20 illik həsrət

Ümid dolu Ağdamlı günlərim...

 

(Əvvəli ötən sayda)

...Son illər Ağdamda bir neçə sosial yönümlü obyektlər və inzibati binalar tikilib istifadəyə verilmişdir. Belə ki, Quzanlıda böyük ticarət mərkəzi və müasir standartlara uyğun yeni məktəb binası tikilmişdir. Qarabağ Regional Mərkəzi üç ildən bir qədər artıqdır ki, fəaliyyət göstərir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti isə 10 ildən artıqdır ki, fəaliyyətdədir. Telekommunikasiya Rabitə Teleqraf Qovşağının tikintisi başa çatıb. Ağdam Olimpiya İdman Kompleksi vətəndaşların ixtiyarına verilib. Hətta bu idman kompleksinin mehmanxanası da var. Ağdam Dram Teatrının binası əsaslı təmir olunub. Quzanlıda Mərkəzi Kitabxana da fəaliyyətini davam etdirir. Artıq dörd ilə yaxındır ki, Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon Mərkəzi Xəstəxanasının tibb personalı ağdamlıların sağlamlığı keşiyində dayanıb. Quzanlı qəsəbəsinə yeni asfalt örtüyü çəkilib. Bir çox tikililərin ətrafına gül-çiçəklər əkilib. Göz oxşayan bu çiçəklər isə Quzanlıya xüsusi gözəllik verir.

Quzanlı ilə tanışlıqdan sonra yenidən Ağdam rayon İcra Hakimiyyətinə qayıdırıq. Birbaşa Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımovun otağına gəlirəm. Zülfü Qasımov 1981-ci ildən icra orqanlarında çalışır. Bu vəzifəyə isə üç ildir təyin olunub. Zülfü müəllimlə salamlaşdıqdan sonra söhbətə başlayırıq. Onunla söhbətdən məlum oldu ki, Nizami Sadıqovun rəhbərliyi ilə hələ Ağdamda müsbət istiqamətdə çox böyük sosial yönümlü işlər görüləcək. Nə deyirik, belə olsa daha gözəl olar. Biz də inanırıq ki, N.Sadıqov ona göstərilən etimada həmişə öz dəyərli işləri ilə cavab verəcək. Görüşdüyüm Quzanlı sakinləri də buna ürəkdən inanırlar. Çünki Azərbaycanın hər bir qarış torpağı bizimdir, bu vətən bizim vətənimizdir. Bu torpaq hər bir azərbaycanlının torpağıdır. Bu vətəni, bu torpağı hamımız göz bəbəyimiz kimi qorumalıyıq. Çox yaxşı bilirik ki, vətən həm də anadır. Ananı və vətəni qorumaq isə hər bir övladın borcudur. Bu borcu hamımız öz dəyərli, əməli işimizlə verməliyik vətənə. Necə ki, böyük şair Məmməd Araz deyib:

 

 

“Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim”.

 

Bəli, yetər ki, vətən bizə oğul desin. Biz isə ana vətənimiz uğrunda hətta canımızı qurban verməyə hazır olmalıyıq. İşğal olunmuş torpaqlarımızı düşmən əsarətindən azad etməkdə Böyük Yaradan özü bizə kömək olsun.

Ağdam əhalisi ilə söhbət etdikcə, onlarda böyük vətən sevgisi gördüm. Bu insanlar cəbhə bölgəsində, müharibə şəraitində yaşamaqlarına baxmayaraq, ürəklərində vətənpərvərlik hissi böyükdür. Ağdamlıların bu əzmkarlığına, mətinliyinə heyran oldum. Bu insanlar öz ata-baba yurdlarına, torpaqlarına ürəkdən bağlı insanlardır. Erməni silahlılarının Ağdam istiqamətindən atəşkəsi tez-tez pozmalarına baxmayaraq, bu insanlar öz torpaqlarını, yurd yerlərini tərk etmirlər. Bəli, vətəni belə sevmək lazımdır. Ağdamlılarda həqiqətən çox böyük ruh yüksəkliyi var. Onlar dönə-dönə qeyd etdilər ki, işğal olunmuş Azərbaycan torpaqları düşməndən tez bir zamanda azad ediləcək. Bu məğrur, dəyanətli insanların qarşısında baş əyirəm.

Zülfü Qasımovla sağollaşıb Əfətlidə qonağı olduğum Şükufə xanımın evinə qayıdıram. Əliyevlər ailəsinin başçısı Şükufə xanım 42 ildir ki, tibb bacısı işləyir. Oğlu Ramil musiqiçidir, gəlini Kəmalə isə müəllim işləyir, körpə balaların təlim-tərbiyəsi ilə məşğul olur. Ramillə Kəmalənin üç gül balaları, 1 oğul, 2 əkiz qızları var. Aybənizlə Gülbəniz 1-ci sinifdə, Emin isə 3-cu sinifdə oxuyur. Bu fidan balalarda insana qarşı çox böyük sevgi gördüm. Bu qızlara o qədər öyrəşmişdim ki, onlardan ayrılmaq istəmirdim, elə onlar da məndən ayrılmaq istəmirdilər.

Noyabrın 17-də isə Quzanlıda olduğum 4 gün ərzində Ramillə birlikdə Böyük Yaradanın nur payı Seyid Lazım ağanın dəfn olunduğu məqbərəni ziyarət etdim. Seyid Lazım ağanın oğlu Məhəmməd ağa da atasının məzarının yanındakı məzarda uyuyur. Seyid Lazım ağanın məqbərəsi Ağdamın Çəmənli kəndindədir. Hər gün neçə-neçə insan bu ziyarətgaha gəlir, Seyid Lazım ağanın məzarını ziyarət edir. Bunu ziyarətgahın həyətində olanda öz gözlərimlə gördüm. Seyid Mirəbdül Əlinin oğlu Seyid Lazım ağa çox xeyirxah insan olub. Ağanın məzarını ziyarət etdikdən sonra məqbərənin həyətinə düşdümSeyid Lazım ağanın nəvəsi Seyid Yusif ağanı məqbərəyə tərəf gələn gördüm. Salamlaşdıq, çox mehribanlıqla məni qarşıladı, bir qədər söhbət etdik.

Seyid Lazım ağa 1994-cü il yanvarın 3-də 114 yaşında dünyasını dəyişib və axirət evinə köçüb. Allah qəni-qəni rəhmət etsin Seyid Lazım ağaya, ruhu şad olsun!

Bir haşiyə çıxmaq yerinə düşərdi. Baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalmış bu Ziyarətgah-Kompleksi yəhudi əsilli azərbaycanlı Arzu müəllim əsaslı surətdə bərpa etdirib. 2010-cu il dekabrın 12-də bu Ziyarətgah-Kompleksin əsaslı təmirdən sonra açılışı olub. Bu xatirə kompleksinin həyətində gəzdikcə insan özünü elə bil cənnətdə hiss edir. Arzu müəllimə isə bu xeyirxah əməlinə görə çox böyük təşəkkür etmək borcumuzdur. Ziyarətgahdan evə qayıdanda isə bir neçə kəndə də getdik. Ən əsası isə əsgərlərlə görüşmək istəyim baş tutdu.

“N” saylı hərbi hissənin əsgərlərilə görüşüb bir qədər söhbət etdim. Əsgər Vurğun Vidadi oğlu Quliyev Hacıqabuldan hərbi xidmətə çağırılıb, 1 il 5 aydır vətənə xidmət edir. Digər əsgər Şakir Şahin oğlu Qurbanov isə Şəmkirdən hərbi xidmətə çağırılıb, 1 il 4 aydır ki, vətənə olan hərbi borcunu yerinə yetirir. Əsgərlərlə söhbətim çox maraqlı oldu. Hər iki əsgərdə çox böyük ruh yüksəkliyi gördüm. Vətənə xidmət etməkdə fəxarət hissi keçirtdiklərini söylədi hər iki əsgər. Əsgərlərin dediyinə görə, üç gündən bir postda keşik çəkirlər. “Vətəni düşməndən qorumaq bizim üçün böyük şərəfdir” söylədi onlar. İşğal olunmuş torpaqlarımızın azad olunacağına böyük inamla yanaşırlar və buna qəlbən inanırlar cəsur, mübariz əsgərlərimiz. Allah sizi qorusun, sizana vətənimizi qoruyasınız, igid ərənlərimiz! Tanrının sevgisindən heç vaxt uzaq düşməyəsiniz! Hər bir oğul vətənə dayaqdı, arxadı. Azərbaycan əsgərləri, vətən sizlərə güvənir! Necə ki, səmavi kitabda deyilir: “Vətəni sevmək imandandı”. Sevin vətəni, əziz əsgərlər, vətəni sevəni Tanrı da sevər deyirlər.

“N” saylı hərbi hissənin postuna yaxınlaşdıqca ani olaraq 10 ildən çox Azərbaycan ordusunda xidmət etmiş, hazırda istefada olan kapitan, Qarabağ müharibəsi veteranı hərbiçi-şair Nurəddin Mirzəxanlını xatırladım. Yaxınlıqdakı əsgərlərlə söhbət əsnasında onların sərhəddə ayıq-sayıqlığını görçək N.Mirzəxanlının iki misrası yadıma düşdü:

 

“Vətənin sərhəddi - qeyrət məktəbi,

Burda gecə-gündüz imtahan gedir”.

 

Bu iki misranın mahiyyətindən mənə aydın oldu ki, Nurəddin Mirzəxanlı cəsur zabitlərimizdən biri olmaqla yanaşı, həm də vətənin əsl əsgəridir.     Əsgərləri dinlədikcə onların qəlbindəki vətən sevgisi məni tam əmin edirdi ki, işğal altında olan torpaqlarımızın azad ediləcəyi gün çox da uzaqda deyil. Hərbi postda keşik çəkən əsgərlərdən nə qədər xahiş etsəm də mənə, çox az məsafədə olan öndəki hərbi posta getməyə icazə vermədilər. Bunun üçün xüsusi icazə olmalıdır dedilər. Səngərdə əsgərlərin vətəni necə qoruduqlarını, onların qaynar xətdəki postda hansı əhval-ruhiyyədə olduqlarını görmək arzum ürəyimdə qaldığı üçün təəssüf hissi keçirtdim. Buna baxmayaraq, mən də bir vətəndaş kimi ölkənin qanunlarına tabe olaraq səngərə getmək inadımdan hələlik də olsa əl çəkdim. Əlbəttə, dövlətin qanunlarına əməl etmək hər bir vətəndaşın borcudur, o cümlədən mənim də.

Bu hərbi postdan qarşıdakı səngərdə dayanan əsgərlərimiz də vətəni düşməndən eyni ayıq-sayıqlıqla qoruyurdu. Yardımçınız Allah olsun, mübariz, mətin, qorxmaz əsgər oğullar. İgid oğulları olan torpaq, vətən heç vaxt düşmən tərəfindən basılmaz.

Əsgərlərlə sağollaşıb hərbi postdan uzaqlaşırıq. Əfətli kəndinə qayıdarkən Ağdamın bir neçə kəndində də oldum. Qaradağlı, Mahrızlı, Çəmənli, Eyvazlı, Zəngişalı, Xındırıstan, Əhmədağalı, Çıraqlı, Mirəşelli və digər kəndlərdə oldum. Onu da vurğulayım ki, Evoğlu kəndindəki ərazidən baxanda işğal altında əzilən Ağdamkəndi gördükcə insanın ürəyi parça-parça olur. Eləcə də, təbiəti göz oxşayan Gülablı, Mərzili, Yusifcanlı, Novruzlu və digər kəndlərimiz bu gün də erməni silahlılarının işğalı altındadır. Əfətli ilə sərhəddə olan işğal olunmuş Yusifcanlı istiqamətindən erməni silahlı qüvvələri atəşkəsi tez-tez pozurlar. Amma düşmənin bu hücumu Əfətlidə yaşayan əhalini qətiyyən qorxutmur. Bu kəndin əhalisi bu gün də işləyir, çalışır, öz ömürlərini yaşayırlar və nikbin əhval-ruhiyyədədirlər.

Quzanlıda olduğum 4 gün müddətində mənə bələdçilik etmiş Ramil Əliyev söylədi ki, Ağdam, onun Yusifcanlı və digər kəndləri işğal ediləndən sonra Əfətli kəndinin əhalisi də kəndi tərk etmişdir. “Əfətli kəndi üç ay boş qaldı. Kənddə Azərbaycan hərbçiləri və mənimlə birgə 6 nəfər qalmışdı. O üç ay müddətində biz gənclər kəndi bir günolsun tərk etmədik. Ermənilər bu kəndə daxil ola bilmədilər. Kənd sakinləri sonradan öz yurd-yuvalarına qayıtdılar” söylədi Ramil. Ramilino üç ay ərzində kəndi tərk etməyən gənclərin öz torpağına, yurduna ürəkdən nə qədər bağlı olduqları bir daha açıq-aydın görünür.

Noyabrın 18-də saat 11:50 dəqiqədə Ağdam ziyalılarından olan Məzahir müəllim, həyat yoldaşı Xalidə xanımla birgə Bakıya döndük. Yol boyu qatı duman olduğundan göz-gözü görmürdü. Bakıya doğru irəlilədikcə elə hey qatı duman görünürdü. Yollar çiskinli, dumanlı olduğu üçün Məzahir müəllim maşını çox aşağı sürətlə idarə edirdi. Nəhayət, axşam saat 20:20-də Bakı şəhərinə çatdıq. Sağ-salamat doğmalarımın yanına qayıtdığım üçün Allahıma şükranlıq duaları etdim. Axı 5 ildir ata-ana itkisi yaşayan üç bacım 4 gün idi ki, yolumu gözləyirdilər.

Ağdam səfərim də beləcə başa çatdı. Lakin qismət olsa, Qarabağa bir daha qayıdacağam.

 

 

Xatirə Rəhimli,

Bakı-Quzanlı-Əfətli-Bakı

Xüsusi olaraq “Təzadlar” üçün

P.S.

Qarabağa üçüncü gedişimvaxt olacaq, bilmirəm. Amma Tanrım belə bir səfəri mənə yenə də qismət etsə, qəlbən çox şad olaram. Ağdam əhalisində gördüyüm əzmkarlıq, mətnlik və ruh yüksəkliyi məni çox sevindirdi. Əziz Ağdamlılar, mən də sizin kimi inanıram ki, yaxın zamanlarda işğalda olan yurd-yuvamız, el-obamız tezliklə düşmən əsarətindən azad ediləcək. O qələbə gününə mənim də böyük ümidim var, elə sizin kimi. Çünki Tanrı da haqqı-ədaləti sevir. Ona görə ki, haqq bizim tərəfimizdədir.

 

Rəhimli Xatirə

Təzadlar.- 2012.- 25 dekabr.- S.7.