Akif Səmədin "Seçilmiş əsərləri" təqdim olundu

 

Fevralın 4-də Atatürk Mərkəzində çağdaş Azərbaycan poeziyasının istedadlı və tanınmış nümayəndəsi, mərhum Akif Səmədin "Seçilmiş əsərləri"nin birinci cildinin (şeirlər) təqdimat mərasimi keçirildi.

Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, tədbirin keçirildiyi məkanda bəlkə də indiyədək belə qələbəlik olmamışdı. Odur ki, bu günü Akif Səmədi sevənlər üçün əsl bayram hesab etmək olardı.

Tədbiri giriş sözü ilə açan görkəmli tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli Akif Səmədin istedadlı qələm sahibi olmasından söhbət açdı və onu həm XX, həm də XIX əsrin ən böyük şairi adlandırdı: "Akif Səməd elə bir insan idi ki, onunla dost olmamaq, onun poeziyasına vurulmamaq, şeirlərindəki duyğuları öz içində yaşatmamaq mümkün deyildi. O, əsl şair idi".

Tədbirdə həmçinin təqdim olunan kitabın redaktorlarından Aydın Qurbanoğlu, millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, şair, publisist Tahir Talıblı, şair Rəfail İncəyurd, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, şair Ələddin İncəli, Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində çalışan Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub, şair Kəmaləddin Qədim, jurnalist-tədqiqatçı Mehdi Şıxlinski, şair Əlisəmid Kür, rəssam Nəvai Məmmədoğlu, şair Dərviş Osman Əhmədoğlu, naşir Ramiz Hümmətov və başqaları çıxış edərək Akif Səməd poeziyası haqqında öz fikirlərini paylaşdılar, şeirlərini səsləndirdilər, kitabın ərsəyə gəlməsində zəhməti olan insanlara təşəkkürlərini bildirdilər.

Çıxışlarda Akif Səməd şeirlərinin kökünün xalq yaradıcılığına, aşıq ədəbiyyatına bağlı olduğu vurğulandı. Qeyd edildi ki, Xəstə Qasım, Abbas Tufarqanlı, Qurbani, Dədə Şəmşir kimi ustadların ənənəsini davam etdirən Akif Səməd başqaları kimi qoşmanın, gəraylının, təcnisin şəklini çəkmirdi, məhz özünü yaradırdı. A.Səməd şeirlərinin Yunis İmrəyə, Qaraca Oğlana, Nəsimiyə, Rumiyə gedib çıxdığı nəzərə çatdırıldı, sufi düşüncəli şair üçün dünyanın əbədi deyil, müvəqqəti dayanacaq olduğu dilə gətirildi. Maddi dünyadan dördəlli yapışmayan, mənəvi dünyaya can atan Akif Səmədin poeziyasının daha ciddi təhlillərə, araşdırmalara ehtiyac olduğu diqqətə çatdırıldı. 

Sonda şair İbrahim İlyaslı Akif Səmədin ailəsi adından tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Qeyd edək ki, Akif Səmədin "Seçilmiş əsərləri"nin birinci cildi (şeirlər) "Oka-Ofset" nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxıb. Oxucular bu cilddə Akif Səmədin indiyədək işıq üzü görmüş "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən...", "Ömrü özünə yaşasan" və "Özümə yol" kitabları, eləcə də indiyədək heç yerdə nəşr olunmamış şeirləri ilə tanış ola biləcəklər.

Kitaba ön sözü Türkiyənin 9 Eylül Universitetinin professoru, şair Məmməd İsmayıl, sön sözü isə tənqidçi Bəsti Əlibəyli yazıb.

Həmçinin kitabda Akif Səmədin İncəli rəssamlar Məmməd Dəmirçioğlu, Nəvai Məmmədoğlu və Qafar Sarıvəlli tərəfindən çəkilmiş portretləri verilib. 478 səhifəlik kitabın tərtib edib-toplayanı Ramiz Hümmətov və Həmid Ormanlı, rəssamı Nəvai Məmmədoğlu, redaktorları Aydın Qurbanoğlu və Bəsti Əlibəyli, nəşrə hazırlayanları isə İbrahim İlyaslı və Ehtiram İlhamdır.

Akif Səmədin sevilən və tədbirdə səsləndirilən şeirlərindən "Mən Bakıya oxumağa gəlmişdim"i oxuculara təqdim edirik.

 

Məni görüb yaxın ağlar, yad ağlar,

Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,

Ya bərələr, ya dərələr, ya dağlar.

Mən Bakıya oxumağa gəlmişdim.

 

Köç-ulaqlı aran yolu, dağ yolu,

Oğru yolu, doğru yolu, haqq yolu,

Kəhkəşanda unutduğum yolum,

Mən Bakıya oxumağa gəlmişdim.

 

Ay qatarçı, ay maşınçı, ay adam,

Bu şəhərə siz doğmasız, mən yadam.

Burax gedim, ay gözəlim, ay qadam,

Mən Bakıya oxumağa gəlmişdim.

 

Genişiydim səma boyda, çöl boyda,

Ürək verdim, diplom aldım əl boyda,

Ürəyimdə yara açdı gül boyda -

Mən Bakıya oxumağa gəlmişdim.

Mən Bakıya oxumağa gəlmişdim.

 

 

ELBAR

 

Təzadlar.- 2012.- 7 fevral.- S.15.