"Xocalı soyqırımı məsələsini Almaniya Bundestaqında qaldırmaq hazırda qeyri-mümkündür"

 

İbrahim Əhmədov: "Almaniyada böyük nüfuza malik olan türkofobislamofob dairələr çox vaxt "erməni soyqırımı" kartından istifadə edirlər"

 

Köln Universitetinin doktorantı, beynəlxalq məsələlər üzrə analitik İbrahim Əhmədovun "Təzadlar"a müsahibəsi

 

- Bu günlərdə Almaniya Bundestaqının Xarici Siyasət üzrə İşçi Qrupunun qəbul etdiyi "Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan" adlı sənədin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Almaniya Federativ Respublikası hazırda Avropa Birliyinin ən nüfuzlu siyasi qüvvəsi olmuşdur desək, yanılmarıq. İkinci dünya müharibəsindən sonra Almaniya beynəlxalq siyasətdə təcrid olunmuş və passivləşmişdi. Belə ki, Almaniya beynəlxalq aləmdə siyasətə qarışmayan, sırf iqtisadi bir güc kimi tanınırdı. Lakin son illərdə Almaniyanın beynəlxalq siyasətdə fəallaşması müşahidə olunur. Almaniyanın İranın Nüvə Proqramı ilə bağlı danışıqlar aparan ən nüfuzlu dünya dövlətlərinin sırasında yer almasını buna misal gətirmək olar. Beləliklə, Almaniyanın dünya miqyasında mühüm bir siyasi qüvvəyə çevrilməsini nəzərə alaraq, Almaniyanın xarici siyasətdə mövqeyini Azərbaycan üçün münasib istiqamətə yönəltmək, əlbəttə, bizim üçün olduqca mühümdür.

Hiss olunur ki, Azərbaycan lobbiçiləri son illərdə müəyyən müsbət nəticələr əldə etmişlər. Belə ki, CDU/CSU partiyalarının daxilində olan beynəlxalq siyasət üzrə işçi qrupunun mövqeyinə müəyyən qədər təsir göstərə bilmişlər. Lakin nailiyyətlərimizi şişirtmək də düzgün olmaz, çünki bir, ya iki partiyaya aid olan bir işçi qrupunun qəbul etdiyi hər hansı bir bəyanat hələ Almaniyanın rəsmi xarici siyasəti demək deyil.

- Sizcə, sənədin qəbulu gələcək də Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşacağından xəbər verirmi?

- Almaniyanın Qarabağ münaqişəsinin çözülməsində fəallaşmasından danışmaq hələ olduqca tezdir. Almaniyanın bəzi millət vəkilləri və dövlət xadimləri Azərbaycana meyllidirlər, bəziləri isə ermənilərin mənafelərini müdafiə edirlər. Avropa Birliyi və ayrıca Almaniya hazırda yeni münaqişələrə qarışmaq, yəni özünə əlavə problemlər, "baş ağrısı" yaratmağa meylli deyil. ümumiyyətlə, Almaniyanın xarici siyasətdə fəallığı onun daxili ictimai rəyindən çox asılıdır.

Bəzən KİV-lərdə müəyyən bir mövzu yayılıb məşhurlaşır, çünki cəmiyyətin həmin mövzuya marağı getdikcə artır və nəticədə elmi dairələrdə "CNN effekti" kimi tanınan bir fenomen baş verir, yəni medialar cəmiyyətin diqqətini müəyyən bir məsələyə cəlb edərək, rəsmi siyasətə təsir göstərirlər. Misal üçün, hazırda Almaniya hakimiyyətinin İranın Nüvə Proqramına qarşı münasibəti müəyyən qədər alman cəmiyyətinin mövqeyini əks etdirir. Lakin Qarabağ münaqişəsi Almaniya ictimaiyyətində aktual siyasi mövzular sırasına aid deyil və buna görə də Almaniyanın bu məsələ ilə bağlı öz-özünə fəallaşmasını gözləmək hazırkı vəziyyətdə sadəlöhvlük olardı.

- Ümumiyyətlə, bu gün Almaniya parlamentində Azərbaycanın mövqeyi hansı səviyyədə müdafiə olunur?

- CDU/CSU fraksiyasının beynəlxalq işlər üzrə işçi qrupunda son illərdə Azərbaycanın mövqeyini müdafiə edən əsas şəxs Eduard Lintner olmuşdur. Lakin həmin fraksiyada və eləcə də başqa fraksiyalarda ermənipərəst siyasətçilər də var. ümumiyyətlə, Qarabağ münaqişəsi özlüyündə Bundestaqda az müzakirə olunur. Azərbaycan əsasən Avropanın iqtisadi təhlükəsizliyi və insan hüquqları ilə bağlı müzakirələrdə xatırlanır.

Almaniyanın xarici siyasətini əsas iki prinsip idarə edir: mənəvi dəyərlər və maddi maraqlar. Mənəvi dəyərlər baxımından Ermənistan, ən azından din və mədəniyyət yaxınlığına görə Almaniyaya daha yaxındır. Azərbaycan isə Almaniyanı əsasən maddi cəhətdən, yəni yanacaq ixracatçısı kimi maraqlandırır. Lakin cəmiyyətdə hər iki ölkə və onların arasında olan münaqişə barədə məlumat olduqca azdır. Məhz buna görə Qarabağ problemi Almaniya bundestaqının gündəmində deyil və ən yaxşı halda ara-sıra bəzi fraksiyalara aid olan işçi qruplarının gündəminə düşür.

- Dağlıq Qarabağ məsələsinin mövcudluğu Avropa Birliyinin cənubi Qafqaz siyasətində hansı yerdə durur?

- Dağlıq Qarabağ münaqişəsi əsasən Avropa Birliyinin iki siyasi institutunun gündəmindədir: Avropa Komissiyasının həyata keçirdiyi Avropa Qonşuluq Siyasəti və Avropa Birliyinin Cənubi Qafqazdakı nümayəndəsi. Avropa Qonşuluq Siyasətini maraqlandıran əsas məqam Avropa Birliyinin sərhədlərinin təhlükəsizliyidir, nəinki Avropa Birliyinin xaricində olan etnik və dini münaqişələrin tənzimlənməsi. Avropa Birliyinin bəyanatlarından hasil olan nəticə budur ki, Avropa Birliyi, sadəcə, mövcud olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və münaqişənin sülh yolu ilə (istər Azərbaycanın lehinə, istərsə də əleyhinə) həllini arzulayır. Avropa Birliyinin nümayəndələri də indiyə kimi buna oxşar bəyanatlar vermişlər: münaqişə mümkün qədər tez çözülməlidir və Avropa Birliyi münaqişənin çözülməsi üçün yeni ideyalar təklif etməyə hazırdır. Lakin reallıqda AB-nin Qarabağ məsələsi ilə bağlı fəallaşması hələ də "məram" səviyyəsində qalır.

- Bildiyiniz kimi, Meksika və Pakistan senatında Xocalı Soyqırımı tanındı. Bundestaqda bu məsələnin qaldırılması mümkündürmü?

- Xocalı soyqırımının tanınması məsələsini Almaniya Bundestaqında qaldırmaq hazırda qeyri-mümkündür. Hətta Azərbaycan lobbiçiləri Bundestaqda bu məsələnin qaldırılmasına nail olsalar, bu, Fransanın "erməni soyqırımı" iddiası ilə bağlı qəbul etdiyi qanuna bir növ cavab təsiri bağışlayacaq. Fransa isə Almaniyanın ən yaxın dostu və müttəfiqi olduğuna görə Almaniya hazırda belə bir addım atmaz.

Bunu da nəzərə almaq lazımdır ki, "erməni soyqırımı" Almaniya ictimaiyyətində fakt kimi qəbul olunur. Meksika və Pakistandan fərqli olaraq, Almaniyada böyük nüfuza malik olan türkofob və islamofob dairələr çox vaxt "erməni soyqırımı" kartından istifadə edirlər.

Dediyim kimi, Azərbaycan Almaniya üçün iqtisadi partnyor kimi olduqca mühüm olsa da, mənəvi və mədəni cəhətdən Ermənistan Almaniyaya daha yaxındır və məhz buna görə hazırda Almaniyadan Xocalı soyqırımının tanınması kimi radikal addımlar gözləmək yersizdir, xüsusən buna görə ki, ictimai rəy böyük ehtimala görə Azərbaycanın xeyrinə olmayacaq. Lakin lobbi işlərini artırmaqla Ermənistanı beynəlxalq səhnədə, xüsusən iqtisadi cəhətdən təcrid olunmasına nail olmaq mümkün və məqsədəuyğundur.

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2012.- 25 fevral.- S.9.