Vətən nisgilli şair

 

Azərbaycan və İsrail yazarlar birliyinin üzvü, dağ yahudisi, Azərbaycanın sayılıb-seçilən, uşaqların sevimli şairi Simax Şeyda Almaniyadan redaksiyamıza yeni şeirlərini göndərib

Simax Şeyda- bu adı Azərbaycan oxucularına tanıtmağa elə bir ehtiyac yoxdur. Çünki hələ uşaq ikən "Tülkü-tülkü tünbəki" şeirinin təsirindən çıxa bilmirdik. O vaxt ağlımıza gəlməzdi ki, uşaqlar üçün belə gözəl şeir yazan dağ yahudisidir. Azərbaycan dilinin incəliklərindən çox məharətlə istifadə edən Simax Şeyda Azərbaycan dilində yazdığı uşaq şeirləri ilə bütün uşaqların qəlbini fəth etmişdi.

Azərbaycan torpağında yaşayıb, yaradan çox şairlər olub. Sanki bu torpağın havasında, suyunda, təbiətində bir şairlik duyğusu var. Ona görə də Azərbaycan özünün dünyaya səs salan şairləri ilə həmişə fəxr edib. Bu torpağa sevgi və sədaqətdə dağ yahudiləri Azərbaycanlı şairlərdən heçgeri qalmayıblar. Görkəmli şair, dramaturqictimai xadim İsak Xanuk, redaktor Mətətiya İsakov, dahi qarmon ustaları Məlkəy Qəyiş, DavudXanuko İlizarovlar, mədəniyyətin, sənətin şərəfi olan Hilil Nisimov, Lazir Xayvatov, Xananil Abramov, mahir ifaçılar Eldar Qurşumov, Nisim Nisimov, uzaq Amerikada ədəbiyyatımızı təmsil edən şair Raşbil Şamayev, qanlı yanvar günlərində "Azadlıq" radiosu ilə Azərbaycanın haqq səsini hamıdan əvvəl dünyaya çatdıran Mirzə Xəzər, şer və mahnıları yaxın-uzaq ellərdə səslənən Yaşa Maşiyaxov, Bəbəyxunə Şəlmu və nəhayət uşaqların böyük şairi Simax Şeyda kimi söz-sənət ustaları bu torpağın yetişdirmələri deyilmi?     

Bu böyük siyahıda hərənin öz yeri, öz mövqeyi var. Adı sonuncu çəkilsə də, həmişə öndə olan Simax Şeydanı (Simax Yuşvayevi) götürək. Mübaliğəsiz demək olar ki, o bu gün xalqımızın ən çox sevilən və ən çox oxunan şairlərindən biridir.

Oğuzda doğulsa da, Gəncədə böyüyüb başa çatıb. Bakıda yaşayıb, Azərbaycan dilində ortaali təhsil alıb. Gəncəli olmağının dadını, duzunu şeirlərində hiss elətdirir. Doğulduğu Oğuzun gözəl təbiətinə neçə-neçə şeirlər həsr edib. İndiyə qədər 20-dən çox kitabı işıq üzü görüb. Bu kitablardan 7-si uşaqlar üçün yazdığı şeirlərdən, mənzum nağıllardan və pyeslərdən ibarətdir. Onun "Təyyarə" adlı uşaqlar üçün ilk kitabı 1961-ci ildə nəşr edilib. Sonralar "Meşəli qız", "Mən balaca kosmanavtam", məşhur "Tülkü-tülkü tünbəki" və s. uşaq üçün şeirləri işıq üzü gördükcə, ona olan sevgi, məhəbbət də artırdı.   

Simax Şeyda təkcə uşaqlar üçün yazmayıb. Azərbaycan şifahi xalq ədəbiyyatını, folklorunu dərindən mənimsəməsi onun müxtəlif janrlarda yazmağına geniş meydan açmışdır. S.Şeydanın qəzəlləri Əliağa Vahid qəzəllərindən qaynaqlanır. Onun elə bir qəzəli yoxdur ki, oxuyanın diqqətini çəkməsin.

 

"Ürək yanar köz olar vəfasız yar əlindən,

Göz də yaş ilə dolar vəfasız yar əlindən.

Simax, yoxdur əzəldən bu dünyanın vəfası,

Həyat sənə gələr dar vəfasız yar əlindən".

 

Kim inanar ki, bu qəzəli Azərbaycanlı olmayan bir dağ yahudisi yazıb. Ancaq bu bir faktdır. Onun Azərbaycan dilində yazdığı "Şirvanlı qız", "Gözaltım var", "Sevgi məktubları", "Nizami", Mirzə Xəzərə həsr etdiyi "Ay Mirzə", "Qanadlı xəyallar" və s. şeirləri böyüklər üçün yazılıb və geniş rəğbət qazanıb. İstərdik onun "Şirvanlı qız" şeirindən bir bəndə diqqət kəsilək:

 

"Əgər Leyli olsan, Məcnunun mənəm,

Ən böyük aşiqin, vurğunun mənəm,

Bir gün Xan Əslisiz dözmədi Kərəm,

Axırda od tutub yandı aramsız,

Ay şirvanlı gözəl, ay şirvanlı qız."

 

Azərbaycan şeir dilinin incəlikləri burada necə də öz əksini tapıb.

Simax Şeyda səhhətində yaranan problemlə əlaqədar son 20 ildir ki, Azərbaycandan kənarda, Almaniyanın Münhen şəhərində yaşamağa məcburdur. Qəlbində vətən nisgilini yaşadan şair bir an da olsun özünü vətəndən uzaqda bilmir. Ona görə də hər il vətənə gəlməsə, sanki yaşamağı mənasız sayır. Ömrünün 75-ci baharını yaşayır. Lakin hələ də cavanlıq eşqi ilə yazıb-yaratmaqdan doymur. Almaniyada yaşasa da yaradıcılığına bir an da fasilə vermir. Orada yaşaya-yaşaya artıq uşaqlar üçün bir neçə kitab çap elətdirib. Sonuncu kitabları "Yoxdur belə nənədən" və "Qızım qızlar içində" adlanır. Simax Şeyda balaca uşaqlara çox incəliklə Qarabağımızın işğal altda olduğunu və o yerlərə mütləq yenidən qayıdacağımızı anlatdaraq onları vətənpərvər ruhda böyüməyə yönəldir. Bu baxımdan onun "Azad edək", "Apar məni" və başqa şeirləri balaca uşaqların qəlbində vətənə, yurda həmçinin işğal altda olan Qarabağa bir məhəbbət yaradır. S.Şeydanın uşaq şeirləri adicə şeirlər deyil. Bu şeirlər balacalara həm də pis vərdişləri tərgitməyi, ata, ana, nənə, baba bir sözlə, böyük-kiçik yerini bilməyi aşılayır. Bundan əlavə, uşaqlar bu şeirlərdən böyük zövq alaraq onu asanlıqla əzbərləyirlər.

Simax Şeyda qəzetimizin daimi dostudur. Elə ona görə də, tez-tez Almaniyadan həm telefonla əlaqə saxlayır, həm də bizə məktub yazaraq yeni-yeni şeirlərini göndərir. Elə aşağıda təqdim etdiyimiz şeirlərin bəzisi "Yoxdur belə nənədən" kitabından olsa da, "Şeyxim mənim", "Raşbil Zaxaryarev küçəsi", "Müşfiqimin əziz xətrinə" şeirləri isə şairin bizə göndərdiyi son yaradıcılıq nümunələridir. Elə ona görə də, böyük məmnuniyyətlə S.Şeydanın həm uşaqlar üçün, həm də böyüklər üçün olan şeirlərini istəkli oxucularımızın diqqətinə çatdırırıq.

 

Azad edək

 

-Şuşa, Şuşa deyirsən

Bu qədər neçin, ata?

Kədər ilə salırsan

Hər gün onu

sən yada.

 

-Mənim ağıllı balam

Sözlərimə qulaq as,

Şuşa kimi şəhərdən

Bu dünyada tapılmaz.

 

Gözəldir başdan-başa,

Onun hər bir qucağı,

Vardı təmiz havası,

Neçə sərin bulağı.

 

Durur "Cıdır düzü" də

Kədər içində indi.

Vaqifin məqbərəsi

Kim bilir gündədi.

 

Gözlərimi açmışam

Bu torpaqda bir səhər

Mənim canım-ciyərim

Sevincimdi bu şəhər.

 

Vardı ayaq izələrim,

Hər küçədə, hər tində.

Neçə ildir, əsirdir

Şuşa düşmən əlində.

 

Fikrə gedib bir qədər

Belə söylədi Babək.

-Ata, gedib Şuşanı

Düşməndən azad edək!

 

 

Apar məni

 

Çay süfrəsi arxasında

Atasına dedi Pərviz:

-Gül, çiçəkli Qarabağdan

Niyə uzaq düşmüşük biz?

 

Nadir əmim, Nabat xalam

Hey Xankəndi, Şuşa deyir.

Güllü nənəm yaş axıdır,

Hər gün qara paltar geyir.

 

Apar məni o yerlərə,

Qoy bağlardan, düzdən keçim.

Sərin-sərin bulaqların

Gözləridən mən içim.

 

Əlvan-əlvan güllərindən

Dəstə tutum anam üçün.

Bağlarından meyvə dərim,

Nənəm üçün, babam üçün.

 

Sür maşını, sür ay ata,

Yola düşək elə indi

Topumu da qoy götürüm,

Bəlkə orda kara gəldi.

 

-Ah, ay bala, səni necə

Qarabağa aparım mən?

Neçə ildir o yerləri

Zəbt eləyib azğın düşmən.

 

Ata-baba torpağımız

İnildəyir yad ellərdə

Vardır evim, bağım, bağçam

Şuşa kimi bir şəhərdə.

 

İndi çıxmaq istəmirlər

Yurdumuzdan daha onlar.

Günü-günü qəlbimizi

Üzür kədər, qüssə, qübar.

 

Şəhid edib üç oğlunu,

Bu davada Güllü nənə

Ona görə qara paltar

Geyir hər gün o, əyninə.

 

Hey deyirlər bu gün, sabah

Qovacaqlar düşmənləri.

Qalmayıbdır səbir bizdə

İstəyirik dönək geri.

 

Zalımların əllərindən

Qurtaranda torpağımız

Ucalacaq Qarabağda

Azərbaycan bayrağımız.

 

Onda səni apararam

Birdəfəlik o yerlərə.

Üzümüzə gülər həyat,

Son qoyarıq qəm, kədərə.

 

 

Balaca məktəbli

 

Dünən təbaşir ilə

Yaza-yaza divarı

Balaca bir məktəbli

Gedirdi evə sarı.

 

-Necə gözəl xəttin var,

Biri dedi arxadan.

Gördü müəllimidir

Geri baxanda oğlan.

 

O tutduğu bu işdən,

Utandı birdən-birə

Təbaşiri əlindən

Yavaşca saldı yerə.

 

 

Şeyxim mənim

 

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyx Allahşükür Paşazadənin 60 illik yubileyinə həsr olunur

 

Məhəbbətilə oxuyursan Quranı sən, Şeyxim mənim,

Xoş günlərə səsləyirsən insanı sən, Şeyxim mənim,

Qəlbindəki Allahtala eşqi ilə yaşa-yaşa,

Sev daha da dünyanı, cahanı sən, Şeyxim mənim,

Şan-şöhrətin ağızlarda, dodaqlarda gəzir bu gün,

Şanlı İslam dünyasının sultanı sən, Şeyxim mənim,

Bir zamanlar Buxarada təhsil aldın məhəbbətlə,

Daha da çox eşqlə sevdin xudanı sən, Şeyxim mənim,

Fəxr eləyir Azərbaycan sənin kimi oğlu ilə,

Zəhmət ilə qazanmısan ad-sanı sən, Şeyxim mənim,

Simax Şeyda altmış nədir yüz il ömür dilər sənə,

Gəz qəlbində Vətən eşqi hər yanı sən, Şeyxim mənim,

 

(Davamı var)

 

 

Elçin MƏMMƏDLİ

 

Təzadlar.- 2012.- 5 iyul.-  S.11.