Xudu Məmmədovun 85 illik yubileyi qeyd olundu
Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən yubiley tədbirində böyük alimin tələbələri, elm və uşaqlıq dostları iştirak edirdilər...
Dünən-dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında görkəmli alim, professor Xudu Surxay oğlu Məmmədovun anadan olmasının 85 iİlik yubileyi ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə açaraq Xudu Məmmədovla bağlı xatirələrini diqqətə çatdırdı. Xudu Məmmədovu Azərbaycan elminə baş ucalığı gətirmiş görkəmli elm xadimi xarakterizə edən A.Əlizadə “Xudu Məmmədov elmdə nəhəng idi, o bir sunami kimi gəldi və getdi... Amma elmi irsi hələ də əlçatmazdır!” deyərək Xudu Məmmədovu həm də “Cansız aləmlə canlılar arasında körpü salan alim” adlandırdı. Akademik qeyd etdi ki, Xudu Məmmədov 85 ilinin cəmi 61-ni cismən bizimlə birlikdə oldu:
- Xudu Məmmədovun əbədiyyətə qovuşması onu elindən, xalqından ayırmadı, çünki o, bütün varlığı ilə xalqına, vətəninə, onun hər qarış torpağına bağlı olan, fitri istedada və çoxşaxəli yaradıcılığa malik bir şəxsiyyət idi. Onu xatırlamağa və mübaliğəsiz desək, alim-vətəndaş vəhdətindən qurulmuş qısa, lakin çox zəngin ömür yolu haqqında danışmağa mənəvi ehtiyac duyuruq... 1951-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vuran Xudu Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat almışdı. O, cansız aləmlə canlılar arasında oxşarlıqları tapmaq, eynilikləri öyrənmək arzusu ilə də kristallar aləmi ilə çox ciddi məşğul olmağa başlamışdı və keçmiş SSRİ EA-nın Kristalloqrafiya İnstitutunda aspiranturaya daxil olur. Beləliklə, görkəmli kristalloqraf, kristallokimyaçı alim, akademik N.V.Belovun məktəbində elmi fəaliyyətə başlamaq onun sanki alın yazısı imiş... X.Məmmədov 1951-1955-ci illərdə naməlum quruluşda simmetriya mərkəzinin olub-olmamasını öyrənmək və maddə quruluşunun açılmasında açar olan Patterson funksiyasının təyini üçün “Üçlü pik teoremi”ni yaratmış, bu teoremin yüksək dəqiqliklə riyazi və həndəsi isbatını vermişdi. O dövrdə bu böyük elmi kəşf və nəhəng elmi nailiyyət demək idi. Təsadüfi deyildir ki, bu üsul quruluş təhlili sahəsində mövcud ədəbiyyatlara “Xudu Məmmədovun üç pik teoremi” kimi daxil edilmişdir. Hətta London universitetləri üçün nəşr olunmuş “Kristalların quruluşunun təyini” dərsliyinə salınmış, ixtisasçılar tərəfindən ən sadə və səmərəli həll kimi yüksək qiymətləndirilmişdir. Ən maraqlı hal həm də budur ki, aspirantura illərində Xudu Məmmədov N.V.Belovun rəhbərliyi ilə iri kationlu silikatların (sement silikatları) minerallarının tədqiqinə başlayaraq, sement silikatları və hidrosilikatlarının quruluş analizi, kristallokimyası, bağlayıcılıq qabiliyyəti, bərkimə xassəsi və digər xüsusiyyətlərini araşdırmış və bunlar onun əsas elmi maraq dairəsi olmuşdur... 1955-ci ildə Xudu Məmmədovun araşdırdığı problem quruluşu açılan ksonotlit mineralı bərkimə xassəsi daşıyan ilk sement silikatı idi. Bundan sonra vollastonit və digər sement silikatlarının quruluşu öyrənildi, bir-birinin ardınca uğurlu nəticələr alındı. Bununla da dünyanın aparıcı quruluş laboratoriyaları və quruluş sahəsində tanınmış alimləri ilə yarışan gənc Xudu Məmmədov bu yarışmada böyük müvəffəqiyyət qazanır - ksonotlit və vollastonit minerallarının quruluşlarını təyin edir. Bu quruluşlar silikat kimyasında - sement kimyasında dövrün ən dəyərli kəşfləri idi. Həmin illərdə keçmiş SSRİ-nin ən çox oxunan mətbuat orqanlarında X.Məmmədovun əldə etdiyi elmi nəticələr sovet elminin mühüm nailiyyətləri kimi dərc olunmuş, hətta “Soyuz” jurnalının üz qabığında onun böyük şəkli və elmi nəticələri barədə geniş məlumatlar da verilmişdir... Bu gün biz Xudu Məmmədovu təkcə nəhəng alim kimi yox, həm də bir Azərbaycansevər, vətənpərvər insan kimi xatırlayırıq. Allah ona rəhmət eləsin! Təbii ki, belə nəhəng insanlar əbədi yaşardır...
Sonra söz Xudu məmmdovun tələbəsi olmuş, onunla çiyin-çiyinə çalışmış BDU-nun kafedra müdiri, RTEA-nın akademiki, əməkdar elm xadimi, professor Məmməd Çıraqova verildi:
X.Məmmədovun elmi fəaliyyətinə çıraq tutan professor bir vaxtlar dünya elminin yaddaşına böyük elmi kəşf kimi daxil olmuş və Xudu Məmmədovun əsas elmi fəaliyyətinin fundamental tərəflərini əks etdirən bir sahədən danışdı:
- Məsələ ondadır ki, Xudu Məmmədov həqiqətən də elmdə nəhəng idi, əvəzolunmaz alim idi. İndi o Xudular təəssüflər olsun ki, yoxdur.. Xudu Məmmədov ksonotlit və vollastonit minerallarının quruluşlarını təyin etməklə silikat mineralogiyasında yeni silisium-oksigen radikallarını kəşf etmişdir. Bu radikalların kəşfi ilə ilk dəfə alim sübut etdi ki, silisium-oksigen radikallarının forması və kimyəvi tərkibi bilavasitə qeyri-tetraedrik kationların ölçüsündən asılıdır. Məsələn, 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun Elmi Şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonotlit və vollastonit minerallarının kristall quruluşu” mövzusunda namizədlik dissertasiyası müdafiə edir və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alır. Bu mineralların quruluşunun açılması çox vacib bir mexanizmin müəyyənləşməsi üçün başlanğıc idi və böyük bir hadisə sayılırdı. Görkəmli rus akademiki Şubnikov özünün “Kristallar elm və texnikada” kitabında bu barədə belə yazmışdır: “Dövrün rentgenstruktur analiz sahəsində ən böyük nailiyyəti kimi akademik N.V.Belovun rəhbərliyi ilə X.Məmmədovun vollastonit və ksonolitin quruluşuna aid dissertasiyasını göstərmək olar”. Bu uğurlu nəticələrlə o dövr&¨n dünyəvi problemlərindən biri olan sement necə və niyə bərkiyir sualına birmənalı cavab verildi və sementin bərkimə mexanizmi yarandı. 1955-ci ildə SSRİ EA Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib elmlər namizədi kimi Bakıya qayıdan Xudu Məmmədov Azərbaycan EA-nın Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunur, elə həmin ildə kristallokimya laboratoriyası yaranır və X.Məmmədov ona rəhbər təyin edilir. Görkəmli alim mürəkkəb tərkibli kalsium silikat və hidrosilikatlarının quruluşlarını proqnozlaşdırmaq istiqamətində tədqiqat işlərini davam etdirir və uğurlu nəticələr əldə edir. O, quruluş modellərini irəli sürərkən kristallokimyəvi araşdırmaya üstünlük verir və mineralların kimyəvi tərkibləri ilə elementar qəfəs parametrləri arasında əlaqəyə əsaslanırdı... Sement silikatlarının quruluş tədqiqatları və bu sahədə mövcud nəticələrin izahı X.Məmmədovun 1960-cı ildə yazdığı “Kalsium silikatları və hidrosilikatlarının kristallokimyası” monoqrafiyasında öz əksini tapmışdır. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, bu monoqrafiyanı X.Məmmədov Azərbaycan dilində qələmə alır. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair ana dilimizdə çıxan ilk kitab idi. Son illər müasir cihazlarla bu mineralların quruluşunun dəqiq tədqiqatları X.Məmmədovun göstərdiyi modellər əsasında aparılır... Xudu Məmmədovun elmdə əldə etdiyi ən uğurlu nailiyyətlərindən biri də bağlayıcılıq xassəli qeyri-üzvi maddələri atom səviyyəsində öyrənmək, yəni, bağlayıcılıq yaradan əlamətlərin kristallokimyəvi kriteriyalarını vermək olmuşdur. O, qeyd edirdi ki, “praktiki istifadə olunan bütün qeyri-üzvi bağlayıcılar sement silikatlarının quruluş analoqudur”. Bu ifadə bağlayıcılıq xassələri müşahidə olunan maddələrin quruluşlarının kristallokimyəvi araşdırılmasının nəticəsi idi.
X.Məmmədov 1969-cu ildə Azərbaycan EA-nın Geologiya İnstitutunda “Kalsium silikatlarının və hidrosilikatlarının kristallokimyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır. Akademik N.Belov və Moskva şəhərindən opponent kimi müdafiədə iştirak edən professorlar M.Drfman və E.Makarov işi yüksək qiymətləndirməklə bərabər, X.Məmmədovun elmi-tədqiqatlarının hələ 1960-cı ildən doktorluq dissertasiyasının tələblərinə cavab verdiyini bildirirlər.
Professor bir məsələni
xüsusilə vurğuladı:
- X.Məmmədovun reallaşmış
ideyasının əsasını
göstərilən sinif
birləşmələrin kristallaşma
və çevrilmə
proseslərinin əksər
hallarda maksimal irsilik prinsipinə tabeliliyi təşkil edir. Başqa sözlə desək,
bu böyük nəticənin sirri canlı aləmdə olduğu kimi, Xudu Məmmədovun cansız kristallarda aşkar etdiyi irsiliyin mövcudluğudur.
Görkəmli ingilis fiziki, kristalloqraf, Nobel mükafatı laureatı
Con Bernalın bir etirafını xatırlayaq:
“Xudu Məmmədov həyatımı həsr
etdiyim suala cavab taparaq, cansız aləmlə canlılar arasında körpü sala bilmişdir”.
Alim qeyd etdi ki, Xudu Məmmədov elmlə sənətin bağlılığı, xalq yaradıcılığı, kristalloqrafik ornamentlər, naxışlar aləminə dair qiymətli tədqiqatların və tapıntıların müəllifidir. Onun dünya şöhrətli dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” kitabı elmlə sənətin vəhdətini, onların qarşılıqlı əlaqəsini əks etdirən fundamental elmi araşdırmaların nəticəsi idi. O, elm adamlarının seçilməsi anlayışına “Qoşa qanad” əsərinin “Duyğu çalarlı fikir” fəslində aydınlıq gətirir. X.Məmmədov müxtəlif elm sahələrində çalışan şəxsiyyətlərdən gətirdiyi misallarla öz fikirlərini ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, elm adamlarının seçilməsində sənətə münasibət əsas meyar kimi qəbul olunmalıdır. Alim “Naxışların yaddaşı” əsərində qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən danışırdı. Onun bu əsərində quruluş nədir, naxışlar nə üçün maddələrin daxili quruluşuna oxşayır, kristalloqrafiya elmi naxışların yaradılmasına nə verə bilər kimi suallar əsl cavablarını tapmışdır.
Alim daha sonra 1980-ci illərin axırlarında Azərbaycanın ağrılı-acılı günlərində Xudu Məmmədovun keçirdiyi narahat anlara toxundu. Qeyd etdi ki, keçmiş SSRİ rəhbərləri “yenidənqurma” adı altında erməni cəlladlarına yeni imkan yaratdı. Torpaqlarımızın üzərində dövlət quran, tariximiz əsasında özünə tarix yaradan, mədəniyyətimizi, incəsənətimizi özününküləşdirməkdə davam edən mənfur qonşularımız Azərbaycanın gözəl guşələrindən biri olan Dağlıq Qarabağı qədim erməni torpağı elan edirlər. Bu zəmindən ilk erməni qəddarlığı başlayır, Ağdam rayonunda iki gənci ermənilər vəhşicəsinə qətlə yetirir, ilk qan tökülür, cinayətkar cəzasız qalır. Bu hadisələr, milli iztirablar onun da qəlbini ağrıdır, heç nə edə bilməməsinə görə əzab, əziyyət çəkir. Azərbaycanın - Qarabağın dərdi X.Məmmədovun ölümünə sanki şərait yaradır, 15 oktyabr 1988-ci ildə sənətinin vurğunu olduğu Şərqin böyük dahisi Üzeyir bəy Hacıbəylinin ev muzeyində dünyasını dəyişdi... Ruhu şad olsun! Onun xatirəsi əbədi yaşardır! O, sağlığında özünə belə bir heykəl qoyub...
Professor bildirdi ki, “Həyatda əbədiyaşarlıq qazanan o kəslərdir ki, onları yaratdıqları elmin inkişafına, vətəninin çiçəklənməsinə, xalqın rifahının yüksəlməsinə, milli-mənəvi dəyərlərin qorunmasına xidmət etsin, dedikləri xalqın yaddaşına həkk olsun, silinməz izlər buraxsın.. Xudu müəllim belə bir iz qoyub gedib...”.
Sonra “Xudu Məmmədovun fəlsəfi və publisistik baxışları” mövzusunda BDU-nun professoru Cahangir Məmmədli, professor Ənvər Əhməd, Respublikanın Əməkdar müəllimi Səlim Əzimov, BDU-nun prorektoru Aydın Kazımzadə, professor Savalan Əmirov, professor Elman Mövsümov, BDU-nun professoru Əyyub Əzizov və başqaları çıxış etdilər.
Tədbirə yekun vuran AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə xüsusi olaraq vurğuladı ki, Xudu Məmmədovun elmi-pedaqoji fəaliyyəti d&¨vlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, X.Məmmədov 1967-ci ildə “Şərəf nişanı” ordeni, 1970-ci ildə “Fədakar əməyə görə” medalla, anadan olmasının 60 illiyi ilə əlaqədar “Qırmızı Əmək Bayrağı ordeni” və Azərbaycan Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. 1991-ci ildə Azərbaycan “Bilik” maarifçilik cəmiyyəti Xudu Məmmədov adına mükafat təsis etmişdir.
Tədbirin yekununda Xudu Məmmədovun oğlu Toğrul Məmmədov tədbirin təşkilatçılarına ailələri adından dərin minnətdarlığını çatdırdı.
Onu da qeyd edək ki, X.Məmmədovun həyat yoldaşı professor Maya Məmmədova da tədbirdə iştirak edirdi.
A.Məmmədli
Təzadlar.- 2012.- 25 dekabr.- S.5-6.