"SONA BÜLBÜLLƏR"

 

(Bu yazını illər əvvəl tanış olduğum muğam ifaçısı, xanəndə Qədir Rüstəmovun əziz xatirəsinə ithaf edirəm)

 

Almaniyada yaşayıb-çalışan dəyərli ziyalı, Azərbaycanı qəlbən sevən türk qardaşımız Abdulkadir İnaltəkin "Təzadlar"a göndərdiyi yazısında tanınmış muğam ifaçısı Qədir Rüstəmov haqqında bilmədiklərimiz çox mətləbləri ortaya qoyub. Aşağıda həmin yazını təqdim edirik.

...Qədir Rüstəmov Azərbaycanın Ağdam rayonunda dünyaya göz açmışdı. Onun şöhrəti Azərbaycanın ən ucqar diyarına qədər yayılmışdı, dövlət mükafatı almışdı, sağlığında sənədli filmi çəkilmişdi, bir neçə tarixi filmlərdə Azərbaycanın keçmiş məşhur xanəndələrini canlandırmış, çoxlu yazıçı, araşdırmacı və elm adamının diqqəti-üfüqündə olmuşdur. O, heç bir sənətçidə olmayan bənzərsiz səsə və ifa tərzinə malik idi. Qədir Rüstəmov şan-şöhrətdən və təltiflərdən uzaq olmuş, sadə, təvazökar, özünəməxsus adi həyat tərzi  ilə fərqli bir şəxsiyyət və yaxşı bir ailə başçısı kimi tanınmışdı.

İnsan sahib olduğu dəyərlərin qədir-qiymətini ondan məhrum olduğunda başa düşür. Ana-atamız həyatda olanda onların qədir-qiymətini o qədər də bilmirik. Bir gün ana-atamızı itirəndə onların, həyatımızda nə böyük əhəmiyyətə malik olduğunu  dərk edirik. Dünyaya göz açdığımız kəndimiz, qəsəbəmiz, məhləmiz də gözdən düşəndə başqa yerlərin, böyük şəhərlərin xəyalını qururuq. Məmləkətimizi tərk edəndə həsrətdən sinəmiz göyünür, ürəyimiz döyünür, bağrımız yanmağa başlayanda məmləkətə sarı can atarıq.

Hər canlı kimi, torpaq da bir gün ölür. Məkanlar, yiyəsi olduğu günə qədər yaşayar. Tərk edilib, sahibsiz qalanda və ya düşmənlər tərəfindən işgal olunanda viran olur və ölür. Tərk edilən məkanlar viran olsa da, vətən torpağının bir hissəsi kimi qaldıqca hər zaman abad ola bilər. O məkanlar ki, əgər düşmən işgalı altındadırsa, onda ona əl çatmaz, güc yetməz, səs getməz. Vətəni düşmən işgalında ikən ömrü vəfa göstərməyənlərin arzusu, bir daha gərçəkləşməmək üzrə özü ilə torpağa gedər. Qalan nəsillər isə, yurdlarına qayıtma ümidi içində "yaşamağa" çalışar.

1988-1994-cü illərdə baş verən Qarabağ müharibəsində Azərbaycanın 20 faizdən artıq torpaqları Ermənistan tərəfindan işgal edilib. İşgal olunan on iki rayonun kənd və qəsəbələrində yaşayan bir milyondan artıq Azərbaycanlı yurdlarından qovulub. Həmin insanlar iyirmi ildi çadırlarda, qatar vagonlarında, xaraba evlərdə qaçqın kimi yaşayırdı, bir müddətdir ki, az bir hissəsi məcburi köçkün olarkən, təzə salınmış müvəqqəti qəsəbələrdə məskunlaşıblar. Amma doğma torpaqda hələki deyillər. Evinizin açarını itirib bir neçə saat balalarınızla küçədə qaldığınızı təsəvvür edin. Bir çilingər çağırıb qapınızı açdırandan sonra həyatınız yenidən köhnə halına qayıdacacaq. Vətən torpaqlarından sürgün edilən bir milyon Azərbaycanlı iyirmi ildi evlərinə, yurdlarına qayıda bilmir. Onların kabusu iyirmi ildi davam edir. Onlar təkcə malını, varını itirməyib. Onlar həm də min illərdən bu yana ata-babalardar qalan tarix mirasını, xəyallarını, xatirələrini, yurdlarını, vətən torpaqlarını itiriblər. övladlarını, qardaşlarını, ana-atalarını, gəlinlərini, kürəkənlərini, nəvələrini, qohumlarını, əqrabalarını, qonşularını və i a. bütün sevdiklərini itiriblər. 20-ci əsrdə ermənilərin Qarabağ muharibəsində tətbiq etdiyi soyqırımla bəşəriyyət dəhşətli bir sınaqdan keçib. Və sübut olundu ki; "Avropa insan hüquqları", "demokratiya", "global sülh" "BMT" qavramlarının içi ixtiyar sahibi dövlətlər tərəfindən necə lazımdı elə də doldurulur. Azərbaycan, Bosniya-Hersoqovina, çeçenistan, Əfqanıstan, İraq, Kəşmir, Somalidə yaşanan geyri-insani vəhşət bunun əyanı sübutudur...

Ağdam Allah-təalanın (c.c.) təbiət gözəlliyini comərdcə bəxş etdiyi, havasına, suyuna, torpağına insan səsinin ən xoş, ən məlahətli sədalarını qatdığı, tarixdə olduğu kimi, günümüzdə də beynəlxalq migyasda şöhrətli olmuş onlarla səs və saz sənətçisinin, şairlərin, yazıçıların, elm adamlarının yurdudur. Həmçinin Qədir Rüstəmov, Arif Babayev, Ramiz Quliyev...sənət aləminin ən şöhrətlilərindəndir.

Qarabağ qaçqınları içində tanınmış, şöhrətli xanəndə və muğam ifaçısı kimi Azərbaycan xalqı Qədir Rüstəmovu bağrına basmış, ona ürəyində yer vermişdir. Bəlkə də o, buna görə şöhrəti ürəyinə sindirə bilməyib. Zira, bir milyondan artıq Azərbaycanlı özü tək yurdlarından sürülüb, öz yurdlarından didərgin düşüb. Bəlkə də o, buna görə özünəməxsus xarakteri ilə hamıdan fərqlənirdi. Onun ürəyi iyirmi ildi yurd həsrətilə qovrulub. O, Qarabağın işgaldan azad edildiyi günü bir daha görə bilməyəcək. Onun gözləri, bu arzu ilə açıq gedib:

 

"Gözündə arzusu, həvəsi qalıb,

Ö həsrət gedib, nəvəsi qalıb,

Göydə yetimlərin naləsi qalıb,

Söndürün sinəmdə yanan narımı,

Qaytarın özümə, torpaqlarımı"

 

İnsan vətəndən cüda (didərgin) düşməyin acısını, ağrısını, sancısını, əzilmişliyini, qəribliyini, sahibsizliyini, zəifliyini, ancaq ondan məhrum qalanda dərk edə bilər. Necə ki, ac qalanda bir tikə quru çörəyin, susuz qalanda bir udum suyun bizimçün nə qədər əziz olduğunu dərk etdiyimiz kimi.

Q.Rüstəmovun oxuduğu əsərlər içində mənim xatırladığım bircə belə oynaq hava yoxdur. Buna görə də onun oxuduğu əsərlər başqa cürə həzin və qərib səslənərdi. Elə oxuduğu əsərlərdən biri var ki, o, sadəcə yanıq bir mahnı deyil, həm də o, Qədir Rüstəmovun öz adı və özünəməxsus xarakteri ilə bütövləşən şah əsəridi. Həmin əsərin adı harda çəkilsə, hökmən Qədir Rüstəmov yada salınır. Buna görə də yazımın başlığını "SONA BüLBüLLƏR" kimi dəqiqləşdirmişəm. Həmin əsərin havası ürək kövrətdiyi qədər, sözləri də adamın ruhunda həzinlik əmələ gətirir:

 

Su atdım yara dəydi, sona bülbüllər!

Əlim divara dəydi, saçı sünbüllər.

Dilim-ağzım qurusun, sona bülbüllər,

dedim yara dəydi, saçı sünbüllər!?

Elə yar-yar deyirlər, heç məni demirlər,

Ay sona bülbüllər.

 

Evləri köndələn yar, sona bülbüllər!

Bizə gül göndərən yar, saçı sünbüllər.

Gülün yarpıza dönsün, sona bülbüllər,

Bizdən üz döndərən yar, saçı sünbüllər.

 

Dəryada gəmim qaldı, sona bülbüllər,

Biçmədim, zəmim qaldı, saçı sünbüllər.

Çox çəkdim yar cəfasın, sona bülbüllər,

Mənə dərd-qəmim qaldı, saçı sünbüllər.

 

Qədir Rüstəmovun davamçısı, ulduzu təzə parıldayan Mustafa Mustafayevdir. Onun səsinin tembiri ifa tərzi gələcəkdə sələfinin yerini dolduracaq, Qədirsiz qalan Azərbaycan xalqının təsəllisi olacaq ümidini daşıyır Mustafa bəy.

...Qarabağın bülbülü Qədir Rüstəmov (1935, Ağdam, Azərbaycan -14 Aralık 2011, İstanbul, Türkiyə) haqqın rəhmətinə qovuşdu.

Mərhuma Allah-təaladan rəhmət, kədərli ailəsinə Azərbaycan xalqına baş sağlığı diləyir, onun xatirəsinə ithaf etdiyim şeiri oxuculara təqdim edirəm:

 

 

"SONA BüLBüLLƏR"

 

Bir haray qoparın dağlar, səs verin!

Yazda xəzan vuran Bağlar, səs verin!

Gözü yolda qalan ağlar, səs verin!

Saz da, tar da küsüb, çalmayır tellər,

Susdu, oxumayır: "Sona bülbüllər".

 

Gəlinlərin əli xınasız qalıb,

Göy Göl qan ağlayır, sonasız qalıb,

Elə bil balalar anasız qalıb,

Necə nalə çəkir, oxuyan dillər?

Qarabağa sarı, "Sona bülbüllər".

 

Bəs niyə bağlanıb yolu, Ağdamın?

Sınıbdı, qalxmayır qolu, Ağdamın.

Gözləri qan ilə dolu Ağdamın,

Niyə harayına yetmədi ellər?

Qaldı yana-yana "Sona bülbüllər".

 

Çatmadı fəğanı, ünü Ağdama,

Ağlamaqla keçib günü Ağdama.

Heç kəs aparmadı onu Ağdama,

De, hara apardı Saranı sellər?

Yetim qalıb ağlar "Sona bülbüllər".

 

Bilmədi qədrini qədirsiz dünya,

Qoy, bayram eləsin Qədirsiz dünya!

Bir ürək tapmadım kədərsiz, dünya!

Görən güləcəkmi sınıq könüllər?

Getdi, gəlməz daha, "Sona bülbüllər".

 

 

Abdulkadir İnaltəkin

Almaniya, Berlin-2012

 

Təzadlar.- 2012.- 21 fevral.- S.11.