Nizaminin ədəbi irsi Əlyazmalar İnstitutunda

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, möhtəşəm "Xəmsə"si dünya ədəbiyyatının nadir incilərindən sayılır.

Şairin "Xəmsə"sinin dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan 500-ə qədər nüsxəsi elm aləminə məlumdur. AMEA Əlyazmalar İnstitutunda Nizami əsərlərinin 25 əlyazması saxlanılır. Bunlardan 18-i "Xəmsə", digərləri isə ayrı-ayrı poemaların əlyazma nüsxələridir. Bu yazılı abidələr nəfisliyi, tərtibatının gözəlliyi ilə diqqəti cəlb edir. Nizami "Xəmsə"sinin Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazması (şifri: M-500) nəfisliyi, mətnin tamlığı, mükəmməlliyi ilə seçilir. Burada poemalar ənənəvi şəkildə, xronoloji qaydada düzülmüşdür. 700 vərəqdən (1400 səhifədən) ibarət əlyazmanın haşiyələrində diaqonal şəkildə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır. Nizami "Xəmsə"sinin mətni iki sütunda, krem rəngində olan yüksək keyfiyyətli cilalı Şərq kağızına nəstəliq xəttilə yazılmışdır. Mətn iki qızılı xətlə çərçivəyə alınmış, sütunlar eyni xətlə bir-birindən ayrılmışdır. Başlıqlar qızıl suyu ilə süls xətti ilə yazılmışdır.

Hər poemanın əvvəlində qızıl suyu ilə göy, qırmızı və ağ boyalarla işlənmiş gözəl bədii ünvan vardır. Əlyazmanın sonunda Dəhləvinin bir qəsidəsi yazılmışdır (669a-670a). Əlyazma müasir cildə tutulmuşdur, paleoqrafik əlamətlərinə görə XV əsrin birinci yarısına aid olunur.

B-830 şifri altında saxlanan, 334 vərəqdən ibarət "Xəmsə"də poemalar ənənəvi qayda üzrə yerləşdirilmişdir. Mətn saralmış Şərq kağızına, qızılı və mavi xətlərlə çərçivələnmiş dörd sütunda narın nəstəliqlə yazılmışdır, sütunlar iki qızılı xətlə bir-birindən ayrılmışdır. Başlıqlar qızıl suyu və qırmızı boya ilə yazılmışdır. Əvvəlində qızıl  suyu, qırmızı, göy və ağ boyalarla işlənmiş bədii ünvan vardır. Paleoqrafik əlamətlərinə görə əlyazma XVI əsrin birinci yarısına aid edilir.

M-501 şifri altında saxlanan, 296 vərəqdən ibarət "Xəmsə" əlyazmasında yalnız "Yeddi gözəl" poemasının əvvəli yoxdur. Mətn narın nəstəliq xətti ilə yüksək keyfiyyətli, cilalı, krem rəngli Şərq kağızında, dörd sütunda yazılmışdır. Hər poemanın əvvəlində qızıl suyu ilə, göy və ağ boyalarla işlənmiş ünvan  vardır. Əlyazma  üzərində rombşəkilli üç medalyon basılmış açıq qəhvəyi rəngli dəri cildə tutulmuşdur. Cildin kənarları narın çiçəkli ornamentlə bəzədilmişdir. Paleoqrafik əlamətlərinə görə əlyazmanın köçürülmə tarixini XV əsrin ikinci yarısına aid etmək olar.

M-531 şifri altına saxlanan, 282 vərəqdən ibarət tam "Xəmsə" mətni cilalanmış sarımtıl Şərq kağızında, nəstəliq xətti ilə dörd sütunda yazılmış və mavi xətlərlə çərçivəyə alınmışdır. Başlıqlar qırmızı boya ilə yazılmışdır. Hər poemanın əvvəlində qızıl suyu, mavi və qırmızı boyalarla  nəfis şəkildə işlənmiş bədii ünvan vardır. Əlyazma h.939-cu ilin Ramazan ayında - 1572-ci ilin yanvarında İbn Əhməd Hüseyn ən-Nizami əl-Hüseyni tərəfindən köçürülmüşdür.

M-534 şifri altında saxlanan "Xəmsə"dəki "Yeddi gözəl" poeması daha əvvəl - XVI əsrin birinci yarısında, digər poemalar Səmərqənddə, 1641-43-cü illərdə köçürülmüşdür.

"Yeddi gözəl" poeması yüksək keyfiyyətli sarımtıl Şərq kağızında, gözəl nəstəliq xətti ilə dörd sütunda yazılmışdır. Poemanın mətni qızılı və mavi rəngli xətlərlə çərçivəyə alınmış, sütunlar iki qızılı cizgi ilə bir-birindn ayrılmışdır. Poemanın başlıqları mavi boya ilə yazılmış və narın çiçəkli ornamentlərlə bəzədilərək, qızılı xətlərlə çərçivələnmişdir. Əlyazmanın bu hissəsində Təbriz rəssamlıq məktəbinə məxsus üç nəfis miniatur çəkilmişdir. Digər poemaların mətni dörd sütunda, nazik, cilalı Şərq kağızında, nəstəliq xətti ilə yazılmış və qızılı, mavi rəngli cizgilərlə çərçivəyə alınmışdır. Başlıqlar qırmızı boya ilə yazılmışdır. Hər poemanın əvvəlində "Yeddi gözəl"in başlığına bənzər bədii başlıq vardır. Əlyazma üzərində medalyon basılmış tünd qəhvəyi rəngli dəri cildə tutulmuşdur. Vərəqlərin sayı 312-dir.

Əlyazmalar İnstitutunda saxlanan bəzi "Xəmsə" nüsxələri buradakı miniatür rəsmlərin çoxluğu ilə diqqəti cəlb edir. M-156 şifri altında mühafiə edilən, 308 vərəqdən ibarət əlyazma dörd müxtəlif katib tərəfindən müxtəlif vaxtlarda köçürülmüşdür. "Xəmsə"nin dördüncü poeması "Yeddi gözəl" o biri poemalardan daha əvvəl - XVI əsrin birinci yarısında köçürülmüşdür. Bu poemanın mətni qızıl suyu, göy, qırmızı və ağ boyalarla nəfis şəkildə işlənmişdir. Mətn yüksək keyfiyyətli, cilalanmış Şərq kağızına, kalliqrafik nəstəliq xətti ilə dörd sütunda yazılmış və qızılı, qara cizgilərlə çərçivəyə alınmış, sütunlar iki nazik qızılı xətlə bir-birindən ayrılmışdır. Çərçivələrin arası narın çiçəkli ornamentlə doldurulmuşdur. Vərəqlərin haşiyəsi qızıl suyu və qırmızı boya ilə işlənmiş ornamentlə bəzədilmişdir. Əlyazmanın bu hissəsinə Təbriz rəssamlıq məktəbinə məxsus 27 nəfis miniatür çəkilmişdir.

Buradakı "Xosrov və Şirin" poeması nazik Şərq kağızında, kalliqrafik  nəstəliqlə dörd sütunda yazılmış və qızılı, mavi xətlərlə çərçivəyə alınmışdır. Poemanın əvvəlində qızıl suyu, mavi və qırmızı boyalarla işlənmiş ornamentli başlıq vardır. Poemaya İsfahan rəssamlıq məktəbinə məxsus 16 miniatur çəkilmişdir. Paleoqrafik əlamətlərinə görə poemanın köçürülmə tarixi  XVIII əsrin ikinci yarısına aid edilir.

M-490 şifri altında saxlanan, 263 vərəqdən ibarət, 1627-ci ildə köçürülmüş "Xəmsə"də Təbriz rəssamlıq məktəbinə məxsus 18 ədəd miniatur vardır. Hər poemanın əvvəlində qızıl suyu, mavi və qırmızı boyalarla işlənmiş rəngli ünvan vardır. Mətn dörd sütunda, nisbətən iri kalliqrafik nəstiləq xətti ilə, nazik sarımtıl Şərq kağızında yazılmış və qızılı, qara, qırmızı cizgilərlə haşiyələnmişdir. Başlıqlar qırmızı boya ilə yazılmışdır. Əlyazma üzərinə ənənəvi Şərq medalyonu basılmış qara lak cildə tutulmuşdur.

M-207 şifri altında saxlanan, 408 vərəqdən ibarət, katib Dust Məhəmməd ibn Dərviş əd-Daraxçı tərəfindən köçürülmüş nüsxədə aşağıdakı qaydada düzülmüş dörd poema vardır: "Sirlər xəzinəsi", "Yeddi gözəl", "Xosrov və Şirin", "İskəndərnamə". Əlyazma çox nəfis bədii tərtibata malikdir. Nüsxə qızıl suyu, mavi, ağ və qırmızı boyalarla yüksək bədii səviyyədə işlənmiş çiçəkli, ornamentli frontispislə açılır. Hər poemanın əvvəlində eyni boyalarla hazırlanmış nəfis ünvan vardır. Əlyazmaya İsfahan rəssamlıq məktəbinə məxsus 11 incə miniatür çəkilmişdir. Mətn dörd sütunda, nazik sarımtıl Şərq kağızında, qəşəng nəstəliq xətti ilə yazılmış və mavi, qara, qızılı cizgilərlə çərçivəyə alınmışdır. Vərəqlərin haşiyələrində bəzi şərhlər vardır. Əlyazmanın cildi açıq qəhvəyi rəngli dəridən ibarətdir. Nüsxənin köçürülmə tarixi 1636-cı il qeyd olunmuş.

M-488 şifri altında saxlanan, 335 vərəqdən ibarət, 1690-92-ci illərdə Yusif Bəhbehani tərəfindən köçürülmüş "Xəmsə" əlyazmasında hər poemanın əvvəlində bədii-ornamentli başlıq vardır. Nüsxəyə Təbriz  rəssamlıq məktəbinə məxsus 45 miniatür çəkilmişdir. Mətn qara sütunda, kalliqrafik nəstəliq xətti ilə sarımtıl Şərq kağızında yazılmış və qızılı cizgi ilə çərçivəyə alınmışdır. Başlıqlar qırmızı boya ilə köçürülmüşdür.

M-130 şifri altında mühafizə edilən, 198 vərəqdən ibarət, XVIII əsrin sonunda köçürülmüş "Xəmsə"də "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcnun" və "İskəndərnamə"nin bir hissəsi vardır. Mətn dörd sütunda, Avropa istehsalı olan krem rəngli qalın kağızda, adi nəstəliq xətti ilə yazılmış və qırmızı cizgilərlə çərçivəyə alınmışdır. Başlıqlar qırmızı mürəkkəblə köçürülmüşdür. Əlyazmaya İsfahan rəssamlıq məktəbinə aid olunan 2 ədəd miniatür çəkilmişdir.

M-439 şifri altında saxlanan əlyazmada "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Poemaların bir çox vərəqləri əlyazma cildlənərkən bir-birinə qarışmışdır. Mətn dörd sütunda, kalleqrafik nəstəliqlə Orta Asiyada hazırlanmış kağızda yazılmış və müxtəlif rəngli cizgilərlə çərçivəyə alınmışdır. Əlyazmada Herat rəssamlıq məktəbinə məxsus üç rəngli miniatür vardır. Əlyazmanın əvvəlində ornamentli ünvan vardır. Əlyazma üzərində rombşəkilli medalyon basılmış qəhvəyi rəngli dəri cildə tutulmuşdur. 1601-1602-ci illərdə köçürülmüş nüsxə 84 vərəqdən ibarətdir.

M-496 şifiri altında saxlanan, 330 vərəqdən ibarət, tam "Xəmsə" əlyazması 1947-ci ildə keçirilən Nizaminin 800 illik yubileyi münasibətilə görkəmli özbək şairi Qafur Qulam tərəfindən hədiyyə edilmişdir. Burada poemalar ənənəvi şəkildə yerləşdirilib, mətn dörd sütunda, qalın, sarımtıl Şərq kağızında, nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəblə köçürülmüşdür. Əlyazma üzərində ənənəvi Şərq medalyonu basılmış qəhvəyi rəngli dəri cildə tutulmuşdur. Nüsxə 1649-cu ildə Məhəmməd Tağı ibn Hacı Məlikmahmud tərəfindən köçürülüb.

Əlyazmalar İnstitutunda Nizaminin ayrı-ayrı əsərlərinin də dəyərli əlyazmaları qorunmaqdadır. "İskəndərnamə"nin birinci hissəsi - "Şərəfnamə"nin M-535 şifrli, 92 vərəqdən ibarət, 1418-ci ildə köçürülmüş nüsxəsinin mətni iki sütunda, cilalı krem rəngli Şərq kağızında narın nəstəliq xəttilə yazılmış və qırmızı, mavi cizgilərlə çərçivəyə alınmışdır. Sütunlar bir-birindən qırmızı xətlə ayrılmışdır. Mətnin əvvəlində qızıl suyu, qırmızı və mavi boyalarla işlənmiş ünvan vardır. İçərisində bir miniatür olan bu nüsxə üzərində üç ədəd rombşəkilli medalyon basılmış açıq qəhvəyi rəngli dəri cilddədir.

B-5973 şifri altında saxlanan əlyazma məcmuəsinin tərkibində Nizaminin "İqbalnamə" poeması vardır. Mətn dörd sütunda, nazik sarımtıl Şərq kağızında, narın kalliqrafik nəstəliqlə yazılmış və qızılı cizgilərlə çərçivəyə alınmışdır. Başlıqlar qızıl suyu ilə yazılmışdır. Poemanın əvvəlində qızıl suyu, mavi və qırmızı boyalarla işlənmiş ornamentli başlıq vardır. Bir miniatürü olan, vərəqləri düşmüş bu əlyazma XVI əsrin ikinci yarısında köçürülmüşdür. Vərəqlərin sayı 89-dur. Əlyazma qəhvəyi rəngli dəri cilddədir.

B-4321 şifrəli əlyazma məcmuədə Nizaminin qəsidəsi köçürülmüşdür. Mətn iki sütunda, krem rəngli rus kağızında, adi nəstəliqlə köçürülmüşdür. Əlyazma 1844-cü ildə Ağdaşda Əhməd bin Mahmud Əfəndi tərəfindən köçürülmüşdür.

M-548 şifrli əlyazma məcmuədə Firdovsinin "Şahnamə"sindən, Rumi və Nizaminin əsərlərindən parçalar verilmişdir. Nizami poemalarından seçilmiş şeirlər 109a-124b vərəqlərini əhatə edir. Mətn dörd sütunda, Şərq kağızında, gözəl nəstəliqlə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəblə köçürülmüşdür. Əlyazma qara dəri cilddədir. Cildin üzərində bir-birini kəsən diaqonal xətlər basılmışdır. 124 vərəqdən ibarət əlyazma paleoqrafik əlamətlərinə görə XVIII əsrin birinci yarısında köçürülmüşdür.

AMEA M.Füzuli adına Əlyazma İnstitutunda saxlanan Nizami əlyazmaları mükəmməlliyi, tərtibatının nəfisliyi ilə diqqəti cəlb edir. Orta əsrlər kitab sənətinin yüksək səviyyədə olduğunu əyani surətdə nümayiş etdirən bu nüsxələr Nizami irsinin tədqiqi və nəşri zamanı alimlər tərəfindən diqqətlə nəzərdən keçirilir.

 

 

PAŞA ƏLİOĞLU,

 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi

 

Təzadlar .- 2012.- 12 iyul.-  S. 11.