Bəzən qocalan aşıqlara da ustad deyirlər, bu, böyük yanlışlıqdır

 

Mən böyük cəsarətlə Aşıq Ulduza "ustad" deyə müraciət edirəm Adətən, bir adam haqqında fikir söyləməkdən əvvəl yüz ölçüb-bir biçirəm. Fikirləşirəm ki, haqqında yazacağım kim olursa-olsun xalq tərəfindən necə qəbul edilibsə, eləcə də fikirlərim üst-üstə düşsün. Belələrindən biri də çox tanınmış el sənətkarı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, AAB-nin büro üzvü, Aşıq Ulduz adına Aşıqlar Birliyinin sədri, Aşıq Pəri məclisinin aparıcı üzvlərindən biri, 4 dəfə ümumittifaq festivalının və mahnı festivallarının laureatı, aşıq sənətilə birgə muğam sənətinin kamil bilicisi, ilk dəfə "Aşıq sənəti" tədris proqramının müəllifi, zil və şahanə səsin, odlu nəfəsin, fitri istedadın sahibi, adı kimi parlaq ulduza çevrilmiş Aşıq Ulduz Sönməzdir.

Düzü, xalq içində böyük hörmət və nüfuzu olan, lazımınca özünü ürəklərə və yaddaşlara həkk etdirən Ulduz Sönməz haqqında tanışlığa o qədər də ehtiyac duymuram. Bir sözlə, özü-özünü tam təsdiq edənlərə dair mənim bir şerim də dediklərimi təsdiq edir.

 

İnsanın ucası, şah vüqarlısı

Ürəkdə, könüldə qurulanıdı.

Vətən haraylısı, el haraylısı

Vətəndaş gözündə durulanıdı.

 

Güman ki, Aşıq Ulduzun pərəstişkarları mətbuatda onun sənətkarlığı, ilahi və qaibanə səsi, yüksək səhnə mədəniyyəti, professional ifa taktikası və yüksək entellektual səviyyəsi haqqında kifayət qədər oxuyublar. Qeyd edim ki, Ulduz xanm barəsində fikir yürüdən söz sahibləri, içtimaiyyətdə çox tanınan aşıq, şair, publisistlər heç də təsadüfi adamlar deyillər. Mən bunlardan bir neçəsinin adını çəkmək istəyirəm: Mikayıl Azaflı, İmran Həsənov, Alqayıt Xəlilov, Zəki İslam, Əli Vəkil, Fəridə Ləman, Zərgər Abbas, Vilayət Rüstəmzadə, Eldar İsmayıl, Səadət Buta, Şiruyyə, Narınc Xatun, Fəxri Müslüm, Məhərrəm Hüseynli, Zəminə Xınalı və onlarla qələm əhlinin adını çəkmək olar. Adı çəkilən söz adamları Aşıq Ulduz haqqında səmimi ürək duyğularını bildirmişlər. Əlbəttə, Aşıq Ulduz Sönməz haqqında elmi-publisistik və ədəbi yazılar bir daha ona olan sonsuz vurğunluğun təzahürüdür. Əminliklə deyə bilərəm ki, Aşıq Ulduz Sönməzin həyat və yaradıcılığı hər hansı araşdırıcının elmi dissertasiyası deməkdir.

Mən Aşıq Ulduz Sönməzi 1977-ci ildən tanıyıram. O vaxtlar rəhmətlik İslam Rzayev, Qulu Əsgərov və Rübabə Muradova onun bənzərsiz səsindən, professional muğam ifaçılığından razılıqlarını bildirirdilər. Belə korifeylərin müsbət rəyi Ulduz xanımın özünə, sənətinə gərgin zəhmətinə verilən ustad qiyməti demək idi. 1981-ci ildən xalq şairi Hüseyn Arifin AAB-in özəyinin qurulmasına və 1984-cü ildə AAB-nin 4-cü qurultayının çağırışına hamıdan əvvəl Ulduz Sönməz qoşuldu. Azərbaycanda keçirilən Novruz şənliklərində, Cəbrayılda keçirilən Qurbani günlərində, Gədəbəydə keçirilən "Gədəbəyin yazı, aşığın sazı", Laçında keçirilən "Sarı Aşıq" günlərindəki çıxışları onu bir daha içtimaiyyətə dərindən tanıtdı. Bir sözlə, ata-baba sənətinə qayıtdı.

O, 1950-ci il iyun ayının 16-da Gədəbəy rayonunda aşıq ailəsində dünyaya göz açıb. Bu sənət ona südlə, sümüklə keçib. Beşiyinin başında telli sazla birgə atasının, əmisinin səsini eşidib, nəfəsini duyub. Uşaqlıqdan eşitdiyi havaları zümzümə edib, çoxsaylı şeirləri yaddaşında saxlayıb. Orta məktəbi qurtardıqdan sonra Bakıda Asif Zeynallı adına musiqi məktəbinə daxil olub. Təhsil aldığı illər ərzində müəllim və tələbə yoldaşlarının etimadını qazanıb. Məktəbi müvəffəqiyyətlə başa vurub. İşlədiyi M.Maqomayev adına Filarmoniyada çox zaman aşıq musiqisindəki hikməti, çazibədarlığı unuda bilmir. Sumqayıt şəhərində sazdan və sözdən dərs deyən Sədi Ağstafalının kursuna yazılır. Az bir zamanda müəllimini və digərlərini heyrətləndirib. Onu da qeyd edim ki, Aşıq Ulduzun atası Aşıq Əsgər, əmisi Aşıq Qulu, böyük qardaşı aşıq Firudin el-obanın tanınmış aşıqlarından olublar. Ona görə də Ulduz xanım bunlardan mütəmadi olaraq eşitdiyi havaları çalıb-oxumağa başlayır. Uluz xanımın ustadı Aşıq Sədi Ulduz xanımın kamalına əhsən deyir. Qayıdır ki, atalar yaxşı deyib, ustad oğlundan şəyird olmaz. Ulduz xanım isə gülümsəyib ona deyir:

- Ay Sədi müəllim, atalar birini deyib, birini deməyib.

- Nədir demədiyi, ay Ulduz?

Ulduz xanım qayıdır ki:

- Atalar deyib ki, "ustad oğlu şəyird olmaz". Gərək onu da deyəydi ki, "ustad qızı şəyird olmaz".

- Yaxşı, onda mən deyirəm ki, ustad övladından şəyird olmaz.

Hər ikisi gülür. Doğrudan da Ulduz xanım qədər çətin olsa da aşıq sənətini öyrənməyə başlayır. O, klassik aşıq havalarını tək aşıq Sədidən yox, digər korifeylərdən öyrənir. Onun şəxsi arxivində bir çox böyük sənətkarların səsi saxlanılır. Ona görə onun ifasında zərb aşıq musiqilərilə birgə kiməsə yad görünən havalar səslənməkdədir. Onun səs yazıları toplanmış onlarla audio video albomlar içtimaiyyətə təqdim olunub. Bu kasetləri dünyanın əksər saz sevənləri hal-hazırda dinləməkdədir.

Aşıq Ulduzun yaratdığı, redaktoru təsisçisi olduğu  "Qopuz " jurnalında üzü Dədə Qorquddan bu günə qədər davam edən ozanlığımız yüksək səviyyədə işıqlandırılır. Aşıq Ulduz Sönməzin səsi tez-tez telekanallarımızdan gəlir. Onun yüzlərlə ifası radio televiziyaların fondunda saxlanılır. Yaratdığı "Ulduzu" aşıq havası yetirmələri tərəfindən böyük həvəslə oxunur.

"Araz" radiosunun aşıq verilişinin müəllifi aparıcısıdır. Bütün varlığını aşıq sənətinin tərəqqisinə həsr edərək, bu gün yorulmadan çalışır.

Mən böyük cəsarətlə Aşıq Ulduza ustad deyə müraciət edirəm. Ona görə ki, hər kəsə bu titul verilmir. Düzdür, bəzən qocalan aşıqlara da ustad deyirlər. Bu, böyük yanlışlıqdır. Amma Aşıq Ulduz yaradıcı aşıq kimi şeirin müxtəlif janrlarında (qoşma, gəraylı, təcnis, müxəmməs, divani, ustadnamə) yazır. Bir dastançı aşıq kimi dövrümüzün misilsiz sənətkarı Aşıq İmranla bağlı dastan yaratmışdır. Bu gün onlarla qələmə aldığı əhvalatlar, qaravəllilər, dodaqqaçdılar olmuş əhvalatlar buna misaldır. Aşıq Ulduz mahir professional ifaçıdır. O, səsini zərgər dəqiqliyi ilə istifadə edir. Sözü havalara, səsi sazına kökləyir. Həmkarları onu haqlı olaraq qadın aşıqlarının Ərəbizəngisi adlandırır. Bir ustad kimi uzun illərdir ki, S.Hacıyev adına  Musiqi Texnikumunun müəllimidir. Yüzdən çox yetirməsi sərbəst çalıb oxuyur. Bunlardan Kəmalə Qumadlı, Müşfiq Şahin Kəlbəcərli, İlqar, Niyaməddin, Sevda, Şahin Qazaxlılar, Şərqiyə Ruhiyyə Zəngilanlı, Tahirə onlarla yetirmələrinin adını çəkmək olar.

Aşıq Ulduz Sönməz bir novator aşıq kimi aşıq havalarının məharətli ifaçısıdır. Məhz buna görə hər kəsdən seçilir. Aşıq ifaçılığında əsas sayılan sinxroniklik, sözləri açıq demək, ritimik qaydaları gözləmək, heca-heca müsiqiyə uyğun tələffüz qaydaları, mahnının sonunda zil guşələri zəngulə titrəyişlərilə tamamlamaq, yedəkləmələrə, gülləndirmələrə, oxşamalara riayət etmək bir daha onun ifa taktikasına daxildir. Aşıq Ulduzda əsas diqqəti özünə cəlb edən onun səhnə mədəniyyətidir.

Xalq sənətinin xiridarlarına xas olan əsas məsələ sənətkarın şəxsiyyətidir. Əgər sənətkarın sənətilə şəxsiyyəti eynilik təşkil edirsə, el arasında ona zaval yoxdur. Bir sözlə, sənətkarın toxluğu, vüqarı, sadəliyi, mərdliyi, sözün düzünü demək, savadlı olmaq, hər şeyi ölçüb-biçmək, riyakarlıq etməmək, davranışına, hərəkətlərinə fikir vermək onun şəxsiyyətilə sənətinin birgə vəhdəti deməkdir. Məhz bu müsbət keyfiyyətləri Aşıq Ulduz Sönməzdə görüb təsdiq edən qələm sahibləri onun mənalı ömür yolunu digərlərinə haqlı olaraq misal gətirirlər.

Aşıq Ulduz Sönməz dört kitabın müəllifidir. Bunlardan "Saz demirmi bəs", "Vüqarımı o dağlardan almışam", "Tərlan könlüm etibara bağlıdır", hazırda nəşrə hazırlanan "Gördüyüm aşıqlar" kitabının adını çəkmək olar.

Ömrünün ən gözəl anlarını sazla-sözlə qoşa yaşayan Aşıq Ulduza xalqın diqqəti kimi dövlətin diqqəti qayğısı gərəkdir. Çünki onun böyük xidmətləri, mədəniyyətimizin tərəqqisi naminə etdikləri danılmazdır. Bir neçə il öncə ona "Əməkdar mədəniyyət işçisi" fəxri ad verilib. Lakin, bu ad onun kimi bir korifey sənətkara yaraşmır. Xalqın, haqqın dövlətin sözünün deyicisi olan bu adam layiq olduğu qiyməti almalıdır. Bu, tək Aşıq Ulduza deyil, bütün Azərbaycan xalqına verilən qiymət kimi başa düşülməlidir.

Əminəm ki, aidiyyəti qurumlar belə sənətkarlara qarşı rəsmi münasibətlərini bildirəcək.

 

 

Məhərrəm Hüseynli,

aşıq, şair-publisist

 

Təzadlar.- 2012.- 12 iyun.- S.15.