AĞDAM
AĞRISI
(Xəyalımdakı və xatirəmdəki
Ağdamı və ağdamlı günləri xatırlayarkən)
...Sonralar həmin həyətin qonşuluğuna Yaqub
adlı bir kişinin ailəsi hardansa köçüb məskən
salmışdı. Bizim darvaza ilə qabaq-qənşər evdə
yaşayanları yaxşı tanımırdım, deyirdilər
ki, evin kişisi hansısa rayonda işləyir...
Sonra sıralanırdı Şelli Bəhramın evi,
arabaçı Süleyman kişinin həyəti,
"buxaltır" Əbdüləhədin evi, Qəzənfər
müəllimin, Vəlişin evi...
Beləliklə, tay-tuşlarımın, bütün məhəllə
uşaqlarının hamısının atası vardı, o
ataların hamısını görmüşdüm,
tanıyırdım, tək bizim evdə kişi - ata yoxuydu...
İyirmi iki yaşı olanda əri Yaqubu - atamı əsgərliyə
yola salmış, bir qız üç oğlanla
(qardaşlarım ekiz idi) bir damın altında qalmış əzəmətli,
vüqarlı, şahənşah anam Zəhra Molla
Mürşüd qızının evində kişi yoxuydu...
Evimizin atası da, anası da anam özüydü... O, əri
Məmmədov Yaqub Şükür oğlunun 1943-cü ilin 18
fevralında filan nömrəli alayın siyasi rəhbəri vəzifəsində,
baş leytenant rütbəsində Moskva ətrafındakı
döyüşlərdə həlak olması barədə
"qara" kağız almışdı, bizdən gizlədirdi...
Atam həlak olanda mənim 6, bacımın 4, ekiz
qardaşlarımın 2 yaşı vardı, bənzərsiz
anam 24 yaşındaydı... Sonrakı illərdə atam
Yaqubun həlak olmasına dair rəsmi məlumatı o
vaxtkı SSRİ Müdafiə Nazirliyinin Podolsk şəhərində
yerləşən Mərkəzi Arxivindən ala bildim...
Məhəlləmizin analarının
hamısını "xala" - deyib
çağırardıq.
Sayad xala, Nübar xala, Südabə xala, Zərif xala,
Qələm xala, Qütəvvər xala, Tovuz xala, Əsmət
xala, Şəkər xala, Əfruz xala...
O açıq çöhrəli, abırlı, ismətli,
əlləri (əməlləri!) qızıl, kövrək,
zərif xalaların dilindən "başına
dönüm", "qurbanın olum", "qadan
alım" sözlərindən başqa bir söz eşidən
olmazdı. Bu ifadələr qulaqlarımızdan keçib üz-gözümüzü
işıqlandırardı. İndi harda qaldı, hanı o şirin-şəkər
sözlər, o mehribanlıq, istiqanlılıq, o
qızılgül çöhrəli xalalar...
İndi o sözlərə də güllə dəyib,
qaçqın-köçkün vəziyyətinə
düşüb, dağlarda, düzlərdə əriyib yoxa
çıxıb. Yox, lənət şeytana, Şəmsi Vəfadarla
öz aramızda Qarabağın xalq şairi
adlandırdığımız,
ünsiyyətinə, qələminə
inandığımız Ənvər Əhmədlə
telefonla danışanda, görüşəndə
"başına dönüm", "qadan alım" -
deyir bizlərə, bizlər də bu sözlərin məstedici
təsirindən axıb gedirik (bununla belə, hər
tanış-bilişə "başına dönüm",
"qadan alım" demək heç də vacib deyil, məncə, sözə
qənaət etməyi öyrənməliyik...)...
Fürsətdən istifadə edib, 2003-cü ildə
yazıq anam Zəhranın yas mərasimlərində mənə
maddi-mənəvi dayaq verdiyinə görə Ənvər Əhmədə
və Qarabağın seçilib-sayılan kişilərindən
olan Fəxrəddin Həsənova minnətdar olduğumu
bildirirəm.
Çəpərbir qonşumuz (həm də qohumumuz)
alagöz Südabə xalanın ət kötüyünə
vurduğu baltanın səsini hələ də eşidirəm
desəm, inanın mənə. Onun civə kimi par-par yanan quzu ətindən
bişirdiyi yarpaq dolmasının dünyanın ən
bahalı ətrindən də bihuşedici qoxusu çəpəri
adlayıb bürüyərdi həyət-bacanı...
O illərin toyları, yas məclisləri, Novruz
bayramları başqa bir biçimdəydi, ayrı bir
ovqatdaydı, pozulmaz bir axardaydı... Biz şəhər
uşaqları Novruz bayramını əla keçirmək,
gur tonqallar yandırmaq məqsədilə - yaxın kəndlərə
dağılardıq - Seyidli, Muradbəyli, Ətyeməzli,
Şelli, Əhmədavar, Sarıhacılı
bağlarından çırpı şələləri
daşıyardıq məhəlləmizə.
O gur tonqallar yandıran Yerlə, Göylə əlləşən
uşaqlıq dostlarım hara getdi, necə oldu görəsən...
Comərdliyi, haqsevərliyi və mərifəti ilə
bütün Qarabağda ad çıxarmış igid Rey
Babayevi ötən əsrin 60-cı illərində, lap gənc
yaşlarında Bakıda qətlə yetirdilər. BDU-nun
kafedra müdiri professor Maqbet Məmmədov, sinif
yoldaşım, qonşum rayonda rəhbər vəzifələrdə
çalışmış Səyyaf Əliyev, əmioğlum
Sabir, Dadaşoğlu Eldar, Tovuzoğlu Çingiz, Bəhmənoğlu
Aydın, Oqtay, Arif, Akif Əsgərov qardaşları, körpə
vaxtı ağır xəstəlik keçirmələri nəticəsində
ağıl cəhətcə geri qalmış və
hamının dəli Xasay, dəli Elman - deyə
çağırdığı qonşularımız, 18
yaşında naşı və biganə cərrahın
yaramazlığı ucbatından vəfat etmiş kiçik
qardaşım Tofiq elə bir heç yoxuymuşlar,
yuxuymuşlar, nağılmışlar...
Novruzun çərşənbə axşamlarında bəhsə-bəhsə
düşüb baxırdıq görək kimin tonqalı daha
gur yanacaq, alov nə qədər daha çox
üzüyuxarı millinəcək, kim hündür alovun
üstündən tullanmağı bacaracaq, çətənəli,
küncütlü qovurğanın, Şəki
düyüsündən dəmlənmiş plovun qoxusu
bürüyərdi ilk bahar gecələrini...
Uşaqların üst-başından qovurqa ətri gələrdi...
Hələ tonqal sönməmiş evlərə torbaatma dəsgahı
başlardı, torbamıza qoyulmuş şirniyyatı,
qırmızı, sarı boyanmış yumurtaları,
qoz-fındığı bir yerə toplayıb yenidən tonqal
başına yığılıb məzələnərdik,
deyib-gülərdik. Səhərisi gün yumurtalardan qatar qurub
- sıraya düzüb döyüşdürərdik. Kimin əlindəki
son yumurta qırılmasaydı - yəni o biri yumurtaları
qırsaydı o adam qalib hesab edilirdi və sınmış
yumurtalar onun olardı.
Bayram günlərində hökmən nəsə təzə
bir şey geyinib çıxardıq küçəyə.
Yazıq anam bizə təzə corab və ya cib
yaylığı alardı...
Yeri gəlmişkən, onu da deyim ki, mən ilk dəfə
kostyumu onuncu sinifi qurtaran ili geyinmişəm...
Bir mahnı da deyildiyi kimi, Ağdam Qarabağın toy
otağıydı. Toylarımız əsasən
çadırlarda keçərdi. Biz uşaqlar da
çadırın bir ucunu qatlayıb çalıb oxuyanlara,
qol götürüb oynayanlara baxardıq, sevinərdik,
atılıb düşərdik.
Məşhur xanəndələri - Xan
Şuşinskini, Əbülfət Əliyevi, Mütəllim
Mütəllimovu, Mürşdü Məmmədovu, Bəylər
Nəcəfovu, İldırım Həsənovu, Yunis
Qarabağlını, Bəkir Həşimovu Ağdam
toylarında görmüşdük.
Tarçalan Cəlalı, Bəhməni, Məşədi
Nərimanı, Abbas Yusifovu, qarmonçalan kor Əlini, Kəblabəyimi,
Yusif Yusifovu, Yelmarı, kamançaçı Elman Bədəlovu,
qabalçalan çopur Xanları, Qəhrəmanı, Məşdini,
Sərdarı, uşaqdan-böyüyə hamımız
tanıyırdıq. Oyun havalarından "Krasnı Azərbaycan",
"Ceyranı", "Ləzginka" o vaxtlar çox dəbdə
idi.
Ağdamın maraqlı və yaddaqalan teatr həyatı
vardı. Və etiraf etməliyik ki, o vaxtlar teatra həvəs
indikindən qat-qat yüksək idi. Ağdam Dövlət Dram
teatrına uzun illər rəhbərlik etmiş görkəmli
aktyor Məmməd Əmirovun Qacar obrazı hələ də
yaddaşımdan silinməyib. Əməkdar rejissor Heydər
Şəmsizadə, əməkdar artistlər - Narınc Məlikova,
Firəngiz Abbasova, Qaflan Muradov, Əkbər Rəcəbov kimi
sənətkarlar camaat arasında böyük hörmət
qazana bilmişdilər.
Belə bir məqamda, yəni ruhumuzun və cismimizin Məkkəsi
Ağdam haqqında təəssüf, nisgil və qüssə
dolu söhbət açdığım məqamda ötən
əsrin 50-ci illərində yaxından-uzaqdan
tanıdığım, yaddaşımdan silinməyən bir
sıra sanballı, seçilib-sayılan, işıqlı
şəxsiyyətlərin adını bu yazıda çəkib,
onları xatırlamasam, günaha bata bilərəm,
özüm-özümdən inciyərəm.
Müəllim adını, müəllim şərəfini
həmişə ucada-zirvədə saxlamağı
bacarmış Zülfüqar Səfərəliyevin,
Şiraslan Abdullayevin, Karrar Mikayılovun, Hacı Hacızadənin,
bilavasitə dərs aldığım Dilquşə müəllimin,
Fazilə müəllimin, Süsən müəllimin, Fatma
müəllimin, Musa Muradovun, Kamal Qaradağlının, Fikrət
Hacıyevin unudulmaz adları yaddaşımın göy
qübbəsində həmişə sayrışmaqdadır.
O vaxtlar Ağdam şəhərinin əsl ziyalı dəstəsinin
ön sıralarında Əhəd Ələkbərov,
Süleyman Zeynalov, Rasim Quliyev, Əhməd Qasımov, Ramiz Rəsulov,
Yusif Əhmədov, Məmməd Məmmədov, Zeynal Məmmədov,
İsa Bəylərov, Muxtar Əliyev, Dadaş Mehdiyev, Cahangir
Məmmədov....kimi dizibərk kişilər görünərdi.
Ağdam toyları barədə fikirləşəndə
çox qəmli, çox kədərli bir toyu həyəcanla,
yana-yana xatırlayıram. Elə bu cümləni yazandan sonra
həyətə çıxdım, yamyaşıl payız
otlarının kövrək təbəssümü, sonbahar
Günəşinin ilıq şəfəqləri, bağ
qonşum Eldar kişinin göylərə
qaldırdığı ağappaq, alabəzək göyərçinlərinin
uçuşu, tərtəmiz, dumduru Göy üzü
ruhumdakı yanğını, ifadə edə biləcəyim,
danışa biləcəyim qəmli hekayəni necə
başlamağıma, hansı sözü, hansı ifadəni
tapıb bu kədər simfoniyasını səsləndirməkdə
mənə yardımçı olacağı barədə
düşündüm. Amma, ağır olsa da, mən bu əhvalatı
danışmaq qərarımı dəyişmirəm, dedim -
özüm-özümə, yazmalıyam!
1952-ci ilin payız günlərinin biriydi,
yağışlı, çiskinli bir havaydı, biz məhəllə
uşaqları toplaşıb küçəmizdən bir az
yuxarıdakı həyətlərin birində Ağdamda
faytonçu Çərkəz adı ilə məşhur
olmuş kişinin oğlu Rəşidin toyuna getdik.
Yuxarıda dediyim kimi, çadır toylarının öz aləmi,
öz səliqə-səhmanı vardı. Onda toylar adətən
üç gün olardı. Biz uşaqlar da toylarda yerimizi
bilirdik - brezent çadırın ətəyini
qaldırıb, ya da bir küncünü aralayıb
çalıb-oxuyanlara, oynayanlara baxardıq,
sümüyümüzə düşən oyun havaları
çalınanda atılıb-düşərdik.
Toyun 3-cü - axırıncı günü idi.
Axşamüstü yağış çiləməyə
başlamışdı. "Şofer" Məmi
özünün məşhur "Emadin"
adlandırılan maşını ilə şəhərdən
10-12 km aralıda yerləşən Çəmənli kəndindən
gəlin gətirməyə getmişdi. Bir dəstə cavan
oğlan "qazəllibir" markalı maşının
banında arxasınca yola düşmüşdü. Biz də
səbrimizi basıb gəlin maşınını gözləməkdəydik,
əsl şənlik, pəstah gəlin gələndən
sonraydı...
Birdən səs-küy çadırı
götürdü başına, dedilər ki,
çadırın üstünə tok düşüb,
adamlar güllə kimi cadırdan bayıra atıldılar. Və
bir qadının fəryadı bizi yerimizdən oynatdı:
- Ay aman, uşaqları tok vurdu!
İki nəfər cavan oğlanın eyvanın
qarşısında, çadırın böyründə yerə
sərildiyini gördük.
Bir kişi bağırtısı
qulaqlarımızı deşib keçdi:
- Vay evimiz yıxıldı, Rəşidi tok vurdu!..
Qırılıb nəm çadırın
üstünə düşmüş elektrik naqilinə əlləri
toxunan toyun bəyi - Rəşid, onun sağdışı və
soldışı Əliqara və Sultan adlı iki nəfər
cavan oğlan bir göz qırpımında kömür kimi
qaralıb torpağa sərildilər.
Elə həmin çadırdaca tez-tələsik
üç yerdə torpağı qazıb hər üç
cavanı boğazlarınadək torpağa basdırdılar.
Kimsə deyirdi ki, heç nə olmaz, torpaq onların bədənlərindəki
elektrik cəryanını çəkib çıxarar, daha nə
bilim nə...
Elə bu həyəcanlı
məqamlarda gəlin maşını həyətə daxil
oldu... Siz Allah məni bağışlayın, elə bir
söz, ifadə, cümlə tapa bilməyəcəm ki, o
axşamın, o məqamın dəhşətli mənzərəsini təsvir edib sizlərə
çatdıra bilim. Həmin gün Ağdamda qiyamət
qopmuşdu, əsl qiyamət günüdü həmin
gün...
O da yadımda qalıb ki, o müsibətdən sonra
uzun müddət Ağdamda söz-söhbət gəzdi ki, Rəşid,
Əliqara və Sultan diriliblər, qəbri dağıdıb
çıxıblar, ağ kəfənə bürünüb
gecələr küçələrdə gəzirlər...
Biz uşaqlar da qorxumuzdan xeyli müddət qaş
qaralandan sonra evdən bayıra çıxmazdıq...
Ağdamın toy, yas mərasimlərinin keçirilməsi
qaydaları da yaddaşımda möhkəm qalıb.
Toy, yas evlərinə lazım olan bütün zəruri
qab-qacaq, stol, stul, vedrə, qazan, çəngəl-bıçaq...
və digər əşyalar qonşulardan toplanardı. Onda
kirayə xidməti nə gəzirdi ki, adlı siyahı
tutulardı və həmin siyahıda qaşıqdan,
çömçədən, aşsüzəndən, kəfkirdən,
stəkan-nəlbəkidən tutmuş, mis qazana, samovardək
bütün əşyaların sayı qeyd olunardı. Mərasimlər
bitdikdən sonra həmin əşyalar tər-təmiz yuyulub
suya çəkiləndən sonra sahiblərinə
qaytarılardı, işdi-şayəd şüşə
qablardan qırılan, sınan olsaydı qab sahibi deyərdi:
sınan şeylər xeyirliyədi, təki sınan
şüşə olsun, ürəyimiz sınmasın...
Qohumlar, yaxınlar yas yerlərinə əliboş gəlməzdilər;
kimsə bir teşt çörək bişirib gətirərdi,
kimsə bir erkək kəsib verərdi, kisə-kisə kartof,
soğan, torbalarda çay, qənd, qutularda yağ və s. yas
evinə daşınardı... Yas məclislərində dəftər
açmaq və ora siyahı ilə pul yazdırmaq məsələsi
sonralar dəbə düşdü. Biz uşaq olanda belə
qaydalar yox idi.
Dəfn mərasimlərində dini adətlərə
çox ciddi əməl olunardı. Vəfat etmiş şəxslərin
yuyulub, kəfənlənməsi, cənazə namazının
qılınması, dəfnin təşkili kimi məsələlərlə
yas yiyəsindən əvvəl qohum, qonşu məşğul
olardı. O da yadımdadır ki, qəbrin üstünə
tut ağacının yarmaçasını qoyardılar,
üstünə tol çəkib torpaqlayardılar...
Hitlet müharibəsindən sonra dinc həyat tərzinə
başlayan Ağdam keçən əsrin 50-ci illərindən
sonra, (xüsusilə 70-80-ci illərdə) yüksək
sosial-iqtisadi tərəqqiyə qovuşmaqdaydı.
Şahbulağın qənd kimi ağ daşlarından imarətlər
tikilirdi, kəndlərlə rayon mərkəzi arasında
sosial-mədəni həyat tərzinin fərqləri aradan
çıxırdı, sənaye, kənd təsərrüfatı
obyektləri inkişaf edirdi, Azərbaycanın aran
rayonlarına kübrə əvəzinə bəzən
Ağdamın qara-çəhrayı torpaqlarını
bağ-bağçalarına maşın-maşın
daşıyanları da görmüşdüm o illərdə...
Rayonun barlı-bərəkətli münbit torpaqlarında
becərilən taxılı, pambığı,
üzümü, bostan bitkilərini, meyvə-tərəvəzi
yığıb-yığışdırmaq mümkün
deyildi, dağlıq rayonlardan köməyə gələrdilər.
Məktəblər bağlanardı. Hamı məhsul
yığımına cəlb olunardı. Bakıdan, ali məktəblərdən,
texnikumlardan tələbələr gələrdi köməyə.
Mal-qaranın, qoyun-quzunun sayı-hesabı bilinməzdi.
Şənbə-bazar günlərində bollıqan
aşıb-daşan Ağdam bazarının həndəvərində
maşın saxlamağa yer qəhətə
çıxardı, bazar mərkəzindən kənarda
ayrıca un-taxıl bazarı, mal-qara bazarı, xalı-gəbə
bazarı, yay günlərində yemiş-qarpız
bazarı... gələ-gəl deyərdi. Al qırmızı,
tünd qırmızı, sapsarı, ağappaq uzun saplaqlı
gülləri, iri məcməyilərə yığıb
"iyli gül", "iyli gül" - deyə bazarı
dolanan oğlan uşaqlarının gül kimi təmiz sifətləri
hələ də gözümün qabağındadı.
Gül fəslində Ağdam bazarından qızılgül ətri
gələrdi...
Atom bombası haqqında söz düşəndə
deyərdilər ki, yalan sözdür, atom - filan yoxdur,
olsaydı Ağdam bazarında satılardı. Ağdam
bazarı olmasaydı Qarabağın dağlıq ərazilərində
məskunlaşmış ermənilər acından ölərdilər...
Bu məşhur bazardan danışarkən bazarın məşhur
"dəlilərini", alıb-satanlarını,
yükdaşıyanlarını
və başqalarını xatırlamasam, yada salıb
adlarını çəkməsəm günah olar...
Dəli Dilbər adlanan orta yaşlı
yaraşıqlı bu qadın hamıyla gülə-gülə
danışardı, zarafat eyləyərdi. Bir gün mədəniyyət
evində böyük bir tədbir keçirilirdi, biz
uşaqlar da meydançaya toplaşıb gəlib-gedənlərə
baxırdıq. Dilbər də allı-güllü paltarla
meydançadaydı. Yenicə raykom katibi seçilmiş bir
qadın yanımızda maşından düşdü. Dilbər onu görən kimi
qayıtdı ki, aazz filankəs, maşallah nə qəşəngləşmisən,
raykomluq saa düşüb, aazz... Hamımız uğunub
getdik... Məşədi Qulam, Çəmənli Qarakişi,
Xanəhməd, Əsgər bəy, uzun Əbiş, tumsatan
Neji, Bəndi qardaşları, ayaqüstü alver edən Həsi,
Hüsü qardaşları,
kürd Abdulla, qəzetçi Möhü, şoraba Həsənqulu,
bazarın o vaxtkı milisioneri "pota" Çərkəz
Ağdam bazarının emblemləri idilər... Ağdam
camaatının forslu Rəşid adlandırdığı
yaraşıqlı bir kişini görmüşdüm,
tanıyırdım. Peşəsi qəssablıq idi.
Babalı deyənlərin boynuna, deyirdilər ki, forslu Rəşid
həm də möhkəm qumarbazdı. Bir də görürdük ki,
forslu Rəşid təzə gümüşü papaqda,
saqqallı fəraş olmuş vəziyyətdə,
"stalinski" formada -
"kabrikord" deyilən
parçadan tikilmiş ikicibli köynəkdə, enli kəmərli,
"qəlfeyi" şalvarda,
parpar yanan xurum çəkmədə başını
dik tutub şəhərin küçələrində gəzir.
Görənlər deyirdilər: "Hə, bu axşam
udub..."
Başqa bir vaxtda görərdik ki, Rəşid
kişi budu ha gəlir. Başında uzun dimdikli kepka,
üz-gözü saqqallı, əynində nimdaş bir pencək,
köhnə şalvarının balaqları corabın
içində, ayağında qaloş,
başıaşağı harasa gedir...
Adamlar pıçıldaşırdı: "Vayy, bu
axşam uduzub..."
Ulu Yaradan onların hamısına rəhmət eləsin,
onların hamısı özümüzünküydü,
Qarabağın qəribə, qeyri-adi taleyli
övladlarıydı...
Aqil Abbasın dünyanın ən varlı şəhəri
adlandırdığı Ağdam bir vaxtlar ömrünün
bəxtəvər günlərini yaşamaqdaydı və
heç şübhəsiz ki, Qarabağ müharibəsi
olmasaydı, indi, bu müstəqillik illərində Ağdam
Dubayabənzər möhtəşəm bir şəhərə
çevrilmişdi şübhəsiz!
1989-cu ilin yayında mərkəzi partiya
aparatının işçisi kimi, Qarabağ hadisələri
ilə əlaqədar, Tərtər rayonuna təhkim
edilmişdim, çox gərgin, mürəkkəb, həyəcanlı
günlər idi. Raykomun birinci katibi rəhmətlik Məmmədqulu
Hüseynov (həmin vaxtlarda beyninə qansızmadan vəfat
etdi) bir gün dedi ki, ay Ramiz müəllim, nə müddətdir
rayondasan, burdan-bura Ağdama gedib anana baş çəkmirsən,
gəlsənə 2-3 saatlığa gedib ananla
görüşüb qayıdasan.
Razılaşdıq və bir gün Ağdama - evimizə,
anamı görməyə getdim. Xoş-beşdən sonra
qardaşım Fuad mənə dedi ki, bu arvad (anamı nəzərdə
tuturdu) məni yaman incidir, razı olmur, imkan vermir ki, bu evə
bir əl gəzdirim, zirzəmini qazdırıb genişləndirim,
şüşəbəndi bir az qabağa çəkdirim, pəncərələrini
təzələyim, daha işıqlı və rahat olsun, istəyirsən
gedək özün bax, zirzəmi dəmirlə, taxta ilə,
sementlə, boya ilə doludur, pulum yetərincə var (o illərdə
əmanət kasalarına özünün və
uşaqlarının adına qoyduğu 131 min manat (rubl) pulun
geri qaytarılmasını gözləyən Fuad indi Bakıda
didərginlik həyatı yaşayır və möhtərəm
Prezidentimiz İlham Əliyevin əmanətlə bağlı
Fərmanına xeyli sevinib). Bəlkə mamamı (biz
anamıza "mama" deyərdik) birtəhər dilə
tutasan... Mən də anamdan soruşdum ki, niyə icazə
vermisən ki, Fuad təmir işinə başlasın,
yaydır da, təmir tez də qurtarar. Yazıq anam hər iki əlini
üzüyuxarı dağlara sarı qaldırıb dedi:
- Yox, ay bala, yox, nə vaxtkı o ermənilərdən
qurtardıq, sakitlik oldu, bax, onda bu ev, bu da siz, nə
bacarırsınız eyləyin, indi olmaz!
Mən gülə-gülə qayıtdım ki, ay
Molla Mürşüdün qızı ( hərdən zarafatla
onu belə çağırardım) sən elə bilirsən
ki, ermənilər Ağdama gələcək, ay hay gəldilər
ha, bircə o qalmışdı elə!.. Anam yenə təkidlə:
- yox, bala, yox olmaz! - dedi.
Sən nə qədər
ağıllıymışsan, sən nə qədər uzaqgörənmişsən,
mənim çıraq anam, dözümlü anam, bənzərsiz
anam, gəlin getdiyi evin yasını görmüş, sinəsi
dağlı anam... Məktəb üzü görməmiş,
dəftər-kitabı höccələyə-höccələyə
oxuyan alim anamın duyğusuna, hissiyyatına, məntiqinə
baxın bir: - "ermənilərlə qurtaraq, sonra..."
Görəsən, milyonlarla pul töküb minbir əziyyətlə
dağlara, daşlara tikinti materialları
daşıtdırıb, erməninin qulağının dibində,
Xocalıda, Şuşanın kəndlərində,
Laçın tərəflərdə vurhavurla küçə
saldıran, ev tikdirən, sənaye obyektləri quran o
vaxtkı "başbilənlər" niyə mənim anam
kimi düşünə bilmədilər, kor idilərmi, kar
idilərmi, türk qardaşlarımız demişkən,
qafaları işləmirdimi?..
Atasız (kişisiz!) qalmış evimizin
çırağı o illərdə sönməmişdi.
Atam Yaqub Şükür oğlu (babam Şükür kişi
Qarabağın məşhur qəssablarından biri olub və
1918-ci ildə qəssab dükanının
qarşısında ermənini çəki daşı ilə
vurub cəhənnəmə vasil etmişdi. Həmin erməni
dığasının adamları 1918-ci ilin Novruz Bayramı
günlərində Şükür babamı Abdal -
Gülablı kəndlərinin ərazisində at arabası ilə
gedərkən tüfənglə yaralayıblar və nəticədə
babam həmin yaradan vəfat edib) nəhəng bir dövlətin
azadlığı uğrunda həlak oldu, evi isə
Qarabağda sağ-salamat dururdu, taleyin qismət bildiyi
ömrünü yaşamaqdaydı...
Berlin Ağdamdan min-min kilometrlərlə uzaqdaydı,
Berlinlə Ağdamın nə düşmənçiliyi ola
bilərdi ki...
Atam Yaqubun Qarabağdakı evinin Hitlerin Almaniyadakı
evinə nə maneçiliyi vardı ki... Sən demə,
Qarabağın, Ağdamın, Şuşanın, küçəmizin,
evimizin... düşməni eləcə
yanımızdaymış, ən uzağı 25-30 dəqiqəlik
bir məsafədəymiş, şeytan quyusu Stepanakertdən xəbərimiz
yoxuymuş... "qardaş olub Haystan -Azərbaycan"
diringisi ilə başımızı qatıblarmış, sən
demə... Atamın Hitler müharibəsində həlak
olduğu (fevral, 1943-cü il) tarixdən düz əlli il sonra
(yanvar, 1993-cü il) onun Ağdam şəhərində
tikdirdiyi ev həlak oldu, dağıdıldı, dəmir
papağının üstünə düşən bombadan
para-para oldu, tikələndi... Bu erməni faşizmi nə
yamanmış, nə qəddarmış, İlahi!
İş elə gətirdi ki, 1990-ci ilin
yaz-yay-payız aylarında 210 gün müddətində mən
o iblis yuvasında - indi Xankəndi
adlandırdığımız yerdə - Təşkilat Komitəsi
adlanan mənasız bir qurumda çalışmalı oldum və
onda gördüm ki, Qarabağ hər saat, hər gün əlimizdən
getməkdədir...
İndi Ağdam şəhəri adlı bir məkan
yoxdu. Cəngəllik basmış, küçələrinin
yolu-izi pozulmuş, bünövrəsi qarala-qarala qalmış
binaların foto görüntülərinə baxan bizlərin
qəzəbdən, hiddətdən, intiqam hissindən qabaran,
püskürən qapqara tüstüsü təpəmizin
ortasından çıxmırsa, beyinlərə qan
sızmırsa, bu da bir möcüzədi...
1993-cü ilin
yanvarında bombalanmış, qətlə yetirilmiş evimizin
yasına, harayına getdim, başına dolandım, göz
qapaqlarını sığamağa taqətim çatmadı,
istədim ağlayam göz yaşım qəhətə
çıxdı, tapılmadı. Fotolarda
göründüyü kimi, ana babam Molla Mürşüdün
uzun illər başçılıq etdiyi (ötən əsrin
50-ci illərində) indi içərisində at-eşşək,
mal-qara, adını çəkmək istəmədiyim o
murdar heyvan saxlanılan Ağdam məscidinin
sınıx-salxaq, köksü yaralı qoşa minarəsi
qollarını açıb balalarını
haraylamaqdadı...
Qədim cındır nənələri
dünyanın ilk fahişə qadını Anahid adı ilə
tarixin qara üzünə yazılmış (F.Engels) bu idbar
erməni faşistləri təkcə millətimizin yox,
obalarımızın, evlərimizin, həyət-bağçamızın,
ağaclarımızın, çəmənlərimizin,
dağ-dərəmizin, ormanlarımızın, qaynar
bulaqlarımızın, axar çaylarımızın,
uçar quşlarımızın, başımız
üstündəki Göy qübbəsinin düşməniymiş,
qəddar qatiliymiş, sən demə...
Mən "fahişə" və "faşizm"
ifadələrinin lüğəti mənasını
araşdırdım. Həm də ilk hecası eyni olan bu iki
yaramaz sözün mənasına baxın bir: - lüğət
kitablarında yazılır: "fahişə" - ərəb
sözüdür, özünü pula satan, fahişəliklə
məşğul olan qadın deməkdir. - "faşizm"
- italayanca qatı şovinizm (erməni şovinizmi - R.M.),
terrorçuluq (erməni terroru - R.M.), müharibə
ocağı (Ermənistan ordusunun işğalı - R.M.) deməkdir.
Erməni "alimi" şeytan M.Nalbandyanın
aşağıdakı zəhərli fikri faşizm
şüarı deyilmi: "Ey erməni, sən yolda ilan
görüb öldürmürsənsə, eybi yoxdur. Yox, əgər
türk görüb öldürməsən, sən xainsən,
sən qorxaqsaq, sən əclafsan, sən erməni deyilsən..."
(Ardı var)
Ramiz Məmmədzadə
Təzadlar.- 2012.- 5 iyul.- S.12-13.