Mikayıl Abdullayevin sənət dünyası

 

Beynəlxalq Cəvahirlər Nehru mükafatının sahibi olmuş rəssamın hər bir əsərində Azərbaycan var...

Rəssamlıq çox mürəkkəb, fitri istedad tələb edən sənətdir. Bu gün dünyanın məşhur rəssamlarının yüz illər əvvəl çəkdikləri əsərlərə tamaşa edərkən bu sənətin aliliyinə bir daha inanırsan. Azərbaycanda rəssamlığın dəqiq yaranma tarixini demək çətin olsa da xalqımız bu gün bu sənəti yaradanları böyük hörmət və məhəbbətlə yad edir. Onların adlarını sadalamaq fikrimizcə, o qədər də vacib deyil. Amma müasirimiz olan, ancaq bu gün aramızda olmayan rəssamlarımızı xatırlamaq, onların yaradıcılığı ilə gənc nəsli tanış etmək çox vacibdir. Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə və digər rəssamlarımızın yaradıcılıq yolu əsl məktəbdir. Elə haqqında söhbət açacağımız Mikayıl Abdullayevin də yaradıcılığı belələrindəndir.

Onun əsərləri bütövlükdə milli ruhda köklənmişdi. SSRİ və Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət mükafatı və Beynəlxalq Cəvahirlər Nehru mükafatı laureatı Mikayıl Abdullayev bütün yaradıcı həyatını Azərbaycan təbiətinin, onun qəhrəman insanlarının, tarixinin şanlı səhifələrinin vəsfinə həsr etmişdir. Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan bu böyük sənətkarın boyakarlıq və qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. Dünyanın bir çox ölkələrinin muzeylərində dəyərli eksponat kimi saxlanılan Mikayıl Abdullayev yaradıcılığının nümunələri milli mədəniyyətimizin əsl təbliğatçılarıdır. Bu əsərlərdə Azərbaycanın əsrarəngiz təbiəti var, milli-mənəvi dəyərlərimiz sənətkarlıqla bu tablolarda qorunub saxlanmışdır.

Rəngkarlıq, qrafikamonumental sənət sahəsində öz sözünü demiş xalq rəssamı Abdullayev Mikayıl Hüseyn oğlu 1921 - ci il dekabrın 19-da Bakıda anadan olmuşdur. Bakı Rəssamlıq Texnikomunda (1935-1939) və Surikov adına Moskva Dövlət İnstitutunda (1939 -1949 ) təhsil almışdır. Respublikamızda, "SSRİ xalq rəssamı" adına layiq görülmüş və SSRİ Rəssamlıq Akademiyasına həqiqi üzv seçilən ilk rəssamdır. Cəvahirlər Nehru adına Belynəlxalq və Azərbaycan SSR Dövlət mükafatı laureatıdı. Müstəqil Azərbaycan Respublikasının "İstiqlal" ordeninə layiq görülmüşdür. "Mingəçevir işıqları", "Səadəti quranlar", "Azərbaycan çöllərində", "Rəcəstan qadınları", "çəltikçi qızlar", "İmadəddin Nəsimi" və s. əsərləri ilə məşhurdur. Rəssamın  Dehli, Monreal, Moskva, London və digər şəhərlədə fərdi sərgisi keçirilmişdir.

Mikayıl Abdullayevin ilk fərdi sərgisi 36 yaşında Moskvada keçirildi. Şöhrət də onu bu zaman haqladı. O, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar İttifaqının katibi seçildi. Mikayıl Abdullayev əli fırça tutandan son nəfəsinə qədər yalnız istedadına, gecəli-gündüzlü qatlaşdığı zəhmətinə güvənmişdi. Gərgin axtarışları, cəfaları isə hədər getməmişdi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görülmüşdü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor, ən əsası zərif qəlbli, kövrək ürəkli insan kimi tanınmışdı. Rəssamlarımız arasında Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o öz yaradıcılığı ilə klassikmüasir Azərbaycan ədəbiyyatına möhkəm bağlı olsun. Dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimizə qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə - poema, hekayə və romanlarına illüstrasiyalar çəkmişdir. Bunların arasında Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun Aşıq Ələsgərin, M.Ə.Sabirin, C.Cabbarlının, S.Vurğunun, Rəsul Rzanın və başqalarının əsərləri vardır. Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələriböyük yer tutur. Şifahi xalq ədəbiyyatından "Kitabi-Dədə Qorqud", "Molla Nəsrəddinin lətifələri", yazılı ədəbiyyatımızdan "Leyli və Məcnun", "Danabaş kəndinin məktəbi", "Poçt qutusu", "Gələcək gün", "Şamo", "Şəbi-hicran" əsərlərinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir. Böyük Vətən müharibəsi illərində çəkdiyi tarixi kompozisiya və portretlərində sovet vətənpərvərliyini tərənnüm etmişdir. Müharibədən sonrakı illərdə Mikayıl Abdullayevin yaradıcılığı daha da püxtələşmişdir. Müasirlərimizin mənəvi gözəlliyini, doğma təbiəti təsvir edən "Axşam" (1947), "Mingəçevir işıqları" (1948), "Səadət quranlar" (1951) tabloları ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanmışdır. "Körpəsinin ardınca", "Manqabaşçısı Rəxşəndə" (1955) və s. tablolarında müasir kənd adamları təsvir olunmuşudur. "Sevinc" (1956) tablosu ana məhəbbətini əks etdirir. Mikayıl Abdullayevin yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tutur. 1956-71-ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliyab. ölkələrə səfərlər zamanı çəkdiyi rəsmlər silsiləsində ("Benqal qızları", "Racəstan qadınları", "Qoca əfqan", "C.Mansu" və s) milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Əsasən, tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası yaratmışdır."M.Qorki 1928-ci ildə Bakıda" (1950), "ü.Hacıbəyov"(1944), "Səməd Vurğun" (1944, 1959, 1975), M.F.Axundov" (1962), "M.P.Vaqif"(1968), "İmadəddin Nəsimi"(1973), "Pianoçu F.Bədəlbəyli" (1975) və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etmiş, onların xarakterini ustalıqla aça bilmişdir.O, M.İbrahimovun "Gələcək gün"(1951), S.Rəhimovun "Şamo" (1954) romanlarına, "Kitabi-Dədə Qorqud dastanına", Fizulinin "Leyli və Məcnun" poemasına illüstrasiyalar çəkmişdir. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə. Brüssel s. şəhərlərdə nümayiş etdirilmişdir. 1966-1967-ci illərdə Berlin Leypsiqdə rəssamın fərdi sərgisi keçirilmişdir. 1970-80-cı illərdə onun "Kommunist", "Ədəbiyyat incəsənət", "İzvestiya", "Literaturnaya qazeta" qəzetlərində, "Azərbaycan", "Qobustan" jurnallarında yüzlərlə publisist, sənət haqqında sanballı məqalələri dərc olunmuşdur. Yazdıqları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanardı. M.Abdullayevin yaradıcılığında Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Mikayıl Abdullayev 1992-ci ildə 90-cı il qurbanlarına həsr etdiyi "Nakamların dəfni" əsərini yaratmışdır. Rəssamın özü Yanvar faciəsinin şahidi olmuşdur. Sənətkar bu cinayəti XX əsrin böyük cinayətlərindən biri adlandırırdı. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Dövlət Beynəlxalq Nehru mükafatları "İstiqlal" ordeni laureatı, professor Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında vəfat edib.

 

Vüsal Bəkirov

Sənətşünas

Təzadlar.- 2012.- 21 fevral.- S.15.