Kürün sahilində bir qərib adam

 

Bu necə zəmanədi, ilahi! - Dünənin çobanı çomağı atıb, əlinə qələm götürüb. Mizan-tərəzi qalıb Arazın o tayında. Dəli Kür isə yenə tutqun, bulanıq, ilan kimi qıvrıla-qıvrıla üzü ümmanlara yan almaqdadır. Bakı məktəblərinin son zənglərinin birində, bir məktəb qapısında gördüklərim hələ də yadımdan çıxmayıb: orta məktəbi qurtarmalarına "sevinc" əlaməti olaraq məktəblilər qələmləri məktəb qapısından küçəyə kimi yerə səpələmişdilər. Bu mənzərəni görəndə indi haqq dünyasında olan dəyərli şairimiz Eldar Baxışın qızıl misraları yadıma düşdü:

 

Nə yaxşı ki, qələm otuz qəpikdi,

Nə yaxşı ki, deyil od qiymətinə.

yaxşı ki, qələm bazarda getmir

Maşın qiymətinə at qiymətinə.

 

Küçəyə qədər səpələnmiş qələmləri bir-bir yerdən qaldıraraq onları çantama yığdım. Hələ o atılmış qələmlərdən istifadə edirəm. Cəmiyyətdə qələmə, jurnalistə, şairə münasibət qənaətbəxş deyil. Elə qələm adamlarımız var ki, onlar bu gün arı zəhməti ilə işləyirlər.

Səttar Zərdabini oxuculara təqdim etməyə o qədər ehtiyac yoxdu, yazımın sərlövhəsində xatırladım ki, çoxları əlinə çomaq alanda Səttar Zərdabi qələmlə ömür boyu baş-başa, ürək-ürəyə qalıb. Bu nurani insan heç bir zaman qələmə xəyanət etməyib. Həmişə bir yazı adamı, qələm adamı kimi haqqın yanında olub. Özünün müdrik aforizmi ilə desək:

 

Haqqın dərgahında incimə məndən,

Haqqın dəzgahında paz yonamam mən.

 

Yaşadığı zaman içərisində haqqı nahaqqa verməyən Səttar Zərdabi jurnalistikamızın naməlum əsgərləri tərəfindən həmişə bostanına daş atılıb. Ancaq ustad yazar onlara fikir verməyib, başını aşağı salıb öz yaradıcılığı ilə məşğul olub. Bu ağayanalıq, zadəganlıq ulu yazarımız Həsən bəy Zərdabidən gəlir. Bu gün inamla deyə bilərik ki, Həsən bəy Zərdabidən qaynaqlanan milli mənəvi dəyərlər, Səttar Zərdabi qələmində bir daha cilalanaraq, cəmiyyətin üzünə, sifətinə güzgü tutmaqdadı. Həsən bəy Zərdabi ilə Səttar Zərdabi arasında həm qohumluq, yaxınlıq əlaqələri var. Ulu soy-kökə bağlılıq, sözün varisliyinə söykənmək, tarixiliklə yaşadığımız zaman arasında mənəvi körpü yaratmaq doğrudan da yaşının bu "çal vədəsində" - Səttar Zərdabinin ömür salnaməsinə yazılıb.

Mətbuatın içərisində olan naməlum əsgərlər ondan yalançı müxalifətçi obrazı da yaradıb, bunun arxasında gizlənmək istəyiblər. Ancaq çox keçməyib ki, ümummilli lider Heydər Əliyev bu bəd niyyətdən tez hali olub Səttar Zərdabini yanına çağırtdırıb. H.Əliyev Səttar Zərdabini görən kimi tanıyıb onun qələminə hörmət etdiyini xatırladıb. Onun sosial şəraiti ilə maraqlanıb, öz tövsiyələrini verərək onu mehribanlıqla yola salıb. Səttar müəllim indi yorulmadan, inamla, əzmkarlıqla öz işlərini davam etdirir.

Sovet dönəmin nəşr olunan "Kirpi" jurnalında onun saysız-hesabsız satirik yazıları, felyetonları çap olunub. O vaxt sözə münasibət indiki kimi deyildi. Söz adamlarına, jurnalistlərə cəmiyyətin başqa marağı vardı.

"Azərbaycan" nəşriyyatından ən gec çıxıb evinə gedən bu insandı. Yazıya-pozuya o qədər sevgisi var ki, bəlkə heç evə getməz, yatıb qalar burda. Sözə ulu məhəbbət, sevgisi yaşının bu çağında da tərk etməyib onu. 

Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Cəmiyyətinin prezidenti kimi fəaliyyəti də önəm daşıyır. 1994-cü ildə H.Əliyevin xeyir-duası ilə bu Xeyriyyə Cəmiyyəti Dünya Azərbaycanlılarını bir araya topladı. Tale oxşarlığı Həsən bəy Zərdabi ilə Səttar Zərdabi arasında milli-mənəvi körpü rolunu oynayıb. Həsən bəy Zərdabi 1837-ci ildə anadan olub. 1937-ci ildə isə Səttar Zərdabi mayın 5-də (Sovet mətbuatı) anadan olub. Daha bir tale sevgisi bu iki yazarın ömür salnaməsinə daha bir sevinc yağışı ələdi. Səttar Zərdabinin nəvəsi Səda Zərdabi 22 iyul Mətbuat günündə dünyaya gəldi və onun ailəsinə bu gəlişlə böyük sevinc gətirdi. Səttar Zərdabi ömür boyu haqsızlıqla mübarizə aparıb. Hələ gəncliyində Teatr İnstitutunda oxuyarkən ilk yazdığı pyes böyük mübahisələrdən sonra səhnəyə yol tapır və əyalət teatrlarında onun pyeslərinə satirik felyetonlarına, yumoristik hekayələrinə geniş yer verilir. Nəğməkar şair Məmməd Rahim, ölməz satirik yazar Seyfəddin Dağlı, İslam Səfərli Səttar Zərdabiyə həmişə arxa duraraq onu o dövrün bədxah, naqis, xəbis adamlarından qoruyaraq onun yaradıcılığına yüksək qiymət verərək gələcəyin yazarının qələminin gücünə, qüdrətinə böyük inam bəsləmişlər. Bu inam indi daha baris şəkildə özünü doğruldur. Qələmində olduğu zəhməti Səttar Zərdabi torpağın da üzərində nümayiş etdirir. özü dediyi kimi, o, torpağın da, daşın da dilini gözəl bilir. Əvvəllər tez-tez doğulub boya-başa çatdığı Zərdaba gedib, bağında, bağçasında işləməkdən hədsiz zövq alardı. Kürün sahilində gecə ulduzları saymaq nə qədər ona zövq verib. Onun həmişə bir müqəddəs arzusu olub ki, bu şəhərin hay-küyündən uzaqlaşıb, Kürün sahilində nəfəsini torpağın nəfəsinə qatıb, rahat uyusun, Kürün doğma pıçıltılarını eşidib, ömrünün uşaqlıq çağlarına qayıtsın.

Ana Kürün nəğməsini dinləyə-dinləyə Səttar Zərdabi ömrünün ixtiyar çağını yaşayır. O, bu namərd zəmanənin əsl Bəhlul Danəndəsidir. Yaza-yaza artıq o müdrik, hazırcavab, Bəhlul Danəndə meridianını arxada qoyaraq üzünü gələcəyə tutub. Onun ideyalarında yaşatdığı cəmiyyət, məmləkət isə hələ də qış yuxusundan ayılmayıb. İndi səssiz-səmirsiz üzü ümmanlara gedən Dəli Kürün kölgəsində sanki elə bil bir qərib adam bizdən qabaqda ulu bir yol gedir. Bitməz, tükənməz ulu bir yol. Bu yolda o, qərib bir qaraltıdı. Beləliklə, "Xoş gördük, a uzaq, qərbi qaraltı". Dördyol ayrıcında dayanan adam...

 

 

Vəli Səmədli,

AJB üzvü

 

Təzadlar.- 2012.- 7 fevral.- S.15.