Əlyazmaları və
onun aktual problemlər
(Əvvəli ötən
saylarda)
Məlumdur
ki, finikiyalıların miladdan öncə, təxminən
1300-cü ildə ladin qapağında
aşkar edilmiş yazıları günümüzə qədər
gəlmiş və ilk yazı nümunələrindən
sayılır. Alimlər qədim Zərdüşt
dünyagörüşünü əks etdirən “Avesta” əsərinin
mətninin də 12 min inək dərisi üzərində
yazıldığını və onun bəzi bölümlərinin
günümüzə qədər gəlməsi və
oxunaqlığını saxlamasını qeyd edirlər.
Bu soylənilənlər bir daha həm qərb,
həm də şərq ölkələrində yaşayan
insanların yazı yazmaları üçün bənzər
materiallardan istifadə etmələrini göstərməklə
birlikdə, eyni zamanda paleoqrafçılarımızın bu
sahədə də axtarışlarının davam etdirilməsini
tələb edir.
Ümumiyyətlə,
türksoylu xalqlar tarix boyu bir neçə yazı sistemləri
və əlifbalardan istifadə etdiklərini qeyd edən alimlər
Göy Türk, suğdi, uyğur, mani,
brakmi, ərəb, suryani, latın, slav (kiril) əlifbalarından
istifadə etdiklərini yazırlar. Təbii ki,
belə bir vəziyyət əski türklərin çox
geniş coğrafi ərazilərdə məskunlaşması
ilə əlaqədar idi. Eyni zamanda ən
qədim zamanlardan bəri onların yazı mədəniyyətinə
malik olmalarını, fikir və düşüncələrini,
sadəcə, dil vasitəsilə, səslərlə, sözlərlə
deyil, həm də yazılı şəkildə ifadə etmələrini
göstərir. Belə bir zəngin
yazı sistemləri ilə təmas, heç şübhəsiz,
mədəni tərəqqi, qarşılıqlı zənginləşmə,
yazılı dilin inkişafı baxımından da müsbət
rol oymanaqda idi.
Əlifbanın
xalqın maariflənməsi yolunda daha fəal rol oynaya bilməsi
dünya mütəfəkkirləri kimi, Azərbaycan
maarifçilərini, mütəfəkkirlərini, filosoflarını da
hər zaman dərindən düşündürmüşdür.
Bu baxımdan, bir çox ədiblərimiz içərisində
M.F.Axundovun siması xüsusilə göz önünə gəlir.
O, ərəb əlifbasının tədrisi və öyrənilməsi
yolunda qarşıya çıxan çətinlikləri
göstərirdi. Həmçinin M.F.Axundov
müasir mərhələdə bu əlifbanın zamanın tələblərinə
uyğun gəlməməsini də yazır, yeni əlifbaya
keçmək üçün yollar axtarırdı. Onun bu yoldakı ardıcıl mübarizəsi, hətta
bu məqsədlərlə vaxtilə Türkiyəyə getməsi
və orada özünə tərəfdarlar araması kimi
faktlar mütəxəssislərə yaxşı
tanışdır. Bəlkə
də M.F.Axundov latın əlifbasına
keçməyi türksoylu xalqların bir-birilərini daha
yaxından tanımaqları, maariflənmələri, az zaman
içərisində Avropa və dünya mədəniyyəti
ilə tanış ola bilmələri məqsədilə həyata
keçirməyə çalışırdı.
Mütəfəkkirlərimizin və sənət adamlarımızın
əksəriyyəti ən qədim zamanlardan
günümüzə kimi əsərlərini bütün
şərq dünyasında geniş şəkildə
yayılmasında ərəb əlifbası vasitəsilə
oxucularına çatdıra bilmişlər. Günümüzdə
belə, hələ də İranda, İraqda bu əlifba ilə
yazıb-yaradan ədiblərimiz yaşayır. Türkiyədə
XX əsrin əvvəllərində bir çox
ziyalılarımızın, siyasi xadimlərimizin,
yazıçılarımızın bu əlifbadan, eyni zamanda
latın qrafikasından istifadə etmələri
bilinənlər arasındadır. Onlardan Əlibəy
Hüseynzadə, Əhməd Cavad, M.Ə.Rəsulzadə kimi
o dönəmlərdə Türkiyənin siyasi həyatında
mühüm rol oynamış, həmçinin Rusiyanın
imperiya siyasətinə qarşı tənqidi yazıları
ilə məşhurlaşmış ziyalılarımız var
idi. Onların da əlyazmalarının, məqalə
və kitablarının nüsxələrinin əldə edilməsi,
tədqiqi, dilimizə çevrilməsi, nəşri işi də
günümüz baxımından aktual görünməkdədir.
Sovetler Birliyi dönəmində repressiyaya qurban
getmiş görkəmli ədəbiyyatşünas-alim Salman
Mümtazın məhsuldar fəaliyyətini də bir daha
xatırlatmaq istərdik.
Türksoylu xalqların dillərini, ləhcələrini,
folklor yaradıcılıqlarını gözəl bilən
S.Mümtaz bir çox əsərləri, tənqidi məqalələri
ilə bərabər nadir əlyazmalarını, kitabları
toplayıb, onları araşdırır və geniş oxucu
kütləsinin sərəncamına
çatdırmağı son dərəcə önəmli
sayırdı.
Heç şübhəsiz, bu qəbildən
olan nadir şəxsiyyətlərin həyat yolu,
yaradıcılıqları, həmçinin keçmiş mədəni
irsimizə dair araşdırmaları, kolleksiyaları və
şəxsi fikirləri hər zaman diqqət mərkəzində
olmalıdır.
H.Zərdabi,
M.F.Axundov, Salman Mümtaz, Ü.Hacıbəyli və s. kimi
mütəfəkkirlərimizin xalq
yaradıcılığı nümunələrinin
qorunub-saxlanmasında və mühafizəsində böyük
xidmətləri danımazdı. Onlar bu yolda
ömürlərinin sonlarına qədər inanclarından
dönməmişlər. Bu insanların əməyini,
səylərini hər zaman tədqiq etmək gərəklidir.
Mütəfəkkirlərimizin
topladığı mənəvi sərvətləri bir daha
ictimaiyyətin hüzuruna gətirmək, bu sahədə
gerçəkləşdirilə bilən hər cürə fəaliyyət
və tədbirləri gecikmədən və zamanında yerinə
yetirməyi unutmamaq olduqca önəmlidir.
Bu
yaxınlarda tanınmış türk folklorşünas-alim,
Türkiyədə xalq yaradıcılığı sahəsində
bir çox dəyərli əsərləri ilə
özünə ad qazandırmış Pertev Naili Boratavın
vəsiyyət xarakterli son məktublarından biri ilə tanış oldum. Mən bir daha
bu qəbildən olan insanların bəzən xalq
yaradıcılığı nümunələrinin
toplanması, tədqiqi və təbliğinə bütün
ömürlərini həsr etdiklərini, ölümlərindən
sonra belə, topladıqları mənəvi mirasın
itib-batmamasını, xalqına mal olmasını
düşündüklərini hiss etdim. Əfsuslar
olsun ki, bu vəziyyət bəzən əlaqədar təşkilatların,
öncə də mədəniyyət və təhsil sahəsində
çalışan mütəxəssislərin diqqətindən
yayınır. Və türk
xalqlarının tarixinə olan laqeydlik, etinasızlıq hissləri
özünü göstərmiş olur. Bu
etinasızlığı 90 ildən çox ömür
yaşamış (1907-1998), son illərini mühacirətdə,
Parisdə keçirmiş Pertev Naili Boratavın ürək
dolu bu sözlərindən hiss edə bilərik.
Burada
müdrük folklorçu-alim Ankara Universitetindən
ayrılmalı olduğu və elmi
çalışmalarını Fransada davam etdirməyini
yazır və geyd edirdi:
“Arxivimi Fransaya daşıdım. Fürsət əldə
etdikcə Türkiyəyə gələrək Balkanlardaki
türk topluluqlarına, məmləkətdən xaricdəki
arxivlərə yaxınlaşaraq xalq bilmi və xalq ədəbiyyatı
nümunələrini toplamağa davam etdim. Doxsan
yaşındayam. Müxtəlif tədqiqatlarımda,
yayınlarımda bu arxiv materialının sadəcə olaraq
bir bölümündən istifadə edə bildim. Arxivin məndən sonra itib-getməməsi son illərin
ana məsələlərindən biri olmuşdur. Sonraki elmi nəsillər və ictimaiyyətin
faydalanmasını həyata keçirmək üçün
bu materiallara sahib çıxacaq Türkiyədən heç
bir kimsə və ya təşkilat ortaya çıxmadı.
On ilə qədər əvvəl Paris Nanterre
Universitetində Prof.Dr. Altan Gökalp
arxivimi öz universitetinə əmanətən verilməsini təklif
etdi”.
Məktubun
diğər bir yerində Pertev Naili bəy bir daha geyd edirdi: “Məsələ
mənim əlli ili aşan əməyimin hədər getməsində
deyil. Xalq mədəniyyətimizin təkrar əldə
edilməyəcək məhsullarının hədər getməsidir”.
Müəllif məktubunda Nanterre Universitetindəki arxiv
materiallarının hamısının fotosurətinin
Türkiyəyə daşınmasını mühüm
sayır. Eyni zamanda bütün bu prosesin mütəxəssislərə
həvalə edilməsini, arxiv materiallarının təsnifatının
verilməsini, kataloqlarının hazırlanmasını da təklif
edirdi.
Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi
alimi Hilmi Ziya Ülkenin, həmçinin tanınmış
filoloq, dilşünas alim Köprülünün təsiri
altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı
və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət
tarixinə keçə bilmişdir. Onun zəngin arxiv fəaliyyəti
bizim tədqiqatçılarımız üçün də
faydalı ola biləcəyini
düşünürəm.
Pertev Nailinin topladığı arxiv mütəxəssislərin
fikilərinə görə, ən önəmli və
geniş əhatəli arxivlərdən sayılır. Burada
toplanmış xalq nağılları, rəvayətlər,
atalar sözləri, şeirlər, lətifələr,
mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik
xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar
bir daha fikrimizi təsdiqləməkdədir.
Arxivdə
“Əsli və Kərəm”, “Koroğlu” dastanları ilə
birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif
bölgələrində, həmçinin
hüdudlarımıza yaxın bölgələrdə (Qars,
Iqdır, Ərdahan, Ərzurum və s.) toplanmış
yüzlərcə uşaq oyunu,
minlərcə xalq nağılları, eyni zamanda bir
çox diğər xalq dastanları yer almışdır.
Pertev Naili bəyin arxivi bizim tədqiqatçılarımız
üçün də çox önəmlidir. Alimin bu
yaxınlarda çapdan çıxmış “Koroğlu” monoqrafiyası
da (“Koroğlu” monoqrafiyası 1931-ci ildə İstanbulda da nəşr
edilmişdi) dastan araşdırmaçılarımıza,
folklorşünas alimlərimizə, həmçinin
paleoqrafçılarımıza maraqlı məlumatlar verə
bilər.
Bir
şeyi də xatırlatmaq istərdim ki, bütün bunlar, zəngin
arxivin yaranması
vaxtilə Pertev Nailinin Ankara Universitetinin
Dil-Tarix-Coğrafiya fakültəsində çalışmasından
qaynaqlanırdı. O, Ankara Universitetində “Xalq ədəbiyyatı
Arxivi” dərsləri keçirdi. Zənnimizcə,
belə bir fənnin universitetlərimizin filologiya və şərqşünaslıq
fakültələrində diqqətə alınması, tədrisi
gərəklidir. Təbiidir ki, bu fakültələrdə
daha çox Azərbaycan ədəbiyyatı tarixinə aid
materialların tədris edilməsinə ehtiyac duyulur.
Son zamanlar türk xalqları arasında
qarşılıqlı mədəni əlaqəlrin
inkişafı və genişləndirilməsi
üçün cox imkanlar yaradılmışdır. Xüsusilə
də qədim mədəniyyət tariximizin ortaq mənəvi
dəyərlərəri baxımından Türkiyə
Cumhuriyyəti ilə olan mədəni əlaqələrimizin
inkişafını sosial-mədəni həyatın
bütün sahələrində görə bilirik.
Əlyazmaları və arxiv mədəniyəti sahəsində
də bu mütərəqqi proses günbəgün genişlənir.
Məsələn, mütəxəssislərə yaxşı
məlumdur ki, ötən il Türkiyənin
Bolu Xalq Mədəniyyəti Araşdırma və Təbliği
Mərkəzi (BAMER) Azərbaycanda Koroğlu ilə
bağlı işıq üzü görmüş
bütün nəşrləri Boluya apardı. Daha
doğrusu, Türkiyənin Bolu Xalq Mədəniyyəti
Araşdırma və Tətligi Mərkəzi həmin nəşrlərin
foto surətini, kitabları isə satınalma yolu ilə əldə
etdi. Elmi və bədii ədəbiyyat nümunələrini
xüsusi olaraq Mərkəzin nəzdində təşkil
olunmuş “Koroğlu Tədqiqatlar Şöbəsi”nin istifadəsinə
verildı .
Fəlsəfə
elmləri doktoru, professor Babək Qurbanov yazır: “Vaxtilə
(1997) Abant İzzet Baysal Universitetində (ABİU) keçiriləcək
musiqi tərbiyəsinə həsr olunmuş konfransda iştirak etmək
üçün yolum Bolu şəhərinə
düşmüşdü. Burada boluluların
kütləvi şəkildə Koroğluya olan sönməz
sevgilərini, saygılarını gördüm. Bəlkə də bu sevginin ifadəsi idi ki, şəhərdə
ilk dəfə olaraq Koroğlunun bir əlində
gılınc, diğər əlində isə saz tutmuş,
Qıratın belində təsvir edilmiş heykəli
ucaldılmışdır. Boluda hər kəs
Koroğlunun məhz bolulu olmasına inanır. Etiraf edək ki, Türkiyədə bu ortaq xalq qəhrəmanımıza
aid zəngin tarixi, etnoqrafik, elmi-nəzəri və arxiv
materiallarının bolluğu var.”
Xalqımızın
Koroğluya olan sevgisi heç də az
deyil və respublikamızda bu nadir el qəhrəmanına həsr
edlmiş elmi-nəzəri məqalələr, kitablar,
monoqrafiyalar, konfranslar, ayrı-ayrı sənət əsərlərinin
təkrar-təkrar nəşri bir daha söylədiklərimizi
təsdiqləyə bilər. Bununla belə,
Koroğluşünaslıq elminin inkişafında hələ
də çox işlər görüləcəyinə
inanır və düşünürük ki, bu yolda
Türksoylu qardaş xalqların nailiyytlərindən, həmçinin
Bolu şəhərindəki Xalq Mədəniyyətinin
Araşdırılması (təhlili) və Təbliği Mərkəzinin
zəngin arxivindən
yaradıcılıqla istifadə olunmasının da bir
daha mənfəətli olacağı fikrini söyləməyə
ehtiyac var.
Xatırlatmaq lazımdır ki, bu kimi mədəniyyət
abidələrimiz haqqında aşkar məlumatları
tanınmış türk ictimaiyyətçi alimi, Hilmi Ziya
Ülkenin “Çağdaş türk düşüncə
tarixi” adlı fundamental kitabından almaq mümkündür.
Batı alimləri əlyazmalarının araşdırılması, onun tarixi, etnoqrafik, bədii həqiqətlərinin üzə çıxarılması yolundakı faydaları haqqında az yazmamışlar. Fəqət tarixin qaranlıq səhifələrinə müraciət edərkən burada heç də hər zaman yalnız yazılı mənbələrə əsasən fikir yürütməklə qalmamalıyıq. Yaddan çıxarmamalıyıq ki, məzmun və forma etibarilə zəngin folklor yaradıcılığı ən qədim zamanlardan şifahi bir şəkildə formalaşmış, günümüzə qədər bizə gəlib çatmışdır. Bu sözlər şifahi aşıq poeziyasına, ayrı-ayrı dastanlarımıza, bayatılarımıza, atalar sözlərimizə də aid olduğu kimi, eyni zamanda tarixin dərinliklərindən gələn bütün folklor nümunələrinə də aiddir. Təbiidir ki, bu prosesdə xalq yaradıcılığının məhsulu olan bədii dəyərlər bir çox təsirlərə məruz qalır, onun forma və məzmunu zaman-zaman dönəmin sosial-mədəni mühitinə, insanların zövq və tələbatlarına, həmçinin bu dəyərləri icra edən, xalq sənətkarlarının fərdi üslub tərzinə, dünyagörüşünə uyğun olaraq heç də ilk variantındakı kimi qalmır, bəzən əsaslı dəyişikliklərə uğrayır. Bu dəyişiklikləri, yəni nəyin ilk mərhələyə aid olub-olmamasını, nəyin daha sonralar qazanılmasını ayırd etmək əslində xalqın bədii təfəkkürünü, düşüncə tərzini tarixi inkişaf yolunu da anlamaya imkan yaratmışdır. Məhz bu səbəblərə görə də belə bir araşdırmanın hər zaman aktual məna kəsb edə bilməsini söyləmək mümkündür.
Şöhrət Səlimbəyli
Təzadlar.-2012.-11 dekabr.-S.13.