Yazmaya bilməzdim

 

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin "Sənətin Məcnunu" kitabı haqqında...

 

"Sənət tarixində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan, sənətkar qəlbinin səsidir..."

 

Səttar Bəhlulzadə

 

 Təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmipublisistik məqalələrin müəllifi olan əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin  "Sənətin Məcnunu" kitabını müəllifin yaradıcılığının ən yaddaqalan əsəri hesab etmək olar. Bu kitab sözün əsl mənasında sənətsevərlərin stolüstü kitablarından biridir. Gənc bir sənətşünas kimi mən də demək olar ki, bu dəyərli kitabı hər dəfə oxuyanda Səttar Bəhlulzadə yaradıcılığı haqqında yeni bir əsəri öyrənmiş oluram. Ziyadxan Əliyevin "Sənətin Məcnunu" kitabını açan zaman hər dəfə müəllifin kitabı mənə verən zaman yazdığı avtoqrafı oxuyuram: "Gələcəyinə böyük ümid bəslədiyim əqidə dostum Samirə müəllifdən xoş arzularla...".

Sənətşünas hələ Səttar Bəhlulzadə ilə ilk tanışlığından başlayaraq dahi rəssamla canlı ünsiyyətləri və 30 ildən çox apardığı gərgin axtarışları nəticəsində "Sənətin Məcnunu" kitabını ərsəyə gətirmişdir.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin "Sənətin Məcnunu" kitabı xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir. Səttar Bəhlulzadə təkcə sənətin deyil, ölkəmizin əsrarəngiz təbiətinin, tarixi keçmişinin, poeziyasının, folklorunun, adət-ənənəsinin məcnunuydu. Dağlar, dərələr, laləli düzlər, Kəpəz, Murov, Xəzər, kəndlər, obalar, tənha bir ağac, uçan quşlar, bir sözlə, gözəl olan hər şey onun Leylisi idi. Səttar doğma Azərbaycanımızı qarış-qarış gəzən, onun hər oymağında, oylağında, dağında, dərəsində, Quzeyində, Güneyində bir məna tapan, gördüklərini ruhuna, yaddaşına köçürüb sonra misilsiz tablolar yaradan dahi bir rəssam idi.

Azərbaycan incəsənət tarixində S.Bəhlulzadənin həyat və yaradıcılığına həsr edilmiş kitabları ötəri şəkildə belə nəzərdən keçirsək, deyə bilərik ki, indiyədək sənətkara layiq səviyyədə kitab çap edilməmişdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş "Sənətin Məcnunu" kitabı bu sahədə görülmüş işlərdən ən uğurlusu olmaqla əlamətdar hadisələrdən biri kimi qeyd olunmalıdır. Qeyri-adi həyat yaşamış S.Bəhlulzadənin əsərlərinin bitib-tükənməyən enerjisi, ideyalarının ölməzliyi insanı bu şəxsiyyət haqqında oxumağa, öyrənməyə, maraqlanmağa vadar edir. Sənətkarın həyat və yaradıcılığını əhatə edən müxtəlif məsələlər barədə sənətşünas Ziyadxan Əliyev kitabda ayrı-ayrı bölmələrdə geniş, maraqlı məlumatlar verib. "Sənətin Məcnunu" kitabının "Proloq" hissəsində müəllif rəssam barəsində qeyd edir ki, "Sağliğında canlı əfsanəyə dönən və vəfatından sonra əsərləri sənət xiridarları arasında əlbəəl gəzən, adı dillərdə dolaşan, doğma Azərbaycan təbiətinə vurğunluğu ilə həm də "Sənətin Məcnunu" ayaması qazanan rəssamın alın yazısının ifadəsi olan ömür yolu əslində, çox şirin bir nağıla bənzəyir. Bu həm də fizioloji mənada gələcəyin dahisi üçün faciəli hökmlə başlanan həyatını və təkliyə məhkum olunmasını son dərəcə qeyri-adi yaradıcılığı ilə sonrakı illərdə sənət qayğıları burulğanında "əridə bilməsini" əks etdirən və sonu təntənə ilə bitən Səttar nağılıdır".

Ziyadxan Əliyev "Sənətin Məcnunu" kitabında  "Rəssamın həyat və yaradıcılıq yolu",  "Rəssamın qrafik irsi", "Füzuli poeziyası... Səttar dünyası", "Səttar Bəhlulzadə sənətkarlığı", "Səttar fəlsəfəsi", "Süslənmiş rənglərin poetikası", "Səttar Bəhlulzadə yaradıcılığında tarixilik", "Rəssamın gündəlikləri", "Səttar Bəhlulzadə sənət haqqında", "Səttar Bəhlulzadə haqqında fikirlər", "Səttar ömrü xatirələrdə", "Səttar Bəhlulzadəyə ithaflar" (şeirlər), "Səttar Bəhlulzadəyə ithaflar" (tablolar, heykəllər), "Söz adamlarını duyğulandıran sənətkar", "Şamaxının qonağı", "Əbədiyyətə qovuşan anlar", "Səttar əliaçıqlığı", "Səttar hazırcavablığı", "Səttar Bəhlulzadənin əsərlərinin siyahısı", "Səttar Bəhlulzadənin ömür yolu" bölmələrində sənətkar haqqında ətraflı məlumat verib. O, sadalanan bölmələrdə sənətkarın həyat və yaradıcılığına müxtəlif prizmalardan yanaşaraq son nəticədə Səttar sənətinin böyüklüyünü oxucuya çatdıra bilib. Kitaba rəssamın yaradıcılığı haqqında ingilisrus dillərində də qısa məlumat əlavə olunub.

Əməkdar inəcəsənət xadimi Ziyadxan Əliyev Sənətin Məcnunu kitabını elmi və bədii üslub xüsusiyyətlərinin sintezindən istifadə etməklə xalq danışığına yaxın, poetik bir üslubla qələmə alıb. Müəllifin S.Bəhlulzadə ilə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə birgə olması ona sənətkarı daha yaxından müşahidə etmək imkanları qazandırıb. S.Bəhlulzadənin ən gərgin və ən xoş məqamlarında keçirdiyi hisslər, onun necə hazırcavab olduğu, nə dərəcədə sadə həyat yaşadığı, sənət barədə dolğun fikirləri müəllifin əyani ünsiyyəti, müşahidələri nəticəsində oxucuya çatdırılıb.

Sənətin Məcnunu" kitabında "Rəssamın həyat və yaradıcılıq yolu" bölməsində Səttar Bəhlulzadənin həyatının ən önəmli sahələri, təhsil aldığı illər və yaradıcılığının önəmli sahələri öz əksini tapmışdır. Sənətşünas bu bölmədə rəssamın təhsil aldığı illərdə naturadan çəkdiyi bir çox çılpaq insan fiqurları göstərməklə sübut edib ki, Səttar mənzərə ilə yanaşı, həm də düzgün insan fiqurları da çəkmişdir. Müəllif Səttar Bəhlulzadənin ilk dəfə V.İ.Surikov adına Moskva Rəssamlıq İnistutunda təhsil aldığı zaman qiymət kitabçasını şəxsi kolleksiyaların birindən əldə edmişdir. Sənətşünas qeyd edir; "1934-1940-cı illərdə qırx səkkiz dəfə bilik sınağından keçən Səttarın cəmisi üç dəfə "əla" alması müəyyən mənada diqqətimizi çəkdi. Belə ki, o, bu "beş"ləri "Anatomiya" və "İncəsənət tarixi", bir də "Marksizim-leninizimin əsasları" fənlərindən alıb... Əslində bu beşlərin hər biri Səttar barəsində müxtəlif fikirlərdə olanlar üçün kifayət qədər düşündürücüdür. Xüsusilə də rəssamın mənzərə janrına meyilliyinin onun anatomiyanı zəif bilməsi ilə əlaqələndirənlər üçün... Elə Səttarın kitaba daxil edilən natura rəsmləri və çoxsaylı qrafik əsərləri də onun rəsmetməyə kifayət qədər yiyələndiyini əyani nümayiş etdirir"...

Kitabda "Rəssamın qrafik irsi" adlı bölmədə rəssamın müxtəlif zamanlarda çəkdiyi bir çox qrafik əsərləri toplanmışdır. Səttar Bəhlulzadənin rəsm əsərləri klassik bitkinliyindən başqa özünün qeyri-adi ritmi, cəsarətli işıq-kölgə həlli, improvizə gücü, səmimiliyi ilə diqqət çəkir. Əgər rəssamın tabloları onun rəngkar sənətkarlığının kamilliyini əks etdirirsə, qrafik işləri isə sənətkarın linear-xətti rəsmetmə sahəsində əlçatmaz olduğunu nümayiş etdirir. Ziyadxan Əliyev rəssamın qrafika irsindən bəhs edən zaman qeyd edir ki, "Bizə elə gəlir ki, heç bir əsərində qrafikliyi Səttarı tərk etməyib. Yəqin ki, elə dəst-xəttinin özünəməxsusluğunu da bu sahələrin sintezi şərtləndirib. Söhbətlərində dəfələrlə qrafika sənətinin mövcud durumuna münasibətinə şahidlik etdiyimizdən demək lazımdır ki, o, bu sahədə cəsarətli işlərin olmamasından tez-tez gileylənirdi. Etiraf edək ki, qrafikanın bədii-texniki imkanlarının nəhayətsizliyinə kifayət qədər bələd olan böyük sənətkar bu iradlarında haqlı idi. Bəzən bizə elə gəlirdi ki, o, qrafika yaradıcılığının ən məhsuldar və yaddaqalan dövrü sayıla biləcək altmışıncı illərə qayıtmağa, yenə də iriölçülü lövhələr yaratmağa hazırlaşır. Bu baş versəydi buna heç kim təəccüblənməzdi. çünki Səttar belə Səttar idi"...

"Füzuli poeziyası... Səttar dünyası" bölməsində müəllif rəssamın Məhəmməd Füzuli yaradıcılığının vurgunu olmasını, onun qəzəllərinin demək olar ki, hamsını bilməsini və Füzulinin əsərlərinə çəkdiyi rəsmlərdən söhbət açır. Səttar Bəhlulzadə Füzulinin bir çox rəsm portretlərini çəkmişdir. Azərbaycan torpağını, onun əsrarəngiz təbiətini Məcnun məhəbbəti ilə sevən Səttar Bəhlulzadənin yaradıcılığında Füzuli poeziyasına həsr edilmiş əsərlərə nəhayətsiz yer ayrılmasını onu yaxından tanıyanlar çox təbii qəbul edirlər. Müəllif qeyd edir: "Elə başqaları üçün də rəssamın bir vaxtlar söylədiyi "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin-qədim xalçaminiatür sənətimizin, birki, Füzulinin odlu-alovlu poeziyasının böyük rolu olub" fikirində də, bu marağı təstiqləyən yönəldici məqam kifayət qədərdir"...

"Səttar Bəhlulzadə yaradıcılığında tarixilik" bölməsində Sənətşünas Ziyadxan Əliyev bu qənaətə gəlir ki, "Bütünlükdə rəssamın özündə qədim tariximizə münasibətini əks etdirən əsərləri onun maddi-mədəniyyət nümunələrimizi, təkcə adında olsa da, yaşatması və təbliğidir. Özünün təbirincə desək, çəkdikləri həm də keçmişin işartılarını yaşadan guşələri tanımaq üçün yox, tanıtmaq üçün vəsf etməsinin əyani və təqdirolunması ifadəsidir"...

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin xalq rəssami Səttar Bəhlulzadənin yaradıcılığına həsr etdiyi "Sənətin Məcnunu" kitabı vastəsilə sübut etdi ki, rəssamın yaradıcılığı qədim miniatür ənənələrindən irəli gəlir. Bununla yanaşı, bu kitabda Səttarın sənət haqqında dəyərli fikirləri, onun əliaçıqlığı, Səttar fəlsəfəsi, Səttar Bəhlulzadə haqqında fikirlər, Şamaxının qonağı və s. bölmələrdə isə onun yaradıcılığı yüksk dəyərləndirilmişdir.

Bu dövrə qədər Azərbaycan sənətşünaslığında bir rəssamın yaradıcılığı bu cür geniş tədqiq edilməklə barəsində hərtərəfli və əhatəli kitab yazılmamışdır. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitab doğrudan da təqdirəlayiq tədqiqat əsəridir.

 

 

Samir Sadıqov,

sənətşünas

 

Təzadlar.- 2012.- 4 fevral.- S.13.