Sağ ikən söz olan Nurafiz

 

Yaxud, dərdin şeir üzü

 

Nurafiz Hüseynov söz adamıdır. Sözə tapınıb. O, sözə ki:

 

Sən, mən, o, bizik əsgəri,

Bir sözdən min bir səs gəlir.

Görür, görünür, göstərir,

şəkildi, səsdi Söz.

 

(Akif Səməd)

 

Söz demək üçün tanrıdan rüsxəti var dostumuz Nurafizin. "Kim miqdar isə, əhlin eylər ol miqdarı söz" (M. Füzuli). Mürşüdüm Akif Səməd deyirdi ki, ana yurdun, ata ocağın Təhlədirsə, demək, şeir dünyasına qərib deyilsən, doğmasan. Şair dostum Nurafiz Təhləlidir. özü Ağtəhləli ha... "Ağtəhlə" sözü burada təkcə məkan bildirmir. O, həm keyfiyyət bildirir. Yəni o torpağın bağrından qopanlar safdır, mərddir, dəli-doludur, ruhunu göyə uçurandır təbii ki, saza-sözə yatandır. Təhləlinin dili hər şeydən əvvəl həm türkün zəngin  ləhcə-dialek hadisəsidir. Təhləlinin danışıq dili çox şirindir. İstər mərhum şairimiz Arif Abdullaoğlunun yaradıcılığında olsun, istər Nurafizin şeirlərində, lap istər Rəfaillə Coşqunun tamaşalarında. Bu belədir...

Söz Təhlədə ulu ömrünü yaşayır. "Təhlə" demək böyük bir söz eli deməkdir. Bu həqiqəti yadıma Təhləli Novruzun, Əsəd Məmmədovun, Əbdüləli İbrahimsoyun, Allahverdi Təhləlinin, Əsəd Təhləlinin, Şahvələd Əhmədoğlunun, Ziyadxan Təhləlinin, Lətifin (soyadını xatırlamıram), Mamacoğlu Kamandarın, Arif Mustafazadənin, Bəhram Mehdinin, Nurafizin, Nurlan Hüseynovun, Ələddinin... şeirləri salır. Akif Səmədin təbilincə desək, şeir dünyasında həmişə doğma Nurafizin şeirləri əsl Təhlə şeirləridir. Təhlədə yazılmış yox ha.... Təhlə şeirləri. Demək ki, şeirin torpağı var. Torpağı olan şeirə ölüm gəlmir. İnsan bu fanidən köçünü sürüb gedəndə bəlkə elə o hesabla da gözünə topaq tökürlər. 

 

Bir ağır hava çal, qoca zurnaçı,

Nənəm ağır-ağır çıxsın ortaya.

Bir oyun başlasın ala-torandan

Qurtara bilməsin gün-günortaya...

 

Bir vaxtlar bu cür folklor ahəngini canına hopdurmuş şeirlər yazan, "qismət yerinə əlimə çatı gəlir" deyən mərhum şairimiz Arif Mustafazadədən sonra bizim Təhləmiz , Qarayazımız da Nurafizdir. Mən bu sözü tam məsuliyyətlə deyirəm.

Qaldı Nurafizin şeir kitabı haqqında sözümə. Bu kitab dostumuzun 50 ilin başında biz oxucuları ilə birinci görüşüdür. "Hamı işıqdan keçir" adlanan bu kitab sir dolu sandıqdır. Bu sir dolu sandıqdan çıxardacağınız dədə-baba sözlərimizin sehrinə sehrlənib, oduna qızınacaqsınız. O sözlərin ki, siz onunla ilahi kodları aça bilərsiniz. Yəqin ki, bu dediyim deyəcəyim sözlər bir para ruhsuzlara gülməli gələcək, ancaq olsun. Dediyim odur ki, Nurafizin şeir səsi bizi idarə edən göy planeti ilə əlaqəyə girə bilir.

 

Çoxdan zəng edən yoxdu,

Məni sükut dəng edib.

Bəlkə bu şeirlə

Allah mənə zəng eib.

 

Dəqiq tutubsan, gözəl deyibsən. Şair taleyi səni burada da tapıb.

 

Dərd gələndə bildirmədi,

Danışdırıb güldürmədi,

Məni bu yer öldürmədi,

Öldürəcək göylər məni.

 

Əslində burada şairin dediyi odur ki, öldürübdü yerlər məni, göylər dirildər, inşallah.

Nurafiz - mənə, Rafiq Hümbətə, Məmməd Dəmirçioğluna, İbrahim İlyaslıya, Nəriman Əbdülrəhmanlıya, Allahverdi Təhləliyə, oğlu Nurlana, qızı Nuraya,  Hadinin məzarına, Abdulla kişiyə, bir qurumuş ağaca, xeyirxah Zinaida İvanovaya, Tatar şairi Musa Cəlilə, Nazim Saniyevə üz tutub şeirlərində. Akif Səmədə yanğılı şeirlər  həsr etməklə həm öz keyfiyyətlərini açıb, mənəvi boyunu güzgüləmiş olub.

 

Sinəmlə dağ arasında

Bir ahın yolu göynəyir.

Pətəklə bal arasında

Arının balı göynəyir.

 

Yorulan yolu oxşayır,

Qar döyür, dolu oxşayır,

Gözlərim y

alı oxşayır,

Kəhərin nalı göynəyir.

 

Bişibdi sözün odunda,

çox sirlər qalıb yadında.

Bir Akif Səməd adında

Bir yurdun halı göynəyir.

 

Akif Səməd haqqında şeir yazıb, azacıq da olsa onu şeirə gətirə bilmək üçün  hər şeydən əvvəl şairə böyük nəfəs lazımdır. Bu mənada, məncə, alınıb Nurafizin şeiri.

 

Nurafizin bir şeri var:

 

Sən kefimi soruşma,

Soruş: - Dərdin necədi?

Təzə dərd qoy qarşıma,

Deyim saat neçədi...

 

İlk dəfə bu şeiri ilə tanımışam Nurafizi. Daha sonra isə ünlü alimimiz, ədəbiyyat filosofu Rüstəm Kamalın, şairlərdən İbrahim İlyaslının, Məmməd Dəmirçioğlunun, Mahmud Vəlinin, Kəramətin, Ehtiram İlhamın, çiçək Mahmudqızının, Fərqanə Mehdiyevanın, yazıçı-publisist Nəriman Əbdülrəhmanlının başqalarının dövrü mətbuatda Nurafiz haqqınıda səsləri ilə yazdıqları yazılar, söylədiyi fikirlər bir eloğlusu kimi ürəyimi qürurlandırdı, içimi oynatdı. İstedadlı şair hər ikimizin könül dosdumuz Rafiz Hümbətlə Nurafiz haqqında - Rustavidə etdiyimiz söhbət, Rafiqin bəzi dostlarımız üçün Nurafizi məhəbbətlə anladan, beynimə daimi yazılmış söhbətini kino lenti kimi ruhumun ehtiyacından dolayı tez-tez gözlərim önünə gətirirəm. Sağ olsun Rafiq!  Nurafizin kitabının bu gün əlimizdə olmağını ona borcluyuq. Yoxsa Nurafizə onu indiyədək bizdən, biz oxuculardan gizlədən tanışlarının, "bağrıbadaşlarının" umuduna qasaydı, 50 ilin başında işıq üzü görən bu kitabına hələ həsrət idik. İcazə verin Nurafizin çox xoşladığım bir şeiri ilə öz oxucu qeydlərimə yekun vurum.

 

Dağlar anama oxşayır

 

Çiçəkləri zərif, ürkək,

Bulağının qəlbi kövrək.

Sığal çəkən əli-külək

Dağlar anama oxşayır.

 

Qucaqladı duman-çəni,

Qəlb oxşadı göz görəni,

Bulaqları öpdü məni-

Dağlar anama oxşayır.

 

saçıydı qar, gördüm,

Qocalmışdı dağlar, gördüm

Qırışları-yollar gördüm

Dağlar anama oxşayır.

 

Dağlar məni sınadımı,

Gec gələndə qınadımı,

Yol gözləyən anadımı?

Dağlar anama oxşayır.

 

Eşq olsun bu mübarək poeziyaya! 

 

 

Həmid ORMANLI

 

Təzadlar.- 2012.- 4 fevral.- S.15.