Gərgin zəhmətin şirin bəhrəsi

 

Azərbaycanın görkəmli elm xadimi, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Abbasov Tərtər rayonunun Cəmilli kəndində dünyaya göz açıb. O, yuxusuz gecələri, gərgin zəhməti, məqsədyönlü fəaliyyəti nəticəsində nəinki Azərbaycanın, dünyanın bir çox ölkələrinin elm aləmində yaxşı tanınıb.

1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirən Vaqif Abbasov 1973-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1984-cü illərdə isə baş elmi işçi kimi çalışan Vaqif müəllim 1984-cü ildən Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəridir.

Daim oxumaq, inkişaf etmək, vətəndaşı olduğu vətənin kimya elmini daha da zənginləşdirmək istəyi onun 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etməyilə nəticələndi. 1992-ci ildə isə professor adını aldı. 1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr müavini olan tanınmış alim hazırda TQDK nəzdində kimyadan ekspertin və seminarın sədri, Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, Təhsil Nazirliyinin Elmi Metodik Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədri, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə ekspert şurasının sədr müavini, Respublika Korroziya Cəmiyyətinin vitse-prezidenti, "Kimya məktəbdə" jurnalının baş redaktoru, "Neft Kimyası və Neft Emalı prosesləri" jurnalının baş redaktorunun müavini, Bakı Dövlət Universitetinin professorudur. Bütün bunlarla yanaşı, o, İctimai Televiziyanın Yayım Şurasının üzvü olmuşdur. Eyni zamanda  akademik V.S.Altunin adına "Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyası"nın həqiqi üzvüdür.

Professor Vaqif Abbasov ilk dəfə olaraq nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf etmiş və bu əsasda mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaratmışdır.

Karbamid və aminlər əsasında yeni tip fosfat komplekslərinin sintez üsulunu yaradan və bu komplekslər əsasında çoxfunksiyalı korroziya inhibitorlarının (VFIKS-82 və Azəri) istehsal və tətbiqini təşkil edən kimyaçı alim - Olefinlər əsasında, tərkibində 25 həcm faizi H2S və CO2 olan mühitlərdə işləyə bilən korroziya inhibitorları alınmasının elmi əsaslarını işləyib hazırlamışdır. O, eyni zamanda  "Kaspi", "Kaspi-2", "Kaspi-4", "Araz-1" inhibitorlarının alınma texnolo-giyasını yaratmış, sənaye sınaqlarını keçirmiş və sənayedə geniş tətbiqini təşkil etmişdir. Vaqif Abbasov turş mühitlər üçün suda həll olan "Kaspi-X" inhibitorunu yaradaraq sənayedə tətbiqini təşkil etmişdir. O,öz gərgin axtarışlarını daha da genişləndirərək "Parkorin-1" parafinçökmə və korroziya inhibitorunu yaratmış, onun istehsalını təşkil etmişdir.

Yenilikçi alim Nefti sudan təmizləmək və duzsuzlaşdırmaq üçün "Xəzər" deemulqatoru yaratmış, Azərbaycanın neft emalı komplekslərində tətbiqini həyata keçirmişdir. Dəri sənayesi üçün dünyada analoqu olan və olmayan yeni aşı maddəsi - Bepikor-u yaratmış və bir çox ölkədə, o cümlədən Türkiyədə uğurlu sənaye sınaqlarını keçirmişdir. Bu maddənin istifadəsi dəri sənayesində işlənən 8 maddənin istifadəsini aradan qaldırır.

Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibini müasir metodlarla araşdıran kimyaçı alim müalicəvi komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının bioloji aktivliyini də tədqiq etmişdir. Müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış "Ağ naftalan yağı" Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçmiş, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə Ukraynada dərman preparatı kimi satışına icazə verilmişdir.

Vaqif Abbasovun gərgin zəhməti həm dövlətimizin, həm də xarici ölkələrin elmi dairələrinin diqqətindən kənarda qalmamışdır. 1987-ci ildə o, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı və "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı ilə təltif edilmişdir. V.Abbasova 1989-cu ildə SSRİ Neft-Kimya Sənaye Nazirliyinin Fəxri Fərmanı, 1996-cı ildə akad. Y.H.Məmmədəliyev adına medalı verilmişdir.

Vaqif müəllimin pedaqoji və elmi fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 2005-ci il noyabr ayının 4-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülmüş, eyni zamanda Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı  ilə təltif edilmişdir. İxtiraçı alim həm də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, çapdan çıxmış 390-a yaxın elmi əsərin, o cümlədən 7 monoqrafiya, 15 dərslik, 11 dərs vəsaitinin müəllifidir.  Bu elmi əsərlərdən 76-sı xaricdə nəşr olunmuşdur. Onun müəlliflik şəhadətnamələrinin və patentlərin biri SSRİ-dən, üçü Rusiya Federasiyasından, 19-u isə Azərbaycan Respublikasından verilmişdir.

Kadr hazırlığı sahəsində də Vaqif müəllim öz əməyini və köməyini əsirgəməmişdir. Belə ki, indiyədək 22 elmlər namizədinin elmi rəhbəri, 6 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur.

Professor Vaqif Abbasov zəhmətkeş alim, qədirbilən rəhbərdir. Biliyinə güvənən, qüvvəsinə inanan bu tərəqqipərvər insan başladığı hər bir işi uğurla sona çatdırmağı bacarır. Qazandığı hər bir yeni nailiyyət yalnız onun deyil, bütövlükdə Azərbaycan kimya elminin uğurudur. Bu uğurların daha çox olması isə bizlərin - Azərbaycanın hər bir vətəndaşının arzusudur.

 

 

Leyla Sadıxova,

BDU-nun Jurnalistika

fakültəsinin tələbəsi

 

Təzadlar.- 2012.- 7 iyun.- S.12.