"Sənin baban kim olub?"
Bu günlərdə
"Qanun nəşriyyatı " tərəfindən
işıq üzü görən kitab belə adlanır .
Kitabın redaktoru və tərtibçisi
tanınmış jurnalist Asif Mərzili, rəy verən
neftçi alim-professor Yusif Səmədov, məsləhətçi
Valeh Hacıyevdir.
Kitabda Qarabağın qədim
adlı-sanlı kəndlərindən olan Mərzilinin və mərzililərin
yetirməsi, bu gün üçün elin ağsaqqalı olan
dünənki Cəlil müəllimin, bugünkü Hacı Cəlilin
həyat və fəaliyyətindən bəhs edilir. Əsərin
əsas qəhrəmanı Cəlil İbrahimovdur. Cəlil 7
illik təhsilini Mərzilidə, orta təhsilini Novruzlu kənd
orta məktəbində, ali riyaziyyat təhsilini Bakıda
APİ-də almışdır. Elmin çətin sahəsi
olan ali riyaziyyat təhsilini alandan sonra o, bir müddət
Ağdama qonşu olan Ağcabədi rayonunda işləyir,
orada ailə qurur. Sonra doğma Ağdamın Mərzili kəndinə
gəlir. İlk günlərdən iş
yoldaşlarının, valideyinlərin, şagirdlərin dərin
hörmətini qazanır.
Qarabağın,
Ağdamın, Mərzilinin yetirməsi və fəxri olan
dünya şöhrətli alim Xudu Məmmədov, onunla birlikdə
dostları - Bəxtiyar Vahabzadə, Nürəddin Rza, Sadiq
Murtuzayev, Şahmar Əkbərzadə, Zeynal Məmmədov,
Qara Hüseynov tez-tez kəndə gəlir, elm məbədi
olan məktəbdə olur, gənclərlə
görüşür, onları elmə-maarifə istiqamətləndirir,
maraqlandırırdılar. Az müddətdə təhsildə
fərqlənənlər ali məktəblərə
oxumağa göndərilir. Habelə, pedaqoji kollektiv
arasında öz tədris bacarığı,
işgüzarlığı, təşkilatçılığı,
yenilikci ideyaları ilə seçilən Cəlil İbrahimov
Xudu Məmmədovun, Ağdam rayon Partiya Komitəsinin 1-ci
katibi Sadiq Murtuzayevin, rayon Təhsil Şöbəsinin
müdiri Qara Hüseynovun diqqətini çəkir. Cəlil
İbrahimov Mərzili kənd orta məktəbinin direktoru vəzifəsinə
irəli çəkilir.
C.İbrahimov
yaxşı bilirdi ki, direktor olmaq asan, vəzifəni icra etmək
çətindir. Direktor müəllimlərin müəllimi,
təpədən dırnağa qüsursuz olmalı,
yaradıcı işləməli, yeni pedaqoji fikirləri məktəbə
gətirməli, təlim-tərbiyədə uğurlar
qazanmalıdır. Cəlil müəllim yaxşıların
yaxşısı olmaq üçün qonşu məktəblərə,
Respublika Təhsil Nazirliyinə ezam olunur, yenilikləri öyrənir,
məktəbə yeni fikirlərlə qayıdır. O, hər
şeydən əvvəl məktəbdə internat yaradır,
günüuzadılmış qrup təşkil edir. Xudu Məmmədovun,
Sadiq Murtuzayevin, Qara Hüseynovun köməkliyi ilə orta məktəb
üçün yeni layihə ilə 684 yerlik yeni məktəb
binasının tikintisinə nail olur.
C.İbrahimov təcrübəli
müəllimlərə arxalanmaqla, gənc müəllimlərə
köməyini əsirgəmirdi. Açıq dərslər təşkil
edirdi. Dərslərdə öyrədici, tərbiyə edici,
inkişaf etdirici tələbləri qarşıya məqsəd
qoyurdu. Təkcə müəllimlər, tərbiyəçilər
deyil, şagirdlər qarşısına da böyük tələblər
qoyurdu. "İlin ən yaxşı şagirdi" devizi
altında yarışlar keçirilirdi. İstedadlı
şagirdlərin səsi rayonda və respublikada keçirilən
olimpiadalardan gəlirdi.
Gənc direktor
ixtisasca riyaziyyatçı olsa da, müəllim və
şagirdlərin, hətta valideynlərin kitab mütaliəsinə
ciddi fikir verirdi. Özü fənn dərnəklərində,
pedaqoji şurada, valideyin iclasında vətənə,
torpağa, ata-anaya yazdığı şeirlərini oxuyurdu. Cəlil
müəllim hər sahədə
çalışırdı ki, gənclərə nümunə
olsun. O, vaxtilə orta məktəbdə dərs dediyi
şagirdlərin bugünkü həyatı ilə
maraqlanır, onları axtarır, tapırdı. Vaxtilə dərs
dediyi Ağdam RPŞ-nin rəis müavini, polis
polkovnik-leytenantı Tofiq Abdullayev, texnika elmləri doktoru,
dünya şöhrətli alim-professor Valeh Baxşəli,
şair-publisist, "Qızıl Qələm"
mükafatı laureyatı Yusif Millətoğlu, Rusiya
Federasiyasının əməkdar rəssamı Əsgər Məmmədov,
Bakı şəhərindəki 287 saylı liseyin direktoru
Aygun Əhmədli, müəllim Əvəz İbrahimli, həkim-cərrah
Sadiq Əzimov, bu kitabın redaktoru, "Təzadlar" qəzetinin
baş redaktoru Asif Mərzili, sevimli sagirdi Aqil Yavər
oğlu, tikinti mühəndisi Xalıqverdi Məmmədov,
Novruz Bayramov və başqaları ilə fəxr edir.
Kitabın
giriş hissəsində dünya şöhrətli alim Xudu Məmmədovun
ölməz bir fikri qırmızı xətlə keçir: "Dünya
başıma dolanmasın deyə, özüm dünyanı
dolanmağa başladım. Ancaq haraya üz tuturamsa-tutum, yolum
Qarabağdan, Ağdamdan, kəndimizdən keçirdi..."
Bu fikirləri əldə
rəhbər tutaraq müəllif dədə-babalarımızın
uyuduğu müqəddəs and yerimiz, qoynunda göz
açdığımız, şirin uşaqlıq
yadigarı, uzun illər həsrətini çəkdiyimiz yurd
yeri olan Mərzilinin tarixi, dünəni, bu günü, habelə,
Mərzili və Mərzililər tayfası, məhlələri,
adamları haqqında geniş məlumat verir. Bu məlumatın
verilməsi ona görə zəruridir ki, 1988-1990-cı illərdən
sonra doğulan uşaqlar Mərzilini görməyiblər,
indiki gənclər Mərzili haqqında məlumatsızdırlar.
Bu mənada, Mərzili haqqında son vaxtlar yazılan hər
hansı bir kitab çox faydalıdır.
Kitab Hacı Cəlilin
şəhid oğlu Amilin xatirəsinə həsr olunmuşdur.
Amil 2000-ci ildə mənim direktor işlədiyim 71 saylı
Ağdam köçkün orta məktəbini bitirmişdir.
Amil İbrahimov 2001-ci ildə orduya getmiş, 2003-cü ildə
xidmətini başa vurduqdan sonra Səbail RPŞ-də işə
düzəlmiş, xidmət müddətində 2 dəfə
mükafata layiq görülmüşdür. Lakin xidməti vəzifəsini
icra edərkən, o, cinayətkarlar tərəfindən qətlə
yetirilmişdir. Ölümündən sonra "İgidliyə
görə" medalla təltif olunmuşdur.
Kitabda Cəlil
müəllimin yaxın dostu - Sovet dövründə çox
böyük hörmət və nüfuz sahibi olan
neftçi-alim Yusif Səmədovun, texnika elmləri doktoru,
professor Valeh Baxşəlinin, tələbə yoldaşı
İldırım Səfərovun, qardaşı oğlu
İlqar İbrahimovun, Ağdamlı - Ağdamsız Hacı Cəlil
haqqında Asif Mərzilinin, bu məqalənin müəllifi,
vaxtilə müəllim-şagird, direktor-direktor, müəllim-direktor
kimi bir yerdə işləmiş Səlim Əzimovun, Novruz
Bayramovun və digərlərinin xatirələri yer alıb.
Kitabda tarixi hadisələri
əks etdirən xatirə şəkilləri var. Cəlil
müəlimin ailə üzvlərinin, qohumlarının,
dostlarının, xüsusilə vaxtsız dünyasını
dəyişən şəhid balası Amilin, habelə, 57 il əvvəl
Cəlil müəllim Novruzlu orta məktəbində oxuyarkən
onun sinif yoldaşları, müəllimləri ilə çəkdirdiyi
kollektiv şəkil illərin yadigarıdır.
"Sənin baban kim olub?" - sualına
kitabda çoxlu cavab var. Müəllif yazır ki, ata
babası - Hacı İbrahim, ana babası Molla Əbdüləzim
məşhur olub. Hazırda hər iki nəslin çox
böyük nümayəndələri var.
İnsanı öyrənmək
üçün onun mahiyyətini, keyfiyyətini arayıb
ortaya qoymaq lazımdır. Hər bir insanın iki aləmi var:
daxili və xarici. Xoşbəxt o adamdır ki, belə
xüsusiyyətin hər ikisi onda ola. Belə bir insan Mərzili
Qoca kişidir. Sadəcə, Qoca kişi.
Belə bir deyim var: "Hər insan bir aləm,
bir dünyadır". Gəldiyi gündən dünyadan
köçənə qədər özünəməxsus
yol keçir, özünəməxsus
tarix yaradır. Belə insan ülvi əməllərə,
haqqa-ədalətə tapınır, cəmiyyətə xeyir
gətirir. Əsas vəzifəsi özünə, xalqına,
cəmiyyətə vicdanla xidmət etmək, nəsə
yaratmaq, özü ilə birlikdə başqalarını da
yaşatmaqdır.
Kimdən soruşsan Qoca kişi kimdir? Cavab
belə olacaq:
- Kəndimizin şöhrətidir;
- Dünyanın şərəfidir;
- Peyğəmbər qüdrətli
varlıqdır;
- İnsanların könül quşudur;
- Gözəl əxlaq sahibi olan
insandır;
- Düşünən - müdrik
varlıqdır;
- Cəsarətlidir, səxavətlidir,
çürəkli adamdır; - Allahın xoşbəxt bəndəsidir
və s.
Təsadüfi deyildir ki, Cəlil müəllim
özü də cəsarət tapıb ona poema yazıb. Cəlil
müəllimin həyatında,
yaradıcılığında yer alan əsas məqamlardan
biri onun Allaha, peyğəmbərlərə inamı,
bağlılığıdır.
6-7 yaşından dayısı Əbdüləhəd
ona Quran dərsi deyib, dayısı oğlu Ənvər Cümə
sürəsini öyrədib, dayısı oğlu Əsgər
Qurana and verib ki, namaz qıl. 30 ildən çoxdur ki, namaz
qılır. Allah yuxuda Hacı Həmidi ona müəllim ərməğan
edir. Hacı Həmid onu Həccə, Kərbəlaya
aparır. Habelə, Məşhəd, Tehran, Qum şəhərlərinə
də gedir. İçəri şəhərdə
"Cümə" məscidində orta məktəb
yoldaşı Namazov Nadirlə namaz qılır. Ailə
çətinliyinə baxmayaraq, 1999-cu ildə dostu Nadirlə
ziyarətini başa vurur. Həm də hara gedirsə, nə
iş görürsə həyat yoldaşı Məşədi
Ayna ilə birlikdə olur. Hacı Cəlil deyir ki, insanın
imanı ilə əməli vəhdət təşkil etməlidir,
bunlar bir-birinin meyarıdır. Haqq-iman yalnız əməldə
təzahir edir. Əməl yoxdursa, haqq-iman da yoxdur. Hacı Cəlil
Quranın çox ayələrini əzbər bilir. O,
Quranı əzbərləməyi yuxuda görür və əməl
edir. Kərbəla ziyarətində o, Qarabağın
işğaldan azad olmasını Allahdan diləyir.
Mən demirəm ki, Cəlil müəllimi
İslam dünyasına mən yönəltmişəm. Orta məktəbdə
ona ədəbiyyat dərsini mən deyirdim, az da olsa,
leksikasında haqq-ədalət, düzgünlük,
böyüklük, inam-etiqad ifadələri çox işlənirdi.
Yadımadı, şərq dünyasının dahi şairi
Nizami yaradıcılığını keçəndə
onun şeirlərini bir nəfəsə mənimsəyirdi..Ədəbiyyat
müntəxabatından "Yaradanın təkliyi
haqqında" ixtisarla verilmiş hissəni oxuyanda o, sanki
ayrı aləmdə özünü hiss edirdi. Şeir belə
idi:
Bu qara torpağa sükunət verən,
O sonsuz fələyə hərəkət
verən.
Dilimdə hər şeydən uca bir ad var,
Bu ada bağlıdır bütün
varlıqlar.
Yaranmışlar ona səcdə edərək,
Deyirlər ki, odur yeganə gerçək.
- Böyüklər eyləyib bizləri
agah:
- "Birdir, misilsizdir, ucadır Allah!"
Göyləri xəlq edib yaraşıq verən,
Saysız ulduzlara nur, işıq verən,
İnsan şüuruna hikmət öyrədən,
İncə xəyallara sənət öyrədən,
Şair ilhamına çıraq
yandıran,
Zülmət gecələri
işıqlandıran,
Bizə qorxu, ümid, şadlıq, qəm
verən,
Günəşli və aylı bir aləm
verən,
Bu yeri, bu göyü odur saxlayan,
Onun varlığına şahiddir cahan.
İdrakın çatırsa vahid Allaha,
Nədir və necədir? - soruşma daha.
Hər işə elə bir son verər dərhal,
Onu dərk etməyə acizdir kamal.
Özün də axtarma
Allahlığı sən,
Yüksəkdir o, şahlıqdan və
hakimlikdən.
"Yox ol" desə, hər şey birdən
məhv olar,
Odur varlıqlara yenə səbəbkar.
Səxavət bəxş edən, bəxş
elətdirən,
Odur ilk mayeyə dirilik verən.
Tanrı şəriksizdir, təkdir, uludur,
Bütün məxluqat onun quludur...
Allah-Təala bütün iman sahiblərini
imandan əskik etməsin, Hacı Cəlil!
Allah bütün haqq dünyasına
qovuşanlara rəhmət, qalanlara pak nəfəsini xalqın
üstündən əskik etməsin, Hacı Cəlil!
Sizə yeni-yeni yaradıcılıq
uğurları arzu edirəm Cəlil müəllim!
Ağdamda görüşmək arzusu ilə;
Səlim ƏZİMOV,
Respublikanın Əməkdar
müəllimi,
"Ustad sənətkar"
media mükafatçısı
Təzadlar.- 2012.- 5 iyun.- S.15.