Seyidli oymağının Şərifli
nəslinin görkəmli övladları
Azərbaycanın qədim Qarabağ torpağında müxtəlif adda çoxlu türk tayfaları yaşamışlar. Görkəmli şəxsiyyətlər yetirmiş bu tayfalar oymaqları, obaları ilə seçilmiş, Qarabağın ictimai-siyasi, mədəni həyatında önəmli rol oynamışlar
Qarabağın qədim oymaqlarından sayılan Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığının qurucusu Pənahəli xan rəqiblərinə qarşı mübarizədə arxalandığı, etibar edə biləcəyi bir neçə tayfa və bu tayfaların oymaqlarından çıxmış qoçaq insanları olmuşdur. Qarabağa aid salnamə müəlliflərinin yazdığına görə, Cavanşir, Otuziki, Kəbirli və başqa tayfalar hər zaman Pənahəli xana sədaqətli olmuşlar. Seyidli oymağının əhalisi də Pənahəli xanın etibar etdiyi qoçaq insanlar sırasında idi.
XVIII əsrdə Qarabağ xanlığı zamanında Seyidli oymağının ərazisi geniş imiş. Həmin dövrlərdən etibarən Seyidli oymağında Qazılı, Məmmədbəyli, Kərbəlayi Miralılar, Mollalar, Seyidlər, Şərifli, Molla Qurbanlı, Eyvazlı, Hacıismayıllılar, Hacıtağlılar, Kəlbavəlilər, Əbülqasımlı, Nədirlər və başqa nəsillər yaşamışlar.
Bu nəsillərdən bəziləri zaman keçdikcə müəyyən təsirlər nəticəsində qaynayıb-qarışmaqla bir nəsil kimi öz varlıqlarını itirməli olmuşlar. Seyidli ərazisindən axan Kötəl çayı adıyla məşhur idi. Kötəl Qarqar çayının qoludur. Qarabağda Kötəlin suyunu içənin qoçaq, igid, eyni zamanda gözəl səsə malik şəxs olması barədə bir inanc da vardır.
Uşaqlığı Seyidli oymağında keçmiş Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov yazırdı: “Seyidli kəndi və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də bağ. Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Gürcüstan bağları kimi kələsər deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışdır....
Yay fəslində ərik, gavalı, böyürtkən, dəyərdi. Payız gəldikdə, böyüklərlə bərabər, üzüm, heyva, nar, əzgil, zoğal, alma, armud, qoz və qeyri meyvələr yığmağa məşğul olardıq”.
Qeyd etmək lazımdır ki, Süleyman Sani Axundovun ulu babaları soy, kök etibarilə Seyidli oymağındandırlar. Onun babası Dərgahqulu bəy Qarabağın tanınmış, sayılıb seçilən şəxslərindən idi. O, XVIII əsrin sonları XIX əsrin əvvəllərində Seyidli oymağında yaşamışdır. Dərgahqulu bəyin Mirzə Məmməd bəy, Abbas bəy, Rzaqulu bəy adlı oğlanları olmuşdur. Süleyman Sani Axundov Rzaqulu bəyin oğludur.
Seyidli oymağının sayılıb-seçilən nəsillərindən biri də Hüseyn bəyin övladlarıdır. Bu nəslin bəzi övladlarına Şərifli nəsli də deyilir. XVIII əsrdə yaşamış Hüseyn bəy Seyidli oymağının adlı-sanlı bəylərindən idi. Hüseyn bəy Seyidli oymağında anadan olmuşdur. O, XVIII əsrin sonlarına kimi yaşamışdır. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş. Şirin bəyin Əsəd bəy (1818-?), Məmmədqasım bəy (1828-?), Şükür bəy (1838-?) adlı övladları Seyidli oymağında yaşamışlar.
Şirin bəyin böyük oğlu Əsəd bəy 1818-ci ildə Seyidli oymağında anadan olmuşdur. Təhsilini molla yanında almışdır. Azərbaycan Respublikası Dövlət Tarixi arxivində saxlanılan 1863-cü il Seyidli bəylərinin siyahıya alınması sənədinə görə, Əsəd bəyin on dörd yaşlı Cavad bəy, iki yaşlı Qara bəy adlı oğlanları var imiş.
Hüseyn bəyin böyük oğlu Şirin bəyin nəsli tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.
Hüseyn bəyin ikinci oğlu Şərif
bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur. Şərif bəy dövrünün qoçaq, cəsarətli
insanlarından idi. O, Seyidli oymağının adlı-sanlı bəylərindən
sayılırdı. Şərif bəyin Qasım bəy, Xurşud bəy adlı övladları olmuşdur.
Seyidli oymağında
anadan olan Qasım bəyin molla təhsili var imiş. Qasım bəy
də sələfləri
kimi Seyidli oymağının sayılıb-seçilən
bəylərindən idi.
Qısa ömür yaşamış
Qasım bəy Seyidli oymağının Qazılı nəslindən
olan Məhəmmədalı
bəyin ortancıl qızı Mənzər xanımla ailə həyatı qurmuşdur.
Xurşidbanu Natəvanın yaxın
rəfiqələrindən sayılmış Mənzər
xanım dövrünün
oxumuş, savadlı xanımlarından sayılırdı.
O, kiçik bacısı
Mələk xanımla
Xurşidbanu Natəvanın
evində təşkil
edilən qadın ədəbi məclisinin iştirakçılarından idi.
Qasım bəyin Mənzər xanımdan İldırım
xan, Çərkəz
bəy, İldız xanım adlı üç övladı olmuşdur. İldırım xan və Çərkəz bəy qardaşları ilk təhsillərini
yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd
oğlundan (1858-1931) almışlar.
Seyid Həşim Seyid Qara Məhəmməd oğlu Qarabağda dövrünün tanınmış
ağır seyidlərindən
idi. İldırım xan və Çərkəz bəy qardaşlarının adları
Qarabağa aid yazılan
tarixi əsərlərdə
xüsusi ilə qeyd olunur. Hər iki qardaş Qarabağın ictimai-siyasi
həyatında əhəmiyyətli
rol oynamış şəxslər idi.
İldırım xan və Çərkəz bəy qardaşları Qarabağın
sayılıb-seçilən nüfuzlu bəylərindən
sayılırdı. Neçə-neçə tarixi şəxsiyyətlər
məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları dövrlərinin cəsarətli,
qoçaq, qeyrətli
insanları kimi xatırlanırlar. İldırım xan və Çərkəz
bəy öz silahdaşları ilə Şuşada vəhşiliklər
törətmiş ermənilərə
qarşı uzun illər silahlı mübarizə aparmışlar.
Daha doğrusu, erməniləri
himayə edən çarizmə qarşı
döyüşmüşlər. İldırım xan İranda
Səttarxan hərəkatında
iştirak etdiyi üçün “xan” tituluna layiq görülmüşdü. Səttarxan hərəkatına
aid tədqiqat əsərlərində
İldırım xanın
adına da təsadüf edilir.
Həyatları boyu silahlı mübarizələrdə, döyüşlərdə
iştirak etmiş bu qardaşlar faciələrlə
dolu ömür yaşamışlar. İldırım xan və Çərkəz
bəy qardaşları
20-ci illərin sonlarında
vəfat etmişlər.
Hər ikisinin məzarı Seyidlinin Qaracı qəbiristanlığındadır.
İldız xanım Qasım
bəyin qızı, Şərif bəyin nəvəsidir. Qardaşları kimi Qarabağda
qeyrətli, qoçaq,
cəsarətli, savadlı
şəxs kimi tanınmış İldız
xanım Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. İldız xanım qardaşlarına
kömək edərək,
bir neçə tarixi şəxsiyyətin
həyatının xilasında
əhəmiyyətli rol
oynamışdır. O, əmisi Xurşud bəyin oğlu Fərhad bəylə ailə həyatı qurmuşdur.
Sələflərinin layiqli davamçısı
olan Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. Əmisi oğlanlarının yaxın silahdaşı kimi Fərhad bəy də uzun illər ermənilərə qarşı
döyüşlərdə iştirak etmişdir.
Fərhad bəy və İldız xanım həyatlarının sonlarına
kimi Seyidlidə yaşamışlar. Fərhad bəy 1931-ci ildə
Seyidlidə dünyasını
dəyişmişdir. İldız xanım isə 1945 ildə faciəli şəkildə
həlak olmuşdur.
Kənd təsərrüfatı elmləri
namizədi Yelmar Şərifov Fərhad bəylə İldız xanımın yeganə övladıdır. Yelmar müəllim elinə-obasına
bağlı Şərifli
nəslinin layiqli ziyalı övladlarından
idi. Yelmar Şərifov meşə
torpaqşünaslığı üzrə Azərbaycanın
tanınmış mütəxəssislərindən
sayılırdı. O, uzun illər müxtəlif vəzifələrdə,
Azərbaycan Elmlər
Akademiyasında (indiki
Azərbaycan Milli Elmlər Akademiyası) çalışmışdır.
Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının
Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Ağdam şəhər məktəbində
təhsil almış
Y.Şərifov 1931-ci ilə
kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir.
O,
1931-1935 illərdə Azərbaycan
Kənd Təsərrüfatı
İnstitutunda təhsil
aldıqdan sonra Elmi-Tədqiqat Kimya İnstitutunun Aqrokimya və torpaqşünaslıq
şöbəsində kiçik
elmi işçi işləmişdir. SSRİ Elmlər Akademiyasının
Azərbaycan Filialının
Torpaqşünaslıq bölməsində
kiçik elmi işçi vəzifəsinə
işə düzəlmiş
Yelmar Şərifov
1936-1940 illərdə həmin
bölmənin torpaqşünaslıq
ixtisası üzrə
aspirantı olmuşdur.
O, 1940-1942 illərdə Azərbaycan
Xalq Torpaq Komissarlığında çalışmışdır.
Yelmar Şərifov
1942-ci ilin yanvar ayından avqust ayına kimi Bakı Piyada Hərbi Məktəbində
oxumuşdur. İkinci Dünya Müharibəsi
illərində o, 1942-ci ilin
avqust ayından
1943-cü ilin sonuna kimi 271 və ikinci qvardiya diviziyasının heyətində
xidmət etmişdir.
Yelmar Şərifov 1943 ilin sentyabr ayından 1944 ilin avqust ayına
kimi Xarkov Hərbi Kimyəvi Məktəbinin zabit-kursantı
olub. O, 1944-1945-ci illərdə
33-cü atıcı diviziyasının
heyətində zabit kimi Almaniya və
Polşa cəbhəsində
vuruşmuşdur.
Müharibədən vətəninə qələbə ilə qayıdan Yelmar Şərifov 1946-1952-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda baş elmi işçi işləmişdir. 1952-ci ildən 1959-cu ilə kimi Meşə Təsərrüfatı İnstitutunun Meşə torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqşünaslığı laboratoriyasında baş elmi işçi olmuşdur. 1968-ci ildə Meşə torpaqşünaslığı laboratoriyası şöbə şəklində Coğrafiya İnstitutunun tərkibinə keçdikdən sonra həyatının sonuna kimi həmin şöbənin baş elmi işçisi vəzifəsində çalışmışdır.
Yelmar Şərifov İkinci Dünya müharibəsi illərində göstərdiyi igidliyiyə görə SSRİ hökuməti tərəfindən müxtəlif illərdə 6 medalla (Döyüş xidmətinə görə medal, Qafqazın müdafiəsinə görə medal, Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medal, SSRİ Silahlı Qüvvələrinin qələbəsinin 50 illiyinə görə medal, Böyük Vətən müharibəsinin qələbəsinin 30 illiyinə görə medal, Böyük Vətən müharibəsinin qələbəsinin 25 illiyinə görə döş nişanı) mükafatlandırılmışdır.
Yelmar Şərifov 5 monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi idi. O, 1952-1959-cu illərdə respublikanın dağ və dağətəyi meşə altı torpaqlarda tədqiqat işləri aparmış, bunun nəticəsi olaraq “Azərbaycan meşə torpaqlarının bəzi genetik xüsusiyyətləri” adlı monoqrafiyasını yazmışdır. Bu əsər 1964-cü ildə Bakıda rus dilində nəşr edilmişdir.
Yelmar Şərifovun “Kiçik Qafqazın şimal-şərqi yamaclarında yarılmış torpağın genetik-meşəşünaslıq xüsusiyyətləri” adlı doktorluq dissertasiyası avtoreferat şəklində çap olunsa da, müəyyən səbəblər üzündən müdafiə edə bilməmişdir.
Yelmar Şərifov Bakıda vəfat etmişdir.
Göründüyü kimi, Seyidli oymağının Şərifli nəsli tarixin müxtəlif dövrlərində özünün sayılıb-seçilən övladları ilə tanınmışdır. Şərifli nəslinin övladları bu gün də Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edirlər.
Orxan Zakiroğlu
(Baharlı)
Təzadlar.-
2012.- 18 dekabr.- S.11.