Xurşidbanu Natəvanın irsini necə bilirik?

 

Məhsəti Gəncəvi, Heyran xanım Dünbüli, Aşıq Pəri ilə bərabər, Xurşidbanu Natəvan da Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olmuş qadın şairlərimizdəndir. Camaat arasında "Xan qızı" adı ilə də tanınan Natəvan xeyirxahlığı, xeyriyyəçiliyi, əliaçıqlığı, yoxsullara kömək etməsi, incə, lirik şeirləri, yaşadığı Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdı. Onun çoxtərəfli istedadı, şairliklə bərabər gözəl rəsmlər çəkməsi, musiqini, muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahim Xəlil xanın nəvəsidir. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim isə Ziyad xanın nəvəsi Uğurlu bəyin qızıdır.

Natəvan 1832-ci ilin 15 avqustunda Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Xurşidbanu ailənin yeganə övladı olduğuna görə onu sarayda "Dürri-yekta" ("Tək inci") də adlandırırdılar.

Gənc Xurşidbanunun bədii zövqünün, dünyagörüşünün formalaşmasında qohumlarından Qasım bəy Zakir, Mirzə Camal, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi şəxsiyyətlərin yaradıcılığı, söhbətləri, şübhəsiz, mühüm rol oynamışdır. Bibiləri Ağabəyim ağa və Gövhər ağanın da şeir yazmaları, əmisi Əbülfəz ağa Tutinin, anasının yaxın qohumları Kəlbəli xan Müsahib və Fətəli bəy Halinin şair olması onun şeir-sənət aləminə könül verməsinə səbəb olan amillərdəndir.

Natəvanın xeyriyyəçiliyi, doğma yurdunun abadlaşması üçün əlindən gələni əsirgəməməsi, yoxsullara, təhsilin inkişafına çoxlu vəsait sərf etməsi onun şöhrətini Cənubi Qafqazda, daha geniş miqyasda yaymışdı. O, yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirindən xüsusi fond ayırmış, yeni təsis olunan məktəblərə, uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələrə, şair və sənətkarlara yardım etmişdir. Xurşidbanunun bəslədiyi Qarabağ cinsli atlar 1867-ci ildə Parisdə, Əlcəzairdə, 1869-cu ildə Moskvada dünya sərgisində birincilik qazanmış, qızıl medala, fəxri fərmana layiq görülmüşdür. Tiflisdə təşkil edilən ölkə kənd təsərrüfatı sərgisində şairin əl işləri, becərdiyi buğda, arpa və darı sortları ən yaxşı eksponat kimi tərifnamə almışdır.

Natəvan 1873-cü ildə yüz min manat sərf edərək, Sarıbaba deyilən yerdən, yeddi kilometrlik məsafədən sıldırım qayaların üstü ilə Şuşaya su çəkdirmiş, sonra su ambarı, hamam, buzxana tikdirmiş, park saldırıb camaatın istifadəsinə vermişdir. Görkəmli tarar alimi və maarifçisi Rzaəddin ibn Fəxrəddin 1904-cü ildə Orenburqda nəşr etdirdiyi "Məşhur xatunlar" əsərində Natəvanın şəxsiyyəti, istedadı barədə hörmətlə danışmış, onun xeyriyyəçiliyinin bütün imkanlı müsəlman xanımlarına ibrət olmasını arzuladığını bildirmişdir: "Zirək, aqilə olub, türki və farsi, həm ərəbi bilir və əksər ömrini mütaliə ilə keçirir idi. Təbiəti-şeiriyyəsi həm olub ağızlarda bir xeyli əsəri qalmışdır. Füqərayə mərhəmətli olub ümum faidəsi üçün mal sərf etməkdən ləzzətlənir olmuşdur. Yüz bin rublə rus ağçası fəda edərək Şuşa (Qarabağ) şəhərinə çeşmə, şirin su gətirtmişdi (İslam knyaginələrinə ibrət!)". Bu məqamı akademik Feyzulla Qasımzadə də xüsusi vurğulamışdır ki, "Natəvan nəcib, səxavətli bir qadın olub yoxsullara kömək etməkdən xoşlanırdı".

Natəvanın Qarabağın ədəbi həyatında oynadığı müsbət rol xüsusilə onun sədri olduğu "Məclisi-üns" ədəbi məclisi ilə bağlı idi.

XIX əsrin ikinci yarısında Azərbaycanın müxtəlif mədəniyyət mərkəzlərində ədəbi məclislər fəaliyyət göstərməyə başladı. Şuşada təşkil edilən "Məclisi-üns" ədəbi məclisinin şöhrəti yalnız Şimali Azərbaycanın bölgələrinə deyil, Tiflis, Təbriz, Tehran, Aşqabad və başqa şəhərlərə də yayılmışdı. Şuşanın gənc ədəbi qüvvələrinin yığıncaqları müntəzəm şəkil aldıqdan sonra onlar əvvəlcə Hacı Abbas Agəhin mənzilinin üst mərtəbəsində toplaşmağa başladılar. Fəna, Agəh, Növrəs, Məmai kimi şairlər 1864-cü ildən 1872-ci ilə kimi bu məkanda məşğələlər keçirirdilər.

Mirzə Rəhim Fənanın atası Mİrzə Məhəmmədbaqi Qarabağ xanlığının dərbar münşisi kimi Natəvanın xanlıq mülkünü idarə edirdi. 1872-ci ildə o vəfat etdikdən sonra Natəvan bu işi gənc Mirzə Rəhim Fənaya həvalə etdi. Gününün çoxunu Natəvanın sarayında keçirən Fəna oraya köçür. Elə həmin ildə şairlər məclisi də Agəhin mənzilindən Natəvanın sarayına köçür. Bu vaxta qədər adı olmayan məclisə "Məclisi-üns" adı verilir. Məclisin məşğələlərində klassik Şərq və Azərbaycan ədəbiyyatı öyrənilir, musiqi, hikmət, nücum, tarixə aid söhbətlər aparılır, şairlər klassiklərin, özlərinin şeirlərinə nəzirələr yazırdılar.

Xurşidbanu Natəvanın (1832-1897) sədrlik etdiyi məclisin üzvləri içində Mirzə Rəhim Fəna (1841-1931), Mirzə Ələsgər Növrəs (1836-1912), Mirzə Həsən Yüzbaşov (1824-1904), Məmo bəy Məmai (1842-1918), Hacı Abbas Agəh (?-1892), Məhəmmədəli bəy Məxfi (1821-1892), İsmayıl bəy Daruğə (1842-1891), Məşədi Nəsir Lövhi (?-1891), Mirzə Sadiq Piran İmanxan oğlu (1811-1892), Nüseyn ağa Cavanşir (1856-?), Bəhram bəy Fədai, Mirzə Haqverdi Səfa (?-1881), Məhəmməd ağa Müştəri (1875-1956), Mahmud bəy Mahmud, Mirzə Cəfər Köhnəfüruş (1839-1903), Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov və başqalarının adlarını çəkmək olar.

Natəvanın həm də istedadlı şair olan böyük oğlu Mehdiqulu xan Vəfa da Tiflisdə xidmətdə olmadığı zamanlarda məclisdə iştirak edirdi. Burada həmçinin Şuşanın məşhur musiqiçi və xanəndələri də iştirak edirdilər. Natəvanın məclis üçün ayırdığı geniş, işıqlı salonda Nizaminin "Xosrov və Şirin"i, Sədinin "Gülüstan"ı, Füzulinin "Leyli və Məcnun"u ilə bərabər Natəvanın bir sıra qəzəlləri oxunur, təhlil edilir, onlara cavablar yazılırdı. Tədqiqatçı Bəylər Məmmədovun göstərdiyinə görə, məclis şairləri Azərbaycan, fars və cığatay dillərində mənsum əsərlər yazmaqla bərabər, Məhsəti, Xaqani və Nizami şeirlərindən tərcümələr də edirdilər.

Natəvanın qəzəllərinə yalnız Qarabağın deyil, Bakı, Şəki, Quba və Şamaxının şairləri də cavablar yazırdılar. Natəvana nəzirə yazan şairlər arasında Seyid Əzim Şirvani, İsmayıl bəy Nakam, Mirzə Möhsün Xəyali, Azər, Cənnəti kimi şairlər də vardır.

XIX əsrin digər məclis şarləri kimi, Natəvanın yaradıcılığına da Füzuli poeziyası daha güclü təsir etmişdir. Ümümiyyətlə, Füzuli təsiri, dahi şairin əsərlərinə yazılan nəzirələr XIX əsr ədəbi məclis şairlərinin yaradıcılığında önəmli yer tuturdu. Nəzirəçiliyin belə geniş miqyas alması, bu şairlərin bir çoxunun plagiatçılığına səbəb olurdusa da, bu halı bütün şairlərə aid etmək olmaz. Dövrünün istedadlı şairlərindən olan Natəvanın qəzəllərində səmimilik, özünün yaşantılarını, həyəcanlarını ifadə etməsi, saf məhəbbətin, sədaqətin tərənnümü, dilin sadəliyi diqqəti ilkin cəlb edən cəhətlərdəndir. Natəvan və onun digər müasirləri qəzəl dilinin sadələşməsi, danışıq dilinə yaxınlaşması sahəsində səmərəli fəaliyyət göstərmişlər ki, sonralar bu proses Ə.Vahidin şəxsində uğurlu davam etdirildi. Natəvanın lirik qəhrəmanı sevgilisini vəfasızlıqda, unutqanlıqda ittiham edərkən sanki klassik şeir janrına danışıq nitqini gətirir:

 

Sən qeyrilər ilə üns tutdun,

Bilməm niyə yarını unutdun?..

Birəhmlik etdiyin tamamdır,

Bir rəhm elə kim, aman, amandır!..

 

Sən yar ilə zövqdə, səfadə,

Mən burda, bu cövr ilə cəfadə.

Sən vaxtında aşinalıq etdin,

Döndün, belə bivəfalıq etdin.

 

Göründüyü kimi, burada şair klassik ədəbiyyatda rast gəldiyimiz mürəkkəb ifadələrdən imtina etmişdir. Natəvanın incə duyğuları, zərif mətləbləri ifadə etdiyi səmimi şeirlərində vəfa, sədaqət kimi gözəl keyfiyyətlər, aşiqin öz eşqi uğrunda fədakarlığı, hər cür cəfaya, əzab-əziyyətə dözməyə hazır olması təqdir edilir. Natəvan epiqonçu şeirin çoxaldığı XIX əsrdə qadın qəlbinin həyəcanlarını, qadın məhəbbətini tərənnüm edən təkraredilməz qəzəllər yazmışdır. Onun şeirlərində məhəbbətin, sevgi duyğularının aşiqin mənəvi dünyasına təsirini, onun daxili dünyasında yaratdığı təlatümü görürük.

Natəvanın əsərlərinin belə səmimi, hissiyyatlı olmasının bir səbəbi onun istedadı ilə bağlı idisə, digər səbəbi də şeirlərinin mövzusunu uydurmaması, öz həyatından götürməsi idi. Xan qızı Natəvan həyatı boyu çoxlu sarsıntılar, şəxsi faciələr yaşamışdı. Natəvan gənc ikən əvvəl atasını, sonra anasını itirmiş, Qafqaz canişini M.S.Vorontsovun təkidi ilə yaxşı tanımadığı Xasay xan Usmiyev adlı dövrünün savadlı, ləyaqətli, lakin tərs, tündməzac xasiyyətli şəxsiyyətinə ərə verilmişdi. Vorontsov Xurşidbanunu şəxsi yavəri olmuş Xasay xanla evləndirməkdə xan ailəsini nəzarət altında saxlamaq məqsədini güdürdü. Bu nikahdan Natəvanın Mehdiqulu xan adlı oğlu, Xanbikə adlı qızı dünyaya gəlir. Xasay xan Vladiqafqazda işlədiyi zaman buranın hərbi dairə rəisi M.T.Loris-Melikovla aralarında münaqişə yaranır, buna görə onu 1866-cı ildə Voronejə sürgün edirlər. Xasay xan Voronejdə mehmanxanada intihar edir. Bundan sonra Xurşidbanu 1869-cu ildə Seyid Hüseyn adlı yoxsul bir şuşalıya ərə getmiş, bu nikahdan beş övladı dünyaya gəlmişdi. Natəvanın böyük oğlu Mehdiqulu xan anasının rəiyyətə ərə getməsindən çox narazı qalmışdı, buna görə də xidmətdə olduğu Tiflisdən az hallarda Şuşaya evlərinə gəlirdi. Sevimli oğlunun bu rəftarından məyus olan şairə bu münasibətlə bir neçə kədərli şeir yazmışdır. 1885-ci ildə Natəvanın ikinci ərindən olan oğlu Mir Abbas ağır xəstəlik nəticəsində 17 yaşında vəfat edir. Bu hadisədən dərin mənəvi sarsıntıya məruz qalmış Xurşidbanu ruhi iztirablarının ifadəsi olan bir silsilə kədərli şeirlər yazmışdır. Bu şeirlərdə övladını itirmiş ana qəlbinin ağrıları yüksək bədii ifadəsini tapmışdır:

 

Yanar canım, oğul, daim sənin nari-fərağında,      

Necə pərvanələr hər dəm yanar şəmin ayağında

Sənin hicrin odu, Abbas, dəxi çıxmaz ki, canımdan,

Səməndər tək yanar daim anan nari-fərağında.

 

"Getdi" rədifli qəzəlində şair bu faciədən tənha və köməksiz vəziyyətə düşdüyünü yazır:

 

Nə yaxşı munis idi, heyf, nagəhan getdi,

Məni bu möhnət ara qoydu, əlaman getdi.

O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm,

Hilal tək qədimi eylədi kəman, getdi. 

 

"Məcdisi-üns" sonralar, Şuşa, Quba, Şamaxı, Gəncə, Şəki və Bakı şairləri bu faciədən təsirlənərək Xurşidbanuya şeirlə təsəlli məktubları göndərmişlər. Natəvanın sırf məhəbbət lirikasına həsr etdiyi şeirlərində onun mücərrədlikdən uzaq olduğunu, real, insani hisslərdən danışdığı, Azərbaycan qadınlarının acı şikayətlərini, həzin iniltisini ifadə etdiyini, eyni zamanda, sevən insan qəlbinin şərəfini və ləyaqətini qorumağa çağırdığını görürük. Şair bəzən sanki yarından şikayət dolu söhbətini şeirinə köçürmüşdür:

 

Fəraq ilə işimi ahü zar edən sən idin!

Yıxan bu qəlbim evin, tarü mar edən sən idin!

Sənin yolunda bəlalar qəbul edən mən idim,

Mənim xilafıma hicr ixtiyar edən sən idin!..

Məni bu qəm yükünü çəkməyə rəva bildin,

Salıb məlamətə, həm şərmsar edən sən idin.

 

Xurşidbanu həyatının kədərli, hüznlü məqamlarında istedadlı Cənubi Azərbaycan şairi  Mirzə Əbülhəsən Racinin (1835-1876)

 

Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,

Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.

 

- mətləli qəzəlinə

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,

Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.- beyti ilə başlanan nəzirə yazmış, bu şeirində könül iztrablarını qələmə almışdı. Bu şeir şairin şəxsi faciəsini ifadə etməkdə necə mahir olduğunu bir daha göstərir.

 

 

(Davamı var)

 

 

Paşa Əlioğlu,

AMEA Məhəmməd Füzuli

adına Əlyazmalar İnstitutunun

direktor əvəzi

 

Təzadlar.- 2012.- 14 iyun.- S.15.