Zəngilan rayonu və onun toponimiyası
Rayona kimlər
rəhbərlik edib?
(Əvvəli ötən sayda)
Həsənov Zülfüqar Məmməd
oğlu (1941-1945-ci illər)
Həsənov Zülfüqar Məmməd
oğlu 1907-ci ildə Cəbrayıl rayonunun Sultanlı kəndində
yoxsul kəndli ailəsində doğulmuşdur.
1919-cu ilə kimi atasının himayəsində
yaşamış, 1919-28-ci illərdə məhəllə
çobanı olmuşdur. 1926-cı ildə komsomola daxil olan
Zülfüqar Məmməd oğlu öz təsərrüfatında
çalışır. 1929-cu ildə Sultanlı kəndindəki
Puşkin adına kolxoza daxil olur. 1931-1932-ci illərdə həmin kolxoza rəhbərlik
edən Həsənov Zülfüqar sonra MTS direktorunun köməkçisi,
kolxoz partiya təşkilatı katibi işləmişdir.
Zəngilan RPK-nın 25 noyabr 1941-ci il
tarixli Pleniumunun qərarı ilə Süleymanov Firidun Mehdi
oğlu rəhbərliyi təmin etmədiyinə görə
RPK-nın I katibi vəzifəsindən azad edilir. Yerinə Həsənov Zülfüqar Məmməd
oğlu seçilir. Bu qərarı Az K(b)P
MK Bürosu 31 dekabr 1941-ci ildə təsdiq edir. (Aro ¹195)
İmas
Babakişi oğlu Məmmədov (1944-1948-ci illər)
İmas Babakişi oğlu Məmmədov
1908-ci ildə Elizavetpol quberniyası Cəbrayıl qəzasının
Aybasanlı kəndində yoxsul ailədə anadan olmuşdur. 1924-cü ildə Aybasan I dərəcəli
kənd məktəbinə getmiş, 1929-cu ilə kimi ibtidai təhsil
almışdır. 1929-cu ilin
sentyabrında isə o vaxtkı Qaryağın (indiki Füzuli
- Ə.S.) pedaqoji texnikumuna daxil olmuş, 1933-cü ildə
oranı bitirmişdir. 1933-cü ildə
onu Qaryağın rayon komsomol komitəsinə təşkilat
şöbəsi müdiri təyin edirlər. 1934-1937-ci illərdə Tbilisidə Zaqafqaziya Kommunist
Ali Kənd Təsərrüfatı məktəbinin dinləyicisi
olub. 1937-38-ci illərdə Qaryağan rayon
MTS-də direktor müavini, 1938-39-cu illərdə rayonda kolxoz
kadrları hazırlayan məktəbin dərs hissə
müdiri, 1939-cu ildə isə Qaryağın RPK-də hərbi
şöbə müdiri olmuşdur.
1944-cü
ildə Zəngilan RPK-nın I katibi seçilən İmas
Babakişi oğlu Məmmədovu 21 mart 1945-ci ildə Azərbaycan
KP MK-nın Bürosu bu vəzifəyə təsdiq edir.
1948-50-ci illərdə respublika onillik
partiya məktəbinin dinləyicisi olur.
Əliyev Dilan Abış oğlu (1948-1952-ci illər)
Əliyev Dilan Abış oğlu 1915-ci ildə
Bərdə rayonunun Kəpənə kəndində anadan
olmuşdur. 1926-1931-ci
illərdə Güloğlan kənd natamam orta məktəbində
oxumuş, 1931-ci ildə rayonun Engels adına
kolxozunda təsərrüfatda işləmişdir. 1931-1932-ci illərdə Ağdam pedaqoji texnikumunda
oxuyub. Orta məktəbi qurtarandan sonra
1933-36-cı illərdə Bərdə rayonunun
Güloğlular kənd sovetində katib işləyib. 1936-1939-cu illərdə Azərbaycan Ali Kommunist kənd
təsərrüfatı məktəbində oxuyub. 1939-cu ildə partiya sıralarına daxil olan Dilan
Abış oğlu 1939-1941-ci illərdə rayonda
çıxan "Stalin yolu" qəzetində məsul katib
işləmiş, 1942-1946-cı illərdə Bərdə RK
II katibi olmuşdur. 1946-1947-ci illərdə 2 illik partiya
məktəbində oxumuş, eyni zamanda 1946-1952-ci illərdə
o vaxtkı Lenin adına APİ-nin tarix
fakültəsində qiyabi oxumuşdur.
1948-ci ildə onu Zəngilan RPK-nə I
katib məsləhət bilirlər. O, 1952-ci ilə kimi bu vəzifədə işləyir.
Məmmədtağı Yusif oğlu
Nağıyev (1952-1955-ci
illər)
Məmmədtağı Yusif oğlu
Nağıyev 1912-ci ildə Şamaxı şəhərində
anadan olmuşdur. Atası oktyabr inqilabından qabaq kustar işi ilə
(boyaçı) məşğul olub, anası isə evdar
qadın idi. 1912-ci ildə ailəsi
Göyçaya köçür və burada da atası həmin
işlə məşğul olur. 1925-ci ildə
Göyçayda V sinfi bitirən Məmmədtağı elə
orada da pedaqoji texnikuma daxil olur. 1930-cu ildə
texnikumu qurtarandan sonra onu Qaradağlı 7 illik məktəbinə
göndərirlər. 1932-ci ildə isə
o, Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə
müəllim işləyir. 1933-1934-cü
illərdə isə Bakı şəhərindəki istehlak
kooperasiyası institutunda oxuyur. Xəstələndiyi
üçün təhsilini davam etdirə bilməyən Məmmədtağı
Göyçaya qayıdır və Dövlət
Bankının rayon şöbəsində mühasib işləyir.
1937-ci ildə isə onu Dövlət
Bankının İsmayıllı şöbəsinə rəis
göndərirlər. 1939-cu ildə Bank
müdirlərinin Qorki şəhərində olan siyasi
hazırlıq kursuna göndərirlər. 1940-cı ildə kursu qurtarandan sonra bu dəfə
Göyçay Bankına rəhbərlik edir. Az.KP MK
Bürosunun 12 mart 1941-ci il tarixli qərarı
ilə o, Kürdəmir rayon XDS İK-nın sədri təsdiq
olunur. 1948-50-ci illərdə Azərb.KP MK
yanında 2 illik məktəbin dinləyicisi olub. O, 9
fevral 1950-ci ildə Xilli RPK Plenumunda I katib təsdiq olunur.
Azərb.KP MK-nın 3
yanvar 1950-ci il tarixli Büro qərarı
ilə M.Y.Nağıyev Xilli RPK-nın katibi təsdiq olunur. Azərb.KP
MK-nın Bürosu 4 mart 1953-cü il tarixdə
Bakı Vilayət Komitəsinin (Vilayət Komitəsinin
17.XII.1952 tarixli qərarı) təklifini nəzərə
alaraq Nağıyev Məmmədtağı Yusif oğlunu Zəngilan
RPK I katibi təsdiq edir. Bundan əvvəl o, 18
avqust 1952-ci ildə Zəngilan RPK Plenumunda I katib vəzifəsinə
seçilmişdir. 27 noyabr 1955-ci ildə
Kürdəmir RPK Plenumunda katib seçilir.
Nəriman Abbas oğlu Ağayev (1955-1958-ci illər)
Ağayev Nəriman Abbas oğlu 1921-ci ildə
Zəngilan rayonunun Hacallı kəndində doğulub. 1930-40-cı illərdə
Pircivan (indiki Zəngilan şəhəri) kənd orta məktəbində
oxumuşdur. Orta məktəbi
qurtardıqdan sonra Bakı şəhərində 6 aylıq
müəllimlik kursu keçmişdir. Bir
neçə ay Zəngilan kəndində müəllimlik
etdikdən sonra 1941-ci ildə çox Böyük Vətən
Müharibəsi başlanır. Bu
müharibədə xalqımızın say-seçmə
oğulları səfərbər edilib müxtəlif cəbhələrə
göndərildi. O, Azərbaycan diviziyaları tərkibində
Mozdokdan Praqaya kimi döyüş yolu keçib. Bu müharibədə
göstərdiyi igidliyə və qəhrəmanlığa
görə o II və III dərəcəli "Şöhrət"
və "Böyük Vətən Müharibəsi" ordenləri
və bir çox medallarla təltif olunmuşdur. 27 sentyabr 1945-ci ildə ordudan buraxıldıqdan sonra
rayona qayıdan Nəriman müəllim Hacallı 7 illik kənd
məktəbində əvvəl müəllim, sonra isə dərs
hissə müdiri olur.
1946-50-ci illərdə keçmiş V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsində
oxuyur. Onu Xanlıq orta məktəbinə müəllim
göndərirlər. 15 mart 1951-ci ildə
Zəngilan RPK-nın bürosu onu Rayon Xalq Maarif Şöbəsinə
müdir təyin edir. 1952-ci ilin 26
oktyabrında isə onu Rayon Partiya Komitəsinə II katib təsdiq
edirlər. 1955-ci ilin noyabrında isə
RPK plenumu onu rayon partiya komitəsinin I katibi seçir. Nəriman müəllim 1958-ci ilin yanvar ayına kimi
bu vəzifədə işləyir.
1958-ci ilin
yanvarında Az.KP MK-nın bürosu onu I katib vəzifəsinin
öhdəsindən gələ bilmədiyi üçün vəzifədən
azad edir. Partiya işindən uzaqlaşan Nəriman
Ağayev uzun müddət 1 saylı Zəngilan şəhər
orta məktəbində direktor və müəllim işləməklə
gənc nəslin təlim-tərbiyəsi ilə məşğul
olmuşdur. Nəriman Abbas oğlu
Ağayev 2004-cü ildə Bakı şəhərində vəfat
etmişdir.
Bağırov Həbib İsmayıl
oğlu (1958-1960-cı illər)
Bağırov Həbib İsmayıl
oğlu 1911-ci ildə İrəvan şəhərində
doğulub. 1918-1925-ci
illərdə İrəvan natamam orta məktəbdə oxuyub.
1930-cu ilə kimi şəhərdəki əhəng
zavodunda işləyib. Sonra Bakıya gələn
Həbib bir müddət tikintidə çalışır.
1932-ci ildə o, AHİŞ-nin sənət məktəbində
oxuyur. 1934-cü ildə Sovet partiya məktəbinin
kursantı olur. 1934-1937-ci illərdə Az.K(b)P
MK yanında kommunist məktəbində oxuyub. 1939-cu
ildə kommunist partiyası sıralarına daxil olur. Sonrakı illərdə həm komsomolun, həm də
partiyanın MK-də təşkilat şöbələrində
təlimatçı işləyib.
14 yanvar 1958-ci ildə Az K(b)P MK
bürosunun qərarı ilə N.Ağayev işin öhdəsindən
gələ bilmədiyinə görə Zəngilan RPK-nın
I katibi vəzifəsindən azad edilir və onun yerinə
H.Bağırov məsləhət bilinir.
Bundan əvvəl Zəngilan Rayon Partiya Komitəsinin 8
dekabr 1957-ci il tarixli plenumu Həbib
Bağırovu I katib seçir (Protokol ¹1). MK-nın
bürosu 14 yanvar 1958-ci ildə bu qərarı təsdiq edərək
Bağırov Həbib İsmayıl oğlunu Zəngilan
RPK-nın I katibi təsdiq edir. O, bu vəzifədə
1960-cı ilə kimi işləyir.
6 dekabr 1960-cı ildə Az.K(b)P MK bürosunun qərarı ilə
H.İ.Bağırov Zəngilan rayon Partiya Komitəsinin I
katibi vəzifəsindən azad edilərək, xalq təsərrüfatı
şurasının sərəncamına göndərilir.
Onun yerinə Abbas Əli oğlu Əliyev
göndərilir.
Stalinqradın müdafiəsi, Almaniya üzərində qələbəyə
görə və s. medallarla təltif olunub.
Əliyev Abbas Əli oğlu (1960-1965-ci illər)
Əliyev Abbas Əli oğlu 1920-ci ildə
Gədəbəy rayonunun Arıxdam kəndində anadan
olmuşdur. 1930-1937-ci illərdə Slavyan məktəbində
oxumuşdur. 1937-ci ildə Bakı şəhərindəki
Sabir adına pedaqoji məktəbə daxil
olub, 1940-cı ildə oranı bitirmişdir. 1940-1942-ci
ildə Gədəbəy rayon XMŞ-də inspektor işləmişdir.
1942-ci ildə rayon hərbi
komissarlığında II hissəyə rəhbərlik edir.
1944-cü ildə isə RPK-da hərbi
şöbə müdiri təyin olunur.
Zəngilan RPK-nın 30 noyabr 1960-cı il
tarixli I Plenumunun qərarı ilə Əliyev Abbas Əli
oğlu Zəngilan RPK-nın I katibi seçilir.
Bu illərdə rayonlarda partiya komitələrinin
katiblərinin statusu dəyişdirilir. Onlar ərazi istehsalat
prinsiplərinə görə qurulur. Bununla
əlaqədar 18 iyul 1962-ci ildə Az.KP MK-nın qərarı
ilə A.Ə.Əliyev Cəbrayıl idarəsi üzrə
kolxoz-sovxoz ərazi istehsalat prinsipi ilə Zəngilan RPK I
katibi təyin olunur. 18 yanvar 1963-cü ildə
isə Az.KP MK-nın qərarı ilə A.Ə.Əliyev Zəngilan
kolxoz-sovxoz istehsalat idarəsi üzrə partiya komitəsinin
katibi təyin olunur. 19 yanvar 1965-ci ildə
Kəlbəcər RPK-nin I katibi seçilir.
Az.KP MK-nın 20 aprel 1965-ci il tarixli qərarı
ilə Zəngilandakı yolverilməz hərəkətlərinə
görə Əliyev Abbas Əli oğlu Kəlbəcər
RPK-nın I katibi vəzifəsindən azad olunur, şəxsi
işinə yazılmaqla şiddətli töhmət verilir.
Haşiyə: 1948-ci ildə ondan MK-ya şikayət
yazırlar ki, 2 oğlunu sünnət etdirib.
.C.Bağırovun adına yazılan ərizəyə
MK bürosunda baxılır və qərara alınır ki, Əliyev
Abbas Əli oğlu çox ciddi səhvə yol verib.
Allah mərdiməzara lənət eləsin! Müsəlman uşağını sünnət etməsin
bəs nə etsin?
Vahid Aslan oğlu İsmayılov (1965-1968-ci illər)
Vahid Aslan oğlu İsmayılov 24 oktyabr
1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində
anadan olmuşdur.
1945-ci ildə Çərəkən kənd 7 illik məktəbini,
1948-ci ildə isə M.Qorki adına Cəbrayıl
qəsəbə orta məktəbini bitirib. 1948-1949-cu
illərdə rayonda çıxan "Lenin bayrağı"
qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə
başlayan Vahid Aslan oğlu 1949-cu ildə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutuna daxil olur.
1954-cü ildə alim-aqronom ixtisasına yiyələnən
Vahid İsmayılov əvvəl Cəbrayıl MTS-də
aqronom-entomoloq, 21 aprel 1955-ci ildə isə Kaqanovuş adına kolxozda sədr işləyir. 1963-cü ildə Zəngilan rayon kolxoz-sovxoz istehsalat
idarəsinə rəis göndərilən Vahid
İsmayılov 1965-ci ilə kimi bu vəzifədə işləmişdir.
Azərb.KP Zəngilan RPK yanvar (1965)
Plenumunun qərarı ilə o, raykomun I katibi seçilir. Yaxşı təsərrüfatçılıq
qabiliyyətinə görə 1968-ci ilin sentyabrında onu daha
böyük rayon olan Ağcabədiyə I katib göndərirlər.
O, nə az, nə çox, düz 10 ildən
artıq burada işləyir. 1978-ci ilin dekabrında isə onu
iri pambıqçılıq rayonu olan Jdanova (indiki Beyləqan)
dəyişirlər və s. Bu bölgədə o 5 il I katib işləyir. 11 aprel
1983-cü ildə Azərbaycan KP MK bürosunda "Jdanov, Gədəbəy
və Tovuz rayonlarında partiya, sovet və kənd təsərrüfatı
orqanlarının kolxoz və sovxozlarda heyvandarlığın
inkişafında ciddi çatışmazlıqlar"
haqqında məsələ müzakirə olunur.
Bundan bir qədər sonra 5 may 1983-cü ildə o intihar
edir.
Yaxşı işinə görə Vahid
İsmayılov 2 dəfə "Qırmızı Əmək
Bayrağı" (30.IV.1966, 23.III.1981), Lenin (8.IV.1971)
"Oktyabr İnqilabı" (12.XII.1973) ordenləri ilə təltif
olunmuş, dəfələrlə Azərb.SSR AS-nə və
SSRİ AS-nə deputat seçilmişdir.
30.V.1982-ci ildə o, öz tərcümeyi-halında
göstərir ki, onlar 2 qardaş 5 bacı olmuşdur. Onun özünün isə 2 oğlu, 4 qızı
var.
Vahid müəllim ölümündən bir qədər
əvvəl yazmışdı: "52 yaşım var.
Ömrümün 30 ilə yaxın dövrünü namusla,
qeyrətlə, vicdanla yorulmaq bilmədən, dincəlmədən
dövlətə, xalqa xidmət etmişəm. Mən
məsləkim naminə çəkdiyim əziyyətlərin
hamısına dözmüşəm. Ancaq
bu yolda adamların üzüdönüklüyünə
dözə bilmədim. Mən yenə də
dövlətə və xalqıma sadiq olaraq qalıram.
Qoy, tarix özü ədalətsiz şəxslərin cəzasını
versin".
Bəlkə də bu onun son yazısı
idi.
(Davamı var)
Hacı Əli Sobulu
(Cümşüdlü)
Təzadlar .- 2012.- 12
iyul.- S. 14.