tofiq
Quliyev və Pərviz Rüstəmbəyovun yaratdıqları
ilk “Caz” orkestrində solist saksofonçu kimi
çalışıb. Onlar bu orkestrlə Naxçıvanda, Qroznıda, Dilicanda, İranın Xoy
şəhərində çıxış ediblər.
1943-cü ildə o, Azərbaycan Dövlət
Akademik Dram
Teatrında fəaliyyət göstərən simfonik
orkestrə dirijor təyin olunub.
Burada bir müddət
işlədikdən sonra böyük
sənətkar Adil İsgəndərovun məsləhəti
ilə Naxçıvan Dövlət Dram
Teatrına direktor və musiqi
məktəbinə müəllim göndərilib.
Naxçıvan teatrında M.Cavadov Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”
operalarına, “Arşın mal alan” operettasına dirijorluq
edib.
Məmməd Cavadov 1946-cı ildə Naxçıvanda notlu xalq çalğı alətləri orkestri, caz orkestri və sazçı qızlar ansamblı təşkil edib. Həmçinin teatrda tamaşaya qoyulan əsərlərə musiqi bəstələyib. Nağı Nağıyevin İkinci dünya müharibəsindən bəhs edən “Polad” dramına yazdığı musiqi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 1945-ci ildə Naxçıvanda çalışdığı zaman Hüseyn Əziminin sözlərinə “Naxçıvan” (sonradan bu mahnı “Barı Naxçıvan” adı ilə məşhurlaşır) mahnısını yazıb. Bu mahnının ilk ifaçısı bəstəkarın həyat yoldaşı Zərqələm Cavadova olub. Bundan sonra İslam Səfərlinin “Bənövşə”, “Badamlı”, “Cəngi” və s. şeirlərinə musiqilər bəstələyib. Bu əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının sədri Üzeyir bəy Hacıbəylinin (11 fevral 1946-cı il tarixli, 2 saylı Protokol) imzası ilə təsdiq edilib. Naxçıvanın musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Məmməd Cavadov 1944-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.
1955-ci
ildə ailə vəziyyətinə görə Məmməd
Cavadov yenidən boya-başa çatdığı Füzuli
şəhərinə qayıdıb. 1993-cü
ilə qədər (Füzuli işğal olunana kimi) orada yaşayıb
yaradıb. Əvvəlcə Füzuli
şəhərindəki Pedaqoji Texnikumda nəfəsli alətlər orkestri təşkil edib
və orada müəllim işləyib.
1957-ci ildə Füzulidəki Mədəniyyət evinə direktor təyin edilib. Burada o, dram dərnəyi, xalq çalğı alətləri
ansamblı, 72 nəfərdən ibarət folklor
ansamblı (bu ansambl
müsabiqədə uğur
qazandığı üçün Danimarkaya göndərilib), tikiş
dərnəyi, nəfəsli alətlər orkestri,
qızlardan ibarət nəfəs alətləri orkestri təşkil edib.
Mədəniyyət Nazirliyinin
və bilavasitə görkəmli bəstəkar Süleyman Ələsgərovun köməkliyi
sayəsində Məmməd Cavadov Füzuli şəhərində musiqi məktəbi açmağa
müvəffəq olub və gənc nəslin
musiqi tərbiyəsinin
formalaşmasında xüsusi xidmətlər
göstərib. Bundan əlavə, Füzuli şəhər Mədəniyyət
evində Xalq Teatrı yaradıb. Bu teatrda, eləcə də
H.Q.Sarabski adına Füzuli
Musiqili Dram
Teatrında tamaşaya qoyulan
dram və komediyalara
musiqilər yazıb. Səttar Axundlunun “Nişan üzüyü”,
Stefan Georgiyeskinin “Şeytan əməli” (tərcümə edəni
Ağakişi Kazımovski), Mirzağa Atəşin “Qara
libaslı adam”, “Baş
tutmayan kələk” və s.
əsərlərə musiqilər yazıb.
Məmməd
müəllim Füzulidə işləməklə
yanaşı, 1960-1977-ci illər arasında Üzeyir Hacıbəyov
adına Ağdam Orta İxtisas Musiqi məktəbində də
dərs deyib. Həm Naxçıvanda, həm də
Qarabağda yetişdirdiyi tələbələrdən indi
respublikamızda, həmçinin onun hüdudlarından kənarda
da tanınan sənət xadimlərindən xalq artistləri
Ramiz Mirişli, Nəriman Məmmədov, tarzən Ramiz Quliyev,
professor Vaqif Əbülqasımov, Səadət
Qarabağlı və başqaları Məmməd Cavadovun
yetirməsidirlər.
1993-cü ildə Füzuli şəhəri ermənilər tərəfindən işğala məruz qaldıqdan sonra M.Cavadov ailəsi ilə birlikdə Lənkəranda məskunlaşıb, 1998-ci ilə qədər orada yaşayıb. Lənkəranda o, Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə bərabər musiqi yaradıcılığı ilə də məşğul olub. Şair Şəkər Aslanın “Bu yerlər”, “Təkcə səni”, Mirhaşım Talışlının “Lənkəran”, “Rəssam müəllim” şeirlərinə mahnılar bəstələyib. Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin qızıl fondunda onun Yalçın Rzazadə, Yaşar Səfərov, Səmayə İsmayılova, Elxan Əhədzadə və başqa müğənnilərin ifasında bir çox mahnıları, eləcə də orkestr üçün “Qarabağ lövhələri”, Üzeyir bəy Hacıbəylinin 100 illiyinə həsr olunmuş “Sülh marşı” və başqa əsərləri saxlanılır.
1998-ci
ildə M.Cavadov Bakıya köçüb, Sulutəpə qəsəbəsində
yaşayıb. Məmməd müəllim
yaşının ahıl çağlarında Azərbaycan Bəstəkarlar
İttifaqına üzv seçilib.
2002-ci ildə ona Prezident
təqaüdü verilib.
O,
gözəl bəstəkar, pedaqoq olmaqla yanaşı, həm
də tələbkar, eyni zamanda mehriban ata və baba olub. Onun tərbiyə etdiyi övladlar bu gün atalarının yolu
ilə gedir, musiqi və
pedaqoji fəaliyyətlə məşğuldurlar.
Oğlu Azər Cavadov
Füzuli şəhərindəki musiqi məktəbinin müdiridir,
həm də bəstəkarlıq edir.
Qızları, nəvələri də musiqi
müəllimləridirlər.
Sevimli
bəstəkar, pedaqoq Məmməd Cavadov 2002-ci il dekabr
ayının 10-da, haqq dünyasına qovuşub. Lakin onun əsərləri
bu gün də qəlblərdə yaşayır.
Mədəniyyət
və incəsənət xadimlərinin, ziyalıların, bəstəkarın
qohumlarının və media nümayəndələrinin
iştirak etdiyi mərasimdə bəstəkar, pedaqoq Məmməd
Cavadovun zəngin yaradıcılığından, eləcə
də ərsəyə gətirdiyi əsərlərdən
danışıldı. Bildirildi ki, mərhum sənətkarın
özünəməxsus bəstəkarlıq dəst-xətti
mahnılar, uşaqlar üçün
əsərlər, fortepiano üçün pyeslər, xor
və orkestr üçün
əsərlər, klarnet və fortepiano üçün
“Konsert”, marş və
romanslarında da öz
əksini tapıb.
Şairə-publisist
Zeynəb Bəhmənli bəstəkar Məmməd Cavadov
haqqında yazılan ilk kitabın müəllifi olduğunu
diqqətə çatdırdı. O, otuz ildir Cavadovlar ailəsi
ilə yaxın olduğunu bildirdi.
M.Cavadovun
dörd il tələbəsi olduğunu qeyd edən xalq artisti,
tarzən Ramiz Quliyev öz müəllimi haqqında xoş
xatirələrini danışdı.
Çıxışçılardan sonra tədbirdə söz musiqiyə verildi. Mələk Qocayevanın ifasında bəstəkarın “Düşüncələr”, “Marş”, “Xəyal” pyesləri və məşhur mahnıları ifa olundu. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə bağlı videorolik də təqdim edildi.
Sonda
bəstəkarın oğlu Azər Cavadov atasına göstərilən
diqqətə görə ailəsi adından tədbirin təşkilatçılarına
və gələn qonaqlara öz təşəkkürünü
bildirdi.
ELBAR
Təzadlar.-2012.-11 dekabr.-S.15.