Əlyazmaları və
onun aktual problemləri
(Əvvəli ötən sayda)
Əski memarlıq abidələri - qala divarları,
karvansaralar, məscidlər bizə o dönəmlərin
hökmdarları, sənətkarları, şair və rəssamları
haqqında önəmli bilgilər çatdırır. Daha çox ərəb əlifbası
ilə daş üzərində yazılmış bu bilgilər
memarlıq abidələrini görünüş baxımdan
daha cazibədar, daha gözəl və möhtəşəm
etmək məqsədilə birlikdə, eyni zamanda binaların
sosial funksiyalarını da, yəni memarlıq abidələrinin
dini, sosial-ictimai yaşayış binası olmasını və
ya ibadət və s. fəaliyyətlər üçün nəzərdə
tutulduğunu da göstərir. Bu abidələr, məzar
daşları, görkəmli şəxsiyyətlərə
aid əşyalar, həmçinin ev əşyaları, silah
növləri, xalı-kilim kimi dekorativ-tətbiqi sənət
nümunələri üzərindəki yazılar və bəzək-düzəklərə
də diqqət etdiyimiz zaman onların böyük bir
ustalıqla hazırlanmasını, burada xəttatlıq sənətinin
ən gözəl bədii xüsusiyyətlərini də
görə bilirik. Təsadüfi deyil ki, bəzən
bu qəbildən olan nümunələri, xüsusilə də
dini mətnləri, öyüd-nəsihət xarakterli fikirləri
ifadə edən mətnləri əks etdirən
yazıları (kalliqrafları) çərçivəyə
alıb gerçək bir sənət əsəri kimi
nümayiş etdirmək meylləri ilə
rastlaşırıq.
Əlyazmaları
və mətnlərin araşdırılması ilə əlaqədar
problemlərin imkan çərçivəsində
türk-islam dünyası kontekstində də nəzərdən
keçirilməsinə xüsusi diqqət yetirilməsinə
ehtiyacı var. "İpək yolu" üzərindən
uzaq Çindən belə ölkəmizə, oradan da
Balkanlara, Türkiyəyə və digər ölkələrə
uzanan yol uzunu rast gəlinən onlarca karvansaralarda, oturacaq yerlərində,
camilərdə, mədrəsələrdə ərəb əlifbasıyla
ərəb və türk dillərində yazılara rast gəlinməsi
də bir həqiqətdir. Varlığını
II əsrdən başlayaraq sürdürən İpək Yolu
ilə əlaqədar tanınmış
coğrafiyaşünas-alim, akademik Budaq Budaqovun bir məqaləsində
maraqlı məlumatlar verilir. Orada qeyd
edilir ki, 1800-cü illərə qədər fəaliyyətdə
olan İpək Yolunun müxtəlif qollarına aid ərazinin
ən azından 20000 km-i türk xalqlarının
yaşadığı ərazilərdən keçirdi. Buradan keçən yolun türk xalqlarının
Çin, Qafqaz, Rusiya, Hindistan, ərəb ölkəlrinin
xalqları ilə iqtisadi əlaqələrin qurulmasında və
inkişafında önəmli rol oynadığı söylənilir.
Maraqlıdır ki, uzun illərdən sonra bu sülh və
millətlərarası ticarət yolunun günümüzdəki
aktuallığı bir daha üzə çıxdı. Onun yenidən
bərpası bir çox dövlət adamlarını və
siyasətçiləri düşündürən məsələlərdəndir.
Heç şübhəsiz, bu hər tərəfdən
perspektivli işdə ölkəmizin də mühüm
strateji və vasitəçi bir rol oynaya biləcəyi
faktı heç bir şübhə doğurmur. Bununla
belə, bir qədər uzaq görünsə də, diqqət
çəkdiyimiz tarixi "İpək Yolu" layihəsi
üzərindəki araşdırmalar zamanı üzə
çıxan bir çox maddi və mədəniyyət abidələrinin
meydana gəlməsində heç şübhəsiz Azərbaycan
mütəxəssisləri və xəttatlarının da izlərinin
olmasını təxmin etmək mümkündür. Hətta dünyanın yeddinci möcüzəsi
sayılan Hindistandakı "Tac Mahal" memarlıq abidəsinin
inşasında və layihəsinin verilməsində belə,
azərbaycanlı sənətkarların da iştirak etmələri
söylənilir. Odur ki, əlyazmaçı mütəxəssislərimizin
fəaliyyətlərini yalnız əldə olunmuş əlyazmaları
(məlumdur ki, onların sayı az deyil, minlərcədir) ilə
məhdudlaşdırmamalı, ölkəmizdən, digər
ölkələrdə, həmçinin ən qədim
zamanlardan üzü bəri bir çox şərq və qərb
ölkələri ilə olan iqtisadi-ticarət, sosial-mədəni
əlaqələr yolunda da axtarmaq lazımdır.
Burada rast
gəldiyimiz maddi-mədəniyyət abidələrində, həmçinin
daşda, dəmirdə, palçıqda (gildə), taxtada və
s. bu kimi materiallarda öz əksini tapmış qədim
yazı nümunlərinin də unudulmaması, onların ən
azından foto-şəkillərinin çəkilməsi, əlyazmalar
fondunda təsnifata uyğun olaraq xüsusi bir yer almaları da
gələcək araşdırmalar baxımından son dərəcə
önəmlidir. Xalqımızın İslam
dinini qəbul etdiyindən çox-çox öncə
yazı və kitab mədəniyyətimizin, inkişaf
etmiş dilimizin və ədəbiyyatımızın
olmasını sübut yetirən dəlillər və mütəxəssis
fikirləri mövcuddur. Paytaxtımız Bakı
haqqında ilk dəfə eramızdan 3500 il
əvvəl birinci Misir Fironu Menesanın dövründə
"Ölülər kitabı"ında məlumat verilir. Bunun özü də Azərbaycanın yazılı
abidələrinin qədimliyini göstərir. Tarixi həqiqətləri üzə
çıxarmaq, həmçinin keçmiş tariximizə,
mənəvi mədəniyyətimizə aid örnəkləri
ortaya gətirmək baxımından hələ də yerinə
yetiriləcək vəzifələrimiz çoxdur.
Ən qədim maddi-mədəniyyət abidələrimizin
kökü mixi yazılarına, Orxan-Yenisey abidələrinə,
Zərdüştlüyə, Şamanizmə gedir.
Koreyada XIX əsrə qədər Şamanizm mövcud
idi. Orada Şamanizm dövlət siyasətində önəmli
mövqeyi olan meyllərdən sayılırdı.
Günümüzdə Seulun mərkəzindən bir saat
uzaqlıqda 300 Şaman tapınağı (ibadətxanası)
fəaliyyət göstərməsi də bəllidir
.
Tanrı
və dini inanclarda belə türksoylu xalqların sosial adillik,
Tanrı inancı, yüksək mənəvi-əxlaqi dəyərlər
və gözəllik
anlayışları ilə əlaqədar fikirləri ifadə
etməklə yanaşı, bunları işarələr vasitəsilə
"maddiləşdirmək" və əbədiləşdirmək
idealı öz əksini tapmışdı. Məsələn,
Orxan-Yenisey abidələrində Bilge Kağanın xalqına
olan öyüd-nəsihətləri, dövlətçilik
anlayışı, gələcəyə olan
baxışları, xalqının taleyi ilə əlaqədar
fikirləri həkk olunmuşdur.
Bilinən həqiqətlərə görə, Bilgə
Kağanın fikirlərinin daş üzərində daha
mükəmməl və estetik bir şəkildə
yazılması üçün hətta Çindən belə
mütəxəssislər dəvət edilmiş və mətnin
yazılması onlara tapşırılmışdı.
Son zamanlar "Orxan-Yenisey" abidələrinin tədqiqi
yolunda Türkiyədə ciddi araşdırmalar həyata
keçirilir.
Türk arxeoloqları və dilşünas-alimlərin Monqolustanda bu sahədə
apardığı arxeoloji qazıntılar və tədqiqatlar
öz bəhrəsini verir. Bu bir daha türksoylu
xalqların ən qədim yazı mədəniyyətinə
sahib xalqlar arasında olmasını təsdiqləyir. Təbiidir ki, belə bir mükəmməl yazı
sistemi birdən-birə meydana gələ bilməzdi. Onun bu səviyyədə ortaya çıxması,
formalaşması, inkişafı üçün yüz illər,
bəlkə də daha çox bir zamana ehtiyac var idi.
İlk dəfə avstriyalı bir əsgər olan Strahlanberq tərəfindən
XVII əsrin əvvəllərində aşkar edilən bu abidələr
sonralar Fin əsilli Heykel (1890) və Rus alimi V.Radlovun (1891) dərin marağına səbəb
olmuşdu. Lakin bu kitabəni ilk dəfə
Danimarkalı alim V.Thompsen (1893) oxunmuş və dünya
ictimaiyyətinə çatdırmışdır.
Tanınmış Türkiyə türkoloqu prof. Tələt
Tekin bəy isə Orxan türkcəsinin qrammatikasını tərtib
etmişdir. Bu bir daha qədim dilimizdə bəlli bir
qanunauyğunluğun, daxili məntiqin, oturmuş
qayda-qanunların olmasını göstərir. Əks
halda, bu yazılı abidənin oxunması heç cürə
mümkün ola bilməzdi.
Orxan-Yenisey (və ya Orhun abidələri) abidələrinin
əsasən VII əsrin ortalarında ucaldılması təxmin
edilir. Bəzi mənbələrə görə, onlar
türk dilli xalqlar ədəbiyyatının ilk yazılı
örnəklərindən biri kimi qəbul olunur. Bu qəbildən
olan örnəklər xalqımızın tarixi dönəmlərdə
müxtəlif yazı əlifbalarından (xüsusilə də
son yüz illik ərzində - ərəb, latın,
kiril, yenə də latın) istifadə etməsini göstərir.
Heç şübhəsiz, zaman-zaman əlifbaların
müxtəlifliyi əlyazmaları sahəsindəki mütəxəssislərimizin
qarşısına müəyyən çətinliklər gətirdiyini
də unutmamalıyıq. Bununla belə,
keçmişdə fikirlərini bu əlifbalar vasitəsilə
gerçəkləşdirməyə məcbur olan ədiblərimizin
əlyazmalarının toplanılması, mühafizə edilməsi
ilə birlikdə müasir tələblər baxımından
onlara olan diqqəti də azaltmamalıyıq. Unutmamaq
lazımdır ki, XX əsrin bir çox tanınmış elm
və sənət adamlarının, o cümlədən
Üzeyir Hacıbəyli, C.Məmmədquluzadə,
M.Ə.Sabir, M.S.Ordubadi, Y.V.Çəmənzəminli,
S.Vurğun, S.Rəhimov kimi tanınmış sənətkarlarımız
əsərlərini ərəb və kiril əlifbası ilə
yazıblar. Təbiidir ki, bu gerçəkliyin də
mütəxəssislər tərəfindən diqqətə
alınması tarixən ölkəmizdə əlifba sisteminin
yer dəyişmələrini göstərməklə birlikdə,
eyni zamanda bu prosesin sosial-ideoloji səbəblərini anlamaq
baxımından da faydalıdır. Azərbaycan alimləri,
xüsusilə də paleontoloqları xalqımıza aid qədim əlyazmalarını
bir çox xarici ölkələrdə də axtarmağı
unutmamalıdır. Mənəvi mədəniyyətimizin
şah əsərlərindən sayılan "Dədə
Qorqud" dastanının əlyazmasının bir nüsxəsi
Vatikanda, digəri isə Almaniyanin Drezden kitabxanasında
saxlanılmaqdadır.
Tanınmış
sənətşünas alim, akademik Rasim Əfəndinin fikrinə
görə, xalqımıza aid bir çox dəyərli
minyatür, xalı-kilim sənəti nümunələri və
əlyazmaları dünyanın bir çox ölkələrində,
o cümlədən ABŞ-da, İngiltərədə,
Almaniyada, İtaliyada, İraqda dövlət muzeylərində,
həmçinin ayrı-ayrı şəxslərin fərdi
kolleksiyalarında qorunub saxlanılmaqda, nümayiş etdirilməkdədir
.
Zənnimizcə,
bu qəbildən abidələrimizi geri qaytarmaq imkanı olmasa
belə, onların professionallıqla çəkilmiş foto
surətlərinin alınıb ölkəmizə gətirilməsi az
da olsa bu sahədəki ehtiyacımızı ödəyə
bilərdi. Belə bir təşəbbüs həmçinin
Əlyazmalar İnstitutunun əlyazmalar fondunu bir qədər də
zənginləşdirər, onu daha da rəngarəng edər və
beynəlxalq nüfuzunu da artırardı.
Əlyazmalar tarixinə bir nəzər salsaq, onların hər
zaman "maddiləşəcəyi" materiallarla bilavasitə
əlaqədə olmasını görə bilərik. İnsanlar hər
zaman fikirlərinin, düşüncələrinin münasib
bir biçimdə diğərlərinə ötürülə
bilməsini diləmişlər.
Mütəxəssislər ən qədim zamanlardan bəri insanların daş, gil, taxta, qaya üzərində mixi yazılar, işarələr həkk etmələrinin tədqiqatın aparır. Eyni zamanda onların insanların papirüs (papirus adətən, Misirdə suda bitən qamışdan düzəldilirdi), həmçinin dəri və parşömen adı ilə tarixə keçən (parşömen isə əsasən də dana dərisindən hazırlanarmış) material üzərində, daha sonralar isə kağız üzərindəki yazılar barəsində maraqlı məlumatlar verilir. Bu materialların əldə edilməsi, istifadəsi, həmçinin üzərindəki yazıların oxunması baxımından müəyyən çətinliklər yaşanırdı. Məsələn, papirusun monopoliyası yalnız Misirə aid idi. parşömen üzərindəki yazılar isə rulon halında olub uzunluqları 6-10, bəzən isə 40 metrəyə çatırdı. Artıq XV-XVI əsrlərdən başlayaraq kağızın və mətbəənin meydana gəlməsi ilə əlaqədar olaraq Avropa ölkələrində yazıların kağız üzərində gerçəkləşdirilməsinə daha geniş yer verilməyə başlandı. Təxminən II əsrdə Çinlilər tərəfindən icad edilmiş kağızı VIII əsrdə türklər Səmərqəndə gətirmiş, kağız emalı karxanaları yaratmış, ilk dəfə oradan da Avropaya ixrac etmişdilər. Bununla belə, uzun bir zaman kağızla birlikdə papirus və parşömendən də istifadə olunmuşdur. Xüsusilə də mühüm dövlət sənədlərinin, dini kitabların, risalələrin uzun zaman qalması, zamanın təsirinə tab gətirməsi üçün bu materiallardan geniş şəklildə istifadə olunmuşdur. Parşömen üzərində yazılmış əsərlər bu günə kimi öz oxunaqlığını saxlamaqdadır.
(Davamı var)
Şöhrət
Səlimbəyli
Təzadlar.-2012.-8 dekabr.-S.13.