Ayna Sultanovanın heykəlinin müəllifi kimdir?

 

Əməkdar rəssam, əslən Şuşadan olan Münəvvər Rzayeva (1929-2004) xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir (N.V.Tomskinin sinfi).

Moskva Dövlət Rəssamlıq Akademiyasında təhsil alması Münəvvər Rzayevaya nəinki yaradıcılıq dəsti-xəttinin müəyyənləşdirilməsində, həm fərdi bədii təfəkkürünün aydınlaşmasında kömək edir. Burada heykəltəraş müxtəlif janrların spesifik cəhətlərinə, qarşılıqlı əlaqəsinə təsirinə, plastik ifadənin faktura struktur xüsusiyyətlərinə daha dərindən bələd olur. O, dərsdən sonra vaxtının çoxunu Ermitaj Rus muzeyində keçirir. Ermitajda saxlanan Roma portretləri, qotikanın, İntibahın dövrünün nümunələri onun mənəvi aləminin daha da zənginləşməsinə böyük təsir göstərir. Sonralar o, İtalyanın zəngin, antik memarlıq heykəltəraşlıq mərkəzlərində yaradıcılıq təcrübəsi keçir, dünya incəsənətinin əvvəllər albomlardan kinofilmlərdən tanıdığı bir çox nəhənglərini əyani olaraq görür bu da gənc heykəltəraşın yaddaşında güclü iz buraxaraq onun təfəkkürünü zənginləşdirir.

Münəvvər Rzayeva erkən işlərində məzmunun əlamətlərini persanajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görür. Professional sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. Təhsil aldığı zaman Münəvvər xanım bir çox sərgilərdə yaratdığı büstləri ilə təmsil olunaraq yüksək qiymətlərə layiq görülmüşdür.

Münəvvər Rzayeva həyatı boyu yüzə qədər müxtəlif səpkili sənət əsəri yaratmış, onlar paytaxtda, ölkənin digər şəhərləri rayon mərkəzlərində "məskunlaşmış"dır. Bu maraqlı sənətkar 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildən Rəssamlıq İttifaqının üzvü idi. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş, neçə-neçə heykəltəraşlıq əsərinin ömrünə ömür əlavə etmişdir.

Onun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində, AMEA Nizami adına Ədəbiyyat muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.

Münəvvər xanım yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşmışdır. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.

Sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Münəvvər Rzayeva yaradıcılığı haqqında yazdığı məqalədə qeyd etmişdir ki, "Qadın heykəltəraş Münəvvər Rzayeva Azərbaycanda yeganə tişə ustasıdır ki, Bakı şəhərində üç heykəltəraşlıq abidəsi ucaldılmış indiyə kimi qorunub saxlanmaqda davam etdirilir". 

Az sonra M.Rzayeva özünün portretlə ətraf mühitə təsir etmək istedadını geniş park meydanlara çıxarılan əsərlərində nümayiş etdirə bildi. Ona paytaxtda ucaldılacaq Mikayıl Müşfiqin heykəlinin yaradılması həvalə olunanda da o, kompozisiya həlli kimi portret janrını seçdi. Münəvvər xanım təqdim etdiyi orijinal forma-biçimlə başqalarını da inandıra bildi ki, portret monumental tutumlu dolğun bədii-estetik məziyyət daşıyıcısı ola bilər. 1970-ci ildə Bakının görməli yerlərindən birində ucaldılan Mikayıl Müşfiq portret-abidəsi bunun əyani bədii ifadəsidir. Qranitdən yonulmuş heykəldə repressiya qurbanı olan şairin düşüncəli surəti çox cəlbedici duyğulandırıcıdır. Bu əsərdən sonra M.Rzayevanın monumental duyumuna özlərində əminlik hiss edən əlaqədar qurumlar ona paytaxtı bəzəyəcək daha iki abidənin hazırlanmasını həvalə etdilər. Bu gün Bakını bəzəyən Sevil Qazıyevanın tunc (1973) Ayna Sultanovanın qranit (1988) heykəlləri bunun təsdiqidir.

Hər bir heykəltəraşlıq əsəri ilk növbədə məhz konkret məkanda qoyulur. İş burasındadır ki, əgər rəngkarlıq əsəri ilə heykəltəraşlıq əsərlərini müqayisə etsək onda asanlıqla görərik ki, məkan əsərin daxilində, təsvir müstəvisinin üzərində yaradılır. Lakin heykəltəraşlıq əsəri isə özü bilavasitə məkana daxil olaraq ətraf landşaftla əlaqəyə girir. Bu baxımdan Ayna Sultanovanın abidəsi şəhər landşaftı ilə ətraflı inşaat memarlıq mühiti ilə uyğun planda həll edilmişdir. Sanki heykəltəraş obraz üzərində işləyərkən onun harada qoyulacağı haqda aydın təsəvvürə malik olmuşdur. Memar isə süni, səthvari kürsünün üzərində Ayna Sultanovanın büstünü oturtdurmuşdur.

Ayna Sultanovanın obrazı heykəltəraş tərəfindən müəyən mənada tam əhatə olunmuşdur. Onun xarakterik geyim tərzi başını dik tutaraq iti nəzərlərlə irəliyə baxması hər bir xırda detallardan uzaq durmaqla əsas məqamı vurğulayan heykəltəraşın yapılarında (lepka) aydınca oxunur. Onun simasında ifadə olunan qətiyyət inam daxilən, sanki gizli əlaqəyə girərək obrazın mənəvi aləminin açılmasına şərait yaradır. Mərmər büst abidələrin plastik qurluşu, frontallığı, fəzada müəyyən bir istiqamətə yönədilməsi, həcmlərin qabarıqlığı bu abidələrə daha aydın monumental görkəm verir. Burada monumentallıq zahiri görünüşlə əlaqadar olmaqdan daha çox obrazların məzmun qarşısına qoyduğu məqsədini ucaldılan abidədə yerinə yetirdiyinin şahidi oluruq. Aydın məsələdir ki, 1960-cı illərdə bütün sovet vətandaşları, o cümlədən heykəltəraş Münəvvər Rzayeva da 1917-ci ildə baş verənləri inqilab kimi dərk qəbul edirdilər. Burada heykəltəraşın Ayna Sultanovanın obrazında açıqladığı inam məhz oktyabr inqilabının qəti qələbəsinə olan inamı ifadə edir. Hal-hazırda heykəltəraşlıq abidəsinin arxasında yüksək mərtəbəli yaşayış binaları ucaldılmışdır ki, heykəlin ətraf mühitlə uyğunluğunun tam surətdə pozulduğunun şahidi oluruq. Bu günkü vəziyyətdə Ayna Sultanovanın heykəli öz baxımlığını itirmiş halda yaşayır. Demək olar , qarşısında tikilmiş nəqliyyat ötürücü körpünün inşasından sonra heykəl tam görünməz vəziyyət almışdır.

 

 

Samir Sadıqov,

sənətşünas

 

Təzadlar.- 2012.- 9 fevral.- S. 12.