Böyük alim - böyük insan
Dünya
şöhrətli alim Lütfi
Zadənin 91 yaşı tamam oldu...
Lütfi
Zadə: "Mən inanıram ki, Rafiq Əliyev tezliklə Nobel
mükafatını alacaq..."
İki gün əvvəl dünya
şöhrətli alim, böyük insan, sadəliyi ilə
böyüklüyün mümkünlüyünü ortaya qoyan
həmyerlimiz Lütfi Zadənin ad günü idi. 91-in dizini
yerə vuran alim haqqında dünən "XəzərTV"də
maraqlı bir veriliş göstərildi. Onun "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
deməsi dünya azərbaycanlılarına
bir vüqar, fəxr
göstəricisi idi. Böyük
alimin özünün
və həyat yoldaşının
aparıcının suallarına cavabında söylədikləri
fikirlər, Azərbaycan və onun gələcəyi
haqqında dedikləri nə qədər inamverici
idi.
Bəs biz Lütfi Zadə
haqqında nələri bilirik?
Açıq deyək ki, çağdaş
nəsil böyük alim
haqqında, xüsusən də son vaxtlara qədər, bəsit məlumata malik idi, yaxud
məlumatsız idi. Şəxsən bu sətirlərin müəllifi bu yaxınlarda elektronika
sahəsində ixtisaslaşmış böyük
bir müəssisənin rəhbərinə
Lütfi Zadə haqqında söyləyəndə
o, "O, kimdir?", dedi. Mən ona bildirdim ki, "Sizin müəssisənin hazırda istehsal etdiyi məhsulların
hamısı Lütfi Zadənin nəzəriyyəsinin
və ixtirasının məhsuludur, amma təəssüf
ki, biz həmin
detalları hazırlayan koreyalıları, yaponları,
almanları tanıyırıq, bu kəşflərin
müəllifini yox...", deyərək
həmsöhbətimdə Lütfi Zadə
barəsində böyük bir maraq oyatdım. O,
söhbətlərimin təsiri altında böyük
alim barədə yazılı mənbə
istədi və ona internetdən və qəzetimizdə
dərc olunmuş yazılardan nümunələr
verdim. Növbəti dəfə həmin
idarə müdirinin kabinetində Lütfi Zadənin Prezident
İlham Əliyev, həmçinin professor Rafiq Əliyevlə
olan portretlərini gördüm.
Söylədi ki, artıq müəssisənin
işçilərinə Lütfi Zadə
haqqında elmi bilgilər, məlumatlar
verməkdəyəm: "Artıq müəssisəmizdə
işçilərin hamısı bu böyük alim və Azərbaycanlı
haqqında çox şeyi
bilirlər..."
Lütfi
Zadə alimliyi və böyük
Lütfi Zadə insanlığı...
Hər şey təbliğatdan asılıdır. Ama bu gün
çox təəssüflər olsun ki, orta
statistik Azərbaycanlıdan tutmuş, hətta özünü
ziyalı təbəqənin nümayəndəsi sayanların
böyük əksəriyyəti nəinki
ABŞ-da yaşayan Lütfi Zadəni, burdan-bura
Azərbaycanda olan böyük
alim və ziyalılarımızı
tanımır. Amma gənclərin
hansından Aygün Kazımovanı, Xatirəni,
Röyanı... soruşsanız, hətta dünən gecə
hansı restoranda oxuduqlarını da söyləyəcəklər.
Bunlara təəssüflər olsun, deyərək aşağıda böyük alim Lütfi Zadə haqqında ensiklopedik
məlumatları təqdim edirik.
Şüarımız isə belədir: Azərbaycanı dünyaya tanıtmaq Lütfi
Zadənin borcu idi, bizim borcumuz da Lütfi Zadəni
tanımaqdır!
Beləliklə, Lütfi
Zadə haqqında nələri bilirik?
...Lütfi Zadə (ing. Lotfi Zadeh, fars.
əsl adı Lütfəli Rəhim oğlu
Əsgərzadə) - Azərbaycan əsilli alim,
süni intelellekt sahəsində
qeyri-səlis məntiq (ing. fuzzy logic) nəzəriyyəsinin
banisi, Kaliforniya Berkli Universitetinin professorudur. Bu ali təhsil müəssisəsinin ömürlük professoru
seçilmiş yeganə şəxsdir.
Amerikadakı Azərbaycan diaspor təşkilatlarının
fəxri sədridir.
Lütfi Zadə bir çox xarici ölkə
akademiyalarının üzvüdür. O,
çoxlu sayda mötəbər
cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş,
medallarla təltif edilmişdir.
Onlarla xarici dövlət
və ictimai təşkilatların fəxri
doktorudur. Lütfi Zadə
dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə
onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.
Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə
İnstitutu"
yaradılmışdır (ing. Zadeh Institute for Information Technology, ZIFIT).
Lüfti Zadə 1921-ci ilin
4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə
və yəhudi əsilli rus uşaq həkimi olan
anası Fanya Koriman Ələsgərzadənin
ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə
Cənubi Azərbaycanın Ərdəbil şəhərində
ziyalı ailəsində dünyaya göz açmışdı. I Dünya Müharibəsi illərində Ərdəbildən
Bakıya üz tutan Rəhim
burada ticarətlə məşğul olmaq qərarına gəlir. İranda
dostları və qohumları vasitəsilə külli-miqdarda
kibrit alaraq onu Bakıya gətirib burada
satışını təşkil etməklə özünə
yaxşı güzəran düzəldir. İşgüzar
fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində
təhsil alır və İranda çap olunan həftəlik
qəzetlərin Bakıdakı müxbiri kimi çalışır. Bakıda gələcək
həyat yoldaşı Fanya ilə
tanış olan Rəhim Ələsgərzadə
valideynlərinin razılığı ilə evlənir.
Lütfi ilk təhsilinə
Bakıdakı 16 saylı məktəbdə başlayır. Lakin 1932-ci ildə Sovet
İttifaqının İran vətəndaşı
olan azərbaycanlılarla bağlı qəbul
etdiyi qərara görə, onlar iki yoldan
birini seçməli idilər: ya Sovet Azərbaycanında
qalıb buranın vətəndaşlığın qəbul
etməli, ya da ölkəni
dərhal tərk edib getməli idilər. Ələsgərzadələr
ailəsi İrana geri
qayıtmaq qərarına gəlirlər. Bir
çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin
formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə
SSRİ-də kibernetika, informatika,
genetika kimi elmlərə
qarşı mənfi münasibət var idi və çətin ki,
belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli
gedə bilərdi.
Beləcə, o 10 yaşında ikən ailəsi ilə
birlikdə Bakını tərk edərək Tehrana
köçür. Balaca
Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini
bitirmişdi. Tehrana
köçdükdən sonra təhsilini
amerikalıların Albors missioner
məktəbində davam etdirir.
Bu məktəbdə o
ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti
haqqında məlumat əldə edir. Orada elmin inkişafı üçün yaradılmış şərait
onu hələ məktəb illərindən
Amerikaya çəkir. Orta
təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin
Elektrik mühəndisliyi fakültəsinə
daxil olur. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən
başlayır. Tehran Universitetini
böyük uğurla
başa vurduqdan sonra Amerika Birləşmiş
Ştatlarına gəlir və təhsilini Massaçusets
Texnologiya İnstitutunda
davam etdirir. 1947-ci ildə
valideynlərini də öz yanına gətirən
alim artıq bu vaxt Kolumbiya Universitetində
çalışırdı. O, 1948-ci ildə bu
universitetdə elektron mühəndisliyi
üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt Lütfi Zadə məşhur
alim, kibernetikanın atası hesab olunan Norbert
Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu
ştatdakı Berkli Universitetinə gəlir.
Burada ilk vaxtlar bir qədər
çətinliklər çəkən alim
sonralar şəraitə
uyğunlaşır və bu günə qədər
də Berkli Universitetinin
professoru olaraq
qalır.
Bu gün dünya elminə Lütfi
Zadənin 6 mühüm nəzəriyyəsi
məlumdur. Hazırda onlar elm
və istehsalatda geniş
şəkildə tətbiq olunur. Ona dünya şöhrəti
qazandıran, onun dünya
elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
Bu nəzəriyyə riyaziyyatın əsası
olan ikili çoxluq anlayışına yeni
ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil
edilməsi təbiətdə və cəmiyyətdə gedən
proseslərin qeyri-müəyyənliyini daha
adekvat nəzərə almağa
imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən
tətbiq olunan bu nəzəriyyə
1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə
uzun müddət Amerika
elmi ictimaiyyəti tərəfindən qəbul
edilməsə də, ötən əsrin 80-ci illərində
yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən
yararlanmaq qərarına gəlmişlər.
Lütfi Zadə nəzəriyyəsinin tətbiqi
gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın
"Mitsubishi", "Toshiba",
"Sony", "Canon",
"Sanyo", "Nissan",
"Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq
nəzəriyyəsinə əsaslanan foto
ve videokameralar, paltaryuyan maşınlar, vakum
kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin,
qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi
Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin
sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən
yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayırlar. Bu gün bu
nəzəriyyə Amerikanın "General
Motors", "General
Electric", "Motorola",
"Dupont", "Kodak"
və başqa şirkətləri tərəfindən
istehsalatda geniş tətbiq
olunur. Hazırda bu nəzəriyyədən
iqtisadiyyatda, psixologiyada,
linqvistikada, siyasətdə, fəlsəfədə,
sosiologiyada, dini məsələlərdə,
münaqişə problemlərində də istifadə olunur.
Qeyri-səlis məntiq
nəzəriyyəsindən əlavə Lütfi
Zadə 5 fundamental elmi
nəzəriyyə təklif etmişdir:
"Təəssüratlar nəzəriyyəsi",
"Sistemlər nəzəriyyəsi", "Sözlə
işləyən kompüter nəzəriyyəsi",
"Optimal süzgəclər nəzəriyyəsi",
"Soft kompyutinq"
kimi dünya elminin inkişafında, onun
yeni əsaslar üzərində
qurulmasında mühüm rol
oynamış elmi kəşflərin
müəllifidir.
Lütfi Zadənin elmdə Z-çevirmə
kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya
sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir.
Onun məşhur vəziyyətlər fəzası,
dinamik sistemlərin idarə olunma və müşahidə olunma
nəzəriyyələri müasir idarəetmə
elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə
sistemlərini tədqiq edir, layihələndirir
və tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini
obrazlı şəkildə belə izah
etmək olar: "Aristotel
məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ
və ya qara rəngdə
qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. çünki, "Aristotel məntiqi" ikili
(binar) məntiqdir, "Zadə məntiqi"
çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan
ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi
doğru və ya yalan arasında
(və ya sıfırla bir arasında) kəsilməz
qiymətlər alır.
"Zadə məntiqi"ndə
real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə
tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi
ictimaiyyəti tərəfindən
qəbul edilməyən
qeyri-səlis məntiq
nəzəriyyəsi, nəhayət,
1980-ci illərdə yapon
alimləri tərəfindən
böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın,
kibernetikanın, informatika
və hesablama texnologiyasının inkişafı
tarixində yeni bir dövr açmışdır.
Bu nəzəriyyə bütün
dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan
tutmuş, avtomat sürücüyə kimi
yüzlərlə, minlərlə
sistemdə, qurğuda
öz tətbiqini tapmışdır. Getdikcə
həmin nəzəriyyənin
əməli gücü
onun mücərrəd
mahiyyətini üstələmişdir.
Lütfi Zadə
Nyuton, Eynşteyn səviyyəli bir dahi hesab olunur.
Onun verdiyi nəzəriyyə bütün
elmləri dəyişdi.
İlk başda məntiq həndəsə
üçün yaranmışdı.
Amma Lütfi Zadənin nəzəriyyəsindən
sonra məntiqin özü də yeniləşdi. Bu elm həndəsəni,
riyaziyyatı və digər elmləri daha dəqiqliyə səfərbər etdi.
"Qeyri-səlis məntiq"
nəzəriyyəsi elmə
yeni baxış, yeni bir yanaşma
tərzi gətirdi. Mən deyərdim ki, bu nəzəriyyə
hər hadisəyə,
hər qəti fikrə bir müqayisə açıqlığı
gətirdi. Bu isə elmdə ehtiyac duyulan ağıl, idrak əlaməti oldu. Sinifdə hamı "5" qiymət
ala bilər. Yalnız
müqayisə aparılarsa
kimin nə dərəcədə "5"-ə sahibləndiyi aşkarlanar.
Lütfi Zadənin xidməti həmin aşkarlığı sübut
etməkdən ibarət
oldu. İndi biz müqayisələr hesabına
hədlərin kənar
sərhədlərini daha
şəffaf və daha aşkar görə, onların aldığı qiyməti
daha dəqiqliklə ifadə edə bilirik. Dünya əhəmiyyətli nəzəriyyəsi
səbəbinə Lütfi
Zadəyə sağlığında
ABŞ-ın Kaliforniya
Universitetinin ömürlük
fəxri professoru adı verilib. Sağlığında bu
cür fəxri ada sahib olmaq dünya alimlərindən
yalnız bir-ikisinə
nəsib olmuşdur. Lütfi Zadə ona dünya şöhrəti qazandıran
5 kəşfin müəllifidir.
...Dünən Xəzər-TV-də Lütfi Zadə haqqında çəkilmiş
sənədli film göstərilirdi.
Film alimin ad gününə
həsr olunmuşdu. Filmdə böyük alimin keçdiyi zəngin həyat yolu vərəqləndi, onun 2008-ci ildə Bakıda olarkən Prezident İlham Əliyevlə görüşü,
Bakıdakı yaxın
dostları, xüsusən
də professor Rafiq Əliyevlə həm
ABŞ-da, həm də Bakıda olan ünsiyyətləri və s. təqdim olundu.
Sonda onun
"Mən inanıram
ki, mənim ən yaxın dostum Rafiq Əliyev
tezliklə Nobel mükafatını
alacaq", kimi qənaəti üzərində
dayanmaq istərdim. Böyük alim ötən il professor Rafiq Əliyevi özünün elmi varisi elan etdi
və bütün elmi külliyatını R.Əliyevə bağışladı.
Bu, professor Rafiq Əliyevə
böyük bir etimad və etibar idi. Deməli,
Azərbaycanı dünyaya
tanıdan Lütfi Zadənin davamçısı
var və bununla qürur duymaq gərəkdir. Biz də inanırıq ki, Rafiq Əliyev
tezliklə Nobel mükafatını
alacaq və Azərbaycanın adı dünya düzənində
daha bir səhifəyə yazılacaq.
Asif Mərzili
Təzadlar.- 2012.- 7 fevral.-
S.12.