"Hollandiyada özümüz çalıb, özümü oynamalı deyilik"
İradə Uluxanlı: "Ölkəmiz ya keçmiş sovet ölkəsi kimi, ya da işğalçı dölvət kimi tanınırdı"
Hollandiyada fəaliyyət göstərən "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin sədri, bu ölkənin Qaçqınlarla İş Üzrə Komitəsinin Heerlen şəhər bölməsinin hüquq məsləhətçisi İradə Uluxanlının "Təzadlar"a müsahibəsi
- İradə xanım, öncə oxucularımıza özünüz haqda məlumat verməyinizi xahiş edirəm.
- 1974-cu ildə Bakı şəhərində
anadan olmuşam.
1981-91-ci illərdə Bakı 8 saylı musiqi
məktəbində təhsil almışam. 1991-93-cü illərdə
Azərbaycan Dövlət Konservatoriyasının skripka bölməsində natamam
ali təhsil almışam. 1993-cü ildə
Azərbaycan Dövlət Sosial İdarəetmə
və Politologiya İnstitutuna
daxil olaraq politologiya ixtisası üzrə
təhsilimi davam etdirmişəm və
1997-ci ildə təhsilimi başa vurmuşam. 2007-2011-ci illərdə isə
Hollandiyanın Sittard şəhərində
"Hogeschool Zuyd"
adlı ali məktəbdə hüquq fakültəsində ali
hüquqi təhsil alaraq
hüquqşünas ixtisasına yiyələnmişəm.
1999-cu ildən Niderland Krallığının Maastrixt şəhərində yaşayıram. 2005-ci ilin aprel ayında təsis etdiyim "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinə rəhbərlik edirəm. 2007-ci ilin oktyabr ayından Hollandiyanın Qaçqınlarla İş Üzrə Komitəsinin Heerlen şəhər bölməsində hüquq məsləhətçisi vəzifəsində çalışıram. Ailəliləyəm, 2 övladım var.
- Rəhbəri olduğunuz təşkilat indiyə qədər hansı fəaliyyəti həyata keçirib?
- Rəhbərlik etdiyim VVODA-nın (holland dilində tərçümədə Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik adlanır) təsis edilməsində əsas məqsəd Azərbaycan Respublikasının mədəni-mənəvi dəyərlərini dünya ölkələrində, əsasən də holland dövlətində tanınmasına xidmət etməkdir.
Təsis etdiyim cəmiyyət yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə qarşı aparılan haqsız təxribatlara qarşı müxtəlif aksiyalar həyata keçirib və keçirməkdə davam edir. Dövlətçiliyimiz haqda həqiqətləri üzə çıxaran ədəbiyyat nümələrini Hollandiya və Belçika dövlətlərində yayımının təşkilini bu aksiyalardan biri kimi qeyd edə bilərik. Hazırda Maastrixt şəhərində yerləşən və kolleksiyasında 60000-ə yaxın kitab ehtiyatı olan Maastrixt Dövlət Kitabxanasında Azərbaycan dövlətçiliyi və tarixi haqda dəyərli informasiyanı özündə əks etdirən kitabların fonda salınması və oxucuların istifadəsinə verilməsi buna digər bir nümunədir. Bundan başqa, Hollandiyanın Heerlen, Valkenburq, Marqraten və Belçikanın Maas-Mexelen və Lanaken şəhər kitabxanalarında adı çəkilən kitabların kolleksiyaya salınması da cəmiyyətimizin həyata keçirdiyi digər aksiyalardan biridir.
Cəmiyyətimin fəaliyyət göstərdiyi müddət ərzində həyata keçirdiyi ən irimiqyaslı və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən tədbirlərdən biri də 2008-ci ilin mart ayında Valkenburq şəhərinin Sibbi qəsəbəsində təşkil etdiyimiz Novruz şənliyi olub. Şənlik Sibbi qəsəbə orta məktəbin müəllim və tələbə heyətinin bilavasitə iştirakı və yardımı ilə keçirildi.
Şənliyin təşkilində əsas məqsəd Azərbaycanın milli, mədəni və mənəvi sərvətlərini holland cəmiyyətində təbliğini təşkil etmək idi. Keçirilən tədbirdə Azərbaycanın tarixi və bir sıra tarixi abidələri haqda qonaqlara ətraflı informasiya verildi, stendlər təşkil edildi, suvenirlər və dövlətçiliyimiz haqda kitablar paylanıldı, ölkəmizlə bağlı sənədli filmlər nümayiş etdirildi.
Eyni zamanda Novruz süfrəsi və milli mətbəximizin özəyini təşkil edən təamlar haqda ətraflı məlumat verildi, nümunələr təşkil edildi. Tədbirin nəticələri yerli televiziya vasitəsilə əhaliyə nümayiş etdirilərək, yerli mətbuat olan "Limburqse daqblad" və s. kimi qəzetlərdə maraqlı məqalələr çap olunması tədbirimiz haqda məlumatların geniş oxucu tərəfindən izlənilməsinə kömək etdi.
Cəmiyyətin 2010-ci ilin mart ayındakı tədbirlərindən biri də Hollandiyanın Heerlen şəhərində keçirdiyi növbəti Novruz şənliyi olub. Tədbirin məqsədi dəyişməz olaraq, təbliğat xarakteri daşıyırdı. Bu məqsədlə cəmiyyətimiz tərəfindən yeni bir layihə hazırlanmışdı. Ümumilikdə, layihə tariximizi, dövlətçiliyimizi və milli adət-ənənələrimizi nümayiş etdirəcək növbəti aksiyalar da öz əskini tapıb:
- Holland məktəblilərinin ifasında
milli rəqslər;
- Holland məktəblilərinin ifasında
Novruz haqda şeirlər;
- Holland məktəbliləri tərəfindən
xarici qonaqlara tarixi abidələrimiz haqda məlumatın verilməsi;
- Holland valideynlərin köməyi
ilə milli şirniyyat süfrəmizin
hazırlanması və
qonaqlara təqdimatı;
- Holland valideynlərinin iştirakı
ilə milli mətbəximizin təşkili
və təbliği;
- Klassik musiqi nümunələrimizin nümayişi,
dövlətçiliyimiz və
tariximiz haqda müxtəlif ədəbiyyat
nümunələrinin yayımı
və s.
Keçirəcəyimiz tədbirdə holland məktəbliləri
və valideynlərinin,
ümumiyyətlə, yerli
əhalinin iştirakı
təbliğat xarakteri
daşıyır və
bunun vacibliyi barədə qeyd etmək istərdim ki, yerli əhalinin
tədbirdə fəal
iştirakını təşkil
etməklə tariximizi,
milli adət-ənənələrimizi,
ümumulikdə, maddi
və mənəvi sərvətlərimizi holland
cəmiyyətinə daha
yaxından tanıtmaq
imkanını əldə
etmiş oluruq.
Təşkil etdiyimiz tədbirlərin xeyriyyəçi xarakter daşıdığını qeyd etmək istərdim. Belə ki, tədbirlər
zamanı əldə edilən maddi vəsaitə 2010-ci ilin iyul ayında Azərbaycan Gözdən Əlillər Cəmiyyəti
üçün İsveçdən
brail tipli çap aparatı alınaraq cəmiyyətin nəzdində
olan gözdən əlil məktəblilərə
hədiyyə olundu.
Tədbirdə fəal iştirak edən holland məktəbliləri Diasporla
İş Üzrə
Dövlət Komitəsinin
dəstəyilə həmin
ilin iyul ayının 26-da respublikamıza
1 həftəlik gəzintiyə
dəvət olundu.
Növbəti tədbir Maastrix şəhərində keçirilən
"Azərbaycan mədəniyyət
həftəsi" adlı
tədbir oldu. 2011-ci ilin iyun ayının
5-10 arası keçirilən
bu tədbirdə Maastrixt şəhərinin
2 orta məktəbinin
300-ə yaxın şagirdi
iştirak edib. Tədbirin əsas uğuru ondan ibarət oldu ki, məktəbin
tədris proqramı dəyişdirilərək "Azərbaycan" mövzusu
şagirdlərin 1 həftəlik
tədbir proqramına
daxil edildi. Mədəniyyət həftəsi
müddətində şagirdlər
tədris planına uyğun olaraq Azərbaycanın coğrafiyası,
tarixi, ədəbiyyatı,
musiqisi, milli rəqsləri və zəngin mətbəxlə
yaxından tanış
olaraq mədəniyyət
həftəsinin sonunda
həftə boyu öyrəndiklərini bayram
şəklində şəhər
ictimaiyyətinə nümayiş
etdirdilər. Hər dəfə
olduğu kimi, bu dəfə də fəaliyyətimiz yerli medianın dəqqətindən yayınmadı.
Tədbir və onun nəticələri yerli mətbuat orqanlarında geniş şəkildə
işıqlandırıldı. Cəmiyyətin 2012-ci ildə təşkil
etdiyi son layihə isə Hollandiyanın Limburq əyalətinin rəsmilərindən ibarət
bir qrup nümayəndə heyətinin
respublikamıza rəsmi
səfəri oldu.
Səfər uğurla başa
çataraq, bir neçə sahədə
gələcək əməkdaşlığın
əsası qoyuldu.
- Hollandiyada Azərbaycan
diasporunun fəaliyyətini
necə dəyərləndirirsiniz?
- Hollandiyada Azərbaycan diasporunun fəaliyyətinə gəldikdə, onu deyə bilərəm ki, son 5 ildə diasporumuz mütəşəkkil şəkildə fəaliyyət göstərərək, bir sıra nailiyyətlər əldə edib. Əlbəttə ki, hər bir cəmiyyətin özünəməxsus fəaliyyət istiqaməti var. Bəzi cəmiyyətlər siyasi fəaliyyətə üstünlük verir, bəziləri sırf mədəniyyət sahəsində çalışır, digərləri respublikamızı yerli əhaliyə ümumi tanıtımı istiqamətində çalışır və s. Amma bunların heç bir fərqi yoxdur. Əsas odur ki, diaspor fəaliyyət göstərir və öz məqsədinə nail olmaq üçün çalışır. Bu sahədə də onlara uğurlar arzu edirəm.
- Ümumiyyətlə, bu ölkədə Azərbaycan haqda fikirlər nədən ibarədir? Xüsusilə, holland cəmiyyəti üçün Azərbaycan haqda bilgi almaq nə qədər maraqlıdır?
- Hollandiyada Azərbaycan haqda fikirlərə gəlincə, deyə bilərəm ki, bura gəldiyimiz ilk illərdə yerli əhalidə ölkəmiz haqda demək olar doğru məlumat yox idi. Ölkəmiz ya keçmiş sovet ölkəsi kimi, ya da işğalçı dölvət kimi tanınırdı. Müstəqilliyimiz haqda yerli əhalidə heç bir məlumat yox idi. Uzun illər bu fikirlərə qarşı mübarizə aparmaq bizə çətin idi. Çox zaman dəstək verən olmurdu, tək mübarizə aparmalı olurduq. Elə olurdu ki, dəstək də, kömək də olmurdu. Belə çətinliklərlə çox rastlaşmışıq. Elə bu səbəbdəndir ki, təsis etdiyim cəmiyyəti bu istiqamətə yönəltdim. Bütün tədbirləri bilavasitə hollandların öz iştrakı ilə təşkil edib həyata keçirdik və bu, öz effektini verdi. Çünki tədbirin hazırlığı, təşkili, həyata keçirilməsi prosesində birbaşa iştirak edərkən bu proses onların yaddaşına həmişəlik həkk olunur. Əsasən də şagirdlərin. İnandırım sizi, tədbirin birində iştirak edən şagirdlər iştirak üçün yenə müraciət edirdilər. Mənim də nail olmaq istədiyim elə bu idi.
- Bu gün nə etməliyik ki, Hollandiya cəmiyyətində ölkəmiz haqda informasiyalar çoxalsın?
- Holland cəmiyyətində ölkəmiz haqda düzgün fikir yaratmaq, dolğun informasiya vermək üçün diasporumuz öz fəaliyyət istiqamətini düzgün seçməlidir. Danışıq dilinə müraciət etsəm, özümüz çalıb, özümü oynamalı deyilik. Holland bundan heç nə götürməyəcək, çəkilən zəhmət də hədər gedəcək. Düzdür, informasiya mənbəyi təkcə diaspor fəaliyyətindən ibarət deyil. Hazırkı dövrdə informasiya qıtlığından danışmaq gülünc olardı, amma lazımi informasiya mənbəyi elə məhz diaspor fəaliyyətinin özüdür.
Elnur Eltürk
Təzadlar.-
2012.- 18 dekabr.- S.10.